adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Yanvar 2021 12:25
31098
MƏDƏNİYYƏT
A- A+

AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQI TƏKLİF EDİR!

Azərbaycan Kinematoqrafçılar İttifaqının(AKİ) katibliyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kino şöbəsi tərəfindən müzakirəyə çıxarılan Azərbaycan Kinematoqrafiyası İnkişafı Konsepsiyası layihəsini müzakirə edilib. Qeyd olunub ki, pandemiyadan və II Qarabağ müharibəsindən sonra ölkə kinematoqrafı ciddi çağırışlar qarşısındadır və növbəti 10 illiyin kinomuzun uğurla başa vurması üçün yol xəritəsi olacaq Konsepsiyanın qəbulu vacibdir. Kino şöbəsinin yeni rəhbərliyinin operativ qaydada və müasir cərəyanları nəzərə alan bir proyekt hazırlandığı qeyd olunub və əməli təkliflər irəi sürülüb:

– Təqdim olunan layihədə yazıldığı kimi hüquqi bazanın inkişaf etdirilməsinin vacibliyini qeyd etməklə yanaşı bildirmək istəyirik ki, kinematoqrafçılarımızın rastlaşdığı problemlər 1998-ci ildə qəbul olunmuş “Kinematoqrafiya haqqında” qanununda hər hansı boşluqdan yox, qanundan uzaqlaşmaqda olub. 2001-ci ildə Qanunun 1998-ci ildə qüvvəyə minmiş ilk redaksiyasından, kino müəssisələrinə tətbiq edilə biləcək vergi güzəştləri haqda maddə çıxarılıb. Bu maddənin bərpasını Katiblik məqsədəuyğun sayır.

– Konsepsiyanın layihəsində göstərildiyi kimi, kino sahəsində normativ aktların müasir zamanın tələblərinə cavab verməməsi reallıqdır, bu səbəbdən xüsusilə dövlət sifarişini həyata keçirən dövlət və özəl şirkətlərin fəaliyyətinə süni maneələr yarada biləcək maliyyə hesabatları, qonorar, ezamiyyət xərcləri standartlarına yenidən baxılması vacibdir.

– Azərbaycan Kinematoqrafçılar İttifaqı belə hesab edir ki, tamaşaçıların sayı və onların zövqünün düzgün formalaşması kinomuzun inkişafı üçün ən mühüm faktorlardan biridir. Bu cəhətdən Avropa standartlarına uyğun,10 mln əhali üçün 500 nümayiş zalının olduğu halda kinomuz rentabelliyə çıxa, vətənpərvər, qabaqcıl dəyərlərdə formalaşmış tamaşaçı əldə edə bilərik. Bu zalların ölkəmizin regionlarında paylanması ancaq respublikanın əsas şəhərlərində cəmləşməməsi vacib amildir. Bu məqsədlə dövlət regiondakı baxışların ilk illərdə gəlirli olmayacağını nəzərə alaraq , səyyar nümayiş qurğuları və məkanlarının ayrılması işini və bölgələrdə kino nümayişinə investisiya qoyan özəl investorlara güzəştlər tətbiq edilməsinin konsepsiya salınmasını təklif edirik. Təsis ediləcək Agentliyin tərkibində də bu işlərlə məşğul olan strukturun olması çox vacibdir.

– Yuxarıda qeyd edilən tədbirlər tamaşaçı sayını artıra bilsə də, onların zövqünün səviyyəsinin formalaşmasını qaranti vermir və bu sahə xüsusi diqqət və iş tələb edir. Bunun üçün müxtəlif formatlarda (elektron, çap) yayınlanacaq kino mətbuatının formalaşması vacibdir. Bununla yanaşı, film festivallarının keçirilməsini də tamaşaçı zövqünü formalaşdıran uğurlu alət kimi qeyd edir və Konsepsiyaya kino mətbuatının və film festivalı sektoru inkişafının kinematoqrafımız üçün vacib amil olduğunun salınmasını vacib bilirik.

– Kino yayımı problemlərindən biri kimi prokatda əcnəbi flmlərlə milli filmlərin rəqabətini göstərərək, Konsepsiyada milli film istehsalçıların maraqların qorunması siyasətinin ifadəsini və Fransa modeli tipli (əcnəbi filmə satılan biletdən milli film istehsalına ayırmalar) və ya başqa metodların işlənib hazırlanmasını məqsədəuyğun sayırıq.

– Rəqəmli (online platformalar) yayımla kinoteatral yayım arasında artan rəqabəti tendensiyasını nəzərə alaraq, rəqəmli yayımda müəllif hüququnun qorunması işinin gücləndirilməsi məsələsi konsepsiyada təsbit olunmaqla yanaşı, kinoteatral yayımın birgə yaşayış mədəniyyətinin, əhalinin mədəni aksiyalarda iştirakı davranışlarının inkişafı nəzərindən və Azərbaycan iqtisadiyyatı üçün daha çox effektli sahə olduğu üçün , dövlət siyasəti olaraq daha çox kinoteatral yayıma dəstək verilməsi təsbit olunsun.

– Bununla yanaşı, milli filmlərimizin xaricdə, xüsusilə TÜRKSOY ölkələri, mədəni yaxınlığımız olan digər şərq ölkələrinin kinoteatrlarında yayımını vacib hədəf olaraq konsepsiyaya salınmasını, büdcə tərtiblərində bu xərclərin nəzərə alınmasını təklif edirik. Biz kinomuzun xaricə ekspansiyasını daxili bazarın da inkişafı üçün vacib amil sayırırq.

– Azərbaycan Kinematoqrafçılar İttifaqı pitçinq mexanizmini ssenarilərin seçimi və maliyyələşməsi sistemi olaraq qaçılmaz olduğunu qeyd etməklə yanaşı, bu sistemin yaradıcı insanın, müəllifin birbaşa Agentliyə müraciət etmək, məsləhət və təşkilati dəstək almaq imkanının da nəzərə almasını vacib sayırıq.

– Agentliyin tərkibində nəzərdə tutulan Məsləhət Şurasının Azərbaycan Kinematoqrafçılar İttifaqı, Kinorejissorlar Gildiyası, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və başqa ictimai kino təşkilatlarının üzvlərindən, müstəqil peşəkarlardan formalaşmasını vacib sayırıq. Ancaq bu halda Agentlik dövlətin kino siyasətini həyata keçirərkən, yaradıcı azadlıqların qorunmasını, kino peşəkarlarının yaradıcı axtarışlarını dəstəkləməsini  və xalqımızın həyatının ekranda realist, dolğun təsvir edilməsini təmin edə bilər.

– İşğaldan azad olunmuş ərazilərin bərpa üzrə investisiya planlarına, həmin ərazilərdə, kino yayımı, kino təhsili üzrə qurumların yaradılması nəzərədə tutulsun.

– Layihədə insan kapitalının inkişafı və təhsil məsələsinin qabardılmasını dəstəkləyərək, Şuşada və ya Ağdamda, xarici tələbələrində təhsil alması mümkün olan, xarici pedaqoqların da tədris edəcəyi “Beynəlxalq Qarabağ Kino, Televiziya, İnformasiya Texnologiyaları Universiteti”ını yaradılmasını Konsepsiyaya salınmasını təklif edirik.

Katiblikdən bildiriblər ki, Kino şöbəsinin təşkil etdiyi müzakirə həm tərkibi , həm də ruhuna görə konstruktiv idi və bu praktikanın davam etdirilməsi kinomuzun inkişafına müsbət təsir göstərə bilər.