adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Mart 2021 10:50
41688
ƏDƏBİYYAT
A- A+

"İndi ədəbiyyatın altı üstündən yaxşıdır, zövqlüdür..." - MÜSAHİBƏ

Gənc şair Cahandar Aybər Adalet.az-a müsahibə verib.

- Cahandar, bir şeirlər kitabın var, amma sanki ədəbi mühitdə imzan bir o qədər də görsənmir. Səncə, uğurlu ola bilmədin, yoxsa özün belə istəyirsən?

- Düzü, əvvəllər uğursuzluq kimi düşünürdüm. Amma sonra anladım ki, uğur o demək deyil ki, hər yerdə səni görsünlər...
Həm də, uğur yaradıcılığın necəliyində gizli olur çox vaxt. Onu oxucuya ya özün təqdim etməlisən, ya da oxucu özü  tapmalıdır. İndiki dövrdə birinci daha effektivdir. Bunda isə mən passivəm. Getdikcə bu, istəyə çevrilir həm də.

- İndi gözləyirsən ki, oxucu səni özü tapsın?

- Yox, tapılmaq istəmirəm. Tapılmaq istəyən necə olsa, səs-küy salır ki, tapılsın... Elə bu dağıntının altında qalmaq daha rahatdır. Yəni indi ədəbiyyatın altı üstündən yaxşıdır, zövqlüdür...

- Şeirlər kitabına olan səssizlik de səni narahat etmirmi? Az oxunması, ədəbi mühitin reaksiyasızlığı...Bəzən şairlər bunu başqa şeylə əlaqələndirirlər. Məsələn, biri deyir, paxıllıqdandı, biri deyir, "kruq" ədəbiyyatdır və.s. Sən nə deyirsən?

- Paxıllıq deməzdim, amma hardasa, bəzən biganəlik olur. Kimisə buna görə ittiham etməyə də cəhd etmirəm, çünki bu, mənim özümdə də var. Ancaq istərdim, ədəbi mühit paxıl olsun. Çünki yaradıcı adamın paxıllığının əsasında sadəlik dayanır, əslində.
Məsələn, sən özündən razı deyilsən, öz yazdıqlarının ən yaxşı olduğunu düşünmürsən, səndən yaxşı olanı görə bilirsən, "burda mənəm, Bağdadda kor xəlifə" kimi iddian yoxdur.

- Başqalarının yazdıqlarına qarşı paxıllıq olmalıdır?

- Ümumiyyətlə, insan bir az da paxıl olmalıdır. Normada paxıllıq da yaxşı keyfiyyətlərdəndir. Kitabımın səssizliyi gələndə isə... Özümə oxşadıram kitabımı... Deməli, yazdıqlarım mənim özüməm, yuxarıda dediyim kimi, səssizliyi özüm istəyirəmsə, narahat olmuram. Hərdən ədəbiyyatımızın indiki halını tariximizin "xanlıqlar" dövrünə bənzədirəm.

- Amma ədəbi mühit aləmindən sənin də narazı olduğun fikirləri sosial şəbəkədən oxumuşuq. Xüsusi ilə də "kruq" məsələləri ilə bağlı. "Kruqun", dostun yoxdumu ədəbiyyatda? Niyə belə bir şeydən narazısan?

-Deyirəm dəə, "xanlıqlar"...

Dostlarım var, əlbəttə, amma "kruq" olacaq qədər çox olmasına imkan verməmişəm. Poeziyanı "kruqa" salıb, fırlatmaqdansa, açıq buraxmağı üstün tuturam...

- Cahandar, ədəbi proseslərə də susqunsan. Bu da ümumi səssizlikdən qaynaqlanır, yoxsa maraq dairən deyil? Ən azından ümumi olaraq ədəbi proseslərə qatılmaq, fikir bildirmək ola bilər.. Səbəb nədi ?

- Bilirsən, burda bir neçə səbəb ola bilər, misal üçün, hərdən vaxt azlığı, hərdən ədəbi prosesin olmaması, hərdən ümumi susqunluq, hərdən də elə maraq dairəmdən kənar olması. Bizdə ədəbiyyat haqqında, az qala, hər şey təkrardır, bu da istər-istəməz bezdirici olur. Birdən hardasa ədəbiyyat adamları ilə oturanda da, peşman oluram. Hər şey təkrar... Ona görə mən də inad edib, təkrar-təkrar susuram.

- Peşman niyə? Nə edirlər ki?

- Təkrarçılıq. İndi təkcə danışılanlar yox, yazılanlar da başqa-başqa formalarda bir-birinin təkrarıdır.Qardaş, bilirik dəə, Prustu, Kafkanı, Homeri, Dostoyevskini, Heminqueyi, Rableni və digərlərini biz də tanıyırıq.  Zəhləmizi tökmə. Özünün nəyinsə varsa, qoy süfrəyə nuş edək.

- Bunu hər kəsə şamil edirsən? Hamisi belə edir, yoxsa müəyyən adamlar? Məsələn, kimləri deyə bilərsən bu cür olanlardan? Ad çəkə bilərsənmi?

- Xeyr, hər kəsə şamil etmirəm, həmişə olduğu kimi, istisnalar var. Ad çəkmək qorxunc bir şey deyil, amma o qədər uzaqlaşmışam, adlarını da unutmuşam.

- Bəs, dediklərindən uzaq gördüklərin varmı? Təkrarçi olmayan. Kimlər var məsələn?

- İstənilən halda ad çəkmək istəmirəm. Və elə bu mövzudan da uzaqlaşmaq yaxşı olar, məncə, çünki artıq özümün də təkrarçılığa getdiyimi hiss edirəm.(gülür)

- İndi necə başa düşək, bu səssizlik və susqunluq əbədi olacaqmı? Bəlkə bir kitabla yenidən canlanma olsun? Fikrin var, yenidən kitab çıxaracaqsanmı?

- Fikrim var, ancaq nə vaxt olacağını dəqiq bilmirəm. Birinci kitab yeddi ilə başa gəlmişdi. İkinci o qədər çəkməz yəqin. Səssizliyimin isə əbədi olacağına inanmıram. Çünki hiss edirəm ki, bu səssizliyin özü artıq səsə çevrilir. Maraqlıdır.

-Səssizliyinin yaradıcılığa çevrilməsi diləyi ilə.

Müsahibə üçün təşəkkür edirik.

 

Orxan Saffari