adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Yanvar 2021 13:01
60990
ƏDƏBİYYAT
A- A+

Milli ruhumuzu diri saxlayan əsər

Fazil Güneyin "Qara qan" romanı barədə mülahizələrim

 

Ömrün ən gözəl anlarını yad etmək şirin və qəlbə hüzur gətirən bir duyğudur. Sən demə, nə vaxtsa xatırladığımız bu sevincli anlar itirilmiş torpaqlarımızı düşməndən azad edən Milli Ordumuzun çağdaş günlərimizdə ürəyimizi dağa döndərən zəfər yürüşlərinin bizə yaşatdığı fərəh hissi, fəxr-fəxarət duyğusu ilə müqayisədə zəif bir işartı imiş. Cəmi 44 gün çəkən Vətən müharibəmizdə qazandığımız möhtəşəm Zəfər hər birimizdə dağlar boyda sevinc duyğusu, coşğu doğurmuşdur.

Qarabağ müharibəsi mövzusundan söz düşəndə tanınmış yazıçı-publisist, tərcüməçi, ictimai xadim Fazil Güneyin "Qara qan" romanı da ilklər sırsasında xatırlanır. Yazıçı ömrünün iyirmi ilini bu epik əsərin ərsəyə gəlməsinə sərf edib. Buna qədər isə o, Azərbaycan ictimai-siyasi mühitində aşkar görünən hadisələri bir vətəndaş fəhmi ilə dərindən izləyir, 1991-ci ildən təsisçisi və direktoru olduğu "Assa İradə" Beynəlxalq İnformasiya Agentliyindən yayımlanan ingiliscə, rusca xəbərlər vasitəsilə, həmçinin az sonra fəaliyyətə başlayan,təsisçisi və redaktoru olduğu "AzerNews" qəzeti, habelə "Azeri Observer" jurnalında Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün böyük səylər göstərirdi. Həmin dövrdə daha çox səfərbəredici gücə malik, mübariz janr olan publisistika Fazil Güneyin yaradıcılıq istiqamətini bəlli bir məcraya yönəltmişdi. Qarabağ dərdindən, vəhşi xislətli, terrorçu Ermənistanın öz müttəfiqlərindən dəstək görərək başladığı bu qanlı savaşın xalqımıza gətirdiyi fəlakətlərdən yazmaq, düşmənin iç üzünü açıq göstərmək, torpaqlarımız uğrunda döyüşən, canından keçən igidlərimizi tanıtmaq əsas məqsədə çevrilmişdi.

Fazil Güney hələ 1965-ci ildə yazdığı ilk hekayələri ilə ədəbiyyata gəlmişdi. Onun bu qələm nümunələri respublika mətbuatında çap edilmişdi.

"Yalanın gerçəkliyi" kitabında (2014) müəllif qloballaşan dünyada mizan-tərəzinin pozulduğunu, xalqlar arasına nifaq salan münaqişələrin baş alıb getdiyini, bir sözlə yalanın ayaq tutub yeridiyini ön plana çəkmişdi. Yazıçı-publisist burada toplanmış povest, hekayə və esselərinin ingilis dilinə çevrilmiş variantını ABŞ-da nəşr etdirmişdi.

Yaradıcılığının sonrakı mərhələlərində də sözün qüdrətinə söykənib Fazil Güney. Jurnalistikadan yazıçılığa uğurla keçən qələm sahibi, əvvəldə deyildiyi kimi, uzun müddətdən bəri davam edən yaradıcılıq axtarışlarının uğurlu nəticəsi kimi "Qara qan" romanını oxucuların ixtiyarına verib. Bu tarixi əsər məlum münaqişə zəminində biri digərini əvəz edən ağrılı hadisələr romanıdır. Üçcildlik roman 1993-2016-ci illərdə baş verən, ömrümüzə-günümüzə qanla yazılmış, ürək dağlayan hadisələrdən bəhs edir. "Qara qan", sözün həqiqi mənasında, bu münaqişə başlayandan üzübəri qarşılaşdığımız, eşitdiyimiz, şahidi olduğumuz hadisələrin bədii inikasıdır.

Yazıçı xalqımızın tarixinin bugünə söykənən acı səhifələrini qələmə almaqla, axıdılan qanların yerdə qalmayacağına, fitnəkar ermənilərin törətdikləri əməllərə görə tezliklə cavab verəcəklərinə ümidini itirməmişdi.

Deyirlər, söz adamları, yazarlar bizə əsərləri qədər yaxındırlar. Yazıçının kitabları, gələcək nəsillərə əmanət etdiyi əsərləri onun el-obaya bağlılığı, xalqına sədaqəti, dostlara sevgisi, narahat dünyası, yuxusuz gecələridir. Fazil müəllim də dəyərli və yaradıcı ömür yaşayır. Deməyə sözü olan və onu məharətlə qələmə alan, şövqlə yazıb-yaratmaqdan yorulmayan F.Güney əsərləri ilə xalqın milli ruhunun diri qalmasına xidmət edir. Bu baxımdan yazıçının "Qara qan" tarixi romanı fikrimizə sübutdur. Bu əsərin mayasında həm publisist düşüncəsi, həm də bədii təfəkkür sahibinin bənzərsiz təhlilləri var. Müəllif romanda bəzən tarixi faktları çatdırmaq üçün publisistikaya keçir. Dəst-xəttinin təbiiliyi çağdaş ədəbiyyatımızın bu gözəl nümunəsinin əsas özəlliyidir. Xalq dili, xalq ruhu bu əsərin qanına-canına hopub. Roman bənzətmələr, təsirli ricətlər və haşiyələrlə zəngindir. Məna tutumu ağır olan bu əsərdə fikrin emosional izharı, əlvan bədii təsvirlərlə tez-tez qarşılaşırıq. Maraqla oxunan hadisələrin geniş bədii lövhələrlə verilməsi, rəngarəng epik mənzərələr romanda müşahidə olunan əsas xüsusiyyətlərdir.

Üçcildliyin "Müəllifdən" adlı ön sözündə oxuyuruq: "Romanın belə uzun sürədə yazılması məndən asılı deyildi, buna səbəb Qarabağ müharibəsinin uzadılması oldu. Düşmən və arxasında duranlar zaman keçdikcə Azərbaycanın bu itki ilə barışmaq zorunda qalacağını düşünürdülər. Amma çox yanılırdılar. Tarixdən öncəki tarixi, ilk mədəniyyəti, ilk yazını yaratmış, çox "ilk"lərə imza atmış əcdadları olan bir xalq üçün Qarabağın ölüm və ya olum məsələsi olduğunu anlamırdılar".

Birinci Qarabağ müharibəsinin tüğyan etdiyi 90-cı illərin əvvəllərində F.Güneyin jurnalist kimi qaynar nöqtələrə səfərlər etməsi, qanlı hadisələrin şahidi olması, ən başlıcası isə vətənpərvər ürəyi onun ilk irihəcmli əsərinin uğurlu alınmasını şərtləndirmişdi. Əsərin əsas süjet xətti müharibədir. Hər cür ağrı-acıya, qan-qadaya səbəb olan, insan talelərini yaralayan müharibə. Yaşadığımız cəmiyyətin ağır fəlakətlərini, soydaşlarımızın günahsız olaraq zülmə məruz qalmasını, doğma yurdundan didərgin düşməsini, əsir və girov götürülməsini təsirli bir dillə çatdıran roman qanlı müharibələrin doğurduğu mühiti, əzab çəkən insanların psixoloji durumunu, düşüncə tərzini ortaya qoyur.

Romanın əsas qəhrəmanları ziyalı ailəsində doğulmuş, mükəmməl təhsil və tərbiyə almış, ixtisasca jurnalist olan gənc Aysu, onun atası, tanınmış alim olan Elbəyi, həmçinin Qarabağ savaşının odundan-alovundan keçmiş, əksəriyyəti şəhidlik zirvəsinə yüksəlmiş igid Vətən oğullarıdır.

Yazıçı Aysunun timsalında bütöv xarakterli, dönməz iradəli Azərbaycan qadınının obrazını yaratmağa müvəffəq olmuşdur. Əslən Qarabağdan olan, Bakıda doğulub boya-başa çatan gözəl bir qızın − Aysunun həyat yolu əsərdə ön plana çəkilib. Ailənin yeganə övladı olan, Qarabağın Füzuli bölgəsində toy məclisində iştirak edərkən bu gözəl qız və digər qız-gəlin buraya basqın edən azğın erməni quldurları tərəfindən əsir götürülür və Hadruta aparılır. Toydakılar, o cümlədən bəy və gəlin qanına qəltan edilir. Aysu vaxtilə ulu nənəsinin ona bağışladığı kiçik xəncərlə öz namusunu qoruya bilir, bu bəzəkli qəməni ona təcavüz etmək istəyən erməni yaraqlısının sinəsinə sancır. Qarabağ müharibəsinə qatılmış rus zabiti, polkovnik İvan Bulqanin Aysunu qatil ermənilərin pəncəsindən xilas edir. Nişanlısı Toğrul Hadruta Aysunu xilas etməyə gedərkən onu qızların əsir saxlandığı yerdə tapa bilmir. Çünki rus zabiti onu özü ilə əvvəlcə Xankəndinə, sonra isə sağ-salamat Moskvaya aparır, onu qoruyur və nişanlısı Toğrulla qovuşdurur. Əsərin əsas qəhrəmanlarından olan Toğrul döyüşkən ruhu, mübarizə əzmi ilə fərqlənən, qələbə çalacağımıza inanan, böyük ümidlərlə yaşayan bir gəncdir. Toğrul general Dəmirçioğlunun xüsusi tapşırıqlarına əsasən, öz kəşfiyyat dəstəsi ilə ən mühüm tapşırıqları yerinə yetirir, işğal altındakı ərazilərimizdən dəqiq məlumatlar gətirir.

Dözülməz əsirlik həyatı yaşamış Aysunun Bakıya qayıtmasından, atəşkəs əldə olunmasından, ölkəmizin sonrakı illərdə iqtisadi və siyasi həyatda qazandığı uğurlardan və nəhayət, dörd gün çəkən müharibədə − aprel döyüşlərində əldə edilmiş qələbədən bəhs edən üçüncü cild də maraqlı oxunur. "Qara qan" roman trilogiyası nəsillər arasında körpü yaradılması, bu gün yetişən gəncliyə qan yaddaşı kimi ünvanlanması baxımından olduqca əhəmiyyətlidir.

Düşmənin əsir götürdüyü döyüşçülərin məşum həyat hekayələri, onların başına gətirilən ağlasığmaz işgəncələr romanın ayrı-ayrı fəsillərində çılpaqlığı ilə əks etdirilmişdir. Şuşa həbsxanasından bəhs edən fəsil bu qəbildəndir. Üzləşdikləri vəhşiliklər, dözülməz işgəncə üsulları, əsl cəhənnəm əzabı əsirlərin mənliyini sarsıda, iradəsini qıra bilmir. Onlar şərəfli ölümü şərəfsiz yaşamaqdan əfzəl bilirlər. Ağır yaralanıb əsir düşən əsgər oğullarımız, dinc sakinlər arasından girov götürülənlər hətta ən çətin vəziyyətdə, ölüm təhdidi altında belə "Qarabağ Azərbaycanındır" nidasını söyləməkdən çəkinmirlər. Cəbrayılın işğal olunduğu günlərdə mülki əhalinin çıxmasına kömək göstərən, bu işə cavanları cəlb edən İlqar Mehdiyev erməni yaraqlılarının pusqusuna düşür, yaralandığı üçün əsir götürülür.

Cəbrayıl şəhərinin icra nümayəndəsi olan İlqar əsirlikdə məşəqqətli günlər yaşayır, dəhşətli əzablara məruz qalır. Bu, əsərin ən mübariz, çevik obrazlarındandır. İlqarın bu məziyyətləri erməni cəlladların gözündən yayınmır, onu sındırmağa cəhd edirlər. Şuşa həbsxanasında ona işgəncə verən erməni zabiti öz bayraqlarını öpməyi, Azərbaycanın bayrağını isə aşağılayaraq yerə tullamağı Mehdidən israrla tələb edir. Mehdi isə düşmən bayrağını ayaqları altına atıb tapdalayır, üç rəngli bayrağımızı öpüb köksünə sıxır. Bu dəyanətli insana verilən zülm-sitəm bundan sonra da bitib-tükənmir.

Qarabağ müharibəsinin gerçək qəhrəmanlarının − polkovnik Ş.Ramaldanovun, zabit Babaoğlunun, cəsur döyüşçü Allahverdi Bağırovun, kəşfiyyatçı, xüsusi təyinatlı İbadın, əsir düşmüş qızların bir neçəsinin azad edilməsinə nail olan igid Nərimanın ... obrazları olduqca real təsvir olunmuşdur və oxucunu düşündürür. Kitabda digər dolğun obrazlar da yer alıb. Kapitan Qaşqay, Qönçə, Elnarə, Aksana, Asya, Durna nənə, Dağbəyi, Qırmızı Xaçın nümayəndəsi Pyer və başqaları. Yazıçı indi söyləyəcəyim belə bir maraqlı hadisəni də diqqətə çatdırır. Pyer, döyüşdə fərarilik edən və həbsxanada saxlanılan erməni dustaqları ilə buradakı azərbaycanlı əsirlər arasında yarış keçirilməsini təklif edir və buna nail olur. Erməni qaniçənlərin hər gün döyüb işgəncə verdiyi, ac saxladığı və bu üzdən zəifləmiş, gücdən düşmüş azərbaycanlı əsirlər düşmənə qalib gəlirlər. Müəllif bizim döyüşçülərin bu üstünlüyünü igid oğullarımızın iç dünyasındakı ölməz ruhun, dönməz iradənin, qətiyyətin və düşmənə dərin nifrətin izharı kimi təqdim edir.

Əsərdə sevgi və namus-şərəf sınağı ilə üz-üzə qalan Aysunun əsir düşməsi fonunda Qarabağ müharibəsinin əsl mənzərəsi və çoxlarının bilmədiyi daha dərin qatları oxucuya çatdırılır. Erməni quldurların öz tərəfdaşlarının − böyük güclərin köməyi ilə yurdumuzda törətdikləri vandalizmi, habelə mənsəb naminə qüvvələrimizi parçalamış nadürüst siyasətçilərin əməllərini ifşa edən müəllif baş verən hərbi və siyasi gerçəklikləri bədii sözün qüdrəti ilə, xarakterik obrazlarla təqdim etmişdir.

Roman insanların haqsız olaraq işgəncələrə məruz qalması, isti ev-eşiyini itirməsi fonunda gerçək savaş mühitini, əsir və girov götürülmüş soydaşlarımızın zülm-sitəmə sinə gərdiklərini diqqətə çatdırır, erməni faşizminin bəşəriyyət üçün təhlükə olduğunu açıq-aydın göstərir. Fazil Güney deyir ki, "bu romanın əsl müəllifi xalqımızın cəsur, mübariz oğul və qızlarıdır. Erməni hərbçiləri minaları təkcə cəbhə xətti boyunca əkmirdilər. Onlar hər köçkün qarabağlının köksündə mina əkmişdilər. Körpələr əzəldən sinəsi minalı doğulmuşdu. Gün gələcək sinələrdəki o minalar düşmənin başında partlayacaq." Axı, o xalq qürurludur ki, məruz qaldığı tarixi ədalətsizliyi heç vaxt unutmur, intiqamını, qisasını almağı bacarır.

F.Güneyin dünyaya göz açdığı doğma yurdu Cəbrayıla, o cümlədən Vətən torpağına bağlılığı əsərin hər fəslində, hər sətrində duyulur. 27 ildən bəri yağı düşmənin tapdağında qalan ata yurdunu, erkən yaşlarından sevdiyi dağları, meşələri, Arazqırağı yaşıllıqları sevgi ilə təsvir edib. Bu illər ərzində yazıçının doğma yurdun həsrəti ilə döyünən ürəyi indi rahatdır, mənəvi dinclik tapıb. Zəfər müjdələrindən sonra! Deyir ki, "xəyalən həmişə oralarda idim. Nə vaxtsa qələbə çalacağımıza inanırdım. Xoşbəxt insanam ki, əzəli torpaqlarımızın azad olunması xəbərinə sevinmək mənə də nəsib oldu. Şükürlər olsun ki, igid oğullarımız, rəşadətli əsgərlərimiz, Müzəffər Ali Baş Komandanımız tarix yazıb. Vətənimizin sinəsinə çalın-çarpaz dağtək çəkilmiş cəbhə xətlərini yarıb, bütöv Azərbaycana sahib çıxıblar."

 

Zemfira Məhərrəmli

yazıçı-publisist