adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Fevral 2021 12:22
52198
ƏDƏBİYYAT
A- A+

Göy kurtkası əynində, sumkası çiynində.. - Kəramətin bazarından REPORTAJ

Müharibə vaxtından asılan bayraqlar Elmlər Akademiyasını o ki var əzəmətli göstərir... İlk diqqətimi bu çəkir nədənsə. Amma insafən, bayraqsız da əzəmətli görsənir.

Amma nədənsə, bu binaya hər baxanda köks ötürürəm. Bilmirəm, gündəmə gəldiyi məsələlərə görədir, ya ölkədəki elmin ümumi vəziyyəti- bütün hallarda bir qəribə oluram.

Kəramət hər qıraqdan baxanda deyirdi;

- Axırda bu bina elə mənim olacaq..

- Deyirdim; gözünü çox yuxarılardan aparma. Elə qarşısı da bəsindi..

***
Qıraqdan boylanıram. Göyərçinlər fəvvarənin ətrafında onlara atılan dəni yeməklə məşğuldur. Bu yerdə özümün yazdığı bir misra yadıma düşür.

"Göyərçinləri yemləmək üçün atdığım dən də cücərdi"

Gözüm Kəramət Böyükçölü axtarır. İndicə buralardan çıxacaq...Budur, burdadı...Görürəm.

Skamyanın yanında dayanıb, iki nəfərlə söhbət edir. Təbii, kitablar da əlində.

Yəqin, "mal"-nı tərifləyir- özümə deyib gülümsünürəm..

Təsəvvür edin belə;

- Qardaş, get Azərbaycan ədəbiyyatını oyana-buyana oxu, bundan yaxşı kitab tapsan, gətir, pulunu qaytarıram..

"Məni kim tapa bilər?", "Səkkizinci gün", "Çöl romanı"..

Yaxınlaşıram. Adamlardan biri deyir;

- Neçəyədir?
- Biri 10- manat- Kəramət deyir.

Bircə stol-stul çatışmır. Əməlli-başlı alverdir..

Görüşüb sakitcə qulaq asıram. Həm də, bunu yazmaq üçün söhbət toplayıram. Açığı, burdan maraqlı heç nə çıxmadı. Sıradan söhbətlərdir. Biri Kəramətə dövrümüzün Sabiri, biri Məhəmməd Hadisi deyir..

Adamlar gedir, Kəramətə atmaca atıram,

- Necədi, satıcı, gedir alver?

Kəramət geri qalmır;

Şükür, siftə eləmişəm...(Gülür)

Çox keçmir ki, yenidən Kəramətin oxucuları yaxınlaşır, kitab alır. Yanında olduğum yarım saat ərzində 6 kitab satır.

60 manat. Min bərəkət.

- Amma yaxşıdır da. Bizdə sənin qədər heç kim satış edə bilməz. Bircə Çingiz Abdullayevdən, Elxan Elatlıdan başqa. Brend sizlərsiz.

- Mən Çingizin, Varisin bir üst modeliyəm onsuz - Kəramət deyir.

***
Parkda gəzişirik. Göy kurtkası əynində, sumkası çiynində.. Açmaq istədiyim bookcafe, orada görəcəyi işlərdən danışır. Əvvəlcə belə edəcəm, oturub ancaq yazacam, oxucularla orda görüşəcəm, tay bu küçələrdən də yığışıb kitablarımı orda satacam. 6 ayda bir kitab yazsam, 10 min tiraj çıxartsam.. Bir az az da ola bilər, bəlkə də çox... əşşi, hər nəsə.

Birdən yadına düşür ki, kitablar azalıb. Axşama kimi alver gedəcək, evdən kitab gəlməlidir...

-Kəramət, indi səni uğurlu saya bilərik?

- Saymaq olar, amma mənim bu uğurum ümumilikdə ədəbiyyatımızın faciəsidir. Yazıçısını küçədə kitab satmağa vadar edirlər. Normal kitab bazarı da yox. Nə edim?- Kəramət deyir.

Gəzişə-gəzişə adamlar yaxınlaşır.

- Maskanı qaldır. Cərimə yazarlar- əli ilə maskama işarə edir.

- Eybi yox, kitab verərsən, bağlayarıq-deyirəm.

Yenidən kitabını satır.
Kitabı alan yüz manat uzadır, amma Kəramətdə xırda yox. Üzünü mənə tutur, başımı bulayıram, sonra gülüşürük.

Kəramət, "bazarda arvadlar olur e, xələtin hər cibindən pul çıxır, lap onlar kimi. Görüm tapırammı" deyib gülür.

Deyəsən, həqiqətən bazardır. Amma kitab bazarıdır da..

Xırdanı  birtəhər toplayıb verəndən sonra üzünü təzədən mənə tutub deyir; başqa kitab almağa gələnlərə deyəcəm, xırdam yoxdu, xırda ver.(gülür)

- Kəramət, yorulmursan? Bütün günü soyuğun altında oyana-buyana gəzişirsən-deyirəm

- Əşşi, bu da mənim işimdir də, nə olacaq? Amma bookcafem olsa, belə olmayacaq. Onun üçün çalışıram, əziyyət çəkirəm-deyir.

- Deyəsən, sən də Bəşir Səfərli yolu gedirsən ha- yenidən deyirəm.

- Mənim başımın daşı çatışmır, onun yaylığı var idi...

***
Oxucularını cəlb etmək üçün şəkil paylaşıb elan yazır. "Göy kurtkadayam, tanımayanlar da tanıyacaq". Saat 6 ya qədər burda olacağını deyir və mən saata baxıram. 1 saat qalıb.

- Kəramət, axşam bazarı endirim var? -deyirəm

- Başımı qatma, alverin qızğın vaxtıdır(gülür)

Getmək istəyirəm. Sabah yenidən gələcəyimi, burda gördüklərimi də yazacağımı deyib uzaqlaşıram. Qarşıdan 3 nəfər gəlir. Deyəsən, işdən çıxıb Kəramətin yanına tələsirlər.

-Hardadı?

- O deee, ordadı, gedək- bir-birilərinə deyirlər. Arxaya çönüb baxıram. Kəramət göy lçantasını sevincək aşağı salır, kitabları çıxarır...

Bazar olsun..

 

Orxan Saffari