adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Fevral 2021 19:20
38946
HÜQUQ
A- A+

Korrupsiyaya qarşı aparılan sistemli, institusional mübarizənin təkmilləşdirilməsi nəzərdə tutulur - Baş prokuror

Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin tərkib hissəsidir. Bu bəlaya qarşı mübarizə daim aparılır. Eyni zamanda, qeyd etməliyəm ki, korrupsiyaya qarşı mübarizə prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biridir və bununla əlaqədar ixtisaslaşdırılmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu sahədə bir çox iş görülsə də, hələ də qarşımızda duran bir sıra vəzifələr mövcuddur.

Trend-in məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev “Milli Məclis” jurnalina müsahibəsində deyib.

O qeyd edib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli islahatlar nəticəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra uğurlar əldə edilib ki, bu da bir çox beynəlxalq qurumların, o cümlədən BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupunun (GRECO) hesabatlarında öz əksini tapıb:

“Onu da xüsusi vurğulamaq lazımdır ki, əksər dövlət qurumlarının iştirakı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” hazırlanır. Həmin planda korrupsiyaya qarşı aparılan sistemli, institusional mübarizənin təkmilləşdirilməsini təmin edəcək tədbirlər nəzərdə tutulmaqdadır.

Ölkə həyatının müxtəlif sahələrində aşkar edilən korrupsiya faktları ilə əlaqədar cinayət işləri istintaq olunur, həbslər aparılır. Korrupsiyaya qarşı mübarizə sahəsində cənab Prezident İlham Əliyevin siyasi kursuna uyğun olaraq məqsədyönlü işlər görülür və bundan sonra da prokurorluq orqanları tərəfindən bu sahədə ciddi tədbirlərin görülməsi, o cümlədən korrupsiya şəbəkələrinin, korrupsiya sxemlərinin aşkar edilərək təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış cinayət təqibi orqanı kimi yaradılsa da, bu sahədə mübarizə tək Baş İdarə tərəfindən deyil, bütün prokurorluq orqanları, o cümlədən digər hüquq mühafizə və dövlət qurumları ilə əlaqəli şəkildə aparılır”.