adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Yanvar 2021 13:07
103121
ƏDƏBİYYAT
A- A+

Aqil Abbas: Sonuncu dərs

("Çadırda Üzeyir Hacıbəyov doğula bilməz"romanından bir parça)

Məllim Vasifgilin həyətindən çıxdı, düşdü üzüaşağı məktəbə tərəf. İt də quyruğunu bulaya-bulaya onun yanınca gedirdi, aradabir qaçıb kola-kosa soxulurdu, amma yenə dönürdü Məllimin yanına.

Gəldi çatdı məktəbə. On il bu məktəbdə dərs almışdı, iyirmi il də borcunu qaytarıb dərs vermişdi. Çox qəribə də olsa, məktəb yerində idi. Nə yandırmışdılar, nə də sökmüşdülər. Hətta həyətdəki ağacın budağından asılmış zəng də yerində idi. Məktəblərdə zınqrovlu zənglər elektrik zəngləri ilə əvəz ediləndə Məllim onda bu məktəbdə ikincimi, üçüncümü sinifdə oxuyurdu. Onda müəllimlər elektrik zəngini istəməmişdilər. Onların xahişi ilə Qarabağda bu qədim məktəbin bir qədimlik rəmzi olan zınqrovlu zəngini saxlamışdılar. İndi zınqrovlu zəng yerində idi, sadəcə zınqrovunu qoparmışdılar. Məktəbin pəncərələrini də çıxarmışdılar, qapısı da yerində yox idi. Girdi içəri. Dəhlizi ot basmışdı. Gördü ki, bütün qapılar da yoxdu. Düz yüz il əvvəl tikilmiş bu məktəbin qapılarının hamısı qoz ağacından idi. Çox nəfis şəkildə, gözəl naxışlarla işlənmiş bu qapıları Gevorkov bir dəfə istəmişdi sökdürsün, aparsın tikdirdiyi qonaq evinə saldırsın. Amma camaat qalxmışdı ayağa və Gevorkov məktəbin qapılarını çıxartdıra bilməmişdi. Bu məktəb Qarabağda adnan idi. Bu məktəbdən yüzdən artıq alim, professor çıxmışdı, katib, ispalkom, prokuror çıxmışdı. Məllim də düz 20 il bu məktəbdə ədəbiyyatdan dərs demişdi. Amma fərqində olmamışdı ki, bu uşaqlar gələcəkdə alim olacaq, yoxsa prokuror. Bircə onun fərqində olmuşdu ki, dərs dediyi uşaqlar nə olursa-olsunlar, fərq etməz, təki adam olsunlar.

Qalxdı ikinci mərtəbəyə. Girdi Müəllimlər otağına. Məllim Aqil Abbasın qələmə almağa qüdrəti çatmadığı çox qəribə hisslər keçirtdi.

Sanki bütün ailəsi gözü önündə qırılan bir adam dəfndən geri qayıdıb və neçə illər xoşbəxtcəsinə yaşadığı doğma evin qapısını açır, girir doğmalarını itirmiş insan kimi dərddən üzülən mənzilinə. İki-üç sınıq-salxaq stol, stul vardı,bir də ortalıqda yağışın çürütdüyü kitab-dəftər. Əlini atıb yerə tökülmüş kitab-dəftərdən birini götürmək istədi, amma barmaqlarının arasında çürümüş kağız qaldı. Müəllimlər otağından çıxdı, getdi dəhlizin başındakı sinif otağına. Kənddən çıxanda həmin sinifdəki onuncuların sinif rəhbəri olmuşdu.

Bu sinif həm də "Ədəbiyyat otağı" adlanırdı. Rusiyanın və Azərbaycanın ən məşhur şair və yazıçılarının portretləri divardan asılardı. Təbii ki, sağ olanların yox, ölənlərin. Məllim "Ədəbiyyat otağı"na rəhbər təyin ediləndə bəzi rus ədəbiyyatçılarının şəkillərini çıxarıb atmışdı. Onların yerinə İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın və Vaqif Səmədoğlunun portretlərini asmışdı. Məktəbin direktoru soruşmuşdu ki, bu Vaqif Səmədoğlu kimdi ey, o belə bir şair tanımır.

Məllim Vaqif Səmədoğlunun şair kimi böyüklüyünü direktora sübut eləyə bilməmişdi.

Vaqifin hansı şerini demişdi, direktor ağzını büzmüşdü:

- Məzarıma nə başdaşı qoyun, nə heykəl, bir cüt ayaqqabı qoyun, ayaqyalın geyib getsin. Heç dəxli var, bu şerdi?

Məllim bu misraların nəhəng bir sənət əsəri olduğunu direktora sübut eləyə bilməmişdi. Görmüşdü yox, direktor əl çəkmir, axırda demişdi:

- Bilirsən bu kimin oğludu?

- Nədi, dədəsi sekada işləyir?

- Yox ey, Səməd Vurğunun oğludu.

- Yaxşı, Səməd Vurğunun xətrinə qoyun qalsın.

Səməd Vurğunun xətrinə Vaqif Səmədoğlunun da portreti görkəmli sənətkarlarla bir sırada asılmışdı.

Məllim xalqın bu böyük övladlarının hər birinin çox xoşladığı bir kəlamını qəşəng hərflərlə yazıb asmışdı divarlardan. Yazı lövhəsinin üstündən dəiri hərflərlə Məhəmməd Hadinin bir beytini yazmışdı:

 

"Elmin, mərifətin, hünərin varsa, buyur gəl!

Yoxsa, bu elm aləminə olma bir əngəl!"

 

Məllimin fikrincə bu beyti bütün ali məktəblərin binalarının alnına həkk eləmək lazımdı. Məllimin bütün ali məktəblərin binalarının alnına bu beyti həkk eləməyə gücü çatmazdı, amma bu "Ədəbiyyat otağı" onun idi və o, bu "Ədəbiyyat otağı"nın birinci katibi idi, indiki dillə desək, prezidenti.

Girdi içəri. O sinifdən, o gözəl "Ədəbiyyat otağı"ndan heç bir iz qalmamışdı. Döşəmə çürümüşdü, taxtalar qopmuşdu. Yazı lövhəsində güllələrnən ermənicə bir pis söyüş yazılmışdı. Yerə dağılmış portretlərin birini götürdü. Portret çürüsə də əksin gözlərindən Bəxtiyar Vahabzadənin kədərli və ağrılı baxışları süzülürdü.

Portretin alnı deşilmişdi, görünür güllə ilə vurmuşdular. Əlində Bəxtiyarın çürümüş portreti oturdu qapının ağzında, çürümüş döşəmədə.

Heç nə fikirləşmirdi, əslində heç nə fikirləşə bilmirdi, elə baxırdı. Beləcə xeyli oturdu. Sonra durub çürümüş portretləri bir-bir yerdən yığdı və ələ gələnləri yenidən divarlardan asdı. Düşdü həyətə. Gəlib oturdu həyətin ortasındakı bir böyük daşın üstündə. Yenə it gəldi, başını onun ayaqlarına sürtüb yalmanmağa başladı. İt sığal istəyirdi, amma Məllimin iti sığallamağa halı qalmamışdı.

Qaranlıq düşmüşdü. İstədi durub öz evinə getsin, amma fikrindən tez də vaz keçdi. Əvvəla Aşotun onun evini yandırdığını öz gözləri ilə görmüşdü. İkincisi də, o vəhşiləşmiş evini, vəhşiləşmiş həyət-bacasını görmək istəmədi. Qalxdı ayağa. Yenidən yaxınlaşdı məktəbə və üzünü məktəbin divarındakı buz kimi daşlarına qoyub başladı yavaş-yavaş ağlamağa. Ağlaya-ağlaya da məktəbin divarındakı buz kimi daşlarını oxşayırdı.

Daş doğma bir nəfəs hiss eləyirdi, Məllimin göz yaşlarının turşuluğunu hiss eləyirdi. Məllim daşı oxşayıb sığalladıqca altı ildi bu doğma nəfəsin, bu doğma nəvazişin həsrətini çəkən və dünya ilə yaşıd olan bu çay daşı dözməyib ovxalanırdı, daşın daş ürəyi göz yaşının ağrılarına dözməyib parçalanırdı. Amma Məllim bunu hiss eləyə bilmirdi.

Məllim ürəyini boşaldıb xeyli yüngülləşdi. Gecəni bir yerdə gecələməli idi. Fikirləşdi ki, elə məktəb yaxşıdı. Qalxdı ikinci mərtəbəyə, getdi öz sinfinə. Pencəyini çıxarıb bükmələyib qoydu başının altına və yuxuladı. İt də gəldi uzandı Məllimin ayağının altına və başını da qoydu Məllimin dizinə. Məllim nə təhər yorulmuşdusa daş kimi yatdı, yuxu-filan da görmədi. Quşların səsinə ayıldı, neçə il idi quşların belə oxumasını eşitməmişdi, səhər açılmışdı, özü də çoxdan açılmışdı.

Ürəyi ağrıya-ağrıya sınıq-salxaq partalara baxdı, mamırlamış divarlara baxdı, mamırlamış divarlardakı dünən asdığı çürümüş portretlərə baxdı, çürümüş döşəməyə baxdı. Düz iyirmi il hər gün səhər bax elə bu vaxt, bax elə bu sinifdə quşların nəğməsi altında balalarımıza Nizamini öyrətmişdi, Füzulini öyrətmişdi, Mirzə Cəlili öyrətmişdi, Səməd Vurğunu öyrətmişdi, Bəxtiyar Vahabzadəni öyrətmişdi.

Yenə sınıq-salxaq partalara baxdı, mamırlamış divarlara baxdı, yenə mamırlamış divarlardakı çürümüş portretə baxdı, çürümüş döşəməyə baxdı, sonra sinif otağından çıxdı. Özünü bir düzəltdi, pencəyinin yaxasını düymələdi, əzik pencəyinə bir sığal verdi və şəstlə girdi sinifə. İçəriyə bir göz gəzdirdi, sonra dedi:

- Oturun!

Özü də keçib sınıq partalardan birini yazı lövhəsinin qarşısına çəkdi və oturdu. Yenidən diqqətlə sinifə göz gəzdirdi. Sinifdəki 23 uşağın hamısının adını əzbər bilirdi.

- Məmməd?

- Burda.

Amma sinfin ən mağmın, ən qorxaq şagirdi sayılan Məmməd burda deyildi, Malıbəyli yanan gecə güllə dəymiş anasını xilas etmək istəyəndə güllə dəyib ölmüşdü. Ana-balanın meyidi qalmışdı Malıbəyli meşəsində, qurda-quşa yem olmuşdu.

- Cəfər?

Səs gəlmədi. Bir də çağırdı:

- Cəfər.

Kimsə dedi:

- Məllim, Cəfəri it tutub.

İt tutmuş Cəfər könüllü batalyonlar ləğv olunandan sonra bir müddət boş-boşuna veyillənmişdi. Sonra iş tapmayan minlərlə gənc kimi çörək dalınca çıxıb getmişdi Moskvaya. İndi Moskva bazarlarının birində alver eləyirdi, əlinə düşən üç-beş manatı da göndərirdi... Çadır şəhərində ömürlərindəki günləri sayan ata-anasına. Bir dəfə axşamüstü Cəfərin atası gəlmişdi Məllimin çadırına, əlində də bir bükülü:

- Məllim, bu köynəkdi, Cəfər Moskvadan sənin adına göndərib.

Məllim kövrəlmişdi. Sonra köynəyi əyninə geyib hamıya fərəhlə demişdi ki, bunu mənim şagirdim Moskvadan göndərib. Məllim üçün köynək o qədər də maraqlı deyildi, Moskvada bir qarnı ac, bir qarnı tox yaşayan şagirdinin onu yadına salması maraqlı idi.

- Leyla?

- Burda.

Leyla burda deyildi. Böyük oğlunun hələ də sevgi məktublarını dünyanın ən əziz bir xatirəsi kimi qoruyub saxladığı Leyla ermənilərin əlinə düşhadüşdə itin yemədiyi, amma millətin böyüklərinin yediyi namusunu götürüb özünü sıldırımdan atmışdı. Və ruhu da hələ də Malıbəylinin üstündə gəzirdi. Hələ bir dəfə öpülməyən və öpüşün dadının nə olduğunu bilməyən Leylanın ruhu haçansa onu öpəcək və hazırda əsgərlikdə olan Məllimin böyük oğlunun yolunu gözləyirdi. Məllimin oğlu Malıbəyliyə dönəcəkdi və sonra düz əlli il Malıbəylidə yaşayacaqdı. Onu Xankəndi şəhərinə bələdiyyə başçısı seçəcəkdilər. O da Malıbəylidə yandırılmış, dağıdılmış evlərdən əvvəl Xocalını təzədən tikəcəkdi. Düz Xocalının ortasında Əlif Hacıyevin heykəlini

qoyacaqdı. Evlənəcəkdi, coluq-cocuğu olacaqdı. Sonra coluq-cocuğunu da evləndirəcəkdi, nəvə-nəticəsi olacaqdı. Ömrünün yetmiş birinci ilində öləcəkdi. Və ölənə qədər bilməyəcəkdi ki, məktubunu ən əziz bir xatirə kimi saxladığı bu qızcığazın ruhu onun yanında dolaşır, içdiyi suya qarışıb qan damarlarına süzülür. Günəşin şüalarına qarışıb bütün bədənində dolaşır. Bir sözlə, onu qoruyur. Və öləndə ruhu qovuşacaqdı bu qızcığazın ruhuna. Əl-ələ tutub Qiyamət gününədək bu Cıdır düzünün üstündə, bu Topxananın üstündə uçacaqdılar. Yorulanda da enəcəkdilər Xanbağına, Natəvanın şer məclisində oturub gözəl-gözəl şe'rlərə qulaq asacaqdılar. Hələ o günə əlli bir il vardı, hələ Məllimin oğlu əlində silah səngərdə oturub Ali Baş Komandanın Şuşaya hücum əmrini gözləyirdi.

- Elçin?

- Burda.

Qoçuydu Elçin, davakarıydı Elçin, məktəbin atamanıydı. Kənd çıxanda babasından qalmış köhnə qoşalülə tüfənglə düz axıracan vuruşmuşdu.

Gələndə də bir yaralı əsgəri Malıbəyli meşəsindən Abdalacan çiynində gətirmişdi. Pəhləvanıydı Elçin. On oğula döş verməzdi Elçin. İndi gözləri çuxura düşmüş, ordu batmış bir görkəmdə Bərdədəki 1 nömrəli Ərəb Çadır şəhərinin kənarındakı yolda siqaret satırdı.

- Gülsüm?

Yerdən dedilər:

-Xəstədi.

Gülsüm doğrudan da xəstəydi. Kənd çıxanda qızcığaz qorxusundan ürək ağrısına tutulmuşdu. Çadır şəhərində Məllimin qonşuluğunda yaşayırdı.

Məllim də hərdən bu xəstə şagirdinə baş çəkərdi. O gözəl-göyçək Gülsümdən heç nə qalmamışdı, əlli ilin qadınına oxşayırdı bu hələ ərə getməmiş qız.

- Bəyoğlan?

- Burda.

Bəyoğlan Ağdam döyüşlərində son gülləsinədək vuruşmuşdu. Sonra da qumbaranı götürüb özünü erməni tankının altına atmışdı.

- Əhməd.

Səngərdən on beşcə addım aralıda güllə dəymiş Əhmədi qan aparırdı. Bu güllə yağışının altında Əhmədə kömək eləmək, onu döyüş meydanının ortasından çıxarmaq mümkün deyildi. Başını səngərdən çıxarmaq ölümlə öpüşmək demək idi. Və heç kim də ölümlə öpüşmək istəmirdi. Və elə hamının gözü qabağındaca ölüm Əhmədi götürüb aparırdı. Bığ yeri təzə-təzə tərləyən, hələ qız öpməmiş Əhməd ağrıdanmı, ölümün qorxusundanmı ağlaya-ağlaya kömək istəyirdi,özü də Məllimdən kömək istəyirdi. O Məllimdən ki, Əhmədə Tomrisin qeyrətindən danışmışdı,

Babəkdən, Şah İsmayıldan danışmışdı. O Məllimdən ki, Əhməd üçün dünyada ondan gözəl müəllim yox idi. İndi dünyanın bu gözəl müəllimi Əhmədə kömək əlini uzada bilmirdi. Və Əhməd, ölümlə çarpışan Əhməd döyüş meydanında canlı hədəfə çevrilmişdi. Əgər xilas edilməsə, ya qanaxmadan öləcəkdi, ya da başqa güllələrlə öpüşəcəkdi. Əhməd gözünü zilləmişdi Məllimə.

Zəif səslə deyirdi:

- Məllim, Məllim, Məllim...

Gördü Məllimdən hay çıxmır, daha çağırmadı. Amma çox dəhşətli baxışlarla gözlərini Məllimə zillədi. Əhmədin Məllimə sevgisi nifrətə çevrilmişdi. Nifrətlə baxırdı Məllimə.

Məllim bu nifrətli baxışlara tablamadı. Qəfil sıçrayıb səngərdən çıxdı və özünü Əhmədin üstünə atdı. Sonra yavaş-yavaş Əhmədi səngərə tərəf sürüməyə başladı. Məllim bu işi başardı və Əhmədi səngərə gətirib sala bildi.

Əhməd gözlərini açdı, üzündə bir təbəssüm yarandı. Bayaqkı nifrətli bəbəklərdən indi bir ilıq sevgi axırdı. Məllim Əhmədi balası kimi basdı bağrına.

Əhməd xırıldaya-xırıldaya:

- Sağ ol, Məllim...

Məllimsə bağrına basdığı Əhmədə yalvarırdı:

- Ölmə, saa qurban olum! Ölmə, mənim balam! Ölmə, nolar, ölmə...

Əhməd Məllimi bəlkə də ilk dəfə eşitmədi. Öldü. Amma çox xoşbəxtcəsinə öldü. Çünki müəllimi onu güllə yağışının altından çıxarmışdı.

Məllim 23 şagirdin hamısının adını oxuyub qurtardı. Sonra qalxdı ayağa, bir balaca var-gəl elədi, sinifdə milçək uçsa səsi eşidilərdi və başladı.

- Bugünkü dərsimiz Şah İsmayıl Xətaidi. İmperiya bizə Şah İsmayıl Xətaini bir şair kimi təqdim edib. Çalışıb ki, biz Şah İsmayılı bir şah, bir sərkərdə kimi deyil, bir şair kimi tanıyaq. Şah İsmayıl Azərbaycan dilini ən dərin incəliklərinə qədər poeziyamıza gətirən misilsiz bir şairdi. Amma ədəbiyyatımızda Xətai adlı bir şair olmasaydı, Azərbaycan ədəbiyyatı heç nə itirməzdi. Ədəbiyyatımız, Nizami kimi, Nəsimi kimi, Füzuli kimi dühaları olan bir ədəbiyyatımız, Xətaisiz də bir təhər ötüşərdi. Cılxa Azərbaycan dilində poeziyamız uzaqbaşı 50 il gec yaranardı. Ədəbiyyatımızda Şah İsmayıldan öncə də cılxa azərbaycanca şe'r yazan Həsənoğlu kimi bir şairimiz də var. Şairlik Xətainin elə ən böyük xətası idi. Qılıncı yerə qoyub qələmi əlinə götürən bir şahın gələcək övladları bax elə bu gündə olur...

... Şah İsmayıl on dörd ildə on dörd ölkəni fəth eləmişdi. On dörd ildə on dörd ölkənin padşahını qılıncının altından keçirmişdi...

... Şah İsmayılın ən böyük xətası isə Sultan Səlimlə müharibəyə başlaması oldu. Bu iki nəhəng türk sərkərdəsinin bir-birinə qılınc çəkməsi iki nəhəng türk dövlətinin gələcəyinə böyük zərbə vurdu.

Çaldıran savaşı Avropanı Sultan Səlimin əlindən çıxartdı. Bu savaş Hindistanı da Şah İsmayılın əlindən çıxartdı. Çaldıran savaşı Əmir Teymurla İldırım Bəyazidin elədiyi müharibə kimi həm türk xalqının tarixinə bir ləkə idi, həm də türk xalqının gələcəyinə bir qılınc çalmaq idi...

...Şah İsmayıl çox böyük sərkərdə idi. Makedoniyalı İsgəndər kimi, Yuli Sezar kimi, Çingiz xan kimi, Batı xan kimi, Əmir Teymur kimi bir sərkərdə idi. Türk dilini dövlət dili elan edən Şah İsmayılın bayrağı Şərqin ən möhtəşəm şəhərləri üzərində dalğalanırdı. Şah İsmayıl...

Zəngi çalan yox idi deyin Məllim bilmədi ki, saat yarımdı Şah İsmayıldan danışır.Nəhayət yoruldu. Üzünü sinifə tutub dedi:

- Ardını növbəti dərsimizdə keçəcəyik.

Növbəti dərs isə olmayacaqdı.