adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Fevral 2021 20:00
16412
MƏMLƏKƏT
A- A+

“O günləri xatırlamaq cəhənnəmi görüb qayıtmaqdır” - Xocalı sakini

“Ermənilər 1991-ci ilin noyabrın 27-də Xocalıda məktəbimizi vurdular. Sinif otaqlarımız dağıdıldığı üçün valideynlərim məni Ağdama oxumağa apardı. Həmin gündən sonra şəhərdə müharibə daha da şiddətləndi”.

Bunu Azvision.az -a Xocalı sakini Ayna Allahyarqızı faciənin baş verdiyi günlərdən danışarkən deyib. O, 29 il öncə yaşananların qəlbində sağalmayan yara olduğunu dilə gətirib.

“Xocalı 1988-ci ildən 1992-ci ilə qədər ermənilərin mühasirəsində qalıb. Ancaq əhali nikbin idi. Gecələr atışmaya, şəhərin raketlə vurulmasına baxmayaraq, səhərlər hər kəs öz işi ilə məşğul olurdu. Heç düşünmürdük ki, bu gecə səhərə qədər yatmamışıq. Xocalı hər gün soyqırımla üz-üzə idi. Amma insanlar bunun baş verəcəyini ağıllarına gətirməzdilər. Şəhər atəşə tutulanda kimi meşəyə, kimi də zirzəmiyə qaçırdı. Sakitlik olandan sonra sakinlər evlərinə qayıdırdılar. Altı aydan çox idi ki, Xocalıya gələn bütün yollar tutulmuşdu, şəhərdə ərzaq tükənmək üzrə idi. Helikopter gəlməyəndə insanlar aclıq çəkirdilər, həmin gün kimin evində nə var idisə, ondan istifadə edirdi. Xocalı bu cür acınacaqlı günlər keçirirdi.

1991-ci ilin noyabrın 27-də, 11-ci sinifdə oxuyarkən məktəbimizi raket atəşinə tutdular. Sinif otaqlarımızı tamamilə dağıtdılar. Yaralanan olsa da, can itkisi olmadı. Həmin gündən sonra Xocalıda müharibə daha da şiddətləndi. Əsgəranı Ağadama və Şuşanı Xocalıya birləşdirən yollar bağlanmışdı".

Xocalı sakininin sözlərinə görə, o günləri xatırlamaq çox ağırdır. 29 il ərzində Xocalı haqqında nə qədər yazılsa da, bu günə qədər hələ də danışmayan insanlarımız var.

"Soyqırım zamanı iki ay əkiz övladları ilə birgə erməni əsirliyində qalan bir qadın tanıyıram. O, əsir düşəndə hamilə olub. Bu günə qədər o qadını heç kim danışdırmağa nail olmayıb. Neçə dəfə ondan xahiş etmişəm ki, danış, qoy dünya bilsin, razılaşmayıb. Erməni əsirliyindən gələn elə qızlarımız, gəlinərimiz var ki, özünə qapanıb, əsir düşdüyünə görə ailəsi dağılıb. Çünki o insanlar əsirlikdə yaşadıqları işgəncələrin təsirindən hələ də çıxa bilməyiblər. Həmin günləri xatırlamaq cəhənnəmi görüb qayıtmaq kimi bir şeydir.

Biz uşaqlıq yaşamadıq. Müharibənin güllə səsi altında nə uşaqlıq yaşaya bilərdik ki?! Uşaqların gözündə müharibə daha böyük, dəhşətli və çox acınacaqlı idi. Biz hələ də onun travmasından çıxa bilməmişik. Mən həmişə məzarsız Xocalı deyirəm. Xocalıda şəhid olanları Ağdamın Uzundərə qəbirstanlığında dəfn etmişdilər. Ermənilər həmin məzarlıqları da dağıdıblar. Mənim ailəm, bütün nəslim Xocalıdan fevralın 25-dən 26-na keçən gecə çıxmışdı. Məni bir müddət əvvəl məktəbimin dağıdılması ilə əlaqədar oxumaq üçün Ağdama gətirmişdilər. Faciə baş verən gecə hamımız Ağdam məscidinin qarşısına yığışmışdıq. Ermənilər orada da xocalıların qaldığı yeri raketlə vurdular.

Soyqırım gecəsi dayım çox ağır yaralandı, babam şəhid oldu. Xocalıda 8 ailə tamamilə məhv edildi. O ailələrdən biri də babamın qardaşının ailəsi idi. Qardaşı uşaqlarının hamısı öldürüldü.

Ermənistanın sabiq prezidenti, Xocalı qatili Serj Sarkisyan deyirdi ki, azərbaycanlılar Xocalı soyqırımını törədəcəyimizə inanmırdılar, amma biz etdik. Xocalı bütünlüklə soyqırım abidəsidir. O şəhəri biz o cür də saxlamlıyıq. Qoy yaşayış kənarlarda olsun, öz evərimizlə Xocalı şəhərini əhatəyə alaq. Amma soyqırım abidəsini qoruyub saxlayaq. Biz bu qan yaddaşını unutsaq, növbəti dəfə faciələrin qurbanı olacağıq”.