adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Yanvar 2021 17:20
73177
ƏDƏBİYYAT
A- A+

Gecənin səsi...  - Meyxoş Abdullah yazır

(hekayə)

... Hava qaranlıqlaşırdı. Dekabr ayının buz kimi soyuq küləyi adamın canına iti bıçaq kimi işləyirdi. Nəfəs aldıqca ciyərlərə dolan hava axını, xarlanmış qar kimi, sanki adamın içini qıdıqlayırdı. Göydən iri yağış damlaları ələnirdi. Bu, yağışdan çox buzlu suya oxşayırdı. Belə havada bir saatdan artıq eşikdə qalmaq olmazdı, adamı soyuq kəsərdi.

Bayaqdan binanın qarşısında var-gəl edən müğənni qızın fikri, üç-dörd gün bundan qabaq qospitaldan, ona hədiyyə edilmiş evinə dönən əsgərin yanında idi. Qızı soyuq tutsa da, fikrində qəti idi. O, binanın dördüncü mərtəbəsindəki bir otaqlı mənzilə qalxmalı idi. Amma yaralı əsgərin heç kimi olmadığı üçün, ona qulluq edən tibb bacısı hələ ki, evlərinə getməmişdi. O indilərdə binadan çıxmalı idi.

Bir azdan tibb bacısı dəhlizdə göründü. O, soyuqdan donmasın deyə, qalın yun şarfını boğazına dolaya-dolaya iri addımlarla səkinin o biri tərəfinə keçib, avtobus dayanacağına yüyürdü.

Müğənni qız Sara, binanın giriş çıxışında adamların azaldığını görüb sürətlə pilləkənlərlə yuxarı qalxmağa başladı.

Dördüncü mərtəbəyə çatanda qarşısındakı üç qapının üçünə də diqqətlə nəzər saldı. Qapıların birinin üstündə: - “Qazi Fərid Salmanov” sözlərini oxuyanda bir azca rahat oldu.

Tezcə də qapının zəngini basdı. Evin sahibi sanki qonaq gözləyirmiş kimi içəridən səsləndi:

- Buyurun, gəlin, qapı açıqdır!

Sara qəfil səsdən diksindi. Sonra o, ehmalca qapının dəstəyini dartdı. Qapı açıldı. Qız asta addımlarla içəri daxil oldu. Birotaqlı mənzilin sağ küncündə xəstəxana çarpayısına oxşar bir çarpayı yerləşdirilmişdi. Çarpayıda yaralı bir əsgər uzanmışdı. Əsgərin bir gözü ağ, dairəvi tənziflə örtülmüşdü. Üstünə örtdüyü adyalın yarımqatlanmış hissəsindən isə bayıra yalnız bir ayaq çıxmışdı. Əsgərin o biri qıçı dizdən aşağı yox idi.

Sara bura gəlməmişdən qabaq hər şeyi öyrənmişdi. Bilirdi ki, döyüşdən yaralı qayıdan Fəridin bir qıçı dizdən aşağı kəsilmiş, bir gözünü isə qəlpə çıxarmışdı.

Fərid, qapıda dayanan 30-35 yaşları arasında olan yaraşıql qızı görən kimi tanıdı və yerindən dikəlməyə çalışdı. Amma bacarmadı, ağrıları ona əzab verdiyindən dişlərini bir-brinə sıxaraq ufuldadı. Sonra tezcə də özünü ələ almağa çalışdı.

Qız Fəridin utandığını hiss etdiyindən, bir-iki addım irəli yeriyib onun çarpayısına yaxınlaşdı və:

- Salam... Necəsən, igid əsgər? – dedi.

Fəridin rəngi allandı. O, maddım-maddım qızın üzünə baxdı.

Dili topuq çala-cala:

- Yaxşıyam. Çox sağ olun. Siz necəsiniz?

Qız gülmsəyərək, əini Fəridə tərəf uzatdı:

- Məni tanıdınızmı?!

- Əlbəttə!.. - deyə, Fərid dilləndi. Sizi tanımamaq olarmı? Sara xanımsınız, mənim ən çox sevdiyim müğənni. Səsinizdən elə xoşum gəlir ki... Sizi televizorda görəndə çox sevinirəm. Telefonumda da mahnılarınız var, arada qulaq asıram. Sizi hamı çox istəyir.

- Doğurdan?! Nə gözəl. Elə bilirdim camaatın məndən xoşu gəlmir – deyə müğənni qız qəh-qəhə çəkib güldü. Onun qıpqırmızı boyalı dodaqları və o, qırmızı dodaqları arasından görünən ağappaq dişləri Fəridə elə xoş gəldi ki...

- Hə, düz deyirəm, siz mənim sevdiyim müğənnisiniz.

Qız yaxın gəlib Fəridin əlini ovcunun içinə aldı və oğlanın əlini bir neçə dəfə sığalladı. Əyildiyinə görə qızın çılpaq sinəsi və iri yumuru döşləri Fəridin gözlərinin önündə, məşhur bir rəssamın çəkdiyi ecazkar rəsm əsəri kimi canlandı. Onun ağrılı canından bir gizilti keçdi.

Qız əsgərin sifətinin allandığını hiss etdiyindən:

- Qapı niyə açıqdır? Gələsi qonaqların var? Yoxsa, kimisə gözləyirsən?! – deyə qız, Fəridlə zarafat edirmiş kimi gülümsədi.

Fərid qızın nəyə işarə etdiyini anladığından bir azca utanan kimi oldu.

- Yox, onsuz da, otağın qapısı həmişə açıq olur. Dostlar, tanışlar gəlib-gedirlər. Bayaq xidmətçi qız evə gedəndə ona özüm tapşırdım ki, qapını bağlamasın. Gündüzlər yanıma çox adam gəlir. Gecələr isə aradabir dostdan-tanışdan tapılanı olur. Bu gün yəqin ki, gələn olmaz. Çünki gözlədiklərimin hamısı axşamüstünə qədər gəlib gediblər.

- Xəyalına gələrdimi sənin sevdiyin bir müğənni bir gün yanına gəlsin? - deyə Sara əsgərdən soruşdu.

- Yox, doğrusu, heç vaxt ağlıma gəlməzdi ki, bir gün gələsiniz.

- Niyə?.. Niyə belə düşündün?

- Nə bilim. Ağlıma gəlməzdi də... Axı, siz tanınmış müğənnisiniz, məşhursunuz.

- Burax, sən allah, bu sözləri... Sən indi hamımızdan məşhur adamsan. - Bilirsən yanına niyə gəlmişəm? – deyə Sara dilləndi

Fərid çiyinlərini çəkdi.

- Olarmı, qapını içərdən bağlayım? - deyə qız, Fəridin üzünə gülümsədi.

- Necə istəyirsinizsə. Onsuz da, gecdir, bundan sonra yanıma gələn olmaz. Xidmətçi qız da bir az bundan qabaq evinə getdi. Şükürlər olsun, ona o qədər də ehtiyacım yoxdur. Əlağacıyla daha özümü otaqda idarə edə bilirəm.

- Hə, xidmətçinin bayaq getdiyini mən də gördüm. Elə onu gözləyirdim ki, çıxıb getsin, sonra mən gəlim yanına - deyə qız gülümsəyərək ayağa qalxdı və asta addımlarla otağın qapısına yaxınlaşıb, qapını içəridən bağladı. Sonra yenidən qayıdıb Fəridin yanında oturaraq, onun əlini, alnını sığallamağa başladı.

- Heç nə alıb gətirmədim sənə. Bilirəm ki, hər şeylə təmin olunmusan. Hər gələn də yanına ərzaqla, sovqatla gəlib gedir, elə deyilmi?

- Hə, düzdür, hər şeyim var. Adamlar da hər gün əlidolu gəlirlər. Onsuz da, mənə gətirilən ərzaqları tibb bacısından xahiş edirəm ki, qonum-qonşuya paylasın. Axı, nəyimə lazımdır bu qədər ərzaq, onları kim yeyəcəkdir? Onsuz da xarab olub, atılasıdır.

- Hə, hə, elə ona görə də sənə heç nə alıb gətirmədim. Çünki qalib əsgərsən, sənin hər şeyin var, orden və medallardan tutmuş hər şeyə qədər. Bizim də borcumuzdur ki, qalib gəlmiş əsgərin qulluğunda duraq, ona yardım edək. Kimin gücü nəyə çatır. Elə deyilmi?! – deyə qız gülümsədi.

- Sağ olun, mən sizlərdən çox razıyam. Mənə bu qədər diqqət göstərirsiniz.

- Bizim borcumuzdur. Siz bütün sağlamlığınızı bizim yolumuzda, qələbəmiz naminə qurban verdiniz. Sizə canımız da qurbandır. – İndi olarmı, səni öpüm?! - deyə qız boynunu çiyninə qoyaraq gülümsər gözlərini oğlanın üzünə dikdi.

- Fərid çaşqın halda:

- Nə bilim...ürəyiniz istəyirsə öpün! - dedi....

Qız, əyilib əvvəlcə Fəridin sarğılı, yaralı gözündən öpdü.

Qızın bədəninin ətirli iyi Fəridin burnunu qıcıqlandırdı. O, utancaq nəzərlərlə qızın üzünə baxdı və gülümsədi.

- Xoşuna gəldimi? Yenədəmi öpümmü? – deyə, qız soruşdu.

Fərid boynunu çiyninə qısıb gülümsədi.

Qız bu dəfə adyalı azacıq qaldırıb, Fəridin dizdən aşağı kəsilmiş yaralı qıçından öpdü və ehmalca yaranı sığalladı.

- Ağrıyırmı?!

- Hə, bir az ağrıyır! – deyə əsgər şiddətli ağrısını qızdan gizlətməyə çalışdı.

- Harada yaralanmısan?!

- Şuşa ətrafında gedən döyüşlərdə.

- Minaya düşdün?

- Yox, yanımda mərmi partladı. Qıçımı və gözümü itirdim.

- Caaan. Qurban olaram sənə. Yaxşı qurtarmısan. Allah eləməmiş, birdən....

- Kaş, mən də dostlarım kimi şəhid olaydım... Ömrüboyu belə əlil olmaqdansa, ölmək daha yaxşı olardı, - deyə Fərid dərindən köks ötürdü.

- Yox, elə demə, sənə qurban. Yaşamaq lazımdır. Sən igid oğlansan, yaraların sağalar, ayağa qalxarsan hər şey yaxşı olacaq. Sən qalib gəlmiş dövlətin qalib əsgərisən. Səni hamımız çox istəyirik. Hələ, bir sağal, səndən ötrü qızlar bir-birlərinin saçını yolacaqlar.

Qızın bu sözləri Fəridin xoşuna gəldi, o gülümsədi.

- Hə, nədir xoşuna gəldi sözlərim? Düz deyirəm də, qızlar bu dəqiqə döyüşçü oğlanlar üçün canlarını da qurban verərlər. Niyə də verməsinlər, onlar vətəni azad etdilər, torpaqlarımızı düşməndən təmizlədilər. İnciməyin, elə götürək mənim özümü, bundan qabaq kişilərə nifrət edirdim. Yan-yörəmdə hərlənən kişilərin heç birini kişi saymırdım. Düz deyirəm, axı, bu kişilər hansı haqla torpaqlarımız, qadınlarımız düşmən əsarətində ola-ola sinələrinə döyüb, özlərini öyməliydilər? Məgər, düz demirəm? Amma indi bütün kişilərə rəğbətim o qədər artıb ki...

Sara əlini Fəridin üzünə toxundurdu. Oğlanın sifəti od kimi alışıb yanırdı.

- Sənin qızdırman var? Yaxşısanmı? Səni yormuram ki?!

- Yox, narahat olmayın yaxşıyam. Hər şey qaydasındadır. Sizinlə söhbət etmək mənim üçün xoşdur. Sadəcə olaraq, çox həyəcanlıyam, yəqin ondandır.

- Həyəcanlısan?! Caaan!.. Niyə?!

Qız əyilib Fəridin dodaqlarından öpdü. Oğlanın dodaqları od kimi yanırdı. Sinəsi isə həyəcandan qalxıb-enirdi.

– Bu gecə yanında qala bilərəmmi?! – deyə qız soruşdu.

Fərid gülümsəyərək:

- Mən qonağa necə deyim ki, çıx evimdən get.

Qız bayaqkı kimi yenidən qəh-qəhə çəkərək:

- Ölərəm səninçün. Onda bir qucaqla məni görüm.

Fərid qollarını geniş açaraq qızı bərk-bərk qucaqladı.

Yarımqaranlıq otağın sakitliyini, qızın ara-sıra pıçıltıyla dediyi: - səni incitmirəm ki?! – sözləri diksindirirdi.

Yaralı döyüşçü qızın bu sözlərinə cavab olaraq onu özünə bir az da bərk-bərk sıxaraq, sanki özünü qızın gözündə döyüşdə olduğu kimi, cəngavər olaraq göstərməyə çalışırdı...

... Fəridi şirin yuxudan xidmətçi qızın səsi oyatdı.

Yaralı əsgər gözlərini açanda, başınınüstə tibb bacısını görüb, əllərinin arxasıyla gözlərini ova-ova onun üzünə baxdı.

Tibb bacısı:

- Maşallah, bu gün nə çox yatmısan. Mən bayaqdan gəlmişəm. Şirin yatdığını görüb, oyatmağa özüm qıymadım səni. Halın necədir, ağrımırsan ki?!

Fərid hələ də donuq baxışlarını qızın üzündən çəkməyərək asta səslə:

- Yox, ağrımıram. Bu gecə çox rahat yatmışam. Yaralanandan bəri heç belə yatmamışdım. Sonra o tibb bacısından soruşdu:

- Siz gələndə otaqda kim var idi?

- Heç kim! – deyə qız cavab verdi.

- Heç kim!!! – Fərid ətrafına nəzər saldı.

Onun narahat olduğunu görən tibb bacısı soruşdu:

- Qonağınmı var idi?!

- Yooox! Elə belə soruşdum – deyə Fərid köks ötürdü.

Tibb bacısı bic-bic gülümsədi. Çünki bayaq o, Fəridin yastığını səhmana salanda, yastığın altında bir büküm pulun olduğunu görmüşdü. Həm də, deyəsən, qonaq qadın imiş, yastığın üstündə bir necə uzun, şabalıdı rəngdə tüklər ilişib qalmışdı...

Tibb bacısı bir şey başa düşmədiyindən əsgərin dərmanlarını hazırlamaq üçün mətbəxə keçdi. Fərid isə telefonunu götürüb açdı və barmaqlarını ehmalca telefonun düymələrinin üstə gəzdirdi. Gözəl və ecazakar bir səs otağa yaz dumanı kimi buğum-buğum yayılmağa başladı. Müğənni qız oxuyurdu: -

 

“...Yağış da yağır hələ, bu sənsiz küçələrə...

dözürəm, bilə-bilə sənsiz açan səhərəm...

yarpaqlar pıçıldayır küləyin nəfəsindən...

ürəyim sızıldayır, bu gecənin səsindən...”