adalet.az header logo
  • Bakı 11°C
15 Yanvar 2021 13:51
51248
ƏDƏBİYYAT
A- A+

Can otağım, ay işıqlım

Mənsurə Qaçayqızı,

şair-publisist

 

(ESSE)

Göy üzü... Mavi səma,  topa-topa göy üzündə gəzişən buludlar. Gah yaxınlaşır, gah uzaqlaşır. Buludların fəzada canlı rəqsi, dalğavari, bəzən sıralanan  durna qatarı kimi... Və göy üzündə bu sehrli gəzişməni, bu sehrli rəqsləri izləyən,  izlədikcə də bir haldan digər hala keçən kədər dolu baxışlar. Yanaqlarıma süzülən göz yaşları. Bəzən durna qatarına qoşulub getmək istəyi, bəzən  bulud qanadında sənə çatması üçün  dodaqaltı söylənən misraların sehrinə üşümək, çırpınmaq,  qarma-qarışıq fikirlərin, düşüncələrin içərisində çabalamaq... Cavabsız sualların cavabını axtarmaq...  Ruhdan doğan  hisslərin ahəngində yaşamaq, kədərin bir gün  sevincə dönəcəyi günə dua etmək və buna inanmaq. Bu olacaq, mütləq olacaq. Bir gün doğma Qarabağımın, düşmən işğalında olan yurdumun azadlığı olacaq. Hökmən!.. Yanaqlarıma süzülən göz yaşlarımı bağrıma basmaq, uzaqdan doğan səhər Günəşinin ilıq şüalarına isinmək və bu Günəşə doğru inamla irəliləmək... Bəzən dolub-daşan buludlardan süzülən  yağış damlasının  sənə toxunan göz yaşlarının olması  ehtimalını  düşünmək... Bir az rahat nəfəs almaq... Bəzən uzun-uzadı ucsuz-bucaqsız  çöllərə baxıb səni xatırlamaq, isti yay küləyinin üzümə toxundurduğu, bir sərin mehin yanağıma çəkdiyi sığalın kimi hiss etmək...  Başımı döndərib çiynimin üstündən geri baxmaq, səni yanımda olduğun kimi hiss etmək, gülümsəyən gözlərini  görmək... Sənin qoynunda körpə balaların hay-küylu  qaçışını, oyunlarını,  sənin qoynunda yenidən gözəl bir həyatın başlanğıcını təsvir etmək  və bunu gözlərim önündə canlandırmaq. Xoş gördük, Qarabağım, can otağım, deyə dodaqlarımdan qopan pıçıltı... Baxışlarınla bu həsrətin sonu olacağını söyləməyini hiss etmək.  Səni canlı varlıq kimi duymaq...

Sən nə imişsən, Vətən!  Sən nə imişsən, Qarabağım!.. Yad əllərdə əsarətdə qalanım! Bağrı şan-şan olanım!

Bəzən gecələri yuxudan oyanıb  səksəkə içində pəncərəyə yaxınlaşmaq.  Pərdəni aralayıb gecənin qoynuna sərilmiş Ayın üzünə baxmaq, dərindən bir ah çəkib  səni gözlərimin önünə gətirib  sənli günləri fikirləşmək, uşaqlığımın qoynunda keçən qayğısız günlərini yada salmaq və bu şirin  duyğular içində  gülümsəmək. Pərdəni çəkib yatağıma qayıtmaq. Səni düşünmək belə insanın ruhunu təzələyir, Qarabağım!  Bəlkə də səni düşündüyüm kimi  sənin də məni o an  düşündüyünü fikirləşmək... Bu dəqiqələrdə sənin də Aya baxdığını hiss etmək. Gülümsəməyimin səbəbini görüşümüzə az qalıb, sən əsarətdən azad olacaqsan,  mən buna inanıram, sən də inan deyə, sənə Ay vasitəsilə xəbər çatdırdım deyə yozmaq. Ayı Göy üzündə güzgü kimi anlamaq. Bir-birimizi güzgüdə görə bilərik düşüncəsi ilə yaşamaq...  Ay işıqlım...

Bəzən...

Bunları sənə niyə deyirəm, gözəl yurdum?! Niyə?! Bilmirəm! Bunları birlikdə yaşadıq axı, bunlar bizim birgə hisslərimizdi. Bir-birimizin parçasıyıq. Səndən doğulmuşuq, sənə dönəsiyik. Müqəddəs torpağım...  Aramızda illər, məsafələr olsa da hisslərimiz, duyğularımız heç ayrılmadı. Bizi bizdən kim qopara bilər ki? Bizi özümüzdən başqa kim başa düşə bilər ki? Bizi özümüz qədər kim sevə bilər ki?   Bu sevginin adı, tamı, bənzəri yox, gözəl yurdum...  Bir az hava, bir az Günəş, bir az su, bir az torpaq, bir az qan... Və Can... Ruhumuzu birləşdirən Vətən! Qarabağım, canım Azərbaycanım!

Gözəl yurdum,  Qarabağım! Sən o qədər safsan, o qədər durusan, o qədər təmizsən, su kimi. Su saflığı var səndə. Su çirkab götürməz - belə deyirlər. Su çirkabı təmizləyər, yuyar.  Sən də yad əllərdə qalmağını qəbul edə bilməzdin. Düşmən ayağının  sinən üzərində addımlamasına  dözməzdin. İgid, qəhrəman oğulların səni azad etməyə sevə-sevə gəldilər. Düşmən üstünə Qarabağ hayqırtısı ilə  atıldılar.   Sən də onlara doğru qaçırdın. Sən də onları gözləyirdin.  Sən çirkabdan təmizlənməyini istəyirdin. Xain, mənfur düşməndən, erməni terrorçularından xilas olmaq, azadlığına qovuşmaq istəyirdin.  Sənin ayaq səslərini eşidirdim. İçimdə bir hiss vardı  döyüş günlərində.  Sən övladlarınla birgə düşmənə qarşı döyüşürsən. Sən  oğullarının, igid əsgərlərinin  qollarına  güc verirsən. Ayaqlarının altında sürətini artırırsan, gözlərinə işıq olursan, ruhlarına ruh qatırsan. Ana olursan, ata olursan,  bacı olursan, qardaş olursan... Sevgi ətirli bayatılar söyləyirsən onlara.  Şəhid övladının şirin yuxusu olursan, laylasını  söyləyirsən. Yaralı əsgərinin telinə sığal çəkirsən. Və... Bu birliyin qələbəsi sənin azadlığın  idi, gözəl yurdum...

Bir az hava, bir az su, bir az torpaq, bir az can... Canım, Azərbaycan!

Gözəl yurdum!  Şəhid övladlarının  hər birinin üzündə  nur vardı.  Hamısının  gözləri gülürdü. Ölümə sevinclə qucaq açmaq, ölümə sevə-sevə getmək... Bu, böyük bir sevginin yaşantıları idi.  Bu, ölməzliyin nişanəsi idi. Bu, həqiqətin səsi idi, o həqiqət ki, heç vaxt gizlənməz, heç vaxt yolundan dönməz.  O həqiqət ki, gec-tez yerini tapar, nə qədər yollarına əngəl olsalar da.  Şəhidlərimizin uzündəki  o nur da, həqiqətin işığı idi. O nurda  sənin də  payın vardı, gözəl yurdum... Səninlə görüşün nuru, sənin sevginin nuru, sənə qovuşmağın nuru... Bu görüş necə görüş idi, İlahi! Bu işıq necə işıq idi, İlahi! Bu sevgi, necə sevgi idi, İlahi!  Söz, hiss, həyat... Sən nələrə qadirsən Qarabağım, can otağım!

 

Boz qayanın sinəsinə yazdığım adım  tez-tez yuxuma girirdi. Məni çağırırdı. Hardasan deyirdi? Ağdam bayraq meydaninda dayanıb Sənə tərəf boylanırdım. Sən tərəfdən gələn havanı ciyərlərimə çəkib, axı, axı niyə?  Niyə əlim əlinə çatmır? - deyə,  o qədər ağlamışam ki... Evimizin pəncərəsindən baxanda  uzaqlardan Ağdərə dağları görünür. Hər dəfə o dağları sis-duman bürüyəndə,  yağış yağanda elə bilirdim ürəyimə yağır. Elə bilirdim sənin göz yaşlarındı, gözəl yurdum.

Mənə elə gəlirdi Şuşada lalələr açmır. Təbiət rəngini itirib. Yox, lalələr o lalələr ola bilməzdi. Aça bilməzdi. Sənin azadlığından sonra erməni işğalçılarının sənin köksünə od vurduğunu, təbiətin doğrudan da rənginin itdiyini gördük. Sənin köksünə çəkilən hər dağ ürəyimizə çəkilən dağdı, gözəl yurdum... 

Bakı-Xankəndi qatarı Ağdamın Çinarlı deyilən  ərazisində dayanırdı. Sənə gələn yol  sənsizlikdə  qırılırdı. Axırıncı dəfə 1988-ci ildə getdim o qatarla. Baxmayaraq ki, Bərdədən keçir, sənə çatmayan qatarla gedə bilmədim. Misralara çevirib şeirə döndərdim Bak-Xankəndi qatarına olan gedilməyən yollarımı. Söz vermişəm o qatarla görüşünə bir başqa cür gələcəm...

Səninlə bağlı o qədər xatirələr, söhbətlər var ki... Sən bir nağılsan. Şirin nağıl.  Sən mənim ahum, maralımsan...Sən mənim məndən ayrı, uzun illər əsarətdə qalanımsan. Səninlə danısmaqdan doymaq olmur ki... Xatirələr o qədər ki... 

Bir dəfə... Uşaq idim onda. Yadıma uşaqlıq xatirəsi kimi gəlir.  Nənəm Səndən  danışırdı. Nənəmin ətrafına yığışıb qulaq asırdıq.  Bu zaman kənddən xəstələnən birinin Bakıya həkimə aparıldığını və evinə döndüyünü dedilər. Yadımda belə bir cümlə qalıb. "Professor deyib ki, aparın Şuşaya. Bir ay Şuşa havasını qəbul eləsin, sağalacaq".  Nənəm, “professor düz deyir” - dedi, Şuşanınn havası dərmandı....

Sənin şirinliyində, sənin nağıllığında, sənin doğmalığında kim sağalmaz ki... Dərdlərə dərman olanım, sevgi ünvanım.

Gözəl yurdum... Səninlə söhbətim, sözüm bir ömür bitməz.  Yazsan yazdıqca bitməz, söyləsən saatlar yetməz... Sənin qoynunda sıralanan ot basmış cığırlarım, gözü yumulu tapa biləcəyim izlərim var.  Və sən varsan.  Əl-ələ tutub gəzəcəyik o cığırları, ürəyimizin  yaralarını birlikdə sağaldacağıq. Möhkəm olacağıq. Düşmənə bir də bizə yaxın düşməyə imkan verməyəcəyik. Sevdamızdan, alın yazımızdan yapışacağıq. Mən sənə, sən mənə Tanrının payısan Qarabağım!   Bu gün göydən yenə yağış yağır. Amma bu, haqq yağışıdı...  Hələ o qədər söhbətlərimiz olacaq ki. Şirin-şəkər, sözlü-nağıllı...

Qarabağım, can otağım! Sənsizlikdə yaşadığım ömür, ömür deyildi ki. Bu ömür bir yad ömrü idi, mənim ömrüm deyildi ki!..