adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Yanvar 2021 20:24
18136
MƏMLƏKƏT
A- A+

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib 

Yanvarın 16-da Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. YAP İcra Katibliyində təşkil olunan qanvermə aksiyasında təxminən 300 nəfər iştirakı edib.

Adalet.az-ın məlumatına görə, YAP Mətbuat Xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev bildirib ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı ölkə əhalisinə müraciət edərək, respublikada qan ehtiyatlarının kifayət qədər azalması ilə bağlı məlumat yayıb. Verilən xəbərə görə, xüsusilə “mənfi” rezuslu qan ehtiyatı ilə bağlı vəziyyət qənaətbəxş deyildir. Pandemiya şəraitində koronavirus xəstəliyindən əziyyət çəkən bir çox insanlarda da qana tələbatın yaranması ehtiyat fondunun azalmasında mühüm rol oynamışdır. Məhz bu səbəbdən Mərkəzi Qan Bankı ölkə vətəndaşlarına müracətində qan ehtiyatlarının artırılmasına dəstək verilməsini xahiş etmişdir.

H.Paşayevin sözlərinə görə, Yeni Azərbaycan Partiyası Mərkəzi Qan Bankının müraciətinə dərhal reaksiya verərək bugünkü qanvermə aksiyasının keçirilməsi haqqında qərar qəbul edib. YAP Mətbuat Xidmətinin rəhbəri qeyd edib ki, partiyanın fəalları, sıravi üzvləri, könüllüləri, o cümlədən Milli Məclisdə təmsil olunan deputatları bu təşəbbüsə dəstək verərək aksiyada iştirak ediblər:

“Vətən müharibəsinin qələbə ilə başa çatmasında canlarını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Torpaq uğrunda, Vətən uğrunda qanlarını axıtmış vətəndaşlarımızın müalicəsinə dəstək verilməsi də hər şeydən öncə hər birimizin vətəndaşlıq borcudur”.

H.Paşayev onu da diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası əvvəllər də qanvermə aksiyaları təşkil edib. Bir müddət əvvəl YAP Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyasını təşkil etmişdi. Hazırki qanvermə aksiyası da bu humanist missiyanın davamı kimi qiymətləndirilməlidir.