adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Fevral 2021 10:45
38111
HÜQUQ
A- A+

Kamran Əliyev İlkin Süleymanovla bağlı məhkəməyə müraciət edib

Baş prokuror Kamran Əliyev ötən il yanvarın 6-da küçədə yanmış vəziyyətdə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı aparılan istintaq üçün məhkəməyə müraciət edib.

N.Quliyevanın qətlində qonşusu İlkin Süleymanov ittiham edilir. Lakin İ.Süleymanov artıq 13 aydır həbsdə saxlanılsa da, istintaq yekunlaşmır.

Prosessual qanunvericiliyə əsasən, istintaq 13 ay ərzində yekunlaşmalıdır. Cinayət işində təqsirləndirilən şəxslərin sayının, yaxud iş materiallarının çox olmasına görə Baş prokuror və ya onun birinci müavini zərurət olduğu halda istintaqı daha 6 ay uzada bilər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu işə baş prokurorun birinci müavini prosessual rəhbərlik etdiyi üçün Baş prokuror Kamran Əliyev özü fevralın 1-də Nəsimi rayon məhkəməsinə müraciət edərək, istintaqın daha 4 ay uzadılmasını istəyib. Məhkəmə K.Əliyevin təqdimatını təmin edib və İ.Süleymanovun daha 4 ay həbsdə qalmasına qərar verilib. Baş prokuror müddətin artırılması zərurətini iş materiallarının çox olması ilə əsaslandırıb.

İstintaqın işi məhkəməyə göndərmək üçün bu dəfə artırılan 4 aydan əlavə 2 ay da vaxtı var. Qanun 13 aydan sonra maksimum 6 ay uzadılmaya imkan verir. Daha sonra isə ya iş sübutlarla birgə məhkəməyə göndərilməli, yaxud da cinayət işinə xitam verilərək, İ.Süleymanov azadlığa buraxılmalıdır.

İ.Süleymanovun vəkili Əlibaba Rzayev bildirib ki, Nəsimi rayon məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər.

Ə.Rzayev qeyd edib ki, bu işlə İ.Süleymanovun əlaqəsi olmadığı üçün ortada sübut da yoxdur:

“İstintaq da sübut formalaşdıra bilmədiyi üçün iş məhkəməyə göndərilə bilmir”.