adalet.az header logo
  • Bakı 20°C
04 Fevral 2021 13:10
55202
MÜSAHİBƏ
A- A+

Pərviz Arif: "Əksər şair və qəzəlxanlar meyxana camiəsinə paxıllıq edir" - MÜSAHİBƏ

Şair, meyxanaçı, "De Gəlsin" meyxana yarışmasının çempionu Pərviz Arif Adalet.az saytına müsahibə verib.

- Pərviz, şeir yoxsa meyxana?

- Şeir və meyxana arasında elə bir uçurum yoxdu ki, biz bunlara mütləq fərqli yanaşaq. Nəticədə hər ikisi sözdür, sözün təzahürüdür. Ona görə də, hər ikisi, söz.

- Sən daha çox meyxanaçı kimi tanınmısan. "De gəlsin" meyxana yarışmasının da çempionu olmusan. Amma sosial şəbəkələrdə səni daha çox şair kimi bilirlər...

- Meyxanaları hər dəqiqə feysbukda paylaşmıram. Burda ancaq ədəbi yaradıcılığ olur, yəqin ki, ona görədir.

- Şeir kitabların da var. Amma nisbətdə meyxanaçılar şeir yazmağa, xüsusi ilə də sərbəst şeirlər yazmağa deyəsən, yaxşı yanaşmırlar bir o qədər də... Sən də demək olar, sərbəst şeirlər yazırsan. Hətta bəzi meyxanaçıların bu barədə tənqidini də eşitmişik. Sən nə əcəb belə fikirdə deyilsən? Həm də, cəmiyyətdə formalaşmış bir meyxanaçı təfəkkürü deyilən bir şey də var...

- Cəmiyyətdə formalaşan meyxana deyən təfəkkürü təəssüf olsun ki, o qədər də ürəkaçan deyil. İndi biz bu düşüncənin müsbətə doğru dəyişməsinə cəhd edirik. İstər intellekt, istər yanaşma sarıdan. O ki, qaldı həmkarlarımın şeirə yanaşmasına, bəzi məqamlarla mən də razıyam. Əksər şair və qəzəlxanlar meyxana camiəsinə paxıllıq edir. Məsələ təbii ki, hər zaman olduğu kimi qazancdır. Onlar belə hesab edir ki, bizim yazılarımız daha qiymətlidir, amma meyxana deyən qədər qazanmırıq. Şeir əhlinə o sarıdan haqq qazandırıram ki, bəzi meyxana üslubunda yazılmış sözləri meyxana deyənlər xalqa şeir adıyla sırıyır. Bu mənada ömrünü yazıya həsr edən insanların haqqına girmiş olurlar

- Ədəbiyyatçılarla meyxanaçıların ümumiyyətlə bir çox hallarda ulduzu barışmır. Kökü ancaq qazancdır yəni? Bəlkə başqa nələrsə? Həm şair, həm də meyxanaçı kimi fikrin nədi bu barədə?

- Əsas səbəb qazancdır, bəli. Həm də söz adamlarıdır da. Əslində, bir az da normaldı belə şeylər. Sonunda hamımız yaradıcı adamlarıqsa, söz uğruna çalışırıqsa, belə şeylər bəzən qaçılmaz olur.

- Meyxana haqqında tənqidlər bundan ibarətdir ki, narkotika, küçə təfəkkürü və.s kimi şeylər aşılayır. Səncə, həqiqət payı yoxdu? Barmaq sayı adamı qırağa qoysaq, əksərən belə deyilmi? Çünki çox görmüşük meyxanaçıların narkotikdan asılılığını, ölümünü..

- Meyxana underground sənətdir. Küçə mədəniyyəti anlayışı əslində bizdə yanlış qəbul edilir, halbuki bu, özlüyündə həyati məqamlarda önəm daşıyan bir mədəniyyətdir. Narkotik vasitələrə qaldıqda isə bu, təkcə bizim sənətdə deyil. Bir çox məşhur müğənnilər, musiqiçilər, reperlər bu kimi pis vərdişlərə aludə olub, olur. Sadəcə, meyxana deyənlər xalqın içində olduğundan, xalqla daha isti münasibətdə olduğundan onların səhvi daha tez gözə çarpır.

- Ədəbiyyatda bir "kruq" anlayışı da var. Bir neçə şair daim bir yerdə olur. Sizin haqqınızda da belə deyirlər. Hətta bəzən atmacalar da olur bu barədə ki, ancaq öz kruqlarını qabağa verib tərifləyirlər. Düz deyirlər? Belə edir sizin "kruq?"

- Bəli, var belə bir şey. Çünki biz ədəbiyyata yeni qədəm qoyanda artıq bu var idi. Və biz həmin "kruq"lara yad idik. Nəticədə kimdənsə asılı olmamaq üçün, kiməsə xahiş-minnətlə məni dərc elə, məni oxu deməmək üçün öz yolumuzu cızdıq, qısa vaxt ərzində uğur qazandıq. Amma biz ancaq öz ətrafımızı tərif etmirik. Məsələn Həsən Kür, Bəhruz Xəlil və s. yoldaşların əvvəl şeirlərini, sonra özünü tanımışıq.

- Meyxanada da varmı kruqlar? Meyxana cameəsi ədəbiyyat cameəsindən nə ilə fərqlənir. Sənə görə ən yaxşı hansıdır?

- Bu nəinki meyxanada, ədəbiyyatda, ümumiyyətlə hər yerdə var. Bir növ manapoliya. Qazanc olan yerdə bu qarşıdurma mütləqdir. Mənə görə ikisi də doğmadır, bütün mənfiliklərə rəğmən. Adamın övladı nankor olsa da, onu bir yolluq ata bilmir

- Yəqin ki, orda da paxıllıq və başqa şeylər var...

- Paxıllıq hər yerdə var. Bu insanın fitrətinə xas bir şeydir. Təbii ki, bu paxıllıq yox, qibtə olsaydı, daha xoş olardı. Amma nə edək ki, həyat bu qədər asan yaşanmır?

- Pərviz, sən meyxanada bu qədər olduğuna rəğmən sanki bir az az tanınırsan. Bir dəfə sorğu keçirmişdilər, orda sənin üzdə olan bir neçə meyxanaçıdan, məsələn, Baləli, Rüfət və bir çox gənc, orta yaşlı meyxanaçıdan güclü olduğunu, yaxşı dediyinini yazırdılar. Amma onlar daha qabarıqdır. Nədir bunun səbəbi? Meyxanada tanınmaq üçün yaxşı demək kifayət edirsə, sən yaxşı deyirsən. Bəs niyə digərləri kimi tanınmırsan?

- Adını çəkdiyin şəxslər bizim yoldaşlarımızdır və bu yolda xeyli zəhmətləri olub. İndi keçək suala. Demək, məsələ təkcə yaxşı demək deyil, meyxana özlüyündə zəngin sahədir. Əsas parçası söz olsa da, burda müəyyən qədər aktyorluq tələb olunur. Sözün yaxşı mənasında publikaya işləmək. Demək olar, incəsənətin hər sahəsində bu nüans var. Məsələn, mənə görə Sərdar Amin daha ciddi yazardır Kəramətlə müqayisədə. Amma kütlənin tanıma prinsipləri belə hesablanmır. Yəqin ki, izah edə bildim demək istədiyimi.

- Bizə bir şair, bir də meyxanaçı denən, hansı ki, onlarla yarışma keçirsən, "bağlanıb" məglub olarsan. Dolayısı ilə özündən yaxşı bildiyin varmı?

- Meyxana bir az əhval-ruhiyyə, bir az da qafiyənin kimin tərzinə uyğun olmasından asılıdır. Amma Rəşad Dağlı etiraf edirəm ki, çox nöqtədə məni üstələyər. Şeirdə məsələ bir az qəlizdir. Yaxşı şeir, pis şeir hamıda var. Yaxşı şair anlayışı müqayisə olunmazdır. Yaşıdlarımdan əruzda Kamal, hecada, sərbəstdə Rəşad Nağı Mustafaya daha çox "kaş bunu mən yazardım" dediyim sənətkarlardır.

- Səni tanımayanlar bu müsahibəni oxuyandan sonra hansı şeirini oxuyub istedadına bələd olsunlar? Varmı elə bir şeir ki, "pasport" hesab edəsən?

- Var təbii ki. Əksəriyyət məni ən çox " Fələstinli uşaq" şeiri ilə tanıyıb, onu bəyənib. Mənə görə "Keçmiş komandir", "Adı Leylaydı" ifadəsiylə başlayan şeir daha doğma və dərindir. Bir çox bədii təsvir vasitələrindən istifadə edilib orda.

- Bəs, meyxana necə, hansı dəyişmənə qulaq asıb, meyxanadan xoşu gəlməyənlər də sevsin bu sənəti?

- 31 yaşım münasibətilə dostumuz Kamran Kubinka 2020-ci ildə dediklərimdən seçmə meyxana hazırlayıb. Elə həmin meyxananı YouTube kanalımda (Perviz Arif) izləyə bilərlər.

- Ümumiyyətlə, meyxanaçı necə olmalıdır? Niyə bu fikirlər illər keçsə də dəyişmir? Son dövr meyxana deyənlər arasında içi sən qarışıq zərərli vərdişlərdən uzaq olanlar çoxdur, amma ad dəyişmir ki, dəyişmir. Necə olacaq, nə etmək lazımdır? Həmkarlarına nə məsləhət görərdin?

-Sözünə qüvvət, keçən il bir zəngin məclisdə idik, on iki nəfər meyxana deyən var idi. Ortada pis vərdişlərdən söhbət düşdü, həmkarlarımdan biri dedi ki, burdakılar hamısı ibadət əhlidir. Dedim, məni çıxın, mən yox. Sonra ciddi baxdım ki, burda hamı pis vərdişlərdən uzaqdı. Amma nə edək ki, bu ad hələ də üstümüzdə qalıb. Çox güman bunun düzəlməyi üçün meyxanada nəsil dəyişkənliyi olmalıdır və növbəti öndə gedən şəxs bu məsuliyyəti dərk etməlidir.

- Bəs, bir məsələ də var ki, meyxana deyənlər təfəkkürən belə olur. Söhbət meyxananın mahiyyətindən getmir. Ya dindar olurlar, ya da pis vərdişə yiyələnən. Məsələn, üzdə olan bir ateist meyxanaçı varmı? Məncə, olsa da, bunu bildirməz. Çünki meyxana əhatəsi də bu cür adamlardan çox təşkil olunub. Dindar adamlar ateist meyxanaçını toya çağırnaz. Düz deyirəmmi?

- Bəli, düzdür. Var bu faktor. Meyxana deyənlər də, dinləyənlər də əsasən şiə əqidəsindən təşkil olunub. Daha çox belədir. Amma ateist də var. Sadəcə, demək düzgün deyil. Kim necədir özünə. Amma cəmiyyət də belə şeyləri nəzərə almır. Bir meyxanaçı ateist olduğunu desə, sən demiş, onun məclisə çağırılmağı çətin ola bilər..

- Səbəb nədi bunlara? Niyə məhz bu cameə? Niyə dindarlar? Əksər hallarda ateistlər heç meyxananı bəyənmir də. Təfəkkür məsələsidirmi?

- Ateist bəyənən də var bir xeyli, sadəcə, burda dini fikirlər də çox səslənir deyə, qıcıq yarada bilər çoxunda. Ona görə.

- Pərviz, müsahibə üçün təşəkkürlər. Son olaraq bəlkə bu müsahibəni qafiyə ilə bağlayaq?

- Ədalət.az saytı ədalətlə edir xidməti
Hər yazının bəllidi keyfiyyəti, mahiyyəti

 

Orxan Saffari