adalet.az header logo
  • Bakı 20°C
01 Mart 2021 16:27
23044
MƏDƏNİYYƏT
A- A+

“Məğlubiyyəti sevmirəm” - VİDEOMÜSAHİBƏ

“Bacardığım qədər səmimi olmağa çalışıram. Çünki qeyri-səmimilik olan bir sahədə hər şey saxta görünür. Belə olan halda böyük uğur da qazanmaq mümkün deyil. Robotlar qeyri-səmimidir, amma onların işləri çox yaxşı gedir, ona görə ki, onlar proqramlaşdırılıblar. Onların səmimi olmasına ehtiyac yoxdur. Amma insan başqadır”. “Ədalət” qəzetinin qonağı aktyor Niyaz Qasımovdur.

-Hər vaxtınız xeyir olsun. Çox sağ olun ki, dəvətimi qəbul etdiniz.

-Siz sağ olun.

-Mənə maraqlıdır, aktyor olaraq hansı xüsusiyyətinizə görə özünüzə əhsən deyə bilərsiniz?

­-Ən çox yaddaşıma görə özümə əhsən deyirəm. Yaddaşım kifayət qədər itidir. Hər şeyi yadda saxlaya bilirəm. Bu mənə çox kömək olur. İstər teatrda, istər çəkilişlərdə senariləri rahat mənimsəməyimdə bu bacarığım müstəsna rol oynayır.

-Özünüzü aktyor kimi necə xarakterizə edə bilərsiniz?

-Özümü normal fəaliyyət göstərən aktyor hesab edə bilərəm.

-Bəs tənqidçi kimi necə?

-Tənqidçi kimi yanaşsam, çox şeylər üzə çıxar. Yəqin ki, bütün aktyorlar sonradan özünə baxır, deyir, kaş bunu belə etməyəydim. Mənim özümə qalanda deyirəm ki, bu hərəkəti bu məqamda etməzdim kaş. İnsan özü bilir ki, nəyi necə etmək lazımdır. Tamaşaçını aldatmaq olar, amma özünü aldada bilməzsən axı. Məsələn, indi tənqidçi kimi kənardan özümə yanaşsam, deyərəm ki, sən səmimi deyilsən, yalan danışırsan, Niyaz.

“Özümdən müştəbeh deyiləm”

-Səmimi insansınız?

­-Bacardığım qədər səmimi olmağa çalışıram. Çünki qeyri-səmimilik olan bir sahədə hər şey saxta görünür. Belə olan halda böyük uğur da qazanmaq mümkün deyil. Robotlar qeyri-səmimidir, amma onların işləri çox yaxşı gedir, ona görə ki, onlar proqramlaşdırılıblar. Onların səmimi olmasına ehtiyac yoxdur. Amma insan başqadır. İnsan qeyri-səmimi ola bilər, işi də gedə bilər. Amma səmimi olanda iş daha keyfiyyətli olur, yeni ideyalar ortalığa çıxır. Çalışıram, səmimi olum. Düzdür, hamı kimi qeyri-səmimi olduğumuz məqamlar da olur. Kiminsə üzünə məcburi şəkildə gülməlisən, yola da verməlisən. Bir az öncə dediniz ki, özünüzü necə xarakterizə edə bilərsiniz? Aktyor kimi normal aktyoram. Nə özümdən müştəbeh deyiləm, nə də özümdən narazı.

-İnsanları tanıyırsınız?

-Həyatda elə anlar olur ki, görürsən, aktyorluğun böyük köməyi var imiş. Adi bir hərəkətdən qarşındakı insanın necə birisi olduğunu müəyyən edirsən. Bilirsən ki, səmimidir, yoxsa qeyri-səmimi. Bu kimi məqamlarda aktyorluğun köməyi olur. İnsanları tanımağı az-çox bacarıram. Elə anlar olur ki, kiməsə deyirəm, sən yalan danışırsan. Söyləyir, haradan bilirsən? Deyirəm ki, mən sənin obrazında olub etdiklərini etsəydim, yalan olardı və tamaşaçı mənə inanmazdı. Sən indi etdiyinə özün inanmırsan və bu sezilir.

-Hər hansısa bir insanı tanımaq üçün sizə nə qədər müddət lazımdır?

­-Baxır insana. Adam var ki, 10 saniyə sonra bilirsən ki, sənə yalan danışır, adam da var, tanıya bilmirsən.

-Sizi nə əsəbiləşdirib özünüzdən çıxara bilər?

­-Bilirəm ki, kimsə məni qıcıqlandırır və ya qıcıqlandıracaq hərəkətlərə yol verir, bax o, məni əsəbiləşdirə, tez özümdən çıxara bilər.

-Sizin üçün fərqi var, rol mənfidir, yaxud da müsbət?

­-Əslində fərqi yoxdur. Əsas odur, obraz yaxşı olsun. Maraqlı xarakterə malik obraz olsun. Real həyatın özünü götürək, heç kim deyə bilməz ki, filankəs yüz faiz müsbətdir, yüz faiz mənfi. Hər kəsin mənfiləri də olur, müsbətləri də. Məsələn, müsahibədə mən sizin üçün müsbət obraz ola bilərəm, lakin müsahibədən çıxdıqdan sonra gedib-görərəm ki, maşınımın yanında kimsə dayanıb həmin şəxsə qışqıraram, olaram onun üçün mənfi obraz. Belə bir şey yoxdur həyatda ki, kimsə bütövlükdə müsbət və ya mənfi olsun. Odur ki, oynayacağım obraz real olsun, mənə bəs edər. Mənfi, müsbət olmasının heç bir fərqi yoxdur.

“Mühakimə etmə, mühakimə olunarsan”

-Sizin üçün maraqlı olmayan obrazı oynamısınız?

­-Yəqin ki, olub. Deyim ki, pula görə hansısa rol oynayanları da qınamıram. Olub ki, hansısa filmə, seriala dəvət ediblər, baxmışam ki, bu, mənim imicimə zərər vura bilər, amma maddiyyata görə oynamışam. Məsələn, hazırda “Yuxu kimi” serialında Cövdət obrazını canlandırıram. Adını çəkməyim, digər yerdən də təklif gəlib, amma getməmişəm. Düzgün olmazdı ki, bir tərəfdə dram oynayım, başqa yerdə komediya. Amma çəkilənləri də qınamıram. Bizim aktyorlar Türkiyədə deyillər ki, istədikləri qədər qonorar alsınlar.

-İnsanları mühakimə edirsiniz?

­-Mühakimə edənəm. Amma özümə tez-tez deyirəm ki, etmə. Çünki mühakimə etmə, mühakimə olunarsan. İnsanları tez qınayan insanam. Amma gərək etməyəsən.

-Sizin özünüzə xoş olar ki, sizi kimsə mühakimə etsin?

-Dərd orasıdır. Ki, sənin xoşuna gələr, səni kimsə mühakimə etsin?! Deməzdim ki, qəbul etmirəm. Mən burada insanlara xoş gəlməyən müsahibə versəm, insanlar deyəcək ki, niyə bunu belə demisən?! Əslində bundan inciməli deyiləm. Mühakimə etməyin də bir kriteriyası var.

-Uşaq tamaşaları da oynayırsınız. Heç uşaqlığınız yadınıza düşür həmin obrazları canlandıranda?

-Hərdən olur. Bizdə “3 ayı” tamaşası var idi, orada ayılardan biri deyir ki, anam üçün darıxmışam. Mən həmin tamaşanı oynayanda, doğrudan da, anam üçün darıxmışdım. 3 ayı 3-müz də başladıq ağlamağa. Adam hərdən uşaqlığına qayıdır.

-İradəli insansınız?

­-Bəli, iradəli insanam. Amma bir şey var, mən siqaretdən istifadə edirəm, əgər onu tərgizə bilmirəmsə, deməli, mən iradəsizəm. Bu başqa bir prizmadan yanaşma. Amma bunun məsələyə heç bir aidliyi yoxdur. Bütövlükdə iradəli insanam.

“Bigana insanlardan qorxmaq lazımdır”

-Məğlub olduğunuz anlar...

-Məğlubiyyəti sevmirəm. Adi həyatdan götürək, futbolda uduzmağı sevmirdim. Məğlubiyyətlə barışıram, amma əsəbiləşirəm ki, niyə? Həyatda hər bir insan məğlub olur. Onu qəbul edib-etməmək insanın özünə qalır. Burada sizin dediyiniz “iradə” məsələsi mühim rol oynayır ki, sən nə dərəcədə zərbəyə dözüb həyatına davam edəsən?

-Heç olub ki, nəyəsə biganə yanaşasınız, lakin o biganə yanaşdığınız sonradan sizə əzab versin?

-Olub. Biganəlik ağır dərddir, böyük bəladır. Deyir, düşmənindən qorxma, biganə insanlardan qorx. Çünki mənfi halların üzə çıxmasında onlar iştirak edir.

-Sonuncu sualımı verim, bu dünyaya hansı missiyanı yerinə yetirmək üçün gəlmisiniz?

-Mən inanmıram ki, hansısa insan dünyaya missiyasız gəlib. Hər bir insanın missiyası var. Mənim missiyam nədir? Missiyamı sənətlə məşğul olmaqda, ailəmlə gözəl davranmaqda, övladlarımı böyütməkdə görürəm.

-Mən sizə təşəkkür edirəm ki, dəvətimi qəbul etdiniz.

-Siz sağ olun.

Rövşən Tahir