adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Dilinizi dartıb, boğazınızdan çıxardaram! - Orxan Saffari yazır

Orxan Saffari
63850 | 2021-03-18 10:07

Sosial şəbəkələrin bir xeyli müsbət tərəfi olsa da, mənfi tərəfləri də sözün hər iki mənasında vurub göz çıxardır. İnsanların obraza girməsi, ikili şəxsiyyət və daha nələr-nələr. İndi bunlardan danışmayaq. Uzun çəkər. Dərsimiz də texnologiya yox, “texnologiyada ədəbiyyat”-dır. Qəzet-jurnallar sıradan çıxandan sonra, daha dəqiq, sosial şəbəkələr qəzet-jurnalları sıradan çıxardandan sonra burdakı aktivlik oyandı, ədəbiyyat adamları üçün də yeni bir dünya oldu. Bir tribuna, platforma. Tanınmaq daha da asan, amma hamı bir o qədər əlçatan. Həəə, bax, burda da problemlər başlayır..

Yəqin ki, hamınız görürsünüz “gənc yazarlar” deyib, öz aləmində məzələnən o mənasız kütləni. Sosial şəbəkələrin onlara verdiyi obraz-eqosundan geninə boluna istifadə edib, özlərini də yumşaq desək, təmiz aç-burax ediblər, edirlər də. Kimlərdir bunlar? Bəzilərinin mənşəyi məlum olmayan, bəziləri də özlərini tamamilə fərqli biri hiss edən, əslində isə məzmun sarıdan əziyyət çəkən primatlar!

Özünüzə gəlin, yoldaşlar, özünüzə!

Əslində, bütün bunlar o qədər geniş mövzudur ki...

“Gənc şair” ahaha, “Gənc yazar” ahaha deyib, ortalıqda “layk” toplayan bu mənasız kütləni bir az da yazarlar özü “yemləyib.” Mənə elə gəlir, o cür adamlara ən adekvat cavabı vermək lazımdır. Yəni, söyürlərsə, söy, vururlarsa, vur. Onların qoltuğunun altını şişirdən də budur. “Əşi, onsuz da nə qədər söyürsən söy, cavab verməyəcək, səni söyməyəcək!”

Diqqət edin, onlar şair-yazıçılara necə qıcıq olduqlarını hansı formada biruzə verirlər. Yazarların yazdığı hansısa radikal, sərt fikirlərə görə söyməklə, içki içənləri alkaşlıq adı ilə söyməklə, bir də ən gülməlisi, belə bütün bunların ən mənasızı, qadınlarla danışmağa, yazmağa görə. Hamının etdiyi məsələləri yazarlarda qəbahət bilməklə.

Zarafatsız, adam nə qədər bədbəxt, nə qədər səviyyə yoxsulu olmalıdır ki, gənc oğlanların qızlara münasibət təklif etmək istəyini məsxərəyə qoysun? Nədi-nədi bu yazardır, onlara qadınlar tərəfindən bir az artıq meyil, maraq var. Yəni, sosial şəbəkələrin ən təbii hadisəsi də insanların münasibət qurması olduğu halda, bunu yazarın etməyinə pis baxmaq, gülmək hardan baxsan həmin insanın beyinsizlikdən əziyyət çəkməyindən xəbər verir.  Fərqi yoxdur, bu münasibət qurmaq hansı cəhdlə olur olsun. Ay balam, şairdir, şeirlə cəlb etmək istəyir, yazı ilə istəyir, bundan sənə nə istisi-soyuğu var axı?! Axı eyni şeyləri fərqli formada sən də edirsən. Niyə narahatsan, sevdiyin qız sənə yox, şairə baxıb?!

 

Digər bir məsələ isə içkidir. Bu kütlənin bu qədər banal olmağının bir sübutu da bu məsələlərdə verdiyi reaksiyadır. Onlar tez-tez yazarların içki içdiyi əldə bayraq tutub söyməyi də özlərinə rəva bilirlər. Bu adamlar həqiqətən də özünə bu qədər hörmət eləmir. Görün, bu dünyada nə qədər içən adam var, bu adamların özləri də içir, amma bir yazarın içməsi, içib nəsə yazması, bunların söyüş söyməyinə əsas verir. Əslində, “şair yeyib-içər” qəlibi Sovetlərən qalıb, hamı normal qəbul edirdi,  amma indi bunu çox pis formada qarşılayırlar. Eşit və agah ol, ey adam! Şair də, yazıçı da sənin kimi insandır. Onu səndən fərqləndirən məsələ sözlə oynaya bilməsi, sənin də gördüyün şeyləri başqa formada görməsi, səndən daha yaxşı hiss etməsi, həssaslığı və.s məqamlardır. Yəni, hər şey daxilidir. Yoxsa, onun da sənin kimi orqanları, mədəsi, ciyəri var. Yəni, içmək onun da haqqıdır, o da içə bilər. Sən içib dalaşa bilirsən, o içib nəsə yaza bilmir? Xəstəsən, yoldaş?! Şair içər də!

 

Bu cür misalları nə qədər desən uzatmaq olar. Baxın, mən sizə deyim, bəlkə bu yazıda özünüzü görə bilərsiniz, nə qədər səviyyəsiz söhbətlər etdiyinizi bilərsiniz. Bu da mənim sizə yaxşılığım, ziyalı mövqeyim olsun!

Şair də içə bilər, qadınlara münasibət təklif edə bilər. Səndən nəyisə yaxşı bacarması, sənin onu söyməyinə dəlalət eləmir. Yazıçı-şairi dediyi hansısa ədəbi, ictimai fikrə görə ən ağır söyüşlərlə təhqir eləmək, sizin əxlaqsızlığınızdan, səviyyəsizliyinizdən xəbər verir. Ədəbiyyatın mahiyyəti başqadır, bunu anlamırsınızsa, dilinizi qarnınıza soxub oturmağı bacarın! Yoxsa, bütün yazarlar həmişə sizə eyni cür sakit reaksiya verəsi deyil. Məsələn, pis çıxmasın, biri mən. Etikadan kənara çıxmaq, cinayətkar kimi danışmaq istəmirəm, amma ən yaxşı halda dilinizi dartıb boğazınızdan çıxardaram! İnciməyin, sizin kimi cahillər, söz başa düşməyən adamlarla bəzən belə danışmaq lazım gəlir. Odur ki, dilinizdən muğayət olun.

Şair demiş; Demə şairin ki, dil davasıdır, şapalaq vurmağa əlimiz də var!

TƏQVİM / ARXİV