adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Yanvar 2021 10:36
17396
MƏMLƏKƏT
A- A+

Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi - FOTO

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilib. İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

Adalet.az-ın məlumatına görə, görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda payız-qış mövsümünə hazirlıq tədbirlərinin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar. Bu işlər çərçivəsində mütəmadi olaraq paytaxt rayonlarında monitorinqlər keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamenti sanitariya və texniki təmizlik idarəsinin rəisi Mübariz Hüseynov Trend-ə bildirib ki, 50-dən çox texnika və mexanizm hazır vəziyyətə gətirilib:

“Artıq mövsümlə bağlı idarədə 24 saatlıq iş rejimi yaradılıb. Bütün işçi heyət növbəlilik əsasına günün bütün saatını fəaliyyət göstərəcək. İdarənin anbarında isə 5 min tona yaxın duz ehtiyatı mövcuddur. Artıq deyildiyi kimi yanvarın 20-21-də qar yağması və yolların buz bağlaması gözlənilir ki, biz də öz növbəmizdə bütün işləri tam hazır vəziyyətə gətirmişik. Havanın qarlı keçəcəyi təqdirdə idarə artıq gecə saatlarından lazımı tədbirləri görməyə başlayacaq ki, səhər işə, yaxud digər yerlərə gedəcək paytaxt sakinləri üçün heç bir problemlər yaranmasın.

Paytaxt rayonlardakı hər bir qurumun qış aylarında üzərinə düşən vəzifələri, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırılması dəqiq müəyyən edilib və şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər qum, duz və lazımi ehtiyat yaradılıb.

BŞİH tərəfindən rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib".