adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Fevral 2021 13:56
71227
MÜSAHİBƏ
A- A+

Anar Səfərov: "Orda qorxu gəldi ki, əsir düşəcəyik" - MÜSAHİBƏ

 İkinci Qarabağ müharibəsinin mərd və cəsarətli qazisi Füzuli rayon, Qərvənd kənd sakini Baş Leytenant Anar Səfərov Adalet.az-a müsahibə verib.

- Anar bəy, hərbiçisiniz, Baş Leytenant. İkinci Qarabağ savaşının iştirakçısı oldunuz. İndi isə artıq müharibə geridə qalıb. Necəsiz, özünüzü necə hiss edirsiz? Müharibədən çıxmış bir hərbiçi indi nələr düşünür olanlar barədə?

- Hisslər təbii ki, qarışıqdır. Sevinc və kədərin qarışığı. Amma ümumi yaxşı hiss edirəm. Ağrılar var bir az. Ora şəraitsizlik idi. Yəni, təbii olaraq döyüş zamanı. Müharibənin qayda-qanunu yoxdur. Qələbəyə görə sevinirəm. Qalib bir iştirakçı olduğuma görə sevinirəm. O cümlədən xalqımız da sevinir. Düşünəndəki burda sənin də rolun, sənin də əziyyətin var, onda adama başqa bir xoşbəxtlik gəlir. Bu hiss, bir az çətin ifadə olunur. Nə desən, yanında cılız qalır. Mən özüm də məcburi köçkünəm. Bunun ağrılarını iliklərimə qədər hiss eləmişəm və nə yaxşı ki, bu savaş başladı, burda iştirak edə bildim. Şükür olsun, xalqımızın da başı ucadır. Axrıncı dəfə ordudan Baş Leytinant vəzifəsi ilə tərxis olmuşdum. Yenidən bu cür qayıdıb iştirak elədim. Hər şey gözəldi. Ağrılı olsa belə.

- Hansı ərazilərdə döyüşdünüz, haralarda oldunuz?

- İlk olduğum yer Füzuli oldu. Alıxanlıdan üzü Qaraxənbəyli istiqaməti. Sonra Xələfşə kəndində olduq. 5 gün də orda döyüşdük. Daha sonra Məngənənatadan fırlanıb  Dilağarda, Dövlətgarda və.s başqa kəndlərdə döyüşdük, olduq. Noyabrın 3-nə keçən gecə isə getdik Xocavəndin Mədət kəndinə. İstiqamətimiz Şuşa idi. 5 gün orda döyüşdük. Şuşa alınmışdı onda. Sonuncu dəfə də Xocalının Sığnaq kəndində oldum. Onda sonra da məlum, kaputaliyasiya aktı imzalandı.

- Medalla da təltif olundunuz. Hansı mükafatlar verildi dövlət tərəfindən?

-Şuşa uğrunda medalla təltif olunmuşam. Xocavənd və Füzuli uğrunda da var, veriləcək onlar da...

- Təbrik edirik. Anar, özünüz də dediniz ki, məcburi köçkünsünüz. Bir qarabağlı döyüşçü kimi illər sonra torpağına qayıtmaq, üstəlik  qələbə ilə qayıtmaq, yəqin ki, sizin üçün bir başqa olar.. Yadınızda qalmışdımı Qarabağ? Görəndə nə düşündünüz?. Böyüklərinizin doğulub boya başa çatdığı, gəzdiyi, göründüyü yerlər, özünüzün keçirdiyiniz uşaqlıq, xatirələriniz..

- Füzulinin Qərvənd kəndindənəm. İlk dəfə kəndimizi görmədim. Rayonu gördüm ümumi. Əsər əlamət yox idi. Gözümün qabağındadır və çox pis oluram buna görə. O vəhşi ermənilərin  vandalizmi adamı məhv edir. Amma oralar necə gözəl idi...28 il sonra yenidən döyüşçü kimi qayıtmışam və belə görürəm. İfadə eləmək çətindir bunu da. Evləri, məhlələri güclə xatırlamaq olurdu. Bizim öz "Xatalar" məhəlləmiz var idi kəndin girişin də. Orada yaşayırdıq. Nə günə qoymuşdular...Təbii ki, bunları görmək nifrət hissini daha da artırırdı. Bütün xatirələr adamın gözünün qabağından film kimi gəlib keçir. Bu qədər ildən sonra bu cür vəziyyətlə qayıdıb və o cür görmək. Necə ifadə edim, bilmirəm heç...

- Daha da artıq qisas almaq istəyi demişkən, üzbəüz erməni öldürdüyünüz oldumu heç?

- Təəssüf ki, yox, olmadı. Mən artilleriya qüvvələrində olmuşam. Üzbəüz olmasa da, dəqiq artilleriya atəşləri ilə düşmənin xeyli sayda canlı və texnika qüvvəsini məhv etmişəm, etmişik. Amma üzbəüz olmayıb...Onsuz atəşdən sonra nələri, haranı vurduğumuzu bilirdik. Pis deyildi. Min bərəkət. (Gülür)

- Anar, siz də müharibədə ilk dəfədir iştirak edib döyüşürdüz. Müharibə görməyən adamlara bu hissi necə izah edə bilərsiz? Yəqin ki, qorxu hissi də olub.. Hər an ölüm təhlükəsi, bir tərəfdən yaxınların..

- Bəli, ilk dəfədir. Amma oranın abu havası elədir ki, deyilməklə ifadə eləmək olmur. Mənim içimə qorxu hissi gəldi. O da bir məqam var idi, onda. Atəş mövqeyimizi ötüb keçmişdik. Orda qorxu gəldi ki, əsir düşəcəyik. Əsir düşməkdənsə, təbii ki, döyüşüb şəhid olmaq daha yaxşıdır. Həmin an ancaq bunu istəyirdim. Vursunlar, şəhid olum..

- Qorxu hissi ani olaraq gəldi deyirsiz.. Əsir düşməmək üçün tək? Bəs, birdən əsir düşsəz, özünüzü vurma anınız olsa, vura biləcəkdiniz ? Bütün hallarda insanıq. Bir ümid "qurtaracaqlar" hissi, bir tərəfdən özünü öldürməyə ürək etməmək..

- Orda vəziyyət elə idi ki, tam bilmirdim. Heç birimiz. Ərazini dəqiq tanımırdıq, kalonumuzu itirmişdik. Ona görə də dəqiq deyildi əsir düşəcəyik, ya yox. Amma yenə də içdə bir şübhə olur. Qaldı özünü öldürməyə, anında edərdim. Gözümü belə qırpmadan ağzımın içindən atardım ki, o mənfur düşmənin əlinə keçməyim. Məncə, həmin an hamı belə edər. Digər əsir düşən dostlarımızın məqamı olmayıb, yoxsa əminəm ki, olsa, edərdilər.

- Müharibə bir çox əsgərlərdə psixoloji problemlər də yaranıb. Bəzən narazılıqlar da olur. Ümumi olaraq normal olsa da, olmasa yaxşıdır. Siz necə düşünürsünüz.? Yaxşıdı hər şey ? Narazı olduğunuz məqam var? Psixoloji, ya ümumi. Az da olsa peşmanlıq hissi varmı?

- Gedib iştirak etməyim də qətiyyən peşiman deyiləm və heç vaxt da olmaram. Nə olur olsun. Niyə də peşman olmalıyam? Bu, mənim vətənə olan, torpağa olan borcum idi. Qaytarmaq üçün şans yarandı, mən də əlimdən gələni etməyə çalışdım ki, qaytarım. Yenə olsa, yenə gedərəm. Düşünmədən.  Narazılıqlar da təbiidir. Mənim özümün yoxdur. Qaldı psixoloji məsələyə, var, hə. Hiss edirəm. Az da olsa təsir edib. Yuxusuzluq yaranıb, yaddaş problemi və.s amma yavaş- yavaş bərpa olur hər şey. Müalicə də alıram. Ümid edirəm, hər şey yaxşı olacaq.

- Anar, müsahibə üçün təşəkkürlər. Vətən sizə minnətdardı. Nə yaxşı ki, varsız, oldunuz. Sizin vətənə olan borcunuz bizləri həm də sizə borclu elədi..

- Buyurun. Mənim borcumdur dediyim kimi. Təşəkkür etməyə ehtiyac yoxdur. Vətən sağ olsun, sizlər sağ olun. 

Söhbətləşdi: Orxan Saffari