adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Aqil ABBAS: 44 GÜNLÜK MÜHARİBƏ

AQİL ABBAS
72790 | 2021-03-11 10:48

(Üzü Ağcabədiyə)

 

II məqalə

 

(ƏVVƏLİ BURADA)

 

Xocavənddən ayrılırıq, üzü Ağcabədiyə. Bir az fikirliyəm. Köməkçim hiss edir:

- Məllim, niyə fikirlisən?

- O uşağı atasıyla danışdıra bilmədim.

Füzulidə xəstəxanada çəlimsiz bir əsgərlə rastlaşdım. Bədənində bir neçə güllə  yarası var idi. Həkimlər ağır əməliyyatdan onu sağ-salamat çıxarmışdılar.

Məlum oldu ki, bu çəlimsiz əsgər düşmən səngərində əlbəyaxa döyüşə girib. Və bu güllə yaralarını da həmin döyüşdə alıb, amma döyüş dostlarıyla birgə düşməni məhv edə biliblər.

Uzaqbaşı 55-60 kiloqram çəkisi   olan bu əsgər məni tanıdı. 

İki övladı var, döyüşə könüllü gələnlərdəndi.

Onunla bir palatada yatan gəncəli balası deyir:

- Məllim, bunun belə cılız olmağına baxmayın ey, əjdaha kimi vuruşurdu.

Söhbətləşirik.

Dedi ki, mənim atam Suraxanı polisində işləyir və sizin oğlunuzla birgə. Təbii ki, mən də onun atasını tanıdım, hətta  vaxtilə polis işləyən babasını da. Dərhal atasının  nömrəsini öryənib telefonunu aradım ki,  onu oğluyla calaşdırım, bilsin ki, oğlu  salamatdı və hazırda müalicə olunur. Bir neçə dəfə zəng elədim,  telefonu  qaldıran olmadı. Dedim ki, oğul, bir azdan  atanla  danışaram.

Xocavənd yolunda da bir neçə dəfə telefon etdim, yenə cavab vermədi.

Çox pis olmuşdum ki, ata-balanı  calaşdıra  bilməmişdim.

- O uşaq  gözlərimin  qabağından getmir.

Üzü Ağcabədiyə gedirik. Beyləqandayam, dayanmıram, amma rayonun icra  başçısı Asif müəllimə zəng edirəm.  Həm rayondakı vəziyyətlə, həm də şəhid və yaralıları ilə maraqlanıram.

Onu da qeyd edim ki, İkinci Qarabağ savaşında ən çox şəhid verən Beyləqan rayonudu 137, hətta bir kəndi var ki (Kəbirli),  19 şəhid verib. İkinci şəhid verən  rayon isə Cəlilabad rayonudur ki, 97 şəhidi var.

Asif müəllim deyir ki, şəhid dəfnindəyəm və bir azdan mən sizi yığaram.

Beyləqandan çıxaçıxda zəng gəlir. Deməli, həmin əsgərin  atasıdı: Yusif Mənsimov.

- Təşəkkür edirəm, oğlumla görüşmüsən, uşağı  çox sevindirmisən.

Bir az dərdləşirik. Üstündən bir az keçmiş  vaxtilə polis orqanlarında çalışan  babası da  zəng edib  təşəkkür edir.

Onu da qeyd edim ki, bu Böyük Vətən Müharibəsində Azərbaycan polisi də əsgəri ilə çiyin-çiyinə  vuruşurdu, nə qədər şəhid verib və nə qədər  yaralananı var. Xüsusilə də Daxili Qoşunların qüvvələri.

Ağcabədiyə çataçatda rayon icra hakimi       yyətinin başçısı Rafil Hüseynova  telefon açıram. Təbii ki, hal-əhval tuturam və rayonun  nə qədər  şəhid verdiyini, nə qədər  yaralısı olduğu ilə maraqlanıram.

Bildirir ki, Hacıbədəllidə şəhid yasındayam, bu gün dəfn edəcəyik, sonra görüşərik.

Maşını birbaşa Hacıbədəlliyə  sürdürürəm. Kəndə girəndə qabağıma  maşın  karvanı  çıxır. Heç demə, şəhidi Ağcabədidəki Xiyabana  gətirirlər. Geri qayıdırıq. Xiyaban Azərbaycan bayraqlarından  od tutub yanır.

Çox qeyri-adi və  ağır bir  səhnə idi. Gün  gələr, bunu yazıçı kimi yazaram.

Şəhid öz məzarına  sığmırdı.

«Nəsimi» filmində bir yer var: «Mən at ağızlı oğlanlarımı verdim». Bu ifadədən çox xoşum gəlir. «At ağızlı oğlan» nə deməkdir? Qarabağ atları döyüşdə ön pəncələriylə düşmənlə vuruşurdu, ağızlarıyla  düşməni  parçalayırdı. «At ağızlı oğlanlar» ifadəsi də burdan gəlir.  Və bir də belə  oğlanlara  Qarabağda «lay divar oğlanlar» deyirlər.

Hacıbədəllidən şəhid olan bu igid də «at ağızlı oğlan» idi, «lay divar oğlan» idi və məzarına  sığışmırdı.

Onun 9-10 yaşlı oğlunun gözlərinə baxmaq mümkün deyildi. «Lay divar» atasının məzara sığmadığını və yenidən məzarının  genişləndirilməsinə baxan bu uşağın nə çəkdiyini bəlkə heç Allah da bilmir.

İcra başçısı  bayrağı ona verəndə uşaq bayrağı öpüb sinəsinə necə sıxdısa elə bil ki, indicə məzara qoyulan atasını öpüb  bağrına   sıxırdı. Özümü  saxlaya bilməyib  kənara  çəkildim. Amma heç vaxt o uşağın  baxışlarını  unuda bilmərəm. Bəlkə də o baxışlar bir romanın  mövzusuydu və bəlkə də   o romanı  yazmaq  mənim gücüm xaricindədi.

Sonra başqa  şəhid  dəfnlərinə gedirik.

Yeri gəlmişkən, Ağcabədi Şəhidlər Xiyabanında Birinci Qarabağ savaşında şəhid olmuş «Azərbaycan Bayrağı» ordenli Əkbər Alıyevin də simvolik məzarı var. Ölümündən sonra  doğulan  övladını  görməyən  Əkbər mənim  bacımın  yoldaşıdı, polis kapitanı idi.  Əslində məzarı  Avşar  kəndindədi, amma  müharibədə  şəhid olmuş və hardasa başqa-başqa yerlərdə dəfn edilmiş şəhidlərin də bu Xiyabanda simvolik məzarları var.

Geri qayıdırıq, Sarıcalı kəndinə. Bu kənddə yaşayan Xocalı sakininin müharibədə şəhid olmuş məzarını  ziyarət etməyə.

Ordan isə ara yolla Ağcabədinin Qaraxanlı kəndinə gedirik. Bu kənd 3 şəhid  verib və bu gün onlardan birinin dəfnidi.Qaraxanlı mənim doğulduğum Bayatın Kolanı  kəndi ilə təxminən 2 kilometr  məsafədədi. Dəfndə iştirak edirik. Şəhidlərin ailəsinə nə təskinlik verək!

Mən  bütün  şəhid ailələrinə, xüsusilə də analarına verdiyim bir  təskinlik var: Tezliklə  Qarabağ  azad olunacaq, Şuşaya bayraq sancacağıq. Gedib övladlarınızın  şəhid  olduğu  torpaqları  görəcəksiniz. Sizin göz yaşlarınız tökülən hər torpaqda şəhidlər çinar  olub  bitəcəklər, palıd olub  bitəcəklər, şümşad  olub bitəcəklər, gül-çiçək olub  bitəcəklər.

Mən nə zaman Qarabağa gedirəmsə, mütləq Bayatdakı (daha dəqiq, Kolanıdakı) Seyid Heydər Ağanın məqbərəsini  ziyarət edərəm, sonra keçib  atamın və babalarımın məzarlarını  ziyarət edərəm.

Qaraxanlıdan çıxanda icra başçısına  deyirəm ki, siz gedin, mən getdim Kolanıya, əzizlərimin qəbrini  ziyarət etməyə.

- Axşama yemək hazırlasınlar?

Köməkçimin gözlərinə  işıq gəlir.

- Yox, çörəyi ya Bayatda, ya da Əfətlidə  yeyəcəm. Amma Qonaq Evinin  qapısını açıq qoysunlar gecə qayıdacam, orda qalacam.

Qaraxanlı camaatı ilə görüşürəm, dərdləşirəm  və üzümü tuturam Kolanıya.

Mən Qarabağa gedəndə əsasən üç yerdə çörək yeyirəm: biri doğulduğum Bayatda – Azər Hüseynin pavilyonunda, biri Zəngişalıda – Novruzun yeməkxanasında, biri də Əfətlidə. Bir də hərdən Quzanlıda – «Şır-şır» yeməkxanasında səhər yeməyi  yeyərəm. Və təbii ki, həmişə dostlarımla – mənim sevdiklərim və məni sevənlərlə. Restoran yeməkləri  o qədər də xoşlamıram. Hər səfərimdə xalam qızı Tahirəyə zəng edərəm ki, gəlirəm, ev yeməyi  hazırla, 10-15 nəfər  olacağıq. O da mövsümi yeməklər hazırlayar.

Yenə zəng edirəm ki, axşam saat 7-də Bayatda  olacam, bir şüyüd plov hazırla, 10-15 nəfərlik. Deyir ki, gecdir, sənin dediyin vaxta plov hazır ola bilməz, dolma bişirərəm, istəyirsənsə bir də dovğa.

- Yaxşı, Nişatla göndərərsən…

… Nişat baş leytenantıdı, Ağdam Polis Şöbəsində  sahə müvəkkilidi.

Aprel döyüşlərində Ağdamdaydım.  Döyüş də gedir. Həmişəki kimi Sarıcalı su anbarının yaxınlığında yerləşən hərbi hissəyə getdim  vəziyyəti öyrənmək üçün. Məlum oldu ki, hərbi hissə döyüşlərlə bağlı yerini dəyişib. Onda sonuncu  posta getməyi qərara aldım. «Dolu» filminə baxanlar görüblər.  Bu film sonuncu səngərimizdə çəkilib. Amma həmin səngərdən sonra bizim postlarımız var və təbii ki, düşmən həmin postların yerini  bilmir. Mən isə bilirəm. Qayıtdıq geri. Köməkçim Ceyhun  Rüstəmova dedim ki, sür sonuncu posta. Hava da yağışlıdı, göydən yağan güllə və mərmi yağışdan da güclüdü. Hər tərəfə yazılıb ki, mina var.

- Ceyhun, yük maşınının izi ilə sür, kənara  çıxsan  minaya düşərik.

Maşında da mənəm, Ceyhundu, bir də Nişat.

Ceyhunun gözləri dolub, ağlayır.

- Evdə  üç qız qoyub  gəlmişəm. Ölsəm onlara  kim baxacaq?

Ceyhunun qızlarının ikisi xəstədi, Heydər Əliyev Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Emin Ağalarov və bir də Mübariz  Mənsimov neçə ildi bu uşaqların  müalicəsini  öz üzərinə  götürüblər. (Allaha şükür, indi bir oğlu da olub).

- Axmaq-axmaq danışma.  Ölsək Möhtərəm Prezident mənə Milli Qəhrəman adı verəcək.

- Bəs, mən?

- Sənin də qəbrinin  üstünə yazacaqlar ki, Milli Qəhrəmanın dayısı oğlu...

… Tahirə xanım deyir:

- Nişat var? Görsəniz deyin heç olmasa evə bir zəng eləsin.

Deməli, müharibə başlayan gündən Ağdam polisi postlarda və səngərlərdədi, döyüşürlər. Telefonlarını söndürüblər, heç evlə əlaqə saxlaya da bilmirlər.

- Uşaqların birini göndərərsən,  gəlib  apararlar.

Köməkçimin sifəti açılır.

(Ardı var)

 

TƏQVİM / ARXİV