adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Aqil ABBAS: STALİN REJİSSORA NİYƏ ŞAPALAQ VURDU? 

AQİL ABBAS
113570 | 2021-02-04 13:50

Deməli, belə. Fazil Mustafanın çox maraqlı bir yazısını oxudum – «Urvatsızlaşdırılmış qələbə». Birincisi, onu deyim ki, gərək Fazil bəy belə yazaydı: «Urvatsız edilmiş qələbə». Keçmişdə belə bir söz vardı: «Siz bizim elektrikləşdirdiklərimizdənsinizmi?» İndi Fazil bəyin də dediyi təxminən ona oxşadı. Yəni adamı yorur.

Məsələ bunda deyil, çox maraqlı və ciddi bir yazıdı. Bizim saytımız və qəzetimiz bunu çap elədi.

Mən də təxminən bu məsələyə başqa bir yöndən baxmaq istəyirdim və indi deyim nədi məsələ?

Deməli, erməni saytları, qəzetləri, nə bilim nə zibilləri məğlubiyyətin hamısını Paşinyanın üstünə atırlar. Və biz də Birinci Qarabağ savaşında «qalib» olmuş Ermənistanın o zamankı liderlərinin, dəqiq desək, Sərkisyanın, Köçəryanın açıqlamalarını palaz-palaz çap edirik. Guya həmin vaxt Ermənistan ordusu bizə qalib gəlibmiş, amma indi Paşinyanın günahı ucbatından məğlub olublar.

1988-ci ildən başlayan hadisələrdən 1994-cü ilin atəşkəsinə qədər bu savaşın iştirakçısı kimi müəyyən məsələlərə aydınlıq gətirmək istəyirəm.

Həmin vaxt Qorbaçovun tapşırığı ilə odlu silahlar Ermənistan və Azərbaycandan yığışdırıldı, guya! Amma ermənilərin əllərinə «Kalaşnikov» verdikləri halda, cəbhə bölgəsindəki azərbaycanlıların qanuni ov tüfənglərini də əllərindən tutub aldılar. Çünki Azərbaycan hökuməti Moskvanın tapşırığını qul kimi yerinə yetirirdi. Və buna görə də azərbaycanlılar ən müasir silahlarla silahlanmış ermənilərin önündə aciz qaldılar.

Amma ürək başqa şeydi, ruh başqa şeydi, torpaq sevgisi başqa şeydi.

Bircə misal çəkəcəm. O dövr ermənilər Ağdamın Şelli kəndini ələ keçirmək istəmişdilər. Kənddə də Şelli Eldar adlı bir batalyon komandiri vardı, Allaha şükür durur, camaatı başına yığıb əliyalın da olsa ermənilərlə vuruşurdu. Ermənilər Şelli kəndini işğal etmək istəyəndə kəndin camaatı arvadlı-uşaqlı, ağsaqqallı-ağbirçəkli (bunu «Dolu» romanında da yazmışam, «Dolu» filmində də var) yabayla-baltayla erməni silahlılarını qırmışdılar və vurub kənddən çıxarmışdılar.

Baxıram Köçəryan-Sərkisyan qrupu bütün günü Paşinyana söyürlər ki, guya məğlubiyyətin səbəbi odur. Bizim mətbuat da bunu tirajlayır və Paşinyan haqqında nə qədər lazımdı təhqiredici materiallar paylaşır. Təbii ki, o, buna layiqdir, amma bununla Azərbaycan Ordusunun müzəffər qələbəsinə kölgə saldıqlarını yaddan çıxarırlar.

Gələk faktlara. Əvvəla, ilk Qarabağ savaşında biz nə qədər ki, erməni ordusuyla vuruşurduq, ağızlarını cırıb qoymuşduq qulaqlarının dibinə. Erməni mütəşəkkil ordusu, ən müasir silahlarla silahlanmış ordusu, bizim ov tüfəngləri ilə, uzağı on-on beş avtomatla silahlanmış könüllülərin və bir də az-çox nizam-intizamı olan milis işçilərimizin qarşısında davam gətirə bilmirdilər.

Uzaq tarix deyil ha. Heç bir təlim görməmiş könüllülər, bir də Məhəmməd Əsədovun, eləcə də Milli Təhlükəsizlik Nazirliyinin ( o vaxt KQB deyirdilər ) döyüşçülərinin qarşısında aciz qalmışdılar.

Sayımmı? Sayım. Çaykənd, Kamo, Azadkənd, Qaladərəsi, Şınıx, Ağcakənd (Şaumyankənd), Naxçıvanik, Xoramurd, Vəng, Madagiz, Drambon, Yeddi xırman və sair və ilaxır məhz könüllülərin və polis işçilərinin hesabına azad olunmuşdu.

Ağdərə kimi rayon ermənilərdən azad edilmişdi. Mən hələ Vəngi-filanı demirəm. Yeddi xırmanla Xankəndinin arası təxminən bir güllə məsafəsindəydi. Yəni olmayan Azərbaycan Ordusu Xankəndini azad etmək iqtidarında idi.

Laçının işğal olunmuş kəndləri azad edilmişdi. Artıq Gorus-Xankəndi yolu bizim nəzarətimiz altına düşmüşdü. Xoramurd və Naxçıvanik azad edildikdən sonra Əsgəran mühasirədəydi və ermənilər qaçıb çıxıb getmişdilər.

Cəbrayılda polis rəisi işləyən Qara Rəşid (Rəşid Məmmədov) təkcə milisin gücüylə Hadrutun 13 kəndini erməni saqqallılarından və ermənilərdən təmizləmişdi. Yenə deyirəm, təkcə milisin gücü hesabına. Həmin vaxt Cəbrayılda nə qədər milis olardı? Təxminən 100-150 nəfər. Bu gün Azərbaycanda Milli Qəhrəman adına layiq olanlardan biri də Qara Rəşiddi, hərçənd ki o adı almayıb. Yəni həmin vaxt biz niyə irəli gedirdik və sonra niyə uduzduq? Ona görə ki, həmin vaxt biz ermənilərlə vuruşurduq. Və təbii ki, ermənilər necə indi olduğu kimi, onda da bizim qarşımızda duruş gətirə bilmirdilər və bilmədilər.

Və sonra Rusiya işə qarışdı, keçdi ermənilərin tərəfinə, təkcə onları silah-sursatla təmin eləmədi, həm də öz əsgər və zabitləriylə təmin elədi. Bunu bilməyən varsa, Allah mənə lənət eləsin.

Və yenicə müstəqilliyinə qovuşmuş əliyalın bir dövlət SSRİ-nin silahlı qüvvələri ilə vuruşmaq iqtidarında deyildi. Necə ki 1920-ci ildə 11-ci və 9-cu diviziyalar Azərbaycana hücum edəndə önündə dura bilməmişdi.

İndi Köçəryan-Sərkisyan cütlüyü savaşı uduzmağı Paşinyanda görür. Və bizlər də onların dediklərini tirajlayırıq və Paşinyanı təlxək kimi təqdim edirik.

Amma bir şeyi unuduruq. Cənab Prezident İlham Əliyev çıxışlarında və müsahibələrində heç vaxt demir ki, Paşinyana qalib gəlib. Deyir ki, BİZ SƏRKİSYAN VƏ KÖÇƏRYANIN ORDUSUNA QALİB GƏLDİK!

Yəni müasir Ermənistan ordusunu yaradanlar bu şəxslərdi, kakoy-nibud Paşinyan iki ildi gəlib və guya bu orduya rəhbərlik edir.

Və Ermənistanın keçmiş müdafiə nazirləri də, indiki müdafiə nazirləri də, nə bilim hansı kərtənkələlər də bütün günahı Paşinyanın üstünə atır.

Biz də bunu tirajlayırıq ki, biz çox zəif və guya texnikası zəif Ermənistana qalib gəlmişik. Və erməni dəyirmanına qiyməti qaldırılmış su tökürük.

Biz doğrudanmı zəif, silahsız-sursatsız, texnikası yararsız Ermənistana qalib gəlmişik?

Bir az ağıllı olun. Guya Ermənistan ordusu vuruşmayıb, guya hərbi texnikası yoxuydu? Necə yoxuydu ki, cəbhə xəttindən 100-150 kilometr aralıda Gəncə şəhərini raket atəşinə tuturdu, Bərdəni raket atəşinə tuturdu. Hətta Bakıdan 60-70 kilometr aralıda Xızını atəşə tuturdu. Mingəçeviri, Yevlaxı atəşə tuturdu.

Bəli, bizdə «Bayraqdar» böyük rol oynadı, dronlar böyük rol oynadı. Amma zəfəri onlar qazanmadı, zəfəri Azərbaycan Ordusu qazandı.

«Bayraqdar» onların texnikasını sıradan çıxarırdısa, ermənilərin minamyotları da bir o qədər fəal idi.

Əgər biz zəif Ermənistan ordusuna qalib gəlmişiksə, bəs 3 minə yaxın şəhidi qətlə yetirən, 4 mindən çox əsgərimizi yaralayan, qazi edən kimin ordusu idi – Amerikanın, Fransanın, yoxsa Rusiyanın?

Vuruşublar! Amma bizə gücləri çatmayıb, iki səbəbə görə, daha doğrusu, üç səbəbə görə.

Birincisi, ayaqlarının altındakı torpaq onların deyildi. İkincisi, öz torpaqları uğrunda vuruşanlar son damla qanlarına qədər vuruşdu. Şəhid oldular, yaralandılar, amma geri çəkilmədilər. Şəhid olmuş dostlarını çiyinlərində daşıya-daşıya vuruşdular. Yaralı dostlarını çiyinlərində daşıya-daşıya vuruşdular. Çünki analarının, bacılarının, babalarının, əzizlərinin yatdığı torpaqlar uğrunda vuruşurdular.

Əgər ermənilər həmin torpaqları, həmin əraziləri özlərinki saysaydılar, şəhər və kəndlərimizi darmadağın etməzdilər.

Və üçüncüsü, Rusiya Ermənistana ən müasir silah və sursat versə də, 1990-cı ildəki kimi tərəf tutmadı. Və Rusiyanın prezidenti Putin bildirdi ki, Qarabağ Azərbaycanındır və Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün vuruşur.

Və əsas amillərdən biri də budur.

Dostlar, biz bütün dünyanın dəstəklədiyi, ən müasir silahlara sahib olan Ermənistan ordusuna cəmi 44 gündə qalib gəlmişik. Qələbəmizi kiçiltməyin!

Və sonda. Böyük Vətən Müharibəsi bitib və almanların uduzmağı ilə bağlı film çəkiblər. Təbii ki, bütün filmlərə ilk olaraq Stalin baxardı.

Filmdə Hitleri təlxək, düşük, mənasız bir şəxs kimi göstərirlər. Necə ki biz indi Paşinyanı və Ermənistan generallarını belə təqdim edirik.

Film bitir. Stalin qalxır ayağa və rejissora babat bir şillə vurur. Və hamı çaşıb-qalır. Stalin deyir:

- Sən nə demək istəyirsən? Deməli, mən belə bir təlxəyə qalib gəlmişəm?

İndi, dostlar, Azərbaycan Prezidenti Paşinyan kimi bir düşüyə qalib gəlməyib, özünün dediyi kimi, Sərkisyan və Köçəryanın yaratdığı bir orduya qalib gəlib.

Ona görə bir az diqqətli olun, qələbəmizi kiçiltməyin!

TƏQVİM / ARXİV