adalet.az header logo
  • Bakı 20°C
01 Mart 2021 17:02
19416
MƏMLƏKƏT
A- A+

Şuşa yaramızı bayraqla sarıyan Adam...

O, bu ölkədə ən çox iş görən və heç danışmayan Adamdı…

O, Müqəddəs Savaşın ən böyük Mücahididi...

O, Şuşa böyüklükdə Qalanın Fatehidi...

O, Cəbrayılı 27 illik işğaldan azad edən ən çətin döyüş əməliyyatının rəhbəri, Xudafərin böyüklükdə milli məfkurəni əsarətdən qurtaran hərbi planların müəllifi olan Adamdı...

O, Azərbaycan Silahlı Qüvvələrinin adının haqqını verən ən fədakar generallarındandı...

Bu gün adamlar iki sətir status yazandan sonra şərhlərdə ünvanına deyilən 5-6 xoş kəlmədən başı gicəllənib özünü bəşəriyyətin nadir incisi sayırlar. Amma O, bəşəriyyətin tarixində misli görünməmiş hərbi əməliyyatın və döyüş taktikasının altına imzasını qoydu, yalın əllə Şuşanı azad etdi, ağır artilleriyanın qabağına limonka və bıçaqla çıxan oğullar yetişdirdi... Amma Şuşanın dağlarının ən yüksək zirvəsində belə başı gicəllənmədi...

Bu məmləkətə ən böyük zəfər sevincini yaşadan Adam özü Zəfər yürüşündə göz yaşları içində addımladı... Şəhid verdiyi yetirmələrinin itkisini qazandığı Zəfərdən daha böyük hesab etdiyindən həmişə kədərlidir, susqundur Hikmət bəy...

Haqq Adamıdır, Tanrının məmləkətimizə bəxş etdiyi Qarabağ boyda sevincin adı, sevginin, alqışın ünvanıdır Hikmət bəy...

O, inanılmaz fiziki gücə və iradəyə sahib, istənilən odlu və soyuq silahla mükəmməl sürətdə davranmağı bacaran, son dərəcə savadlı, mədəni, alicənab – Əfsanə kimi Adamdı...

İstənilən əsgəri Onun əmrilə düşünmədən ölümə getməyə gözüyumulu hazırdı... O, təkcə döyüş meydanı üçün hərbə qoşan deyil, həm də ideoloji savaş üçün sağlam məfkurəli nəsil yetişdirməyi bacaran milli düşüncəli Aydın Adamdı...

O, sadəcə Şuşa fatehi, Vətən müharibəsi qəhrəmanı deyil –  könüllərimizin fatehi və bizim hamımızın qəhrəmanıdır...

Bu gün Onun doğum günüdür... Yaxşı ki, doğulmusan, Azadlıq boyda Adam! Bu məmləkətin Şuşa yarasını bayraqla sarıyan Adam! Böyük Adam! Böyük hərflərlə Adam...        

Xəyalə ZƏRRABQIZI