adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Novruzun “papağı” - Emin Piri yazır

Emin Piri
33919 | 2022-03-18 11:01

Əvvəllər "Novruz” deyərkən ilk ağla nə gəlirdi, bunu deyə bilmərəm, amma indiki yeniyetmə və gənclərin yadına daha çox papaq atmaq kimi düşür. Bəli, məhz papaq atmaq. Doğrudanmı, bəşəriyyətin mil illərdir qeyd etdiyi, bir Novruzdan digərinə kimi həvəslə gözlənilən bu bayram papaq atmağın simvoluna çevrilməli və yaxud yada düşməlidir?!

Bəli, papağı ayaq altına atmağı bayram qeyd edirik, bunun həsrətilə yaşayır və sonda bununla fəxr edirik. Bu günkü TV və digər təbliğat vasitələrində, verilişlərdə az qala bundan ağızdolusu danışılması, simvollaşdırılması heç də ürəkaçan deyil və türklərin minilliklər fəlsəfəsini özündə daşıyan bir bayramın mahiyyətini dəyişir.

Tarixə ekskursiya edərək sizi yormaq istəməzdim. Qısa xatırlatma kifayət edər. Sovet dönəmindən öncə bayram günlərində papaq yerinə evin bacasından çuval sallayardılar.

Bacanısa göyə-Tanrıya açılan bir "yol” kimi yozsaq, bu çuval sallamanın Tanrı xatirinə istənilən hədiyyə və təbrikləşmə olduğunu qeyd edə bilərik. Ev sahibi isə şükranlıq əlaməti olaraq bayram hədiyyələrini bacaya-Tanrıya açılan yolla geri qaytarardı. Bəlkə də bizim aradığımız bu metafizik qatlar sadə kütlənin düşünülməmiş şəkildə instinkt vərdişi idi. Amma bu, Tanrıya şükranlıq fəlsəfəsi türklərin, şərq xalqlarının İslamdan da çox uzaqlara gedən, öz genetikasında qoruyaraq saxladığı bir ayin idi.


Kommunizmin "allahsızlıq” dövründə isə tanrıya açılan "yol”-baca qapıyla əvəzləndi. Yəni göydən yerə enmək-bacadan qapıya keçmək. İdealizmdən materializmə keçmək.

Düşünürəm ki, bütün bunlarda da metafizik qat var. Ola bilsin, adi gözlə görmədiyimiz, ağlımıza gəlməyən, şüuraltı qatlarda yatan nəsnələr və simvollardır.

Şərq amili kimi qəbul etməyə çalışdığımız papaq atmaq, kimisi tərifləyərək və ya təbrik edərək papaq uzatmaq isə daha çox Qərbdə həyat şəraitinin çətin olduğu dönəmlərdə dilənmək məqsədilə yayılmışdı. Və bu daha mədəni dilənçilik sayılırdı.


Bəli, mentalitet söhbətlərini sevməsəm də, yenə el deyimi ilə qeyrət rəmzi olan, başımızda göz bəbəyi kimi gəzdirdiyimiz papağı hansı vicdana, əqidəyə, namusa sahib olduğu bilinməyən birinin ayağı altına atırıq. İki qoza görə dəyərmi?!

Düzü, XXI əsrdə, Bakıda bacaya, Novruz adətlərinə qayıtmağa çarə tapmaqda acizəm. Amma türk ayinlərinin ən azından mahiyyətinə varmağa və qayıtmağa dəyər.

 

Papağımızı atmayaq, geyinək!

TƏQVİM / ARXİV