adalet.az header logo
  • Bakı 20°C
15 Mart 2021 13:51
47798
ƏDƏBİYYAT
A- A+

Azərbaycan dilində yaza bilməyən “Prust” -  Şamxal Həsənov

Düzü, bu romanı ilk dəfə sadəcə vərəqləmişdim. Yaltaqlığa azca meyilli yazar dostum ağız dolusu “sən bu romanı mütləq oxumalısan, bu roman Azərbaycan ədəbiyyatında böyük bir hadisədir, Azərbaycan ədəbiyyatına Prust gəlib”- dedi. Dedim, orda duuur, işte burda duracaksın! Zarafatsız, adam gərək sözün sərhədini bilsin.

Mən müəllif Şamxal Həsənovu ilk dəfə kitabın redaktoru Şərif Ağayarın təqdimatında tanıdım. “Azərbaycanın Prustu” yazısında. Düzü, mən Şərifə, onun ədəbi zövqünə,ümmumiyyətlə, ədəbiyyat məsələlərində ona çox inanıram. Amma bu dəfə inanmadım, bütün bunları özlüyümdə şirin bir yalan hesab etdim. Həm də, Şərif Ağayar nə etməlidir? Deməlidir ki, mən bu romanın redaktoruyam, amma bir köpüklük roman deyil?

Əl-Qərəz. Sonra başqa bir güvəndiyim müəllif, Mirmehdi Ağaoğlu “boğazdan yuxarı” yazı yazdı. Düzü, çox təəssüfləndim. Bu qədər istedadlı, mətni bilən bir yazıçı həqiqtənmi bu romanın alınmadığını, sayıqlamadan başqa bir şey olmadığını görməyib? Bir də Qismət Rütəmov, şair Qismətimiz. Ona düzü bilmirəm təəssüflənim, ya yox. Tam səmimi deyəcəm, Qismətin yazısını başa düşmədim. Yəni, cümlə-cümlə oxuyanda nə yazdığını bilirəm, şükür, oxuma və yazmam yerindədir, amma bütövlükdə mahiyyətin nə olduğunu tuta bilmədim. Mənə bir az “nə şiş yansın nə kabab”-ı xatırlatsa da, bütün hallarda bəlkə intellektim çatmadı deyə də düşünürəm. Ona görə bu haqqda heç nə deməyib, keçirəm öz yazıma.

P.s.Hə, onu da deyim ki, yaxşı olar müəllif bir az dözümlü olsun, tənqid qəbul etsin. Çünki mən ilk dəfə romanı vərəqləyib fikirlərimi feysbukda bölüşəndə, “təkərə” düşüb məni blok elədi, sonra da qulağıma çatdı ki, müəllif onu tərifləməyənləri sevmir. İlk romanındı, alınmayıb, bəziləri tərif, bəziləri də tənqid yazır. Necə oldu ki, bəyənməyənlərin hamısı səni başa düşməyən oldu? Özünə gəl, Prust!

Müəllifdən roman oxumazdan əvvəl bir-iki yazı da oxumuşdum. Orta səviyyəli bir yazılar idi. Onsuz da, ciddi bir yazıçı olmadığını qəbullanmışdım, böyük gözləntim yox idi, romanı oxuyanda da əmin oldum.

Hörmətli müllifin romanında da, digər yazılarında da aydın şəkildə gözə çarpır ki, Azərbaycan dilində yaza, cümlə qura bilmir. Bunu romanın strukturuna görə demirəm, ümumən. Azərbaycan dilini yaxşı bilənlər özü də oxuyanda görəcək ki, mən nə demək istəyirəm. Və bir azərbaycanlı yazıçı Azərbaycan dilində yaza bilmirsə, əslində, söhbət də, bu tənqidi yazı da burda bitməlidir. Amma mən dirənən adamam, sonadək gedəcəm, sübut edəcəm!

Deyirəm və iddia edirəm! Kitabın istənilən səhifəsini açın, siz də görün. Yenə deyirəm, təsadüfü bir səhifəni, ürəyiniz istəyən. Bir cümlədə normal bir şey yoxdu, amma di gəl, müəllif özünü inandırıb ki, o, Prustdur, Prust sayağı yaza bilir. Ey gələcəkdə bəlkə də yaxşı yazıçı ola biləcək müəllif, bil və agah ol ki, bu Prust sayağı bir roman deyil, bu, sadəcə və sadəcə olaraq sayıqlamadır. Sa-yıq-la-ma!

Ümumiyyətlə, nəinki Azərbaycan dilində yaza bilməmək, müllif heç Azərbaycan dilində düşünə də bilmir. And olsun Prusta ki, bu, yazıçı faciəsidir.

400 səhifə kitab yazasan, o da belə. Ağır dərddir.

Kitabın ilk cümləsində guya öz aləmində göndərmə edən müəllif, bunu da düzəməlli bacarmayıb. Demək olar ki, Prustun romanının birə-bir eyni cümləsini köçürüb.

"Uzun müddət həftəsonları doyunca yata bilmədim"

Prusta rəhmət, sənə isə Allahdan rahatlıq diləyirəm. Sən gecələr yat ay Qurban. Görürsən ki, gecələr yazanda alınmır, nə məcburdu?!

Romanın ümumi müzmununu deyim, oxumayanlar az da olsa, məlumatlı olsunlar. Yataq xəstəsi olan ata – Ramiz obrazı gözlərini palatanın divarına zilləyib keçmişini xatırlayır və bu gününü analiz edir, düşünür. Yazıçı olmaq istəyən introvert oğlu İdris də guya Prust kimi öz dünyasına, kitablarına falan qapılıb, mənəvi əzablar çəkir. Oğlunun bu problemlərində də Səma obrazı(Ana) atasını günahkar bilir və klassik bir şəkildə oğlunu “həyata” qaytarmaq istəyir. Elə yenə də klassik şəkildə. Rəfiqəsini və onun oğlu ilə həmyaşıd olan qızını evlərinə qonaq çağırır.

Yəni, bu qədər sadə.

Roman fəsillərdən ibarətdir. Oxuyanda görəcəksiniz, biinci fəsil İdris, ikinci fəsil Səma, üçüncü fəsil isə Ramizin “səs”-ləridir. Bütün bunların hamısında hər şey eynidir. Eyni təhkiyə, eyni üslub, eyni forma. Hər şey eyni. Mən hər üç obrazın ruhi xəstə kimi qələmə verildiyini müşahidə elədim. Amma bilmirəm müəllif də buna eyham vurmaq istəyib, yoxsa yox.

Nəysə. Ümid edirəm, kiçik bir aydınlatmanı verə bildim. Keçək bir-iki balaca iradlarıma.

"Həyəcanlı deyildim. Gərgin idim. Evlənib, hamının yaşadığı, sıxıcı, monoton ailə həyatını yaşamaq istəmirdim. Günləri fərqlənməyən, rəngsiz, ailəiçi cansıxıcı söhbətlərlə dolu bir həyatı yaşamaq qorxusu düşmüşdü canıma. Bunları mənasız və boğucu görürdüm. Keyləşən sol qolunu sağ əlimlə qaldırıb yerini dəyişirəm. Həyatda nələrlə xoşbəxt olduğuna, yaxud olacağuna əmin olmamış evlənmək istəməyən burulğanlı-böhranlı bir gəncin dadına yetib, hər şeyi məntiqlə və ən qorxunc detallarıyla təşkil etdilər"- romandan bi hissədir. Yəqin ki, siz də mənim kimi can çəkdiniz oxuyanda.

"Əvvəlki həyatımda aydın, parlaq gələcəyim var idi. Hər şey məni səssizcə izləyib qoruyan-səsli də izləmək olurmu?

"Hər şey ağlımda səssizliklə baş verir- ümumiyyətlə, belə cümlə olmur. Hər şey ağlımda səssizliklə baş verir nədir? Guya indi rabitəsiz nitq alındırmaq istəyib də müəllif. Yazıq Prust. Gör, sənə özünü necə oxşadırlar. Allah sənin qəbir qonşularına rəhmət eləsin.

"Beynim çox tənbəlləşib, sanki səslərlə də vidalaşmaq istəyir artıq- bu, cümlədir? Cümlənin xəbəri belə olur?" And olsun, yenə deyirəm, Prust sayağı yazmaq üçün cümlələrin yerini dəyişməyə ehtiyac yoxdur, əlaqəsiz sözlər yazmaqla olmur bu iş.

"Oğlumun həssaslığını birlikdə yaşadığıma başladığımız vaxtdan bəri özündən gizləmək istədiyi bir sıra guya gerçəkliklərinə məhəl qoymamağa çalışmışam- yenə can çəkdiniz, hə? Özündən gizləmək istədiyi bir sıra guya gerçəkliklərinə- siz Prust, bu nədir?"

"Görəsən, qəssab necə müəyyənləşdirir, necə əmindir hansı yönə tutmaq lazımdır!- bu cümlədirsə, mən də yaza bilmirəm."

Ümumiyyətlə, qeyd etdiyim kimi, hər səhifə bu cür cümlələrlə doludur. Təkrar edirəm, hər səhifə. Əgər bu boyda kitabda kimsə bir səhifə göstərib desə ki, burda səhv yoxdur, əlimə qələm alsam, məndən pis adam yoxdur. Belə kitab olmur, belə roman olmur, əziz müəllif. Bunu da tərifləmək düzgün deyil. Azərbaycanlı müəllif ilk olaraq dilinə hörmət etməli, ana dilində yaza bilməlidir. Nə olursa, olsun.

Müəllif konkret olaraq öz aləmində gah cümlə uzadaraq Pamukluk edib, amma əslində mahiyyəti aydın olmayan söz yığını yaradıb, gah da öz aləmində şüur axını fikirləşib, amma burda da sayıqlamadan başqa bir şey alınmayıb. Bütün bunların hamısının qəsdən edilməsi də, romanın tam başqa bir süniləşdirib. On görə də tam qətiyyətlə sonda bir daha bu romanın alınmadığını deyə bilərik. Müəllifin yeni romanını həvəslə gözləyir, belə olduğu halda da ilk tənqidi yazacağıma söz verirəm. Yaxşı yazsa da, tərifləyəcəm, söz haqqı!

Bu kiçik yazı isə təhlil və tənqid hesab olunmasın heç. Ümumi fikirlərim deyək, getsin. Amma müəllifin “ Səs və ya Qırmızı” romanı da roman hesab olunmamaq şərti ilə. O, necə romandırsa, buda elə tənqiddir!

Orxan Saffari