adalet.az header logo
  • Bakı 13°C
17 Mart 2021 23:10
23115
İQTİSADİYYAT
A- A+

Ölkənin neft-qaz yatağında ehtiyatlar gözləntiləri üstələdi

“Equinor” şirkəti ilə aparılan kəşfiyyat layihəsində ilkin müsbət nəticələr əldə olunub.

Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat verib.

Martın 16-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə əsasən SOCAR və “Equinor” şirkətləri tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən “Qarabağ” yatağının işlənməsi, eləcə də “Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında aparılmış ilkin kəşfiyyat işlərinin nəticələri və növbəti addımların planlaşdırılması müzakirə olunub.

“Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında kəşfiyyat işlərinə 2018-ci ilin ikinci yarısında start verilib, 2019-cu ildə burada 2D və 3D seysmik kəşfiyyat işləri tamamlanıb.

Nəticələr 2020-ci ildə emal olunub, hazırda nəticələrin interpretasiyası davam edir. İnterpretasiya prosesinin ilkin yekunları bu strukturlarda neft-qaz ehtiyatlarının gözlənildiyindən daha yüksək olduğunu göstərir. Qarşıdakı dövrdə ehtiyatların dəqiqləşdirilməsi məqsədi ilə kəşfiyyat qazması həyata keçirilə bilər.

Yeni perspektivli strukturlarda əldə olunmuş müsbət nəticələr “Qarabağ” layihəsinin inkişaf planına da yenidən baxmaq zərurəti yarada bilər. Bildirilib ki, bunun üçün SOCAR və “Equinor” şirkətlərinin birgə işçi qrupu yaxın həftələrdə “Qarabağ” layihəsinin davamı ilə bağlı müxtəlif variantları nəzərdən keçirəcək, yatağın işlənməsinin yeni kəşf ediləcək yataqların işlənməsi ilə sinerji imkanlarını araşdıracaq.

Görüşdə Azərbaycanın Norveç şirkəti üçün mühüm bir ölkə olduğu vurğulanıb, “Equinor” şirkətinin buradakı əməliyytalarını inkişaf etdirmək niyyətində olduğu bildirilib.

Görüşdə həmçinin hazırki onillikdə neft-qaz qiymətlərinin yüksək olacağını təsbit edən proqnozlar haqqında fikir mübadiləsi aparılıb, birgə işlənilən yataqlarda hasilatın pik dövrünə məhz bu onillikdə nail olmağın əhəmiyyəti qeyd olunub. Buna görə kəşfiyyat və qazma işlərinin sürətlənidirilməsi xüsusi vurğulanıb.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş “Statoil”) və SOCAR “Qarabağ” yatağının işlənməsi və “Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili üzrə əməkdaşlıq edirlər.

Şirkətlər həmçinin “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalayıblar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.