adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Fevral 2021 12:35
33677
HÜQUQ
A- A+

Kamran Əliyev hakim təyin edilən prokurorluq işçiləri ilə görüşüb - FOTO

Fevralın 8-də Baş prokuror Kamran Əliyev tərəfindən hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə Baş Prokurorluqda görüş keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Baş prokuror xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıldığını qeyd etmiş, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradıldığını, müasir təfəkkürlü gənc və yüksək ixtisaslı kadrların irəli çəkildiyini vurğulayıb.

Həmçinin, Baş prokuror Dövlət başçısının «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03 aprel 2019-cu il tarixli Fərmanı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin daha da gücləndirilməsini, cəza siyasətinin humanistləşdirilməsini, yeni Kommersiya və digər regional məhkəmələrin təsis edilməsini, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin yaradılmasını və digər əhəmiyyətli tədbirlərin görülməsini nəzərə çatdırıb.

Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli Sərəncamı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqləri Hümbətov Fəhmin Zaur oğluna və Əliyev Hafiz Samir oğluna, Saatlı Rayon Məhkəməsinin hakimi təyin edilmiş Biləsuvar rayon prokurorunun böyük köməkçisi Sadıqov Mirlətif Süleyman oğluna və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Səfərli Cavid Şamil oğluna Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim edilib.

Tədbirə yekun vuran Baş prokuror hakim vəzifəsinə təyin edilmiş şəxslərə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.