adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: BAL DAMIR

FAİQ QİSMƏTOĞLU
171547 | 2021-02-08 11:21

Seyran SƏXAVƏT - 75

 

... Elə yazıya yenicə başlamaq istəyirdim ki, böyük Vaqif Bəhmənlidən telefonuma bir video gəldi. Dedim ki, bu videoya baxım, sonra yazını davam etdirərəm. Və videoya baxdım, “Anam yuxuma girmir” şeirini Vaqif Bəhmənlinin öz ifasında yenidən dinlədim. Və bu şeir məni analı dünyama apardı. Vaqifin səsi də şeiri kimi çox kövrəkdi. Şeirdə deyilir ki, külək yuxuma girir, günəş yuxuma girir, yağış yuxuma girir, ilan yuxuma girir, çayan yuxuma girir, çiçək yuxuma girir, padşah yuxuma girir, Allah yuxuma girir, anam yuxuma girmir. Çünki anam birlirdi ki, mən ölüdən qorxuram...

Vaqifin anası rəhmətlik Diləfruz xala həm də mənim qardaşım rəhmətlik Qürbətin süd anası olub. Anamın südü kəsildiyinə görə, o, böyük oğlu rəhmətlik Ariflə yanaşı, mənim qardaşım Qürbətə də süd verib. Elə ona görə də biz Diləfruz xalanı həmişə özümüzə ana bilmişik. Kipriyiylə od götürən qadın olub. Min cür əzab-əziyyətlə atadan yetim qalan uşaqlarını heç kimə əyilmədən böyüdüb. Həmişə də deyərdi ki, Vaqif də mənim oğlumdu, sən də. Mən də bundan qürur hissi keçirərdim. Nə isə... Vaqif Bəhmənli bu şeirilə bir daha məni o günlərə apardı,onların ətrini duydum və yenidən qəlbimdə, ürəyimdə bir yaz havası yarandı...

Böyük Seyran Səxavət Vaqif Bəhmənlini hamıdan çox istəyir. Çünki Vaqif Bəhmənli kənddən Bakıya gələndə elə bir arxası, adamı olmayıb. Və Seyran Səxavət ona söykək olub, arxa durub, mən deyərdim ki, böyük qardaşlıq eləyib. Hətta Zərdaba,Vaqifə qız almağa gedəndə elçilərə Seyran Səxavət ağsaqqallıq eləyib. Yoxsa Seyran Səxavət olmasaydı, qızın tərs nənəsi vardı, heç vaxt razılıq verməzdi. Amma Seyran Səxavətin bal kimi şirin, duzlu-məzəli söhbəti o nənənin ürəyinə yol tapdı və razılıq verdi. Bu razılıqla gözəl bir ailənin təməli qoyuldu...

Vaqif Bəhmənli də həmişə Seyran Səxavətə böyük bir qardaş kimi baxıb. Onun yolunu, hörmətini saxlayıb. Və mən həmişə də görmüşəm ki, o, hansı uğuru, hansı yüksəkliyi fəth eləyibsə, bir fikri xatırladıb: poeziyadakı ilk addımlarımdan bu günə qədər Seyranın isti nəfəsini, dostluğunu hiss eləmişəm. Və Vaqif Bəhmənli yazır: “Yəqin ki, başqalarında başqa adlar var, amma mən ilk dəfə sözün canlı olduğunu, nəfəs alıb çırpındığını anamı dinləyərkən, Seyran Səxavətin və Məmməd Arazın şeirlərini birinci dəfə oxuyarkən hiss etmişəm. Bədii sözün canlılıqdan daha vacib olan atributu yoxdur. Bütün canlılar kimi canlı söz də təbii vergidən doğur”.

Mən Seyran Səxavətin “Daş evlər”ini, “İt ivertürası”, “Qaçhaqaç”, eləcə də digər gözəl əsərlərini, herkayələrini,romanlarını oxuyanda həmişə bu canlı sözün, bu çırpınan ifadələrin şahidi olmuşam. Və bəzən kitabı əlimə alıb oxumaq istəyəndə düşünmüşəm ki, onu axıra qədər oxuya bilməyəcəm. Amma Seyran Səxavətin istər romanı, istər povesti, istərsə də hekayələri əlimə keçəndə ilk cümlənin sehri məni elə ovsunlayır ki, o romanı, o povesti, o hekayəni necə oxuyub başa çatdırmışam. Bildiyim o olub ki, içimin boşluğunda bu əsərləri oxuyandan sonra bir zənginlik, bir toxluq və bir nur hiss eləmişəm. Çünki onun heç kimə bənzəməyən, bal daman cümlələri, ifadələri, sözləri mənim bir anın içində qəlbimi fəth eləyib və o yazıları bir nəfəsə gözümə təpmişəm...

... Heç kəsin xətrinə dəyməsin. Çağdaş ədəbiyyatımızda iki böyük yazıçı var: Seyran Səxavət və Aqil Abbas! Onları bilirsiniz oxucuya, xalqa sevdirən nədir? Hər iki yazarı oxuculara sevdirən insanlarla öz dilində, xalq ifadələrində, onların ürəyinə yaxın olmaqla danışmalarıdır. Onların təkcə əsərləri, romanları və hekayələri şirin deyil. Hər iki yazar televiziya kanallarındakı çıxışında o qədər şirin, o qədər duzlu, o qədər səmimi danışır ki, bu söhbətlərdən doymaq olmur. Amma televiziya kanalları nəsə bir balaca diqqətsizlik edib Seyran Səxavəti efirə tez-tez çağırmırlar və bəzən də unudurlar. Səviyyəsiz müğənnilərə saatlarla vaxt ayrıldığı halda, bu cür istedadlı və danışığından bal daman yazıçıya 10 dəqiqə vaxt ayırmaq istəmirlər. Çünki Seyran Səxavət 10 dəqiqədə kiminsə iki saatda danışdığı fikirdən daha maraqlı fikirlər səsləndirəcək, bal kimi şirin söhbətiylə milyonların ürəyinə yol tapacaqdı...

Mənim balalarım da onu çox istəyir və “Seyran əmi” deyirlər. Bəzən də mənə irad tuturlar ki, ata, sən niyə Seyran əmi kimi yaza və danışa bilmirsən? Mən də deyirəm ki, ay bala, hər yazan və danışan Seyran Səxavət ola bilməz. Seyranın ayaqqabısını geyinmək olar, ayaqqabısını geyinmək olar, köynəyini geyinmək olar, hətta qalstukunu da taxmaq olar, amma onun kimi yazmaq və danışmaq hər yazara nəsib olmaz. Bayaq dedim axı, bu dəyərlər Seyran Səxavətə və Aqil Abbasa məxsusdur. Balalarım da bununla razılaşdılar.

... Ötən əsrin 80-ci illərində Seyran Səxavətin “Ulduz” jurnalında çox unikal və qeyri-adi bir müsahibəsi dərc olunmuşdu. Seyran Səxavət sübut elədi ki, o tək böyük şair, böyük yazıçı deyil, həm də böyük publisist və jurnalistdi. “Qədir Rüstəmovla Ağdamda atüstü söhbət” müsahibəsi o dövrdə oxucular arasında çox böyük əks-səda yaratdı. Mən deyərdim ki, Azərbaycan mətbuatı tarixində bu müsahibə qədər yadda qalan və orijinal ikinci bir yazı yoxdur. Ən azından ona görə ki, Qədir Rüstəmov “Sona bülbüllər”i necə bir zil səslə möhtəşəm ifa edibsə, Seyran müəllim də belə bir möhtəşəm müsahibəni araya-ərsəyə gətirmişdi. Səhv eləmirəmsə, müsahibədə belə bir sual var: Qədir, sən nə vaxt sevinirsən? O da cavab ki, balalarım sevinəndə mən də sevinirəm. Bu adi cavab deyil, bu, bəşəri və fəlsəfi bir cavabdı. Hər bir ata, hər bir ana o vaxt sevinir ki, balalarını sevindirə bilir. Və balalarını sevindirə bilməyən adam heç vaxt xoşbəxt ola bilməz...

Seyran Səxavət Füzulidə dünyaya göz açıb. Yuxarı Yağlıvənd kəndində anadan olub. Nə qazanıbsa, nə əldə edibsə, öz istedadı və zəhmətiylə qazanmağı bacarıb. Təbii ki, istedad əsas şərtdir. Yəni istedadla yanaşı, bir zəhmət, bir əziyyət və bir əzaba dözmək də var. Və bu əzablı yolların hamısını böyük yazar keçərək gəlib Seyran Səxavət olub!..

... 80-ci illərdən bir görüş yadıma düşür. Vaqif Bəhmənli mənə dedi ki, ADU-nun (indiki BDU-nun) akt zalında Seyran Səxavət və Süleyman Abdullayevlə (Dədə Süleyman) görüş olacaq, sən də gəl! Elə oldu ki, universitetin qarşısında Seyran Səxavətlə görüşdük. O da xanımıyla gəlmişdi. Seyran da elə-belə adam deyildi. İrandan təzə qayıtmışdı. Görüş başladı, nə başladı. Salon ağzına qədər tələbələrlə dolu idi. Əvvəl Dədə Süleyman gözəl bir xalq mahnısı və muğam ifa elədi. Bir alqış qopdu ki, gəl görəsən. Sonra səhnəyə Seyran Səxavət çıxdı. “Ay ilk məhəbbətim, son məhəbbətim” şeirindən tutmuş digər gözəl şeirlərini səsləndirdi. Yenə möhtəşəm alqışlar, yenə möhtəşəm sevgi!.. Faziləsiz alqışlar yenidən onu səhnəyə qaytarır, bir-birindən gözəl şeirlər deyirdi. Hələ mən indiyə kimi elə möhtəşəm görüş görməmişdim. Bir dəfə buna bənzər bir görüş görmüşdüm. Onda Azərbaycan Dövlət Filarmoniyasında böyük rus şairi

Jevgeni Yevtuşenko ilə belə bir görüşdə iştirak eləmişdim. Amma o görüş belə möhtəşəm deyildi. Həmin gün ömrün ən gözəl anlarını yaşadım və elə bildim ki, göyün yeddinci qatındayam...

Dostumuz və qardaşımızın dəyərli şeirlər kitabı bu gün də yadımdan çıxmır. “Mənim planetim” kitabını deyirəm. Orda Seyran müəllimin bir-birindən maraqlı, orijinal və oxucunun ürəyini fəth eləyən şeirləri toplanıb. İnanın, o şeirlər bizim gəncliyimizin sanki günəşi və işığıydı. Və 70-ci illərin tələbələrinin çoxu o günəşlə, o işıqla yaşayıblar. Hələ də elə bilirəm ki, Seyran müəllim yenə şeir yazacaq, yenə bizim ürəyimizin “sarı sim”inə toxunacaq və yenə bizi o gözəl illərə, günlərə qaytaracaqdı. Və o yazır, povestləri, romanları, hekayələri ilə bizim ürəyimizi yenidən fəth eləyir. O bu romanla, hekayəylə, povestlə Azərbaycan dilinin zənginliyini, koloritini və qeyri-adiliyini bir daha böyük oxucu kütləsinə çatdırır. Bir fikri də səsləndirim ki, hər yazarın işi deyil ki, poeziyadan nəsrə keçsin və nəsirdə də ürəkləri fəth eləsin. Bax, bizim bugünkü çağdaş ədəbiyyatda bunu ancaq böyük Seyran Səxavət və böyük Ramiz Rövşən bacarıb. Ona görə də hər iki yazarı bu xalq çox istəyir.

Onun “Gedib yetmiş iki dil öyrənmişəm, hələ tapmamışam dilini sənin” misrası sanki bu dünyayla Seyranın bir savaşıdı. Nə dünya onun dilini tapır, nə də o dünyanın. Amma belə baxanda bu şeir adi şeir deyil. Bu şeir bəşəri bir düşüncənin və təfəkkürün məhsuludur. Heç kəs, xüsusən də böyük yazarlar özlərini yox, bəşəri ideyaları yada salmaq istəyirlər. Belə baxanda Seyran Səxavət elə hamının dilini bilir və hamıyla öz dilində danışmağı bacarır. Onun bir dili var ki, ilanı da yuvasından çıxarar: bu dil təmiz Azərbaycan dilidi! Və Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda da böyük Seyran Səxavət çox mücadilələr və mübarizələr aparıb və aparır.

... Onun dostları həmişə sadə insanlar olublar... onun dostları poçtalyon Qadir olub... onun dostları Füzulinin çox sadə, zəhmətkeş və halal adamları olub. Seyran da rayona gedəndə vəzifəli şəxsləri yox, elə poçtalyon Qadir kimi sadə və səmimi insanları arayıb, axtarıb tapıb, onlarla çörək kəsib. Və çox qəribədir ki, Seyran Səxavəti Füzulidə sadə insanlar hamıdan çox istəyirlər. Ən azından ona görə ki, Seyran bir məclisə girəndə vəzifəli şəxslərin yanında deyil, o sadə, o zəhmətkeş, o halal adamların yanında əyləşib. Inanın, başqa yeri demirəm, o, Füzulidə hansı qapını döysə, o qapı onun üzünə açılacaq və ev sahibi ən gözəl süfrəni açacaq, hətta ayağının altında bir qoç da kəsəcək...

Füzulidə onun bir dostu da vardı: Hakim Məmməd Kərimov. Və Seyran Səxavət də hər vəzifəli adamla ürəyinə yatmasaydı dostluq eləməzdi. Rəhmətlik Məmməd Kərimov onu çox istəyirdi, o da Məmmədi. Kitabları çapdan çıxanda birinci ona göndərərdi. O da oxuyub fikirlərini bildirərdi. Həmişə də mənə deyərdi ki, qohum, Seyran elə-belə oğlan deyil ha, onun dünya boyda ürəyi var. Və bir də Seyranı ona görə çox istəyirəm ki, onun bir sifəti var, sözü üzə deyən adamdı...

Məmməd Kərimovun atası Abdulməcid kişi rəhmətə getmişdi. Mən də Bakıdan onun qardaşı qızını, həyat yoldaşımı götürüb yeznəmlə birgə Dəvəçinin (Şabran) Rəhimli kəndinə getdik. Atam rəhmətlik məni gözləyib, sonra da səbri çatmayıb Seyrangilin maşınına minərək kəndə qayıdırdı. Elə Rəhimli kəndinin ortasında onlarla rastlaşdıq, Seyranın qardaşı rəhmətlik Xanlar maşını saxladı, düşüb öpüşüb-görüşdük. Atam da bərk əsəbləşmişdi. Dedi ki, ay bala, camaat Füzulidən yasa gedib qayıdır, sən burdan-bura gəlib çıxmırsan. Biz də atamızdan elə qorxurduq ki, gəl görəsən. Seyran qanımın arasına girdi, kişini birtəhər sakitləşdirdi. Sonradan atam bizim maşına mindi yenidən yas yerinə qayıtdıq. Onda Seyran dedi ki, atanla təzəcə söhbətə başlamışdıq, gördüm ki, kişi çox söhbətcil adamdı, mən də belə adamları göydə axtarıram...

Seyran Səxavət ürəyinə yatan adamlarla saatlarla söhbət eləyər, doymaz. Amma xoşu gəlmədiyi insanla bir kəlmə də kəsmək istəməz. Yenə bir yas məclisi yadıma düşdü. Orda yüksək vəzifəli bir adam Seyranı çənəsinin altına salmışdı. Mən də hiss edirdim ki, o, bu söhbətdən lap təngə gəlib. Bir xeyli baxdım, o da məni gördü. Yerimdən qalxıb gedib görüşdüm. Vəzifəli adam onun mənimlə şirin söhbət elədiyini görüb başqa stola keçdi. Seyran da dedi ki, ay rəhmətliyin oğlu, bayaqdan tez gəlib çıx da, bu zalım oğlu cəfəng söhbətiylə məni boğaza yığmışdı.

Qardaş, sənin 75 yaşın mübarək! Nə vaxtdandı sənə bir qonaqlıq söz vermişəm. Ona da haçan desən, hazıram. Çünki sənə qonaqlıq vermək özü böyük sevgidi. Onsuz da imkan vermirsən ki, sən olan məclisdə kimsə “şot” versin. Amma ürəyini buz kimi saxla, mən Qismət kişinin oğluyam, “şotu” da özüm verəcəm. Çünki nə vaxtdandı sənin “söz qonaqlığına” tamarzı qalmışam. Allah səni, balalarını, nəvələrini qorusun! Gün o gün olsun ki, 80-ə, 100-ə çatasan və ürəyindəki bütün arzulara qovuşasan...

TƏQVİM / ARXİV