adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Fevral 2021 09:10
54355
ƏDƏBİYYAT
A- A+

ÖZÜMÜN HAQQIM VAR BARAT ÇAĞRILIM,

SÖZÜMÜN HAQQI VAR YAŞAMAQ ÜÇÜN...

Bu ilin martında Azərbaycan Yazıçılar Birliyinin Qazax Filialının sədri,

Şair, Əməkdar İncəsənət Xadimi Barat Vüsalın 70 yaşı tamam olacaq.

Yubiley münasibətilə onun yaradıcılığı haqqında görkəmli ədəbiyyat

və mədəniyyət xadimlərinin dedikləri dəyərli fikirlərdən bir qismini oxucularımıza

təqdim etməyi qərara aldıq.

Buyurun, tanış olun.

-1-

 

 

Mən həmişə əyalət yazarı anlayışının əleyhinə olmuşam.Vaxtı ilə Naxçıvanda Məmməd Səid Ordubadi,Cəlil Məmmədquluzadə,Qazaxda Vaqif,Səməd Vurğun,Şamaxıda Mirzə Ələkbər Sabir və başqaları yazıb yaradıblar. Əsas olan harada yaşayıb-yaratmaq yox,necə yazmaq,nəyi yazmaqdı.

Bu mənada Barat həmişə ədəbiyyata və əbədiyyətə işləyən sözü yazıb.

Mən onun bir cəhətini ayrıca qeyd etmək istəyirəm.Yəni bizim Yazıçılar Birliyinin çox razı qaldığı bir cəhətini qeyd etmək istəyirəm.O da onun Yazıçılar Birliyinin Qazax filalına rəhbərlik etməsidir.

Qazax dövlətimizin sərhədində yerləşir.Bir yanda Borçalılar yaşayırlar,digər tərəfdə vaxtilə Ermənistandakı soydaşlarımız yaşayırdılar.Əminəm ki, vaxt gələndə yenə yaşayacaqlar.Belə bir üçbucaqda Qazax böyük mədəniyyət mərkəzidir.Belə bir yerdə filiala rəhbərlik etmək Barat Vüsal üçün həm məsuliyyətdir,həm də şərəfdir.

 

Anar,AYB-nin sədri,

Xalq yazıçısı.

-2-

Barat Vüsalın şeirləri tarıma çəkilmiş yayı xatırladır,hədəfə dəyincə o,yenidən tarıma çəkilir.Əli tətikdə olan şairin özü də hədəfdədir.Şair hardan keçirsə ora sərhəddi.

O sərhəddə şairlər daha tez görünür,daha tez yaralanırlar,amma ölmürlər.

Şairlər yaralı olurlar,yarasız olanda ölürlər.Bəlkə də şair vətən sözünün sinonimi kimi yaşayır.Elə buna görə də şairin tərcümeyi-halı vətənin tərcümeyi-halıdır.

Başqa şəkildə,başqa yozumda,başqa məzmunda şair yoxdu,varsa o,vətən deyil.Elə ona görə də şairi nişan vermək-Vətəni nişan vermək deməkdir.

Artıq öz adı ilə,öz istedadı ilə tanınan görkəmli şairimiz Barat Vüsal mənim fikirlərimi təsdiq edir.

Biz uzaq düşmüşük toydan-mağardan,

Kür boyu gördüyüm axar-baxardan.

Orda üzümüzü sənsən ağardan,

Barat,sənin evin ocaq olubdu!

 

Nəriman Həsənzadə,AYB

Ağsaqqallar Şürasının sədri,

Xalq şairi.

 

-3-

 

Sən bina uçurub,bina tikirsən,

İnsanı uçurub tikməkdəyəm mən!

Söhbət əsnasında bu beyti mən Baratın dilindən eşitdim və dərin məzmunlu,bütöv bir şeirə bərabər hesab etdim.Onun “Sənin kimi olacağam Azərbaycan!”şeirini kövrəlmədən

oxumaq,şairə”Əhsən”demədən keçmək olmaz.Qəhər boğaza tıxanır.Bu qəhərlə birlikdə Vətən üçün belə misralar yazan şair Barata görə qürur da var!Bu həqiqi şair nəsibidir.

Onun şeirlərində Vətən məfhumu ilə xalq məhfumu vəhdətdədir.Vətən necə qlobal,uca,dərin fikirlərlə,boyalarla təsvir,tərənnüm olunursa xalq da o cür tərənnüm olunur.”Türk ruhu” şeirinə diqqət edin:

Səndə yaşar ruhlar,səndə,

Ruh verdikcə ruhlan sən də!

Ruh içində ruh var səndə,

İçimdəki türk ruhu, coş,

Yer üzünün tək ruhu,coş!

Bu şeir əbədi mahnılardandır.Himndir!

Onun əsərlərindən mən bədii sözün qüdrətini və Azərbaycan poeziyasının əsrlərdən gələn ətrini duydum.”Ömrünü Qazaxda yaşayan şair”Yazıçıların Qazax filialının sədrliyinə təsadüfən seçilməyib.Mən onun hələ uzun illər öz vəzifəsində qalmasını arzulayıram.

Mən Baratı çox istəyirəm, həm insan, həm də şair kimi!

Təssüf ki, onu gec tanımışam. Oxuduğum az sayda şeirlərində böyük şair ruhu gördüm və sevdim.

İsa Muğanna

Xalq yazıçısı.

-4-

Barat Vüsal klassik şeirə, aşıq poeziyasına yaxından bələddir. Bu xüsusiyyət onun yaradıcılığında tam şəkildə özünü göstərir. Həyat hadisələrinə fəal münasibət,müasirliyə meyil, doğma vətənin, xalqın dünəninə, bu gününə maraq, sevgi onun yazılarını daha məzmunlu, təravətli edir. O, hər şeirində yeni deyim formaları, ifadə tərzləri arayıb axtarır, buna nail olur.

Dili saz dilidir, oynaqdır, axıcıdır, təsirlidir. Yəqin ki, bu bir də yaxşı saz çalması ilə əlaqədardır.

Atı otarmağa qoruqmu yoxdu,

Atı otarmağa çöl-çəmən çoxdu.

Yağı qoruğunda otlardın Qırat,

Yoxsa yaşamazdın, çatlardın Qırat!

Qocalma Qıratım, Qocal, Qıratım!

(“Qıratın qocalığı”)

Əvvəla, Koroğlunun dayağı Qırat burada insanlaşdırılır. Onun taleyi şairi düşündürür, dilləndirir. Sonuncu misradakı “Qocalma Qıratım”la “Qocal Qıratım” fikirləri bir-birinə qarşı qoyulsa da, nəticə etibarilə eyni istəyin, arzunun ifadəsidir.

“Qocalma Qıratım” da Qırata uzun ömür, cavanlıq diləyir, “Qocal Qıratın”da! Yəni çox yaşa, cavan köçmə!

Məhz əsl şairlik də burada, sözü söz kimi oynadıb, qaynadıb deməkdədir.

Hüseyn Arif,

Xalq şairi.

 

-5-

 

“Əziz Barat Vüsal!

Günaydın! Göndərdiyin qəzet, məktub və xüsusilə, şeirlərin ürəyimi dağa döndərdi. Alqış sənə!Gözəl şair kimi yetişirsən...

“Tələbə qiyməti” şeirin gəncliyi ulu və qiymətli görmək istəyən ayıq gözlü bir şairin qələmindən çıxıb. “Puşkini bilməmək ya Dantes olmaq, eyni cinayətdir gözümdə mənim!”

Əla demisən!”İmtahan verəndə coğrafiyadan,Xəritə çubuğu Arazı edin!”Bax,şeirdə orijinal söz buna deyərlər...

Yürütdüyün fikri bu dərəcədə səmimi və gözəl demək üçün fitri şair olmalısan.Görünür mütaliən gündən-günə qüvvətlənir.Azərbaycan tarixinə,Azərbaycan dərdlərinə qaynayıb qarışırsan.Vətən taleyini öz şəxsi taleyin kimi hiss edirsən.Şair üçün bundan böyük səadət yoxdur.”

 

Xəlil Rza Ulutürk,

Xalq şairi.

 

-6-

Mənə görə Barat hərbçi şairdir.O,hər misrasında,şeirində əsgər kimidir.Barat öz-özünün həm komandiri,həm də əsgəridir.

Əsl şair ədəbiyyata bir dəfəlik gəlir.

Barat Vüsal da belə şairlərdəndir.

O,etibar ediləsi adamdı,kiçik qardaşım,dostumdur.

Sevdiyim şairlər sırasında Baratın da adı var.

Vaqif Səmədoğlu,

Xalq şairi.

 

-7-

Barat Vüsal bizim böyük ədəbiyyatımızın hadisəsidir.Barat Vüsalın şeirlərində üç cəhət xüsusilə diqqəti cəlb edir: Xalq poetik təfəkkürünün ən dərin qatlarından gəlmək,müasir fəlsəfi –ictimai düşüncə səviyyəsinə qalxmaq və fəal (əslində üsyankar)bir şair-intellekt mövqeyi.Buraya onun sənətkar səmimiliyini ,mütəfəkkir narahatlığını,maarifçi təmkinini də əlavə etmək olar.

Barat tarixi yaxşı bilir,yaxşı ədəbiyyatşünasdı,folklorumuzun,aşıq sənətimizin yorulmaz təbliğçisi,daxilən zəngin adamdı.Bu zənginlik daha çox intellekt zənginliyidi.Barat çevik bir təfəkkür sahibidir. O,yaxşı məktəb keçmiş şairdir.

Barat Vüsal ömrünün bütün illərini mərkəzdən kənarda yaşasa da,heç vaxt mərkəz ədəbi mühitindən uzaq olmayıb.

Qazax Molla Pənah Vaqifin,Səməd Vurğunun,Osman Sarıvəllinin,İsmayıl Şıxlının,İsa Hüseynovun,Nəriman Həsənzadənin və bir çox başqa sənətkarların yurdudur.

Adətən ata ocağı başında kiçik övlad qalır.Barat da o ocağın kiçik övladı kimidir.O,tarixi qoruyur və şeirlərində də tarixi yaşadır.

Baratsız Qazağın poetik landşaftında bir zirvə çatışmazdı.Vidadisiz,Vaqifsiz,Səməd Vurğunsuz,Hüseyn Arifsiz,Nəriman Həsənzadəsiz və Barat Vüsalsız Qazax Qazax olmazdı.

Nizami Cəfərov,

Akademik,Millət vəkili.

-8-

 

300 ildən üzü bəri Qazaxda özünün ədəbi yükü,söz xəzinəsi olan,təxəllüsləri “B”hərfi ilə başlayan dörd şair yetişib-Molla Vəli Vidadi,Molla Pənah Vaqif,Səməd Vurğun,Barat Vüsal.

Bu,ya xoş təsadüfdür,ya da tale buyruğu...

Deyirlər,dünyanın ən dərin gölü Baykala irili-xırdalı 365 çay axır.Ancaq ondan cəmi bir çay- Yenisey çayı baş götürür.

Barat Vüsal da çoxsahəli istedad sahibidir.

Onun “Təb”adlı Baykalına vətənpərvərlik, aşiqlik, tarixçilik, təbiətçilik,

ilahiyyatçılıq,türkçülük və s. ”çayları”axır...

Qərib Mehdi,

Yaziçi-Publisist.

-9-

Əziz qardaşım Barat!

Məktubun və şeirlərin mənə çatdı.Şeirlərini sevdim.Sevindim ki,məni bu qədər dərindən başa düşən oğul var!Qazax camaatı nədənsə öz cənublu qardaşlarını,cənub həsrətini tez başa düşür.Qazağa gəlirik,qazaxlaşmağa,vurğunlaşmağa,baratlaşmağa...

Söhrab Tahir,

Xalq şairi.

-10-

Hörmətli Vətən oğlu şair Barat Vüsal!

Şeirlər kitabını açıb “Müəllifdən”adlı parçanı oxumaq kifayətdir ki,sənin Allah tərəfindən istedadla mükafatlandığına inanasan.

Sən şair yaranıbsan!

Mirvarid Dilbazi,

Xalq şairi.

-11-

Hər nəsil öz yaşdaşını,öz nümayəndəsini daha çox duyur.Hesab edirəm ki,Fizulisi olan bir xalqın şairi olmaq çətindi,bu iş böyük məsuliyyət tələb edir.Barat Vüsal bu məsuliyyəti dərk edən,sözün qədir- qiymətini bilən şairdir.Söz demək xətrinə heç vaxt kağız tərg eləməyən şairdir.

O,Qazaxda Sözün qeyrətini çəkir!

Nizaməddin Şəmsizadə,

Dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi.

-12-

 

Bu gün “döyüşən” şeirimizdən şikayətlənməyə elə bir əsas yoxdur. Oxuyun Barat Vüsalın şeirlərini!

Barat Vüsalın səsi Xalq, Vətən, Millət deyib kürsüdə, tribunada boğaz cıranların səsi deyil... O Səs Xalq, Vətən, Millət sevgilərini ürəyinin dililə poeziyada əks etdirən bir şairin özünü ifadəsidir.

Barat Vüsal kimi şairlərin Xalq, Vətən, Millət adından danışmağa ixtiyarı çatır.

 

Vaqif Yusifli,

Tənqidçi-Ədəbiyyatşunas.

 

-13-

Qazaxlıların Əcdad kultu çox güclüdür. Bu, onların epos təfəkküründən irəli gəlir.

Arasıgəlməz proses kimi əcdad varisdə davam edir. (Vaqif Səməd Vurğunda, Səməd Vurğun Hüseyn Arifdə, Nəriman Həsənzadə Barat Vüsalda) Barat hər cür “izm” lərdən uzaq olaraq milli dəyərlərimizi, daha çox kişiliyi, mərdliyi, vüqarlı olmağı vəsf edir.

Barat Vüsal doğma torpağın nəfəsini ciyərinə, ədəb-ərkanını ürəyinə çəkmiş görkəmli Azərbaycan şairidir.

Barat Vüsal kimi şairlər yalnız ataların belindən yox, ataların yolundan gəlir.

Barat Vüsalın poetik emosiyası (epik emosiyası!) yalnız ritmik intonasiya hadisəsi deyil, həm də şeirlərinin ideyasıdır, fəlsəfi refleksiyasıdır.

Barat Vüsal tariximizin şairidir. Tarixi şəxsiyyət onun poeziyasında mifə, simvola çevrilir. Bu poeziyanın strukturunu “mən” əvəzliyi müəyyənləşdirir. “Mən” mənəmlik deyil, “Mən”-Sən”dir, “O” –dur, “Onlar”dır, Qazaxdır, Azərbaycandır!

Sufiyanə qənaəti də bunu təsdiq edir:

...Birəm, amma bir deyiləm,

Nə bilim, necə adamam?!

Baratın canında, ruhunda Mövlanadan, Nizamidən gələn hikmət damarı var.

Barat Vüsal yaradıcılığı bütövlükdə türk insanının, qazaxlının bədii dəyər səlnaməsidir.

 

Rüstəm Kamal,

Tənqidçi alim.

 

-14-

Qələm qardaşım Barat Vüsal təbiətin özü kimi təbii şairdir, gah bahar kimi çağlayır, gah payız niskilini xatırladır, gah qışın qarına-buzuna dönüb susur. Bu haldan-hala düşmə onun bir ruh adamı kimi qabarma-çəkilmələr içində olduğundan xəbər verir. Çiçəklənə bilmək, buludlana bilmək, xəzana dönmək

və təbiətin sirli-sehirli dönüşü kimi təzədən puçurlamaq, dolub-doluxsunmaq... Təbii şairliyin,anadan gəlmə saz-söz adamı olmağın- vergili olmağın ayrı göstəricisi yoxdu...

Məhərrəm Qasımlı,

Azərbaycan Aşıqlar Birliyinin sədri,

Əməkdar Elm xadimi.

 

-15-

 

Barat Vüsalın yazdıqlarının arasında elə şeirlər, bəndlər, misralar var ki, onlar təkcə bədii dəyərlərinə görə deyil, həqiqi ədəbi yaradıcılıq istiqamətini nişan verir. Böyük polyak şairi Miloş yazırdı ki, həqiqi poeziya dini tərkiblidi. Barat Vüsal bunu elə şeirin özüylə deyir:

Bir müqəddəs yazı itib,

Tapan gərək, izi itib.

Allahın bir sözü itib,

Şair o sözü axtarır.

Səlim Babulloğlu,

“Dünya Ədəbiyyatı” jurnalının

baş redaktoru.

 

-16-

Həyatımda Qazax bölgəsindən Nüsrət Kəsəmənli qədər ikinci bir kimsəni həm şair,həm də insan kimi sevməyən bir qarabağlı olaraq ,Barat Vüsalı da indi həmin sevginin bərabərində görürəm.Elə bil ki,o sevgi Nüsrət Kəsəmənlidən sonra öz ünvanını bir az da genişləndirdi,bir az da böyütdü.Və bundan da təbii ki,şəxsən mən çox məmnunam.

Barat Vüsal şair olaraq əbədi –yaşarılıq qazanıb...

Əbülfət Mədətoğlu

“Ədalət qəzetinin

baş redaktoru 1-ci

müavini.