adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Yanvar 2021 13:08
20945
SİYASƏT
A- A+

Əminə Ağazadə: “Moskva görüşü gələcəyə körpü salır”

“Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş bir neçə aspektdən fərqlənirdi. Birincisi ona görə ki, uzun illərdən sonra Azərbaycan işğala məruz qalan, öz haqqını tələb edən tərəf kimi yox qalib və 30 ildir itirilmiş torpaqlarını geri qaytaran, düşmənə yerini göstərən tərəf kimi görüşlərdə iştirak edirdi”. Bu fikirləri Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Onun sözlərinə förə, Rusiya Prezidentinin təşəbbüsü ilə reallaşan görüşdə cənab Prezident İlham Əliyevin qətiyyəti və Rusiyanın üç tərəfli razılaşmalara əməl olunmasına görə Azərbaycana təşəkkür etməsi bir daha onu deməyə əsas verir ki, Azərbaycan region üçün önəmli və eyni zamanda vacib ölkədir: “Moskva görüşünün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzalanıb. Tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair  üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər. Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək  ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar. Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər. İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur”.

 

Ə.Ağazadə onu da bildirib ki, Prezident İlham Əliyevin görüşlə bağlı dediyi fikirlər bir daha onu deməyə əsas verir ki. artıq regionda yeni münasibətlər formalaşır: “Cənab Prezident İlham Əliyev qeyd etdi ki, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi. Bu onu deməyə əsas verir ki, həyata keçiriləcək layihələr regionun inkişafına töhfələr verəcək. Eyni zamanda Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Türkiyə ilə  əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaq. Prezident açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin qüvvədə olduğunu xatırlatmış oldu”.