adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 Yanvar 2021 14:00
52210
ƏDƏBİYYAT
A- A+

Ədəbiyyatımızın əbədi Seyran Səxavət qalasından xatirələr...

Nədən başlamağa çox çətinlik çəkdim.

Hələ də inana bilmirəm ki, bu adamın 75 yaşı olur…

Seyranla bağlı xatirələr (hərəsi bir nağıldı..) ayrı-ayrı illərə, ayrı-ayrı günlərə çəkib apardı məni. Altmışıncı illərdən biri-birimizə bağlılığımız olub, ta bu günəcən.

 

Günaşırı İçəri şəhərdə, Məmmədəlinin kababxanasında yeyib-içir, sonra Filarmoniyanın yanında, Qala divarına bitişik Zülfünün çayxanasına yığışardıq. Və günlərin birində, payız aylarıydı, qonaqlığa gedirdik. Taksi olmadı deyə tanış bir adamın "Butka” moskviçinə doluşduq. Yol gedə-gedə Seyran "Sona bülbülləri” oxumağa başladı. Özü də eynən Qədirin oxuduğu tonda… Maşından düşəndə sürücü qayıtdı ki, Zakir, məni bu Qədir Rüstəmovla tanış elə… O zaman Qədirin "Sona bülbülləri” çox dəbdəydi, hansı yeməkxanaya, çayxanaya gedirdiksə- ancaq "Sona bülbüllər”i eşidirdin- maqnitofona da gur səs verərdilər, Qədirin hesabına çayxanalar dolu olardı, növbə gözləyərdik, yer olmazdı…

    

Seyranla uzun illər "Ulduz” jurnalında bir yerdə işləmişik, çox gözəl kollektivimiz varıydı, qağa da baş redaktorumuzuydu. Yusif Səmədoğluna hamımız "Qağa” deyə müraciət edərdik.

    

Seyran Ağdamdan yenicə qayıtmışdı, Qədir Rüstəmovdan yazı yazmaq üçün bir neçə günlük Vətən-Qarabağa getmişdi. Və o zaman üçün sensasiya sayılan bir yazı yazmışdı.

    

O yazı "Ulduz”da çap olunanda jurnal əl-əl gəzirdi, redaksiyaya (şəxsən mənə) saysız-hesabsız zənglər gəlirdi, o say "Ulduz”u istəyirdilər- ailə kitabxanası üçün. Xülasə, Qağa təklif elədi ki, yuyağın. Katibəmin otağında süfrə açdıq, başladıq bala-bala vurmağa. Hardansa Qədirdən sonra söz gəldi düşdü "Zabul Segah”dan, Ağabala Abdullayevdən.

    

Seyran əlini qulağına aparıb mayedən "Zabul” başladı, Ağabalanın boğazlarını vurmağa başladı. Yadımdadı, səs hamılıqca bizi tutmuşdu, milçək uçsa səsi gələrdi, diqqət kəsilmişdik Seyranın oxumağına. Və birdən Əhəd Muxtar əlini cibinə aparıb bir 25-lik çıxarıb Seyranın döş cibinə basdı, rumkanı doldurub sağlıqsız-zadsız çəkdi başına. Seyran bunu görüb nə təhər mahiranə bir boğaz vurdusa (tüküm biz-biz oldu) Əhəd əlini cibinə aparıb bir 25-lik də basdı Seyranın döş cibinə. Qəflətən Seyran dayandı, bir rumka vurub dedi ki, "Qağa” fasilə elan edib...

    

Çıxdıq o biri otağa siqaret çəkməyə, onda gördük ki, Əhəd Muxtar Seyranı dilə tutub ki, 25-liyin birini qaytar, yaxınlaşdıq ki, nə baş verir- Əhəd qayıtdı ki, ikinci 25-liyi tam oxumadı, zakonla qaytarmalıdı.....

    

Onu da deyim ki, Seyran o zamanlar şair kimi çox məşhurlaşmışdı, "Ay ilk məhəbbətim” şeiri dillər əzbəriydi...

    

Qədirdən yazdığı yazıdan sonra Seyran nəsrə, prozaya keçdi. 

Hayandan, hayandan baxıramsa mən,

Elə bil dağların üzü bəridi.

Əgər xalıdırsa döşündə çəmən,

Çiçəklər ən gözəl ilmələridi...

 

    

Seyran gül-gül, çiçək-çiçək sözlərini ədəbiyyatımıza da gətirdi... Və nə yaxşı ki, Seyran yazdığı kimi də oldu: 

    

-30 il həsrətini çəkdiyimiz dağlar üzü bəri gələ-gələ Füzulini də, Cəbrayılı da, Zəngilanı da, Qubadlını da, Laçını da, Kəlbəcəri də, Ağdamı da üzü bəri addım-addım gələ-gələ bizlərə, bizləri də onlara qovuşdurdu... Ən başlıcası Şuşanı da sinəsində gətirdi, bizlərə qovuşdurdu...

    

Cənab Ali Baş Komandan demiş:

 

-Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

    

Əzizim Seyran! Əsərlərindən söz açmadım, bunu gələcək tədqiqatçıların ixtiyarına buraxaq. Ən mükəmməl tənqidçi, ən dəyərli söz sahibi Zamandır!!! Zaman hər şeyi yerbəyer edir...

    

Əzizim Seyran! Azərbaycan ədəbiyyatının rəngkarlarından birisən. Sənin əsərlərinin öz rəngi, öz səsi, öz nəğməsi var - təkrarsız, bənzərsiz və ancaq özünəməxsus...

 

İllərin sınağından keçmiş dost sədaqətin, ərköyünlüyün, ipək kimi ürəyin...

    

Yaşadığın ömür gözlərimiz önündə olub - xoş günlərin də, çətin günlərin də...

    

Yazımı "Evdə qal” günləri sənə yazıb göndərdiyim şeirlə bitirirəm, hər şey var bu şeirdə, hər şey...

 

Gözlərində qara yaş...

Əyin-başın belə nimdaş...

Yol gedirsən ağır-ağır

Yolun haradı qardaş?

 

Səni dünyaya bağlayan

Kəmər belindən qopur...

Əl uzadıb, əl tutduğun

Əllər əlindən qopur...

 

Addım-addım dünyadan,

Səni qoparır bu yol...

Tək ruhun bilir ancaq

Hara aparır bu yol...

 

Baxırsan irəliyə,

Boylanırsan geriyə,

Arxanca atılan daşları

Yuyur, yuyur görürsən

Uşaqlıqda axıtdığın

dup-duru göz yaşları...

 

Yovuşa bilmədiyin

Dünya qalır arxada...

Yol aldığın bu yolda

Bilməzə yovuşursan

Təkliyə, tənhalığa...

Qaranlıqlardan qopub

Qovuşursan işığa,

İşığa qovuşursan!...

 

 

Zakir Fəxri  

13.01.2021