adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Oğru ədəbiyyat müəllimi Şahmar Səfərov - Orxan Saffari yazır

Orxan Saffari
79775 | 2021-02-05 11:26

Anadan, atadan, dostdan, sevgilidən ötrü darıxmaq bir yana, baba və nənə üçün darıxmağın şirinliyi də bir yana...

Bilmirəm, bu hiss hamının içində eynidir, ya fərqli, amma nədənsə, babam və nənəm üçün bir qəribə darıxıram. Bəlkə də, baba-nənə yanında böyüdüyümə görədir bu. Bilmirəm. Hər nədirsə, şıltaq bir darıxmaqdı.

İndi babamı xatırlayıram, yanında böyüdüyüm Şahmar babamı. Qəddar, yekəpər- o qədər yekəpər ki, meyidi belə vahiməli bir kişinin nəvəsi olmaq hissi..Eyni zamanda da yuxa ürəkli. Zarafatsız, şablon səslənsə də, belə idi.

Cəmi iki dəfə ağlayan gördüm onu. Birində uşaq-uşaq, birində əsl kişi kimi. Doğma oğlunun 15 il həbs xəbərini alıb, arxasınca həbsə getməyən ata, yəni, Şahmar babam, elə həmin oğlunun oğlu, nəvəsinin Moskvada həbsdən zənginə üzünü divara çevirib hönkürtü ilə cavab vermişdi.. Birinci dəfə idi görürdüm ki, babamın ürəyi var imiş..

Bir də nənəm öləndə... Məğrur, içdən..Kişi kimi!

Babam haqqında çox söhbətlər var. Kəndimiz, Füzuli rayonundan olan adamlar yaxşı tanıyar, tanımayanlar da adını, söhbətlərini, daha doğrusu, cinayətlərini, "qara-qura" əməllərini çox eşidib.

Qərvənd Şahmar.

Təbii, o vaxt oğurluqlar mal-qara oğurluğu idi. Həm də, yoxsulluq olan dövrdə bu oğurluqlar bir məharət idi də. İndi mən babamın bu oğurluqlarının, cinayətlərinin içində həm də bir ədəbiyyat görürəm.

Məsələn, belə ;

-Kəndlərin birindən oğurluqdan qayıdanda yolda saxlanılır. Sorğu-sual edirlər, babam isə qonşu kənddə ədəbiyyat müəllimi işlədiyini, indi də ora köçdüyünü  deyir. İnanıb buraxırlar. Bir müddət sonra isə başqa oğurluqla həbs edilir. Yolda babamı saxlayan milis "Bəs siz müəllim deyildiz?-sualına, "müəllim olmağına müəlliməm, amma elə belə şeylərin müəllimiyəm" deməsi, məncə də bir az ədəbiyyatdır.

Səsi-sorağı hər yerə yayılan, Sovetlərin məşhur oğru başı olan babamın məhbəs yolu da Şuşa türməsindən Bayıl türməsinə qədər uzanır. Dəfələrlə.

Hansı ki, artıq o vaxt babamın həbs olunması adi bir hal almışdı. 

Lap cavan ikən 19 yaşlı birini (onda özü də həmin adamdan 3-4 yaş böyük olardı) yumruqla başından vuraraq öldürüb. Amma ailəsi-atam, nənəm də onun necə çıxdığını bilmədi. Heç indi də bilinmir. KKB evdən götürüb, cəmi 9 gün sonra azadlığa buraxılıb. 9 il həbsdən söhbət getdiyi halda...

Etdiyi, gördüyü, bildiyi heç nəyi boynuna qoymaq olmazdı. Ən ağrı presslərdə belə...

Hansı ki, o dövrlər idi, kişi kişini satmazdı, bir sənölə qan yatardı.

***
1957-ci ildə kəndimizi sel aparıb. Elə sel ki, 2 ailə tamamilə məhv olub. Həmin sel görə isə dövlət yardım etməli idi, lakin etməyib. Dava-dalaşdan sonra məhkəmə qarşısına çıxarılan babam ona iş kəsən hakimi və digər iki nəfər səlahiyyətli şəxsi məhkəmə zalındaca vurub. Oradan isə birbaş Şuşa türməsinə..

Bir kriminal mahnıda deyildiyi kimi;

Şuşa türməsindən 150 nəfər
Bizi eylədilər Sibirə səfər
Sibirə çatmamış hər tərəf meşə
Meşədən şaxta vurur, 40 aylıq meşə.

Ağlama, ağlama, anam ağlama.
Gözü yollarda qalan sonam ağlama.

Bir əcəl də gəlmir, ay ana ölmürəm
Nadzorum da rusdu, dilini bilmirəm
Qaçmaq istəyirdim, nadzor oyandı
Göndərdiyin ağ köynək al qanə boyandı.

Mahnını bilməyənlər dinləyib bir də ritmlə oxusun. Xahiş edirəm.

Amma bu dəfəki həbsə tək yox, qardaşı və əmisi oğlu ilə birlikdə yollanır.

Həbsdə də dinc dayanmaz, dava-dalaşdan əskik olmayan babam Şahmar Səfəriv oğru qanunlarını ideologiya seçmişdi. Məsələn, əmisi oğlunun yeməyi nadzorlarla böldüyünə görə indiki Azadlıq Meydanı tərəfdə, bir padvalda möhkəm şəkildə döyüb. Deyəsən, türmədə yatanları ora işləməyə aparırdılar..

Vallah, bəlkə də şişirtmə kimi gələ bilər, amma belə idi. Zəhmindən əlavə fiziki gücü də çox idi. Bir yumruğa adam öldürən kişinin gücü necə olacaq? Qoca yaşında belə 1.90 yaxın boy, 130 kilo çəkidə olan babam gəncliyində də olduqca yekəpər, idmançı görünüşlü biri idi. Qolu qandal tutmazdı. Sözün əsl mənasında.

Atam danışır;

-Heyvanlarımızı yaylağa aparırdıq, Laçına. O vaxt Laçın oğruları da məşhur oğrular idi. Bacarıqlı, qorxmaz. Bir dəfəsində də mən, atam, bir də əmim getmişdik. Elə yaylaqda da qalırdıq. Gecə gördük ki, səs-küy gəlir. Əmim tez tüfəngi hazır elədi. Bildik ki, oğrulardı. Göz-gözü görmür. Kolluq var idi, ora qısnadıq oğruları, amma vurmaq istəyəndə babam qoymadı, hər kimdirsə, çıxıb getməyini dedi. Elə də oldu. Atam dedi ki, babam deyib, onlar da mənim kimi oğrudu, öldürmək düz çıxmaz. Sabahı gün günortaya yaxın gördük ki, 3 nəfər əlində bir quzu götürüb gəlir. Yaxınlaşıb, dünən gecə oğurluğa gələnlər olduğunu dedilər, amma heyvanların Şahmarın heyvanı olduğundan xəbərsiz idilər. Bu gün də öyrəniblər ki, Şahmarın heyvanları imiş. Babama da öldürmədiyi üçün təşəkkür etməyə gəliblər. Elə orda da quzunu kəsib yeyib-içib dostlaşıblar.

Sovet hakimiyyəti nə qədər olmasa da, məşhur oğrulara heç nə etmirdilər. Çünki elə bu sistemi də özləri qurmuşdular. Hərdən olurdu, kəndlərdə güclü oğurluq olurdu, qrup halında. Təbii ki, əvvəlcədən qurulma idi. Birinin 50, 100 atını oğurlayırdılar, dövlət də oğru başlarının yanına gəlib özlərinin payını götürərək qalanlarını qaytarmaqlarını istəyirdi. Məsələ də belə həll olurdu ki, bir vaxt təyin olunur, həmin vaxtda da atlar deyilən ərazidə olurdu. Təbii ki, öz "dolyalarını" götürmək şərti ilə.

Mən Şahmar kişini 12 yaşıma qədər görə bildim. Bu gündən sonra 120 il yaşasam, unutmaram kişiliyini, unutmaram onun daxili xarakterini, unutmaram onun mərdliyini. İbtidai sinifdə məni vuran maşının sahibini tutulmağa qoymayan, səbəb soruşanda da o istəməzdi ki, körpə uşağı vursun, günah onda deyil, kasıb adamdır, niyə tutulmalıdır? deyən, söz-söhbətləri, əməlləri ilə məndə də bəlirli bir xarakter yaradan kişini niyə də unudam. Şahmar babam olmasa da unutmazdım. Ən azından onun ölümü səhnəsini. Görənlər günü bu gün də dəhşət içində olur hər yada düşəndə..

Barmağını divarın sol tərəfinə uzadıb silkələdi. Sonra da xırıldadı..
"Eheeey, köpəy oğlu, məndən heç kim can ala bilməyib, sən kimsən" deyib əbədiyyən gözlərini qapatdı.

Eybi yox, babam, bu həyatda ən güclülər də o zalim əzrayila məğlub olur. Nə oğrular, na krallar, nə prezidentlər aparıb o. Tək sən olsan, bilirəm, o yekə əllərində yaxasından yapışıb qapıdan qovardın..

Ruhun şad olsun, babacan

TƏQVİM / ARXİV