adalet.az header logo
  • Bakı 13°C
28 Yanvar 2021 15:56
58860
ƏDƏBİYYAT
A- A+

Şair kimi yox, şeir kimi ölmək istəyirəm... - Vaqif SƏMƏDOĞLU

Son gecədir bu gün yenə, Sabah yenə son səhər. Son yel dolur son yelkənə, Qayıq üzür birtəhər... Axırıncı ağacdır bu, Əsir sonuncu külək. Bağlayıb sonuncu yolu Yenə sonuncu fələk... İndi son küçə üstünə Yağacaq son addımlar. Yenə dönəcəklər tinə Sapsarı son adamlar... Doğulur sonuncu insan, Sonuncu insan ölür. Yenə son dəfə ağlayan Son dəfə gülən olur...

***

İlahi, yatağın nə sağında, nə solunda, nə bir gözəlin qolunda yatmaq istəyirəm. İlahi, nə söyüd kölgəsində, nə dünyanın ən azad ölkəsində yatmaq istəyirəm. İlahi, dar quyu dibində, qaranlıq nəm içində, işıqlı qəm içində, ağrısız yatmaq istəyirəm.

***

İki əlimin kölgəsi. Yenə də lap zilə qalxıb Təkliyin yalquzaq səsi... Vaxtdan yaxa qurtarmışam, Bilmirəm saat neçədir. Ay yarımçıq, ulduzlar yox, Yaman ölməli gecədir... Nə varım var, nə barxanam Ömür yükü bağlamağa. Allah, məni yarı öldür, Yarı saxla ağlamağa... Üfüqdən gözəl kimin xətti var? Bir söz yazmayıb, bircə fikri yox. Amma hər şey aydın, hər şey gözəl...

***

Mühit içində təpədən dırnağa kimi ümid içindəyəm. Dalamır indi məni nə illərin başıyuxarı axarı, nə də ömrün üzüqoylu axırı. Bilirəm, yer üzündə bütün izlər ömürdən gedir, dəniz belə gözdən itir. Bilirəm yer üzündə bir yol da salınmadı insan gözündən. Tapılmadı itənlər. Mənsə gah həyata, gah ölümə səbəb gəzirəm. Yaşayıram, dözürəm Bir misra da, bir gecə də... Çünki mühit içində təpədən dırnağa kimi ümid içindəyəm.

 

Suyu qaçmış hovuza Bənzəyir dəniz indi,

Solğun yerlərdə qalır Saldığın hər iz indi, Toy günü yarı ölmüş Gəlinlərə bənzəyir Ağ paltarlı buludlar.... Sən gələndə Çiçəklər açılardı, Sən gələndə Daşlar da gül açardı, Sən gələndə kədər məndən qaçardı... Gündüzlərin səması Nədənsə indi bumbuz, Gecələr başım üstə Hə ay yanır , nə ulduz, Nədənsə bu xoş baharda Sarı yarpaqlar açır Söykəndiyim ağaclar...

***

Şair kimi yox, şeir kimi ölmək istəyirəm... Oxunmaq arzusuyla yaşayıram əvvəldən axıra kimi oxunmaq... Əzbər qalmaq istəyirəm kiminsə yadında!

***

Sabah kiminsə gözündə nifrət, kiminsə qolunda qüvvət, kiminsə qəlbində boğulan qeyrət... Sabah biri namaz üstə, o biri sərxoş yatarkən palaz üstə, kimisi də ölərkən bir qız üstə görünəcəklər. Görünəcəklər olduqları kimi o gözə görünməzə. Sabah neçə yuxu yaxşıya, neçəsi pisə yozulacaq, sabah bir durna qatarı pozulacaq, eyvanıma iki-üç salamat sərçə qonacaq. Sabah yaxşı olacaq, sabah çox pis olacaq. Şükür, sabah olacaq.

 

***

Kağızın üstünə düşüb,

İki əlimin kölgəsi.

Yenə də lap zilə qalxıb

Təkliyin yalquzaq səsi...

 

Vaxtdan yaxa qurtarmışam,

Bilmirəm saat neçədir.

Ay yarımçıq, ulduzlar yox,

Yaman ölməli gecədir...

 

Nə varım var, nə barxanam

Ömür yükü bağlamağa.

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa...

 

 

Sevgilim, mən öləndə,

Bir küncdə xısın-xısın

Ağlayacaqsanmı sən?

Kimin xarabasında

Bir damla yaşa dönüb

Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,

Ağla, һeyranım, ağla,

Evdə qonaqlar olsa,

Çıxıb eşikdə ağla.

Gözlə, gecə düşəndə

Yorğan-döşəkdə ağla.

Qulaq asma aləmin

Sözünə bircə kərə.

De, Vaqif ölməliydi,

Gəl öldü naһaq yerə...

Sevgilim, mən öləndə,

Soraq sənə gələndə,

Düşmən gözü güləndə,

Ağla, olanım, ağla,

Ağla, qalanım, ağla,

Ağla, mən ölüm, ağla...

***

Yollar uzun, yollar gödək

Nə fərqi var hansı eldə,

Hansı yolda azasan?

Ellər min-min, dillər min-min,

Nə fərqi var... hansı eldə,

... Hansı dildə susasan?

 

Bu payız da başlandı,

Bu yağış da...

Ölülərim,

Dirilərim dolanır içimdə,

Xatirələr səyriyir gecəmdə,

Təkliyimi minib at tək

Yanır

sönür

ötür ömrüm...

Ekspreslər dayanmayan

Kiçik stansiyalar tək.

***

Allah,

Nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq

neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?

Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

***

Yenə də əvvəlkitək

Bir qələməm, bir özüm,

Nə göylərdə, nə yerdə

Yenədə keçmir sözüm.

***

Sən mənim doğma anamsan, Azadlıq,

mən sənin yad qapısında böyümüş balan...

Sən son ümidimin qaldırdığı

ağ bayraqsan, Azadlıq,

mən səni yellədən külək...