adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Yanvar 2021 13:16
41512
HÜQUQ
A- A+

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildi - YENİLƏNİB

Xəbər verildiyi kimi, yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Adalet.az xəbər verir ki, öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənmişdir.

Müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əbədi və əzəli torpaqlarımızın işğaldan azad edilərək tariximizin parlaq səhifələrinə həkk olunan şanlı qələbənin milli birliyimizin, haqqın və ədələtin zəfəri olduğunu bildirib.

“Qarabağ Azərbaycandır və nida” devizini gerçəkliyə çevirən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarımızın qısa müddət ərzində bərpa ediləcəyinə əminlik ifadə olunmaqla, bu istiqamətdə “Qarabağ Dirçəliş Fondu”nun yaradılması və Qarabağın döyünən ürəyi olan Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi xüsusi vurğulanmaqla, işğaldan azad olunmuş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin olunacağı, həyata keçiriləcək quruculuq-bərpa işlərinin ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcəyi diqqətə çatdırılmışdır.

Qeyd edilmişdir ki, dövlətimizin əldə etdiyi hərbi-siyasi qələbə 2020-ci ildə dünyada ciddi sosial-iqtisadi sınağa çevrilmiş yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklər fonunda əldə edilmişdir. Çoxsaylı dövlətlərin böhran təhlükəsi ilə qarşılaşmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində ölkəmizdə pandemiyanın fəsadlarının minimuma endirildiyi, xəstəliyin geniş yayılmasının qarşısı alınmaqla sosial cəhətdən həssas əhali qrupuna davamlı dəstək və iqtisadi dayanıqlığı təmin etmək məqsədilə vaxtında və operativ qərarların verildiyi xüsusi vurğulanmışdır.

Ölkə rəhbərliyinin göstərişi ilə aiddiyyəti qurumların rəhbər şəxslərindən ibarət Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılmasının mövcud şəraitdə idarəetmənin və kommunikasiyanın düzgün qurulmasında, xəstəliyin yayılmasının qarşısının alınması üçün ilk günlərdən çevik və zəruri qabaqlayıcı addımların atılmasında mühüm rol oynadığı bildirilmişdir.

Qeyd edilmişdir ki, pandemiyanın bütün dünyada, o cümlədən Azərbaycanda yaratdığı sosial-iqtisadi çətinliklərə baxmayaraq ölkə həyatının bütün sahələrində inkişaf tempi qorunub saxlanılmış, əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində əməli addımlar atılmışdır. Ötən il Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP boru kəmərinin tam istismara verilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Avropa məkanına daxil olması ölkəmizin tarixi nailiyyətlərindən biri hesab edilməklə xalqımızın firavanlığına və iqtisadi inkişafa böyük töhfə verəcəyi diqqətə çatdırılmışdır. Təsadüfi deyil ki, həyata keçirilən islahatlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında müsbət qiymətləndirilmiş, o cümlədən Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artaraq 190 ölkə arasında 28-ci yerdə qərarlaşması və 10 ən islahatçı ölkə sırasına daxil edilməsi əldə edilmiş uğurların bariz göstəriciləri olmuşdur.

Baş prokuror diqqətə çatdırmışdır ki, 2020-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuşdur. Digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur.