adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Fevral 2021 13:51
127765
ƏDƏBİYYAT
A- A+

KÖHNƏ SAMUX NAĞILI... - Vaqif TANRIVERDİYEV yazır

 Eşitdiklərim və xatırladıqlarıımdan...                                                                                                                                                                                            

                .

..Biri  var  idi, biri  yox  idi,  ölkənin belinə kəmər kimi  dolanıb   axan bir   çay var idi.  Adı  Kür,  xislətində də  kürlük   vardı. Vaxtilə  coşub-daşanda   şahə qalxan qorxunc  dalğaları ilə  sal  qayaları  parçalayar ,  qollu-budaqlı   ağacları  kökündən  çıxarıb    “ağzına” alar,  insanlara, təsərrüfatlara  ziyanlar  vurardı. Ona  görə  çayqırağı məskənlərin sakinləri adına  Dəli  Kür  deyərdilər.                                                                                                                  

İllərin birində     Kür  çayının       üzərində  Mingəçevir  Su Elektrik  Stansiyası  quruldu,   dəli  çay  ağzına  ilk dəfə qantarğa  taxılan  vəhşi at kimi   şaxə qalxdı,  çırpındi,  amma rəhmətlik  Səməd  Vurğun  demiş, “Semunt verin, beton tökün, qaçırmayın Kürü  gözdən”...  hayqıran   insan iradəsinə  tab gətirə bilmədi,   Kür   “kəməndə   düşdü, bəndləndi”   və  dəlilikdən əsər-əlamət  qalmadı,  o yerlərin adamlarının sözü  olmasın   Kür “quzu kimi”   sakit  axara  düşdü.  O vaxt  su elektrik  stansiyası qurulduğuna görə  Mingəçevir   “dənizinin”   nəhrində   yerləşən   Samuxun    əhalisi  köçürüldü,  rayon  ləğv olundu.                                                                                                                                            

İndi   samuxluların (Allah  ölənlərə rəhmət eləsin),   o  yerləri  görənlərin və görməyənlərin  yaddaşında  köhnə bir  samux  nağılı  yaşayır.                                                                                                                                                                 

Kürün  “şıltaqlıqları” ilə  bağlı  hadisələr, dəli  çayın  yaxşı-yamanları  haqqında   köhnə samuxluların,  babalarımın   söhbətləri   yaddaşıma həkk olunub, lap bu günkü  kimi  xatırlayıram.    Nə qədər  dəli-dolu olsa da,  aşıb-daşanda nə qədər  ziyanlıqlar  törətsə də   onlar  Kürü   heç vaxt  lənətləməyiblər,  həmişə  müqqəddəs  tutublar, and içəndə Kürə and içiblər,  “Bu Kür haqqı” deyiblər.  Düzlüklərinin sübuta ehtiyacı olanda  “Kürə kor baxım”  deyə inandırıblar.                                                                                                                                                

Çünkü  bu  dəli  çay  onların  yaşam  güvənci   olub,  çörək verib. Cavanları Kürlə qol-boyun böyüyüblər,  Kür kimi  sərt, Kür kimi dəlisov, Kür kimi də  yaşadan olublar.  Daşanda  sahillərini  yuyub-aparar,  qabağına  qatdığı  mal-qaranı  “oyuncaq” kimi atıb-tutardı.  Təsərrüfatlara  ziyan vurardı,  alın zəhməti ilə əkilib-becərilən  əkinləri   su basardı,  evlər  qərq  olardı, hətta  can da alıb, amma  yenə seviblər,  müqqəddəs  tutublar, həyatlarını ondan ayrı təsəvvür  etməyiblər. Körpələrə  Kür  layla  “çalıb”,  cavanları Kürlə qol-boyun böyüyüblər,  Kür kimi  sərt, Kür kimi dəlisov, Kür kimi də  “çörəkverən”  olublar.                                                                                                                        

Burda doğulub, burda  Kürlə  qol-boyun yaşa  dolan  köhnə  samuxlular   dərdlərini Kürə danışıblar,  çörəkləri də Kürdən çıxıb. Dəli  çayın  sərvəti  başdan aşırmış, yığıb-yığmaqla  qurtarmazmış.   Böyüklər danışırdılar ki,  Kürdən tutulan iri  nərə  balığının quyruğunu yerdən üzmək olmazmış. Danışırdılar  ki, düzlanıb  qurudulmaq  üçün ipdən  asılan balıq  sap-sarı,   Günəş kimi  işıq  saçarmış,  quyruğundan yağ damar,  bu yandan baxanda o yanı görünərmiş.  Kürüsünə də söz  olmazmış. Samuxlular    kürünün   emalı  üsulunu  da  bilirlərmiş.   Balıq  yarılar,  kürüsü  ağzına  cuna  çəkilmiş vedrənin üzərinə tökülərmiş.  Cuna  üzərində yayılan kürünün  selikli  qişası  süzüləndən sonra  dənəvər  kürü duzlanar, hazır məhsul olarmış. Onu da deyirlər ki,  samuxlular  kürüyə o qədər də meyl etməzdilər (bəlkə çoxluqdan olub-bilmirəm) O vaxt üzdəniraq  erməni qonaqlar  var imiş, gələr  vedrə-vedrə daşıyarmış,  özü də pulsuz-parasız...                                                                                                                                         

Meşədə ağacın gövdəsində  arıların hördüyü  pətəklərdən vedrə-vedrə bal süzərlərmiş...            

Samux  torpağının bərəkəti   ölçüyəgəlməzmiş...                                                                                                                                                    

Kür  təkcə samuxluların deyil,  bütün bu bölgənin insanları üçün  əziz olub,  müharibənin  aclığından    Gəncəbasarı  Kürqırağı meşələr  qoruyub.  Müharibə dövründə Samuxa  köçlər başlayıb, özü də  el-el, oba-oba  toplu halında  gəliblər. Hamısı da  gəldikləri kəndlərin   adı altında məskunlaşıblar:  Miskinli, Salahlı,  Qarabağlar...daha  nələr,  söhbətlərdən  yadımda  bunlar  qalıb...                                                                                                         

Samuxlular  bir az  köntöy,  bir az  da qaraqabaq  olublar,  haqsızlığa  dözməzmişlər.  Dəli Kür  samuxlu qaçaq   Məmmədqasımı  tərbiyə edib.  Sovet  hökümətinə qarşı  vuruşan  bu mərd insanı,   nə qədər təhlükəli  olsa da samuxlular qoruyub,  yedirib, içizdiriblər.  Qorxu, həbs  təhlükəsinə baxmayaraq  Məmmədqasım və qaçaqları  hər bir   evin  ən əziz qonaqları olublar. Qaçağı  el  saxlayar – bu  deyim təsadüfdən yaranmayıb.   Qəribə taleyi olub, bu mərd insanın,  Kürü nə qədər  sevsə,  müqəddəs  tutsa da   inciyib,  küsüb  Kürdən, Türkiyəyə üz tutub.                        

Bununla  bağlı  çox  maraqlı  xatirələr  danışırlar.  Deyirlər ki, Məmmədqasımın Kürdən üz  döndərməyinə səbəb qardaşı  Ələsin Kürdə batması  olub. Hökümət qoşunları ilə  növbəti  döyüşlərdən biri  çox  gərgin keçib. Kürün sahilində  gedən  atışma  gecəyarıyadək davam edib.   Qüvvələrin qeyri-bərabərliyi  qaçaqları  çayı   keçmək  məcburiyyətində qoyub.  Gecəni  qalsalar  səhəri  fəlakətlə açardılar. Zülmət, tufanlı bir gecə,   Kürün də  “göylə  gedən” (samuxluların ifadəsidir)  vaxtı olub,    suyu  daşanda    çayı   küçməyin  necə   təhlükəli  olduğunu   köhnə  samuxlular  yaxşı  bilirlər.  Gecənin zülmət qaranlığına  baxmayaraq  salla  keçmək üçün  Kürə baş vurublar. Sal da  bir-birinə bağlı  iri  ağac  gövdələrindən hazırlanırdı. Soyuq  küləkli  hava,   Kürün  də  daşan vaxtı    nehr   əsl  qan  çanağına  dönür,  ölüm təhnəsi  olur.   Bunu   o yerlərin adamları yaxşı bilib, həmişə ehtiyatla  davranıblar. Amma  qaçaqlar  məcburiyyət  qarşısında  bu  təhlükəyə döğru gediblər, çünki  əsasən  qeyri  millətlərdən  təşkil  olunan  əsgəri  hissəyə  ciddi  tapşırıq  verilib. “Məmmədqasım ölməli, dəstəsi də tamamilə  məhv ediləmlidir”   Xüsusi  hazırlanmış  bu  əməliyyatdan   xilas   yalnız  Kürü  keçməkdə idi. Çoxsaylı hökümət  qoşunları  vadini  mühasirəyə almışdı.  Qaçaqlar  təhlükədə idilər.  Uzaqdan  əsgərlərə  verilən hücum əmrini  onlar da  eşitdilər.  Bu  çağırış bəlkə də elə  qaçaqların da  eşitməsi üçün belə  bərkdən səsləndi.    “Haça  qayanı  boş buraxmayın, ordan keçib xilas ola  bilərlər”.  Şimşək kimi  gecənin bağrını yaran  bu  səs  əslində  həm də  qaçaqlara  tapşırıq idi.   Məmmədqasım  səsin sahibini   tanıdı: “Bu  İsgəndər  yüzbaşının  səsidir, bizə çıxış  yolu  göstərir”.                                   

Müsahirəni həmin yerdən yarıb  çıxdılar.  Qarşıda  Kür  var idi, xilas  üçün  çaya  üz tuturlar.  Danışırlar ki, hökümət  qoşunları həmin  keçidə gələndə yalnız  tək ayaq  adamlara  məxsus  tay  çarıq izinə  rast  gəliblər,  izin istiqaməti də  mühasirə  ərazisinə  yönəli   olub.  Yüzbaşının  “əmri”  qaçaqları   xilas  edib,  amma  həmin o gecə,  cana   susalı    dalğalar  öz  qurbanını alıb.  Aşıb-daşan çayın   ortasında qardaşı Ələs  saldan sürüşərək  Kürə düşür,  belində çoxlu silah-sursat olduğundan  sal qaya kimi  bir  andaca   batıb,    xilas etmək mümkün olmayıb.                            

Qaçaqlar  çox zülmlə sahilə çıxıblar, bütün diqqət Məmmədqasıma  yönəlib.                                                           

Yadımda  qalanlardan:                                                                                                                                                               

Üstündəki  silah-sursatı  çıxarıb,  yerə  atdı,  üzü  qibləyə  diz  çökdü.  Həmişə güvəndiyi,   ağır  məqamlarında  üz  tutduğu   Kür  indi ona  xilaf  çıxmışdı,    quşu  gözündən vuran istəkli qardaşını əlindən almışdı.   Əlini    göyə tutub,   şivən  qopardı,  kişilərin  şivəni  yer  titrədər, göy  silkələyər.   Qorxunc  ah-nalə   gecənin bağrını yararaq  bütün  nəhr  boyu  əks-səda  verdi.  Sanki  dünya  qopub, altında  qalmışdılar.  Ölümün gözünə dik baxan, ən çıxılmaz vəziyyətdən belə çıxmağı bacaran   Məmmədqasımı ilk dəfə idi  belə  carəsiz, belə  ümidsiz  görürdülər.                                                                                                                                                                                             

Uzunsürən  ağır,   üzücü   sükut  da  gecənin  zülməti kimi  vahiməli və qorxunc idi.                                                  

Ağır-ağır ayağa  qalxdı,  sanki  çiynundən daş asılmışdı.  Üzünü  Kürə tutub:  “Bir də sənin yuyundan içməyəcəyəm” –dedi,  amma  lənətləmədi,  sanki  müqəddəs  tutduğu, arxa-dayaq  bildiyi   doğmasından küsürdü. Bu   ah-nalə   Qurana əlbasılı and kimi  səsləndi.   Elə hüznlü, elə qətiyyətlə dedi ki, qaçaqlar  da  əmrə müntəzir əsgər kimi üzü  qibləyə, əlləri  səmaya  uzalı bir ağızdan  hay  verdilər:  “And içirik”  Və bir də Kürün suyundan içmədilər.  Məmmədqasım sərhəddi keçib, Türkiyəyə getdi.  Deyirlər orada  çox  yüksək  hərbi  rütbəyədək yüksəlib.                                                                                                                                                                                                         

Yerinə düşdüyü üçün şahidi olduğum bir əhvalatı da  mən  danışım.  Günlərin birində İTV-də işlədiyim vaxtlar idi,  həmkarlarımdan biri  zəng etdi ki, studiyaya  dəvət etdiyimiz  Türkiyəli  qonaqlar arasında   bir azərbaycanlı var, deyir ki, samuxludu, özü də Məmmədqasımın nəvəsidir. Xahiş etdim ki, mənimlə telefon əlaqəsi yaratmağa  cəhd göstərsinlər.  Sağ olsunlar  xahişimi yerə salmayıb, onunla  telefon əlaqəsi yaratdılar.  Tanış  oldum,    adı Şuaydı,  Türkiyə Böyük Millət Məclisinin üzvüdür.   Söhbət zamanı onu da öyrəndim ki, Məmmədqasımın qız  nəvəsidir.  Gəncəyə dəvət etdim,  bu  şəhərdə  məskunlaşan həmyerliləri,  qohum-əqrabası ilə  görüşün  insanlıq adına, kişilik-ləyaqət adına  nə  qədər  qürurverici  olacağına    inandırmaq  istədim. Çətin olmadı,   söhbətin ab-havasından  hiss etdim ki, Samux  haqqında, onun insanları, igidləri   haqqında hər  şeyi bilir,  görünür   rəhmətlik babası  bu  yerlər, onun insanları,  samuxluların  ləyaqəti  haqqında  çox danışıb.                                      

Vaxtın   azlığından  imkanı olmadığını  bildirdi,    növbəti səfərlərdən  birində  mütləq  Gəncəyə gələcəyinə söz verdi. Hər  ehtimala  qarşı   telefon nömrəsini  götürdüm.                                                                                                          

...Nə isə qayıdaq  söhbətimizə.  Mingəçevir   SES  yaradıldı,  əslində onun   yaradılması   xəyanət idi.  İnsanlar məcburi  köçkünlüyə məruz qaldılar.  Bir qismi Gəncəyə,  bir qismi Mingəçevirə, Bərdəyə,  Yevlağa köçürülüb, bir qismi də  doğmalarına  pənah apararaq  bütün Azərbaycana səpələnib.  Öz doğma yurd-yuvasından  didərgin salınmış bu adamlar  da  ölkənin  məcburi köçkünləridirlər. Bu azmış kimi,   çoxları  sonralar Qarabağ müharibəsinin faciələri ilə də üzləşiblər.  Nəyə görə Mingəçevir SES-in salınmasını  xəyanət adlandırdım.  Hansı il idi yadımda  deyil, Energetiklər günü  münasibətilə Mingəçevirə  media-tura  dəvət edilən ölkə jurnalistləri arasında  mən də var idim.  Orada  bizə  verilən məlumatdan öyrəndim ki,  Azərbaycana  lazım olan elektrik enerjisinin  60  faizini Mingəçevir İstilik Elektrik Stansiyası,  cəmi   5 faizini Mingəçevir Su Elektrik Stansiyası   verir. Bu 5  faizə görə  o bol   nemətləri   meşələri,  Kürün sərvətlərini  məhv etməyə, ekoloji  tarazlığı  pozmağa, insanları doğma  yurd-yuvasından  didərgin salmağa dəyərdimi.  Bu gün   şoranlaşan  Kürboyu  minlərlə hektar torpaq da  bu  ziyana  daxildir.                                                                                                                                                                                                          

   İllər sonra  Kürün yuxarı ərazilərində  yeni Samux  rayonu yaradıldı.   Köçkünlərin bir qismi burada  məskunlaşdı.  Çox  qəribədir ki, tale onlara  yenidən köçkünlük  həyatı  yaşatdı.     Kür çayı üzərində  daha bir  stansiya - Yenikənd  Su Elektrik Stansiyası  qurulanda    məcburi  köçkünlükdən sonra   HajıƏsgər   meşəsinin ərazisində, yeni  stansiyanın subasarında  məskunlaşmış  bir qrup  insan yenidən, ikinci dəfə  məcburi köçkün həyatı yaşamağa  məcbur oldu.                                                                                                                                                                 

Köhnə Samux haqqında  ağsaqqallardan eşitdiklərimin qısa xronikası belədir.  Vaxtilə atamın uşaqlıq  dostu olmuş  yazıçı Əhməd Mirzəcəfərli  samuxluların həyatının  yaxşı məqamlarından söhbət açan  əsərlər  yazıb.  Jurnalist  Xanlar   Bayramov   Məmmədqasımın həyatının müəyyən məqamlarını qələmə  alıb.  Səhv etmirəmsə  Məmməd  Orucun da  boşaldıqdan sonra  köç  yerlərinin subasarından    danışan  bir   hekayəsi  var...                                           

Nə isə...Qanınızı çox  qaraltmayım.  Balıq   ovlamaq   bəhanəsi ilə  Kürün qırağına  tez-tez  gedirəm.  Bilənlər bilir, bilməyənlər  saatlarla  Samuxun su altında  qalan ərazilərinə baxmağıma  təəccüb edirlər.  Sualtı   ərazilər,  zəhmətsevər  insanlar  və dəli-dolu  igidlər   haqqında  eşitdiklərim  sanki  yaşanmış  həyat kimi  yaddaşıma    hopub,  hər  xatırlayanda  o  insanların   adına  fəxarət duyuram,    gözüm-könlüm  nurla  dolur.  İnsan yurd  sevgisi,    doğma  torpağı  ilə  fəxr  edəndə   daha  səmimi, daha  güclü  və daha  vətənpərvər   olur...                                   

Və bir də xoşbəxt o insandır ki, yaddaşında doğmaları,  yurd-yuvası, vətəni  ilə bağlı  ömründən   uzun xatirələr  yaşayır... Babadan oğula, oğuldan da nəvəyə   ötürülən  bu yaddaş  yazıları  nə  qədər  həyat var, nə qədər  insan var  yaşayacaq.   Onların   ömrü  nəsillərin   yaşam  tarixindən qat-qat    uzundur...                                                               

Bu da  mənim köhnə Samux   nağılımın sonu,  hər bir  nağılda  olduğu kimi  göydən üç  alma  düşdü,  biri mənim, biri  köhnə, biri də yeni  samuxluların...

                                                                                                                                                             

Vaqif TANRIVERDİYEV                                                                                                                                                                                 Gəncə.