adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Mart 2021 11:29
32323
ƏDƏBİYYAT
A- A+

"On iki yaşımda anam yox oldu. Atam dedi, anan daha yoxdu, ölüb"- Nihat Piri yazır

Hekayənin içindəki roman-Xəyyam Rəfilinin hekayəsi haqqında

 

Ədəbiyyat bizə başqası olmaq və onun həyatını yaşamaq şansı verir. Yəni, sən hansısa bir kitabı vərəqləyə-vərəqləyə bir anın içində vicdan əzabı içində qovrulan "Rodion Roskolnikov" da ola bilərsən, evi, yaxınları üçün bir heç olan "Qreqor Zamza" da.

 

Xəyyam Rəfilinin "Görünməyən kölgələr" hekayəsini oxuyanda isə özümüzü gözdən əlil biri kimi təsəvvür etməkdən qaçına bilmirik. Hekayənin gedişində rastımıza çıxan detallar (məsələn, müəllif obrazın dilindən otaqdakı əşyaların yerinin birdəfəlik təyin olunduğunu incəliklə təsvir edir: "Cinayət yeri kimi heç nəyə toxunmaq olmazdı. Adama elə gəlirdi ki, bir əşyaya toxunsan, hər şey öz yerindən tərpənəcək. Domino daşlarından düzəlmiş yapon evi kimi uçub-dağılacaq.") bu hissi tamı-tamlığına yaşamağa zəmin yaradır.

 

"Əziz Misirli qapını döyəndə Yusif ayaq üstə hazır idi, çünki onun ayaq səslərini hələ dəhlizin başından eşitmişdi. Yataqxanada yaşayanların hamısını ayaq səslərindən tanıdığı üçün, yəni, səsin onun qonağına aid olduğunu yəqin eləmişdi." Bu hissəyə qədər biz qəhrəmanımızın gözdən əlil biri olduğu haqda heç bir işarə görmürük. Amma müəllif artıq "hamısını ayaq səslərindən tanıdığı üçün" ştrixi ilə bizə pası vermiş olur. Bundan sonra məlum olur ki, Yusif adlı gözdən əlil yataqxana sakini tanınmış jurnalist Əziz Misirlini gözləyir. Əziz ondan müsahibə götürəcək. Müsahibənin onun üçün nə dərəcədə həyəcanverici olmasını isə elə ilk abzasdan hiss etmək elə də çətin deyil.

 

"Çarpayı dağılmasın deyə, səhərdən stulda oturub, qonağın gəlməyini gözləyirdi. Dünən telefonla danışanda yır-yığış eləməyə vaxtı olsun deyə, qonağa saat üçdə gəlməyini söyləmişdi."

 

Qəhrəmanı bizim üçün qəhrəmana çevirən səbəblə bağlı suala Yusifin verdiyi cavab da kifayət qədər yaradıcıdır: "Anam əlimi ilk dəfə buraxanda anlamağa başlamışam."

 

Yusifin anasının ölümünə verdiyi reaksiya da ağrılıdır. Yazının əvvəlində qeyd elədiyim "başqası olmaq" halını oxucuya yaşada bilir. Adam bir anlıq Yusifin yerində olmaq, həmin hissi olduğu kimi yaşamaq istəyir.

 

"On iki yaşımda anam yox oldu. Atam dedi, anan daha yoxdu, ölüb.

 

- Ölməmişdi yəni?

 

- Yox, atam doğru deyirdi. Onun üçün ölmüşdü, mənim üçün yox olmuşdu."

 

Sonrakı gedişdə isə müəllif bircə cümlə ilə Yusifin atadan da yetim qalmasına və həyatla ölüm-qalım savaşına təkbaşına davam eləməsinə işarə verir. "Təzə vaxtları arabir gəlib baş çəkərdi, sonra o da yox oldu." Amma qəribəsi odur ki, burada artıq qəhrəmanın atasının "yox oluşunu" ölmək kimi qiymətləndirməliyik, ya yox, tapmaq olmur. Hər halda, Yusif üçün bütün "yox olmalar" ölmək deməkdir deyə, biz də onu ölü kimi qəbul edirik.

 

Həkayənin sonrakı mərhələsində Yusifin balaca otağının təsviri yer alır ki, burada artıq 31 illik qayda-qanunun necə hökm sürdüyünün şahidi oluruq. 

 Hekayənin ən maraqlı tərəfi Əziz Misirlinin davamlı olaraq, Yusifin hərəkətlərinə göz qoyması və onu müəllifin diliylə addım-addım təsvir eləməsidir. Hətta bir hissədə o, Yusiflə göz-gözə gəlməkdən belə çəkinir. Hansı ki, gözdən əlil birinin qarşısındakının gözlərinə zillənməsi o qədər də real bir şey deyil. Amma müəllif Əziz Misirlinin timsalında bu hissi oxucuya yaşada bilir.

 

Yusifin Tolstoyu sevməsi də onun taleyi uçün normaldır. Yəni, bir növ, ona vaxt “öldürmək” üçün nələrsə lazımdır və bu baxımdan, Tolstoy əvəzsiz bir "nemət"dir.

Ədəbiyyatdan düşən sözü fürsət bilən Yusif ədəbiyyatdakı qeyri-real faciə ilə özünün yaşadığı həqiqi faicəni qarşı-qarşıya qoyur. Aşağıdakı dialoqa fikir verək:

 

"Yusif köks ötürüb, davam etdi: – Yaxşı, sizi çox yormayım. Madam ki, faciə eşitmək istəyirsiz, buyurun sizə faciə. Bir gün radiom xarab olmuşdu.

 

Aradakı uzun sükutu Əziz pozmalı oldu.

 

- Və...

 

- Dedim axı, radiom xarab olmuşdu. Bu binada bundan böyük faciə yoxdu."

 

Çox xırda bir epizod olmasına rəğmən, bu hissə hekayənin bütün yükünü çəkməyə qadirdir və fikrimcə, təkcə bu hissəyə hekayənin içindəki roman demək olar. Hissəni oxucu üçün romanlaşdıran isə yenə də əvvəldə qeyd elədiyim "başqası olmaq" məsələsidir. Bir anlıq gözlərini yum və özünü qaranlığa burax. Təsəvvürünün yekununda isə həyatının ən böyük dostu olan radionu "yox oldur". Yəni, öldür! Bundan böyük faciə?!

 

Əziz Misirlinin "Bir gün gözünüz açılsa, ən çox nəyi görmək istəyərdiniz?" sualına da Yusifin orijinal cavabı var.

 

- Kölgəni! 

 

"Niyə məhz kölgə?" sualına müəllifin Yusif adından öz cavabı hekayədə var, amma mənə qalsa, bu, bədbəxt qəhrəmanımızın hətta işıqlı dünyada belə yenə qaranlığa tutunması kimi bir ştrixdir.

 

Hekəyənin sonluğundakı otağın həmişə qaranlıq olması isə qəhrəmanımızın əbədiyyən qaranlığa məhkum olması ilə səsləşir. Bir növ Yusif kimi onun 31 illik "yol yoldaşı" otaq da eyni aqibəti yaşamağa məhkumdur. Bu da hekayə üçün veriləbiləcək ən yaxşı sonluqdur.

 

Nihat Piri