adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Mart 2021 17:25
39267
MƏMLƏKƏT
A- A+

ÖMÜRDƏN UZUN SƏLNAMƏ...

“Gəncənin səsi” – 100

“Gəncənin səsi” qəzeti”nin 100 illik yubileyi haqqında xəbərim vardı, bu yubileyə mən nə töhfə verə bilərəm, mənə də müraciət edəcəklərmi, deyə çox götür-qoy etmişdim. Redaktor Rəfiqə Sadıqovanın - Yubiley nömrəsinə hazırlaşırıq, bu qəzetin fəaliyyətində sənin də əməyin olub, ona görə də həmin nömrədə keçmiş əməkdaş kimi sənin də arzu və istəklərini dərc etməyi nəzərdə tutmuşuq - bu böyük, həm də mətbu sözün bayramına çevrilən təntənəyə həsr edilən xüsusi buraxılışda mənim təəssüratlarım üçün də yer ayrıldığını deyəndə əvvəlcə bir az tərəddüd hissi keçirsəm də, daxilən böyük sevinclə qarşıladım. Tərəddüdümün səbəbi professional kimi ilk addımlarımı atdığım qəzet haqqında söz deməyin məsuliyyəti idi. Bu sətirləri yazıram və mənə də söz demək, təəssüratlarımı bölüşmək üçün fürsət verdiyi üçün xanım redaktora daxilən minnətdarlıq hissi keçirirəm. Zənnimcə hər bir insanın iki doğum tarixi olur: biri ailə üçün sevinc payı kimi həyata gəldiyin gün, ikincisi isə cəmiyyət üçün “doğulduğun”, həyatda ilk müstəqil addımlarını atdığın gün...Mən yubiley nömrəsi üçün təəssüratlarımı ikinci doğum tariximin əks-sədası kimi yazıram... Əslində bir hesabatla üzbəüzəm. Necə gəldim, kimlər qarşıladı, təsadüfən ömrümü həsr etdiyim (məcburiyyət də demək olar – bu ayrıca yazının mövzusudur) bu peşəyə bağlanmağımın səbəbi nə oldu.... Redaksiyaya gəldiyim ilk günü, məqalə yazmaq haqqında aldığım ilk tapşırığı, gənc məzun kimi utancaqlıqla qoşulduğum kollektivi yenidən xatırladım. Təyinatla gəlməyimə baxmayaraq iş olmadığına əminlikdən sonra “atkaz” almaq üçün daxil olanda qəzetə yeni təyin olunmuş redaktorun, mərhum Sabir Hacıyevin məni səmimi qarşılayıb, maraqla verdiyi: “Nə işləyə bilərsən? – sualına, ümidsizlik zülmətinə düşən işıq kimi qəbul etdiyim bu müraciətə: “Nə iş olsa öhdəsindən gəlməyə çalışaram” – cavabım... Və bu məqamlar mənim sonrakı həyat yolumu müəyyənləşdirdi. “Gəncənin səsi” qəzeti mənə nə verdi? Burda səmimi dostlar tapdım, yazmağı öyrəndim, bəli, öyrəndim, ixtisasca jurnalist olan bir gəncin bu sözü sizlər üçün bir az qəribə səslənə bilər, amma ilk fəaliyyətin, yazmaq üçün düşdüyün mühitin ab-havası, kandarında dayandığın qapının arxasında tanış olacağın insanların səmimiyyəti əsas sərtdir. Və sonra jurnalist həyatım başladı, indi xatırlayıram ki, həmin məqamlar nə qədər çətin, keşməkeşli olsa da, sonrakı həyat yolumu müəyyən etdi, məni bu sənətə bağladı. Korrektorluq etdim, teletaypçı işlədim, buraxıcı kimi(o vaxtlar qəzetdə belə bir vəzifə vardı) çalışdım... Bezmədim, texniki işçi olsam da, baş redaktorun mənə etibar edib: “Get qəzetin bu nömrəsinin çapına qol çək” – tapşırığı təsəllim oldu... Mərhum Abdulla Şərifovun sinəsinə döyüb hikkə ilə verdiyi əmrləri, məsul katib Səyavuş Kamalovun ilk yazılarımı redaktə edərkən gözümün önündə kəsib-doğradığı məqamın məndə doğurduğu “faciə” hissi, Rəfiqə xanımın o vaxt, Sovet dövründə yazdığı tənqidi yazıların jurnalist adına oyatdığı qürur, kollektivin bir parçasına çevrilmiş yazıçı-jurnalist Qərib Mehdinin məsləhətləri, rəhmətlik Ərşad müəllimin “Açın ürəklərin qapılarını, həqiqət carçısı jurnalist gəlir” şeirini qürurla söylədiyimiz məqamlar, rəhmətlik Məmməd Alimin ilk oxucusu olduğum şerlərinə verdiyim “qiymət”, korrektorlarımız Sahibə xanımın və mərhum Sevil xanımın: “Əldən düşdünüz, nə zülümlə böyümüsünüz, gəlin bir stəkan çay için” – çağırışı, sürücü rəhmətlik Sahiblə redaktordan xəlvəti sərgüzəştlərimiz... O vaxt biz, təyinatla qəzetə işləməyə yeni gələn gənclər bu mühitdə "böyüdük”, jurnalist kimi yetişdik. Kim deyə bilər ki, onların bugünkü böyük mətbu yolu həmin anların nuruna boyanmayıb. Bu məqamlar qətrə-qətrə, bəzisini istəyərək, bəzisi də istənmədən canımıza-qanımıza hopdu, yaradıcı adam kimi bizi bu şərəfli, həm də əzab-əziyyətli peşəyə bağladı.

Bir əsrlik tarixin 12 ilik səlnaməsində mənim də adım var, bu təəssüratları yazarkən yenidən vərəqlədim, bu saralmış səhifələr, tez-tez rast gəldiyim imzaların işığı gözlərimdən ürəyimə düşür, hər yazının tarixini, söhbətləri lap bu günkü kimi xatırlayıram...Bəstəkar Fikrət Əmirovla söhbətim, Anarla anasının vətəni Gəncə ilə bağlı xatirələri, yazıçı Əzizə Cəfərzadənin ondan aldığım müsahibə ilə bağlı redaktora yazdığı səmimi məktubu, yazıçılar Cəmil Əlibəyov, şairlər Hüseyn Arif, Mirvari Dilbazi, Nəriman Həsənzadə, Nüsrət Kəsəmənli, Tofiq Bayram və daha neçə-neçə adlı-sanlı sənət adamları və dövlət xadimləri ilə keçirilən görüşlər və onların qədim şəhər haqqında ürək sözləri yenidən qulaqlarımda səslənir...

Bayaq qeyd etdim, 1976-cı ildə korrektor kimi işə başladığım kollektivdə həmkarlarımın dediyi kimi, xadiməlikdən başqa bütün işlərdə çalışmışam. Bir sıra uğurlarım oldu, 1980-ci ildə birinci katib Həsən Həsənovun rəhbərliyi dövründə Gəncədə həyata keçirilən nəhəng abadlaşdırma və quruculuq işlərindən yazdığım yazılara görə “Qızıl qələm” mükafatına layiq görüldüm, mötəbər müsabiqələrin qalibi və diplomantı oldum, jurnalistlik fəaliyyətimin nəticəsi olaraq şəhər Sovetinə deputat da seçildim...Nə isə, qayıdaq mətləbə... Azərbaycanın mətbuat tarixində bu qəzetin öz yeri var. Qədim şəhərin mətbu salnaməsini yazan "Gəncənin səsi" qəzeti şəhərin tarixini, qədim ədəbi və mədəni həyatın səlnaməsini yaradıb. Bu qətiyyətimin də bir tarixçəsi var. Bu barədə söhbət düşəndə həmişə 80-ci ildə şəhərdə qonaq olan mərhum şairimiz Tofiq Bayramın sözlərini xatırlayıram. Şair şəhəri gəzdi, insanlarla əl tutub, səmimi söhbət etdi. Bu görüşlər onda elə böyük bir təəssürat yaratdı ki, məndən xahiş edib dəftərçəmi aldı və bədahətən yazdı:

Səninlə nurlanıb şerin səhəri,

Sənət günəşisən bütün cahanın.

Bakı inciməsin, Gəncə şəhəri,

Şeir paytaxtıdır Azərbaycanın.

Sonra xahiş etdi ki, bəndi olduğu kimi verək... Bu gün fəaliyyət sahəm dəyişsə də, yenə də bu kollektivlə birgəyəm, çətinliklərinə qayğılanıb, uğurlarına sevinirəm. ...Həmkarlarımın, o cümlədən də həyatını həsr etmiş mərhum yazarlarımizin zəhməti bahasına işıq üzü görən qəzet səhifələrini vərəqləyirəm. Adamın əlindən tutub, səyyah kimi qədim şəhərin 100 illk tarixi səlnaməsinə bələdşilik edir, gözlərin önündə əsrə bərabər illərin əks-sədası canlanır. Elə möhtəşəm bir səlnamə canlanır ki, onda sənin də əməyinin olduğunun yaşatdığı qüruru sözlə ifasdə etmək mümkünmü... Vərəqlədikcə tərtibatı, dizaynı, yazıların professional səviyyəsi diqqət çəkir. İstənilən nüfuzlu mətbuat orqanı ilə rəqabət apara bilər. Qəzeti maraqlı edən nəşr mühitinin keşməkeşi, hadisələrin qaynarlığıdır. Bu mənada kollektivin bəxti gətirib. Gəncə, sözün əsl mənasında, yüksəliş dövrünü yaşayır. Qədim şəhər abadlaşır, yenidən qurulur. Memarların dili ilə desək, görünən yaxın tarixin, milyon insan yaşayacaq şəhərin “eskizləri çəkilir.” Diqqət çəkən ən mühüm fakt həm də odur ki, Gəncə Beynəlxalq tədbirlərin mərkəzinə çevrilib, xarici əlaqələr getdikcə genişlənir. !979-1980-ci illərdə geçirilən, əsl ümümxalq bayramına, beynəlxalq poeziya məclislərinə çevrilən Nizami Poeziya Günlərinin təntənəsi, Gəncənin 2016-cı il Avropanın Gənclər, 2019-cu ildə isə Avropanın mədəniyyət paytaxtı seçilməsi xüsusilə qürurvericidir. Bu yüksəlişə jurnalistlər də öz töhfələrini verirlər. İctimai-siyasi həyatın keşməkeşləri, iqtisadi uğurlar, mədəni yüksəliş diqqət mərkəzindədir. Qəzet toplusunu vərəqlədikcə göz önündə bu möhtəşəm yüksəlişin mətbu salnaməsi canlanır. Fakt, mətbu söz qəzet səhifəsində dərc edildikdən sonra zaman və məkan, təbiət və cəmiyyət, əxlaq və mənəviyyat müstəvisində sınağa çəkilir, bu ölçülər ictimai mahiyyət kəsb etdikdən sonra tarixə çevrilir. “Gəncənin səsi” qəzetində çalışan insanların qələmə aldığı faktlar, sözün əsl mənasında, ictimai yükü ilə tarixi mahiyyət daşıyır. İllər sonra da, qəzetin toplusunu vərəqlədikcə göz önündə Gəncənin qədim və yeni tarixinin xronologiyası, sürətli yüksəliş səlnaməsi, onun möhtəşəmliyi üçün əmək sərf edən insanların tarixi obrazı canlanacaq. Gəncə jurnalistləri dünən yazıblar, bu gün yazırlar, sabah da yazacaqlar. Həmin yazılar təkcə şəhərin deyil, həm də sənin, mənim, bizim tariximizdir, bu şəhərin çoxminli, zəngin və keşməkeşli həyatının səlnaməsidir.

Bəli, bu gün qədim Gəncənin ən yeni tarixi yazılır, mətbu orqandan asılı olmayaraq bu yüksəliş haqqında respublikamızda nəşr olunan qəzetlərin hamısında müxtəlif janrlı məqalələrə rast gələ bilərsən. Amma hadisələrin qaynağında, faktlara daha yaxın olduqları üçün “Gəncənin səsi”nin əməkdaşları daha yaxşı, daha mükəmməl yazırlar. “Gəncənin səsi”nin “cəfakeşləri”nin bu əlamətdar yubilej münasibətilə təbrik edirəm, istəyim Sizləri həmişə belə yüksək yaradıcılıq əhval-ruhiyyəsində görməkdir. Hörmətlə, keçmiş iş yoldaşınız, həmkar kimi işinizdən qürur duyan:

Vaqif TANRIVERDİYEV

AMEA Gəncə Bölməsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri