adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Yanvar 2021 13:42
71790
MÜSAHİBƏ
A- A+

“Daşaltı əməliyyatı”nın iştirakçısı: “Daşın altda qalan 90 silahdaşımın ruhu indi azaddır  …” 

Müsahibim  II qrup Qarabağ müharibəsi əlili Sərxan Niyaz oğlu Mehdiyev 1965-ci ildə Ağdam rayonu Əlağalı kəndində doğulub. 1971-81-ci illərdə Əlağalı kənd orta məktəbində təhsil alıb. 1984-86-cı illərdə Ukrayna Respublikasinin Dnepropetrovsk ( indiki Dnepr) şəhərində SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı bölüyündü həqiqi hərbi xidmətdə olub. Sonra- 1987- 1990-ci illərdə Sumqayıt Politexnik Texnikumuna təhsil alıb. 1990-91-ci illərdə Sumqayıt " Uzvi Sintez" zavodunda işləyib. 1991-ci ilin noyabr ayinda Müstəqil Azərbaycan Ordusunun ilk könüllü Batalyonuna (Şıxov Batalyonu) yazılıb. Susub dərindən bir “ah” çəkir. Gözləri naməlum bir nöqtəyə zillənir. Ona ünvanladığımız , “29 il əvvəl Daşaltıda nələr oldu?” sualımıza “ Şıxov batalyonun tərkibində Şuşa şəhərinin, Kərkicahan qəsəbəsinin müdafiəsində, Daşaltı əməliyyatında iştirak etmişəm və...”- deyib xeyli susur.
 

Bəlkə də, Daşaltı şəhidlərini anır, yadına salır...axı o igidlər Sərxanın ilk döyüş yoldaşları olub. Nəhayət müsahibim  asta-asta danışmağa başlayır:

-1991-1992-ci illərdə həm Qarabağda, həm də Ermənistanla sərhəd rayonlarda döyüşlər gedirdi. Əslində, elan edilməyən müharibəydi. Vətənsevərlər, torpaqsevərlər qələbə naminə səfərbər oldu, torpağı yerli müdafiə batalyonları qorudu. Bu isə nizami ordu deyildi. Belə bir məqamda 701 saylı briqada Müdafiə Nazirliyinin əmri ilə 9 Oktyabr 1991-ci ildə Şıxov batalyonunun əsasında yaradıldı. Şıxov batalyonunun yaranma xəbərini eşidəndə xidmət etmək üçün batalyona müraciət etdim Mən və digər vətənpərvər oğullar könüllü olaraq ordu sıralarına yazıldıq. Döyüşə gedirdik, deyə, uşaq kimi sevinirdik. Özümüzü xlaskar hesab edirdik. Bridaqa 7 dekabr 1991-ci ildə Şəhidlər Xiyabanında andiçmə mərasimindən dərhal sonra Kərkicahan, Goranboy və digər məntəqələrin müdafiəsinə göndərildi. 

-Siz həm döyüşçü, həm də canlı şahid idiniz… Sizcə, məğlubiyyətin əsl səbəbi nəydi?

Azərbaycan ordusunun ən böyük məğlubiyyəti olan Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 23:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən bu əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik etdi. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak etdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edildi. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bildi. O vaxtın məsul şəxsləri bir çox problemləri ictimaiyyətə kifayət qədər söyləyiblər. Məsələn, 90-cı illərin əvvəllərində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qarabağ bölgəsi üzrə Şöbəsinin məsul əməkdaşı olmuş Ağalar Əliyev açıqlamasında bildirmişdi ki, Daşaltı əməliyyatının ağır itkilərlə, uğursuzluqla nəticələnməsinin əsas səbəblərindən biri əməliyyatın qeyri-peşəkar hazırlanmasıdır.

Coğrafi mövqeyinə görə, 60-dan artıq evi olan kiçik bir kənddə general - nazir səviyyəsində əməliyyat keçirilməz. Şuşadan baxanda kənd ovuc içi kimi görünür. Ora heç bələdçi də lazım deyildi. Sonra da deyirlər ki, bələdçilər bizi aldatdılar.Daha sonra o vaxt MN-nin tabor komandiri müavini olmuş Möhtəşəm Məhərrəmov müsahibəsidə söyləmişdi ki,  Şuşada camaat hər gün Mədəniyyət evinin qarşısına yığışırdı” Hamı danışırdı ki, Tacəddin müəllim orda camaatla görüşəndə deyib ki, 3 günə Daşaltı götürüləcək”. O qədər səbəb göstərilirdi ki…

-Aradan 29 il keçib... İlk  batalyonunuzu, ilk silahdaşlarınızı unutmamısınız ki?

-Kaş ki, bircə gün, bircə saat unuda biləydim.” İlk” həmişə ilk olaraq qalır. Yaddaşda əbədi yaşayır. Daşaltı əməliyyatında ordumuz 90 nəfərdən artıq itki verdi, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Yenicə tanış olduğum döyüş dostlarımın bir coxunu əməliyyatdan sonra görə bilmədim. Xeyli hissəsi əsir düşmüş, ya da, yerindəcə güllələnmişdi. Heç onların çoxunun meyidlərini də ala bilmədik. Məhərrəm, Yusif , Nurəli, Cavanşir, Füzuli, Rövşən, Əliyar, Ehtiram.. . Hamısının ruhu qarşısında baş əyirəm!

- 2020-ci il, 9 noyabrda Ermənistan Silahlı Qüvvələri və ermənipərəst xarici-muzdlu qruplaşmaları  rəşadətli ordumuza məğlub olduqdan sonra Daşaltı kəndi  azadlığına qovuşdu. Həmin an nə düşündünüz?

- Nəinki, Daşaltının eləcə də, digər yaşayış məntəqələrin azad olunduğunu eşitdikcə, eyni sözləri deyirdim:” Sizin başınıza dönüm, şir ürəkli oğullarımız!Düşmənə aman verməyin!” Susurdum, amma gah ağlayırdım, gah gülürdüm, gah sevincimdən az  qala bağıra-bağıra” Ordumuz şəhidlərimizin qisasını aldı, alnımızdakı məğlubiyyət ləkəsi silindi ” deməkdən özümü zorla saxlayırdım. Təəssüf edirəm ki, keçirdiyim hissləri ifadə etməkdə acizəm. O hisslər sözə- söhbətə sığışacaq qədər kiçik deyil!İnşallah, dövlətimiz icazə verən günü gedib Nəbilər kəndini də, Daşaltını da ziyarət edəcəyəm. Amma ömrümün sonuna qədər Daşaltı əməliyyatı zamanı şəhid olan silahdaşlarımın xatirə abidəsini də yaddan çıxartmayacağam! Allah Ordumuzu , Xalqımızı və Ali Baş Komandanımızı qorusun!
Şəhidlərimizin ruhu qarşısında baş əyirəm!
 

Söhbətləşdi Əntiqə Rəşid