adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Yanvar 2021 19:10
20927
SİYASƏT
A- A+

“Paşinyan bir il öncə Şuşadan fərqli fikirlər səsləndirirdi”- Politoloq

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandıran zaman Azərbaycanın tarixi şəhəri olan Şuşa ilə bağlı danışıb.
O qeyd edib ki, Şuşa əhalisinin 90 faizi azərbaycanlılardan ibarət olub, buranın erməni şəhəri olmasını demək düzgün deyil.

Xatırladaq ki, Ermənistanın baş naziri kapitulyasiyaya imza atdıqdan dərhal sonra xalqa müraciətində də Şuşa haqqında erməni cəmiyyətində qıcıq yaradacaq fikirlər səsləndirmişdi. O bildirmişdi ki, “ermənilərə Şuşa lazım idisə, niyə gedib məskunlaşmadılar, şəhər boz və bəxtsiz idi”. Maraqlıdır, Paşinyanın indi yenidən erməni xalqına bu reallığı xatırlatmaqda məqsədi nədir? Şuşanın Azərbaycana məxsus olduğunu deyən baş nazir bu tarixi reallığı erməni cəmiyyətinə də qəbul etdirə biləcəkmi?

Məsələni Azvision.az –a şərh edən politoloq İlqar Vəlizadə deyib ki, əslində Ermənistan baş nazirinin bu cür, xalqda qıcıq yaradacaq açıqlamalar verməsi onu göstər ki, Paşinyan Şuşa mövzusundan qaçmaq istəyir:

“Yəni, nə qədər bu mövzu ictimaiyyət tərəfindən unudular, Şuşa termini az işlənərsə və Şuşanın geri qaytarılmasının günahkarları nə qədər ictimaiyyətdə az müzakirə edilərsə, bu bir o qədər də Nikolun imicinə az xələl yetirər. Niyə? Çünki bu cür müzakirələr, ortaya atılan yeni iddialar son olaraq onunla nəticələnir ki, xalq Şuşanın Paşinyanın “satdığına” inanır. Halbuki o müharibədə uduzubdur. Ona görə də, Paşinyan xalqda belə bir rəy yaratmaq istəyir ki, Şuşadan az danışmaq lazımdır, o şəhər zatən bizlik deyildi. Yəni əslində Şuşa azərbaycanlıların yaşadığı bir ərazi idi, şəhərin bizim üçün o qədər də əhəmiyyəti qalmamışdı və s. Hətta xatırlayırsınızsa məğlubiyyətdən dərhal sonra Şuşa haqqında boz və bəxtsiz şəhər kimi danışmışdı, müxtəlif ifadələr işlətmişdi. Qısası, onun bu kimi ifadələri ondan xəbər verir ki, Şuşanın əldən getməsinə təəssüflənməyə dəyməz”.


Politoloq xatırlatma edərək deyir ki, Paşinyan bir il öncə tam fərqli fikirlər səsləndirirdi. O, Cıdır düzündə rəqs edir və bu mövzuda digər xoşagəlməz addımlarla yadda qalırdı:

“İndi isə vəziyyət xeyli dəyişib. Vəziyyətə uyğun da danışmağa başlayır. Ümumiyyətlə sirr deyil ki, Paşinyan siyasətdə populist biridir. O cəmiyyətin rəyi ilə oynamağa can atır. Ona görə də hazırda ictimai-siyasi durum 180 dərəcə dəyişib deyə, baş nazir cəmiyyətin rəyini başqa səmtə yönəltmək istəyir. Əslində isə o bu cür gedişlərlə düz edir. Çünki doğrudan da indi cəmiyyətin fikri Şuşada yox, indiki reallıqlarda olmalıdır. Ermənistan cəmiyyətinin üzləşdiyi yeni situasiya dəyərləndirilməlidir. Xalq hazırkı yeni vəziyyətin cəmiyyətə nə verməsi, hansı perspektivlər açması barədə düşünsə, bu cür durum Paşinyanın özünə də gərəkli olar.

Nikol özündən cəsarətli siyasətçi imicini də formalaşdırmaq istəyir. Yəni, mən cəsarətli addım ataraq yeni reallıqla ayaqlaşmaq istəyirəm. Gəlin keçmişə çox istinad etməyək, gələcəyə nəzər salaq deyir. Baş nazir hazırda təxminən belə bir düşüncədədir. Amma buna qarşı çıxan qüvvələr də az deyil. Müxalifət, millətçilər və s. qüvvələr bunun əksini düşünürlər. Onlar deyirlər ki, Şuşa, Qarabağ mövzularını unutmaq olmaz, keçmiş günləri geri qaytarmaq lazımdır. Çünki həmin siyasi qüvvələrin iddiası budur ki, onlar hakimiyyətdə olanda Şuşa da ermənilərin əlində idi, Qarabağ da...İndi isə Paşinyan hamısını Azərbaycana qaytardı”.