adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Fevral 2021 13:11
72641
ƏDƏBİYYAT
A- A+

Bilyard stolu - RÖVŞƏN PAŞAZADƏ YAZIR

(Hekayə)

On yaşlı qaraşın bir oğlan ağacların arasında gizlənib on beş addım aralıda bilyard oynayanlara tamaşa edirdi. Bu yeniyetmə Bakının Sovetski məhəlləsində yaşayan dəllək Fərrux kişinin kiçik oğlu Əhməd idi. Əhməd anadangəlmə lal olsa da, lal-kar deyildi, eşitmə qabilyyəti var idi. O, hər axşam, bir qayda olaraq, bilyard stolu qurulmuş açıqlığa gələrdi və bura yığışan “ustalar”ın necə davrandığını kölgəlikdən xəlvətcə izləyərdi.

Bu yaxınlarda Əhmədin böyük qardaşı, Fərruxun sevimli oğlu Əlibala da “ustalar” sırasına keçmişdi. Nə üçün Əlibala Fərruxun sevimli oğlu sayılırdı? Yəgin ona görə ki, Əhməddən fərqli olaraq o, danışa bilirdi.

Demək olmaz ki, Əlibalanın hörməti Rafiq, Mirzə və Hacıbala kimi məhəllənin bilyard “ustalar”ı qədər çox idi. Yox, hətta əksinə. Əlibala oyun vaxtı heç nədən özündən çıxar, rəqibləri ilə boş şey üstündə söz güləşdirər və tez-tez oynun qaydalarını pozardı. Hamı onu “cırtqoz Əlibala” çağırardı. Bütün bunlara baxmayaraq, Əlibalanın oyununa tamaşa edənlər onun şarları necə məharətlə tora saldığını görəndə heyran qalardılar. Əlibalanın elə uzun qolları və pianoçuların barmaqlarına oxşar (Fərrux kişinin arzusu oğlunu toylarda qarmon çalan görmək idi) uzun nazik barmaqları var idi ki, ona çox hallarda əlverişli mövqe üçün stolun ətrafında fırlanmaq lazım gəlmirdi. Bundan əlavə, Əlibala oyun zamanı sinəsi ilə stolun üstünə yıxılardı, sifətini gündən ağarmış o yaşıl parçaya, az qala, yapışdırardı. Bu da rəqiblərində əsəb, oyunu izləyənlərdə isə gülüş doğurardı. Heç nəyə fikir verməyən Əlibala şarları bu yolla dalbadal tora salaraq, rəqiblərinin çoxunu bir nəfəsə məğlub edərdi. Misal var, düz deyirlər, adamın gərək bəxti gətirsin. Əlibalanın bəxti hər nədə gətirməsə də, bilyardda onunki yaman gətirirdi.

Evdə Əlibalanın bilyarda alüdə olduğunu bilən atası Fərrux kişi hər gün eyni sözləri yorulmadan deyirdi: “Ay bala, əl çək bu bilyarddan, bunun axırda bir xətası çıxacaq...”. Əlibala atasına cavab qaytarmazdı, amma o biri gün yenə gecə düşənə qədər vaxtını o təklampalı ala-toran açıqlıqda keçirərdi. Fərrux kişi oğlunu danlayanda arvadı Məsməxanım dərindən “ah” çəkərdi. Çünki, vaxt var idi, Fərrux kişinin özünü də evdə tapmaq olmazdı. O, bütün günü dostları ilə nərd atardı, elə vaxtları olurdu ki, heç gecə də evə gəlməzdi. Amma getdi o günlər, keçmiş oldu. Son zamanlar yüksək təzyiqdən əziyyət çəkən Fərrux kişi məhəlləmizdə yaşayan başqa kişilərə daha qoşulmazdı, işdən sonra divanda uzanıb limonlu çayını içər, televizora baxardı.

Məhəlləmizdəki bilyard stolu hansısa qeyri-adi cazibə qüvvəsinə malik idi. Hər axşam qocadan tutmuş cavanına qədər, hamı onun başına yığışardı. Burada dünya siyasətindən başlayaraq qonşu məhəllədə yaşayan Süleymanın Moskvada tələbəlik illərində çəkdiyi keyflərə və futbol aləmində baş verən yeniliklərə qədər hər şeydən xəbər tutmaq olardı. Səhərlər isə bir ayağı şikəst olan yetmiş yaşlı Balakişi dayıdan başqa heç kəs olmazdı burada. Lal Əhmədin yaşıdları da ata-anadan xəbərsiz bura yığışardılar. Balakişi dayı “Kazbek” papirosunu füləyərək qıraqdan uşaqlara baxardı. Əhməd bədəncə cılız olduğundan, çox vaxt heç kəs onunla oynamaq istəmirdi. Balakişi dayı Əhmədin könlünü almaq üçün kiyi götürüb əsasına dirənərək onunla oynayar və bilərəkdən uduzardı. Balakişi dayının övladı olmadığından, o, Əhmədə xüsusi qayğı ilə yanaşırdı.

Hamıya məlum idi ki, Balakişi dayı əlilliyə görə aldığı təqaüdlə yanaşı cüzi məvacib də almaqdan ötrü bilyard meydançasının təmizlik işlərini boynuna götürmüşdü. Əslində isə, o, evdə oturmamaq xətrinə vaxtını burada keçirirdi.

Həmişəki kimi axşamçağı məhəlləmizin kişiləri bilyard stolunun ətrafına yığışmışdı. Ağız deyəni qulaq eşitmirdi. Siqaret tüstüsü duman kimi ətrafı bürümüşdü. Əlibala qardaşına oyuna tamaşa etməyi icazə vermədiyindən, Əhməd həmişəki kimi təklikdə agacların arasında bardaş qurub bilyard meydançasına baxırdı.

Əlibala yenə də öz oyun tərzində belini əyərək, dirsəklərini stolun kənarına dirəyərək şarları sərrast zərbələrlə dalbadal tora yuvarladırdı. Şarlar tora düşdükcə onun rəqibi Ramiz əsəbdən siqareti siqaretə calayırdı. Qonşu məhəllədə yaşayan Ramiz oyundan qabaq Əlibala ilə mərc çəkmişdi ki, uduzsa əynindəki qara dəri pencəyini çıxarıb stolun üstünə qoyub gedəcək və bir daha Əlibala ilə bilyard oynamayacaq, Əlibala isə uduzacağı təqdirdə pencəyin dəyərində Ramizə pul ödəyəcəkdi və Ramiz olan yerdə əlinə kiy almayacaqdı. Bir sözlə, oyunun nəticəsindən asılı olmayaraq bu, onların axırıncı qarşılaşması olmalı idi. Dəfələrlə oyun vaxtı aralarında mübahisə düşdüyünə görə hər iki tərəf belə qərara gəlmişdi.

Axşamçağı əsən sərin meh ağacların yarpaqlarını tərpədirdi. Yekə qəmbər daşı günortanın istisindən sonra əməlli-başlı soyumuşdu, ancaq üstündə oturan Əhməd heç bunu hiss etmirdi. Qardaşı Əlibala hesabda irəlidə olduğundan Əhməd üçün onun yeri rahat idi. Ramiz isə, əksinə, Əlibalanın tora saldığı şarlardan sonra, sanki, canında üşütmə hiss edirdi. Bundan əvvəlki iki oyunun nəticəsinə görə hesab bərabər olduğundan bu üçüncü oyun həlledici idi. Stolun ətrafına bir xeyli məhəllə camaatı yığışmışdı.

Əlibalanın qələbə qazanması üçün iki şar kifayət idi. Novbə Ramizin idi. O, kiyi götürüb şara vurdu. Şar stolun küncündən qayıdıb, fırlanaraq dayandı. Əlibala gülərək bunun cərimə şarı kimi hesaba alınacağına işarə etdi. Bundan lap cinlənən Ramiz:

– Nə dəli kimi sevinirsən? – deyə, hirslə soruşdu.

Əlibala onun əsəbdən qızarmış sifətinə baxıb:

– Kişi ol! Gəl bu başdan pencəyini çıxart qoy stolun üstünə! Camaat baxır, tez elə!!!

Ramiz:

– Sənin kişilikdən danışmağa haqqın yoxdur! Kişi oğlu olsaydın, atan məhəllənin kişiləri kimi axşamlar burada olardı. Evdə arvad kimi bozbaş bişirməzdi. Mənim sənə borcum yoxdur! – deyə, kiyi stolun üstünə tulladı.

Atasının ünvanına Ramizin yağdırdığı bu təhqiramiz sözlər Əlibalanı yaman tutdu. O yumruğunu düyünləyib Ramizin üstünə şığımaq istədi. Amma ondan bədəncə daha güçlü və hündürboy olan Ramiz ayağını cəld bir hərəkətlə irəli atıb Əlibalanın qarnına təpik vurdu. Əlibala ağrıdan yerə diz çöküb, qarnından yapışdı, bir müddət beləcə bükülü qaldı, qalxa bilmədi. Ramiz gülümsəyərək nəsə deyirdi, amma Əlibala ağrıdan heç nə eşitmirdi. Beynini yandıran yeganə fikir – nəyin bahasına olursa-olsun Ramizi cəzalandırmaq idi.

Bu cür hallarda Balakişi dayı və oyuna tamaşa edən qonşular milisin gəlməyindən ehtiyatlanaraq, dava salanları ayırıb qısa zamanda bilyard meydançasından uzaqlaşdırmağa çalışardılar. İndi də elə oldu. Amma Ramiz siqaretini çəkərək, heç kimin sözunə məhəl qoymayaraq Balakişi dayı ilə höcətləşir, meydançanı tərk etmək istəmirdi.

Birdən Əlibalanın gözünə yerdə tozlanan uzun olmayan bir dəmir parçası sataşdı. O, öz-özlüyündə anlayırdı ki, indi Ramizlə yumruq davasına çıxsa bundan da betər döyülüb biabır olacaq. Odur ki...

Hamının başı qarışıq olduğunu görən Əlibala gözlənilmədən yerindən qalxıb, arxadan yaxınlaşaraq əlində bərk-bərk sıxdığı dəmir parçası ilə Ramizin başına zərbə endirdi. Aldığı zərbədən birtəhər olan Ramiz əlləri ilə başından yapışdı. Onun barmaqları arasından qan sızırdı. Bir neçə nəfər Ramizin qolundan tutub onu yaxınlıqdakı skamyaya otuzdurdular.

Balakişi dayı Əlibalaya yaxınlaşıb təngnəfəs halda ona dedi:

– Ay köpək oğlunun balası, sən neynədin? İstəyirsən səni dama bassınlar?

Ramizdən yediyi təpiyin ağrısı keçmədiyindən, Əlibalanın başında hər şey qatışmışdı. Bir an gözünün önündə ata-anasının sifətləri canlandı.

– Görəsən, Əhməd haradadır? – deyə, ürəyində özünə sual verdi. Birdən onunla üzbəüz dayanıb ağlayan qardaşını gördü. Əlibala Əhmədi qucaqladı.

Haradansa uzaqdan vıyıltılı sirena səsi gəldi. Səs getdikcə güclənirdi. Bir də gördülər ki, həmin vıyıltı siqnalını oxutduran milis maşını bilyard stolu qurulmuş açıqlığa girdi, tələm-tələsik yan alıb dayandı. Sirena səsi kəsildi. Əlibala başa düşdü ki, bunlar onun dalınca gəliblər.

Maşından milis kapitanı və serjant düşdü. Kapitan Əlibalaya nəsə dedi. Kapitanın sifəti Əlibalaya tanış gəlirdi. Birdən yadına düşdü ki, bu Ramizin əmisi oğlu Cəfərdir. Ramiz həmişə dava-dalaş salanda bu Cəfərə güvəndiyindən özünü həyasızcasına aparırdı. Milis serjantı Əhmədi Əlibaladan ayırdı. Əlibala lal qardaşına nəsə demək istədi, amma daha bunun yeri deyil deyə düşündü və başını aşağı salıb, səssiz-səmirsiz milis maşınına mindi. Maşın tərpəndi. Əhməd ağlaya-ağlaya maşının dalınca qaçırdı. Maşın böyük sürətlə məhəllədən uzaqlaşandan sonra Əhməd geri qayıtdı.

Balakişi dayı Əhmədin qolundan tutub Fərrux kişinin evinə yollandı. Baş verən hadisəni necə vardısa ona danışdı. Fərrux kişi diqqətlə Balakişini dinlədi. Balakişi dayı evi tərk etdikdən sonra Fərrux kişi Məsməxanıma nəsə dedi. Məsməxanım servantın siyirməsindən kiçik bağlama çıxarıb Fərrux kişiyə verdi. Fərrux kişi evdən çıxanda Məsməxanım onun dalınca su atdı.

Axşam saat on ikini keçmişdi. Əhməd anası ilə qaranlıq otaqda oturub Fərrux kişinin yolunu gözləyirdilər. Həyətdən ayaq səsləri eşidildi. Əhməd tez qalxıb evin işiğını yandırdı. Gələn Fərrux kişi idi. O, içəri daxil olub, əlindəki bağlamanı – bayaq Məsməxanımın ona verdiyi həmin bağlamanı stolun üstünə atdı. Hamıya hər şey aydın oldu. Məsməxanım hönkür-hönkür ağlamağa başladı.

Əhmədin ata-anası yatmışdı. O, həyətlərindəki darısqal anbarda nə isə axtarmağa başladı. Nəhayət istədiyini tapdı. Ağır dəmir çəlləyi arxasınca sürüyə-sürüyə düz bilyard stolunun yanına çəkib gətirdi. Ətrafa boylanıb, qaranlığa qərq olmuş açıqlıqda heç kəsin olmadığından əmin oldu. Çəlləyin ağzını açdı. Güc eləyib çəlləyi qaldırdı və içindəki lampa nöütünü stolun üstünə boşaltdı. Cibindəki kibritlə kagız parçasını yandırıb stolun ütünə tulladı. Bilyard stolu od tutub yanmağa başladı.

Əhməd kənarda dayanıb göz yaşlarını silə-silə alovlanıb-yanan bilyard stoluna baxırdı.


1986-cı il