adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Fevral 2021 12:25
36574
MÜSAHİBƏ
A- A+

“Bizdən öndə gedən maşını vurdular, bilmədik şəhid olanlara üzülək, yoxsa..." - MÜSAHİBƏ

Modern.az saytında “Bizim əsgər” rubrikası davam edir. Budəfəki qonağımız gənc şair, jurnalist Emin Piridir. Emin Piri leytenant kimi Vətən müharibəsində iştirak edib, döyüşlərdən sonra baş leytenant rütbəsinə layiq görülüb.

 

- Emin, necə oldu ki, döyüşlərə qatıldın?

- 25 sentyabr 2020-ci il tarixində “hərbi komissarlığa” könüllü gedərək, qeydiyyatdan keçdim. Həmin vaxtlar müharibənin başlayacağını bilmirdik. Tale elə gətirdi ki, müraciətimdən iki gün sonra müharibə başladı. 29 sentyabrda hərbi xidmətə yola düşdüm. Beləcə, müharibə yolum başladı.


- Vətən müharibəsində neçə gün iştirak etdin və hansı bölgələrdə döyüşdün?
 

- Qeyd etdiyim kimi, 29 sentyabrdan hərbi xidmətdə olmuşam. Yeni il günü hərbi xidmətdən tərxis olunaraq ehtiyata buraxıldım. Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı və Şuşanın kəndlərində oldum. Müharibədən sonra isə Laçında xidmət keçdim.


- Döyüşlər sənin üçün nə ilə yadında qaldı?
 

- Sağ qalmağımla.
 

- Müharibə ilə bağlı acı və xoş xatirələrini eşitmək istərdik.
 

- Bizdən qabaqda gedən maşının erməni minamyotu ilə vurulması... İçindəki əsgərlərimiz şəhid oldular. Bilmirdin, sənin öz maşınının vurulmadığına sevinəsən, yoxsa qabaqdakı maşında şəhid olanlara üzüləsən...


- Ədəbiyyatçı və gənc şair kimi Vətən müharibəsinə həsr edəcəyin əsərin olacaqmı?
 

- Vətən müharibəsi ilə sırf bağlı olacağını indidən söyləyə bilməsəm də, hər halda müharibə şeirlərimi davam etdirəcəyəm. Eyni zamanda gördüklərimi, yaşadıqlarımı hekayəyə çevirəcəyəm. Bir aydan artıqdır qayıtmışam, amma yenə də tam adaptasiya olmuşam, söyləyə bilmərəm. Bununla belə yazmaq üçün mənbə, mövzu çətinliyim yoxdur. Hətta mövzu bolluğu içində üzürəm desəm, yalan olmaz.

Sadəcə bəzi olaylar var ki, bilmirəm onları Piriyev Emin kimi yazım, yoxsa Emin Piri kimi. Bu iki seçim arasından qurtulduqdan sonra ardıcıl yazacağam.


- Remark və Heminquey kimi dünya şöhrətli yazarlar ən gözəl əsərlərini müharibədə iştirak edəndən sonra yaradıblar. Vətən Müharibəsində iştirak edən və sağ olaraq geri qayıdan Emin Piri gələcəkdə ədəbiyyatımızın tanınmış simasına çevirilə bilərmi?
 

- Eqoistcə çıxa bilər, amma əvvəllər bəziləri görmək istəməsələr də, müəyyən anlamda elə idi. Adi sözümlə belə qalmaqal düşən vaxtlar olub. Necə deyərlər, ədəbi mühitdə dilimə görə dilçəyim də var. Nəyi deyirəmsə, özümə güvənim var və etmək qüdrətindəyəm, amma Azərbaycan ədəbi mühitinin siması olmaq niyyətim yoxdur. Bunu kim istəyirsə, qoy olsun. Emin Pirinin simasını daşımaq mənə bəs edir və bu, dediyiniz simadan daha böyük və ucadır.


- Müharibənin yazar beyninə təsiri fərqli olur. Məhz müharibədə aldığı mənəvi yaralar bəzi yazarları ömrünün sonuna kimi rahat buraxmır. Qorxmursan ki, səndə də belə olar?
 

- Bu, xarakter məsələsidir, iradədən, gücdən asılı olan şeydir. Ən böyük müharibə döyüşlərdən sonra başlayır. İçindəki vəhşi ilə müharibə və s.

Təbii ki, əvvəlki kimi deyiləm. Müharibənin mənə xeyli mənfi təsirləri var, amma həmin mənfi təsirləri ədəbiyyata yönləndrmək fikrindəyəm. Eyni zamanda, o təsirləri müsbət obraza çevirmək mümkündür. Düşünürəm ki məhz bu məsələ məndə alınacaq.


- Yazıçılar Birliyində Vətən müharibəsində iştirakın necə qarşılandı?
 

- Düzü, elə bir görüşməyim olmayıb. Amma AYB üzvü olan bir çox şəxslər mənimlə maraqlanıb, zəng edib, yazılar həsr ediblər. Və yaxud “Ədəbiyyat qəzeti”ində haqqımda xeyli yazılar, müsahibələr yayımlanıb. AYB katibi Rəşad Məcidin baş redaktoru olduğu “525-ci qəzet”də haqqımda maraqlı yazılar dərc olunub.

Mən jestlərlə hərəkət edən adamam. Xarakterim budur.

Düşünürəm ki, nəsə olubsa, bu, doğmalıqdan irəli gələn, şəxsi yanaşma və yaradıcılığıma olan diqqətdəndir. AYB-nin yanaşması deyil.

Qurum kimi onlardan nəsə gözləntim yoxdur. Gərək nəsə ola ki deyim, olmayan nəyi söyləyim…

Şəxsi yanaşma ayrı, qurum yanaşması ayrıdır.

- Döyüş yoldaşların sənin şair olduğunu bilirdilər, yoxsa hələ də bundan xəbərsizdirlər?
 

- Müharibə dövründə bilmirdilər. Daha doğrusu bildirmirdim. Ağdamda səngər həyatım olanda da bildirməmişdim. Mülki ilə hərbini bir-birinə qatmaqdan uzağam. Nə də birində digərindən fürsətçi kimi istifadə etməyi xoşlamıram. Müharibədən sonra isə təbii ki, hamısı bildilər. Özümə yeni oxuclar da tapmışam.

 
- Artıq 35 yaşın bir addımlığındasan və hələ də subaysan. Ömrünün sonuna kimi qələminlə yaşamaq niyyətindəsən, yoxsa tezliklə toy olacaq?
 

- Müharibə admı çox dəyişdirir. Həyata baxışını da. Yəqin ki, bu il evlənəcəm.


- İndi bu soyuq havalarda torpaqlarımızı qoruyan əsgərlərimizə gənc yazar və müharibə veteranı Emin Pirinin “Əsgər salami”nı eşitmək istərdik.


- Salam olsun hər birinə… Hamısını öpüb, bağrım basıram. Sağlam və xoşbəxt günlər diləyirəm.