adalet.az header logo
  • Bakı 13°C
01 Fevral 2021 11:27
51456
ƏDƏBİYYAT
A- A+

Bu idi “çevrilmə”... - Şəfa Vəli yazır

Bütün məğrurluqlarımın ilki məğlubiyyətlərim oldu, yenildiyim hər savaşdan öyrəndim qalibiyyəti... Bütün ürəklərdə yer aradığım zamanlar da oldu, bütün gözlərdən küsdüyüm də... Küsmədiyim, incimədiyim təkcə sözlər oldu... Sözlər... Yadımdadı, Aydan Abdullayevanın sevdiyi o şeirdə də küskünlüklərim vardı:

 

Təkcə sən bil... O bildiyin

Yaman ağrıtdı bu qızı...

Hamının atdığı yerdə

Təkcə söz tutdu bu qızı...

 

Biz sözü ürəyimizdə böyütdük, söz bizi ovuclarının içində kövrəltdi. Və yazdıq özümüzü...

Söz - Emin Pirinin “gizlətdiyi” Eminin də özündən böyük olan qorxularının yenilməyidir. Nağıl kimi olur günlərimizin axarı, biz o nağılın obrazları arasında yer dəyişirik. Vaxtilə Elçin Aslangil saatlarla mənə “çevrilmə” hadisəsindən danışmışdı, mat-mat dayanıb üzünə baxmışdım. Elçinə görə anlamamışdım bəlkə, amma, özlüyümdə çıxardığım məntiqi nəticə bu idi: biz həyat adlı nağılın şahzadəsiyik, şahıyıq, nökəriyik, Zümrüd quşu, hətta, küpəgirən qarısıyıq... Bu idi “çevrilmə”...

Emin Pirinin öz dünyasının “şah oğlu” olduğu bir vaxtın şeirini oxudum bir gün:

 

Gəl,

döy qapımı...

yolun uzaqdı bilirəm,

əziyyət çəkmə,

sizə gətirrəm

qapımı

döy,

ürəyin döyünən qədər.

 

Burda şairin-şah oğlunun itirmək qorxusu var. Qəfildən yox, bilə-bilə əllərindən salıb itirmək qorxusu. Barmaqlarıyla bərk-bərk tutduğu ümidləri gözlərində qoruyub saxlaya bilmir. Bacarmır. Şah oğulları məhdudiyyətləri, ehtiyacları, sonuncu yaşam bağının elə ovcundakı ümid olduğunu bilmir axı... Onlar bir əmr edir, Yeddiqardaş dağlarından axan çayın suyu Qızqaytaran bulağın gölməçəsinə qarışır. Ümidlərin qədrini bilməyəcəyindən qorxur, gözünü yumub ovcunu açmaq istəyir, son anda öz hökmünə arxasını söykəyir: “Sizə gətirrəm qapımı...”

Birdən peşman olur etmədiklərinə... Etdikləriylə qürur duyan Emin Pirinin etmədikləri kirpiklərindən asılır... Yanağından aşağı sallanan hər göz yaşı cəsarətsizliyinin edam etdiyi xoşbəxtliklərdir... Və deyir:

Yaşayıb güldürmədim

səni doyunca.

qoy,

ölüm...

doyunca ağladım səni.

 

Boyundan böyük qorxusu peşmanlığının qarşısında yox olurkən yadına verəcəyi can borcu düşür. Ona verilən əmanət ömürün istəkləriylə sürüyüb yaşamından keçirdiyi günlərə heyfi gəlir. Şah oğlu da olsa əcəl qarşısındakı acizliyini dərk edir. Bu dəfə də Tanrıya üz tutur:

 

Tanrım,

sənin də yanında

yalançı oldum,

göndərə bilmədim əmanətini.

sənə də can borcum qalıb,

nisyə dəftərinə yazarsan məni.

 

Daha bir şeirində Emin Piri həyat-nağılın cadugəridir. Bütün cadularını “eşq” adlandıraraq göyərçinlərin ayağına bağlamaq istəyir... Göyərçinlər sülh quşudur axı, qırmızı ayaqlarını eşq adlı günaha batırmaq istəmirlər. Ümid qalır hər kəsin eşqini anıb ağladığı payız yarpaqlarına... Cadugər ağac dilində danışır:

 

Payız...

Xəzan pıçıldayır

ağacın qulaqlarına:

“Gözlə məni yazacan”.

Sən də gözlə məni,

bir başqa qadından doyanacan...

 

 

Və birdən yadına düşür ki, nağılının yuxu hissəsini hələ yaşamayıb. Qayıdıb qərib aşiq donuna düşür. Gözlərini bərk-bərk yumub yuxusuna çağırır butasını. Yuxusu ərşə çəkilir... Qapıya baxır... Baxır... Özündən uydurur döyülən qapının “tıq-tıq” səsini:

 

Ölçüləri kiçildilmiş xəritədə

şəhərlərimiz əllərindən

daha yaxındı mənə.

Dayan...

Baxım görüm döyən kimdi

ürəyim yaman döyünür.

Xoş gəlir

bu gələn

sənsizliyə oxşayır...

Sənə demişdim də...

Sənsizlik

“Sən” “Siz” olanda başlayır...

 

Bezir nağılından Emin... Nağılların sonundakı “hər kəs murada yetdi” sözlərini ha gözləyir, gəlmir axı. İnkar edir nağılını və qayıdıb olur Xəzər sahilinin özündən küsmüş şairi... Başlayır xatirələrini Xəzriyə söyləməyə. Eşidib ki, küləklər sevdalısının səsini pıçıldaya bilir qız saçlarına:

 

Hələ,

məktəb illəri...

kimya dərsində

quruyardı boğazım

baxışlarım tutanda

çəhrayı dodaqlarını.

Əllərindən

bir ovuc su istəyən

ürəyimi oxuyardın.

Və...

Lövhəyə iri hərflərlə yazardın:

H2O...

 

Nahaq dünyanın haqq səsidir şeirlər... Vardır, əlbət, bir bildiyi Emin Pirini şair yaradanın... Biz oxuyaq, düşünək, qorxaq, qəhərlənək deyə yazır Emin Piri. Təki yazsın, sözlə qərib olsa da, sözdən qəribə düşməsin...