adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Mart 2021 15:18
30561
MƏDƏNİYYƏT
A- A+

Nazir Anar Kərimovun təbriki

Əziz həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə təbrik edir, bu əziz günlərdə hər kəsə bahar əhval-ruhiyyəsi, cansağlığı və xoşbəxtlik arzulayıram.

Qədim mədəni-mənəvi dəyərlərimizin parlaq təcəssümü olan Novruz bayramını Azərbaycan xalqı əsrlərdir sevgi ilə qeyd edir. Bu bayram təkcə azərbaycanlıların deyil, Novruzu qeyd edən digər xalqların da ana təbiətə, doğma torpağa, birliyə, bərabərliyə olan rəğbətinin göstəricisidir.

Novruz bayramının fəlsəfəsində yaradılışın əsasını təşkil edən dörd əsas təbiət ünsürü – su, od, hava və torpağın vəhdəti xüsusi əhəmiyyət daşıyır. Qədim zamanlardan insanlar bu dörd ünsürün öz həyatlarında rolunu dərk edərək onların hər birinə uyğun ayinlər yerinə yetirmişlər. İnsanla təbiətin harmoniyasını əks etdirən bu ayinlər nəsildən-nəslə ötürülərək günümüzə gəlib çatmışdır. Məhz mütərəqqi dəyərlərinə görə əsrlərdir bu qədim mədəni irsin həmrəylik, bərabərlik yayan nurundan hər kəsə pay düşür. Təsadüfi deyil ki, bu bayram Orta Asiyadan Anadoluya, Qafqazdan Balkanlaradək geniş bir coğrafiyada böyük təntənə ilə qeyd edilir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən milli ideologiya səviyyəsinə yüksəldilən azərbaycançılıq məfkurəsinin təməlini milli-mənəvi dəyərlərə sadiqlik təşkil edir. Ulu öndərimiz Novruzu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar, xalqımızın milli ruhunu və yaddaşını, daxili aləmini bütün zənginliyi ilə yaşadan bayram kimi xarakterizə etmişdir.

Novruz bayramı 2009-cu ildə Azərbaycanın və bu bayramı qeyd edən dost ölkələrin birgə təqdim etdiyi çoxmillətli nominasiya kimi UNESCO-nın Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilərək bəşəri status qazanmışdır. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında Azərbaycan Respublikası da daxil olmaqla 10-a yaxın ölkənin  təşəbbüsü ilə 21 mart – Beynəlxalq Novruz Günü elan edilmişdir. Bu əlamətdar faktlar Novruz bayramının xalqlar arasında dostluq və mehriban münasibətləri təcəssüm etdirən mədəni irs olduğunun bir göstəricisidir. Beynəlxalq dəyər qazanmış Novruzun Nyu-Yorkda – BMT-nin mənzil-qərargahında, Parisdə – UNESCO-nun baş qərargahında Azərbaycanın da fəal iştirakı ilə qeyd edilməsi xalqımızın zəngin mədəni irsinin dünyaya tanıdılması üçün daha bir zəmin olmuşdur.

 

Əziz həmvətənlər!

Bu il Novruzu ikiqat bayram ovqatında, böyük Zəfər ruhu ilə qeyd edirik. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan Qarabağımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı. Bu tarixi Zəfər sayəsində milli ruhumuzun, mədəni irsimizin təntənəsi olan Novruz da doğma Vətən torpaqlarına qayıdır.

Otuz ildən sonra Qarabağda, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Novruz tonqalları qalanır, doğma yurdumuzdan Bahar bayramının ətri, nəfəsi gəlir. İşğaldan azad olunmuş bütün torpaqlarımız yaxın gələcəkdə bu nəfəsi hiss edəcək, xalqımız əzəli yurd yerlərində əziz bayramı yenə də böyük təntənə ilə qeyd edəcək.

Bu günlər yeni tariximiz üçün əlamətdar bir ilkdir. Müstəqillik tariximizdə ilk dəfə Novruzu ərazi bütövlüyü təmin olunmuş ölkə, qalıb xalq olaraq qeyd edirik. Qoy bu bayram xalqımızın yeni xoş günlərinin, gələcək uğurlarının müjdəçisi olsun. Vətən torpaqlarında ocaqlarımız heç vaxt sönməsin. Sarsılmaz birliyimiz əbədi olsun. Bayramınız mübarək!