adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

4 il, 3 ay, 15 gün və hazırda 3 saatdır - Orxan Saffari yazır

Orxan Saffari
52140 | 2021-02-17 15:43

Məktub

 

İndi səni elə xatırlayıram, elə xatırlayıram ki..

Xatırlayıb elə darıxıram, elə darıxıram ki..

Darıxıb elə ağlayıram, elə ağlayıram ki..

 

Bir qürub çağında, bir ulduz sayrışanda, ay çıxanda, günəş batanda, dünən yağış yağanda, küçələrdən keçəndə, kimsəsiz gecələrdə...

hər yerdə, hər dəqiqə səni xatırlayıram.

Qorxuram, səni düşünməsəm, mənə nəsə olar. Özümə nəsə olmağından ona görə qorxuram ki, həm də, səni düşünə bilmərəm. İrağ olsun, birdən yıxıldım öldüm, bəs sən necə olacaqsan? Səni kim düşünəcək?

Mən içimdə səninlə yaşayıram, axı. Mənə nəsə olar, sənə də ziyan gələr birdən. Olmaz e, icazə vermərəm buna.

 

Axı, mən səhər hamıdan əvvəl oyanıram ki, səni məndən əvvəl fikirləşən olmasın...

 

Üstünə sağlıq, dünən də yenə bərk qəribsəmişdim. Vətənimdən-sənin qucağından sarı. Səndən ayrılalı bildim mən nədir vətən həsrəti çəkmək. Yağışdan sonrakı torpaq qorxusuymuş, sən demə saçlarının iyisini içimə çəkmək..

Hardasa oxumuşdum da bunu, deyir, "boynundan gələn o şampun qoxusunu ciyərimə siqaretcəsinə çəkdim" Səncə də, bayağı deyilmi? Amma olsun. Səninlə hər şey gözəl. Siqaret çəkmək də, içki içmək də. Dünyanın ən gözəl hissi səni sevmək də..

 

İtin balasıdır yalan deyən, hərdən qabırğamdan elə bir sızıltı keçir ki, ancaq səni qucmaq istəyirəm. Səni qucaqlamaq və susmaq. Bilirəm, qabırğamın ağrısı xəstəliklə əlaqədardır. Amma mən səni qucaqlamaq istəyirəm. Elə bilirəm, səni qucaqlasam, bir də gözlərimi yumsam, sonra da heç nə, dodağına toxumsam...Bəsimdi e, vallah, bəsimdi.

 

Səni bu qədər hiss edirəm mən. İliklərimə qədər. Dizlərimdə, sinəmdə başını hiss edirəm. Barmaqlarımda saçlarını oxşamağı, dodaqlarımda ovcunun içindən öpməyi. İndi elə çox istərdim ki, sənin üçün ölməyi.

 

Şair dostumun bir şeiri var;

işə bax, boylandım, uzandı gecə.

Pişiyi gəzirəm, bəlkə qayıtdı

Ürəyimə yatan qız da indicə,

Qara bir kişinin yanına yatdı.

Mən tək qaldım.

 

Bax, qızım, mən də bu şeirdəki kimi tək qaldım. Bilmirəm indi sən kiminsə yanına yatdınmı, sinəsində uzandınmı, amma mən tək qaldım.

Səni tək qalasan. Qalasan ki, məni biləsən. Axı, həm də təklik özü də gözəldi.. Amma baxır km ilə təksən..

Sən belə də onsuz məni bilirsən e.. Amma artıq, mən o bildiyin kimi deyiləm. Özü də, çox uzun müddətdir. Uzun müddətdir deyəndə düz

4 il, 3 ay, 15 gün və hazırda 3 saatdır.

 

TƏQVİM / ARXİV