adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Yanvar 2021 14:34
80788
ƏDƏBİYYAT
A- A+

HƏYATIN  MƏNASI

Əbülfət Mədətoğlunun poeziyası haqqında fəlsəfi düşüncələr

 

Ön söz

 

 

XX əsrin möhtəşəm filosofu Martin Xaygerrep deyir: "Hər kəs başqasıdır ki, var, heç kim özü ola bilmir". Mən bununla razılaşmıram.

Deyirlər tarix obyektiv faktların subyektiv təfsiridir. Bəs, faktlar haradan yaranıb? Onu da subyekt hazırlayıb. Elə isə faktlar niyə obyektiv olur ki?! Bu səbəbdən Rene Dekart deyib: "Hər şeyi şübhə altına almamalı". Bəs, yerdə nə qalır?! Ona belə cavab verir: "Düşünürəmsə, demək varam". Yerdə qalır insan, onun ağlı, zəkası və düşüncəsi. Bununla da tam razılaşmayanlar tapıldı. "Obyekt subyektdə ola bilməz!" - dedilər. Onlar ayrı-ayrı anlayışlardır.

 Beləliklə, XVII əsrdən başlayaraq, fəlsəfənin əsas məsələsi -"Materiya birincidir, ya şüur?!" problemi aktuallığını itirdi, insan, onun həyatının mənası önə keçdi.

Nədir həyatın mənası?!Bu sual filosofları çox düşündürdü. Yeni ideyalar, fəlsəfi fikirlər yarandı və orta əsrlərin dini sxolastik imperativlərini çökdürməyə başladı.

    İdeyalar ayrıcında onlardan bir neçəsini nəzərdən keçirək.

Maks Ştirner: Çox da geniş yayılmayan, lakin təfəkkürün ən dərin qatlarına işləyən, hətta Artur Şopenhauer, onun vasitəsilə Fridrix Nitsşeyə güclü təsir göstərən, dünya fəlsəfi irsiniözünəməxsus qavrayan bu nəhəngfilosof dedi: - Məndən yüksəkdə heç nə yoxdur!

Dedilər bu eqoizmdir.

Artur Şopenhauer: O, dünyanı iradə və təsəvvür kimi qələmə aldı. Yerdə qalan hər şeyi inkar etdi. İradə ciddi-cəhd, qüvvə, enerji imkandır, təsəvvür istək, arzu. İmkanla istək-arzunun balansı heç vaxt, heç yerdə,heç kim üçün uyğun gəlməyib və gəlmir. Bu əbədi uçurum insanı xoşbəxtliyə qovuşmağa imkan vermir.

Dedilər bu pessimizm, bədbinlikdir.

Fridrix Nitsşe: Həyatın mənasını, bəşəriyyətin xoşbəxtliyini, insanın, fərdin, indivudumun, totem və tabulardan, fetişizmdən, yaratdığı və köləsinə çevrilib, səcdə etdiyi süni allahlardan azad olub, özünün öz allahına - fövqəlbəşərə çevirməkdə gördü. Nümunəsini zəmanəsində tapa bilməyib, keçmişə qayıtdı və Zərdüştü nişanverdi: "Zərdüşt belə deyib" dahiyanə əsərini yazdı.

Onu da Hitlerə qoşdular. Üç nəhəng ideyanın, kitin - "xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl" üzərində duran Zərdüştçülük bu damğadan güclə qurtuldu.

Alber Kamyu: - Həyatın mənası, "Sizif əməyi kimi absurd, əzab-əziyyətdir" - dedi. Onun cavabı sualında özünü tapdı: "Həyatın mənası absurddur!".

Jan Pol Sartr: - "Həyatın mənası yaradıcılıqdadır". Dedilər hər şey axır, hər şey dəyişir, yaradıcılıq da köhnəlir, unudulur, itib-batır.

Seren Obyu Kerkorop: Əvvəlincini axırda yazdım. İlahiyyatçı filosof ekzestenşal - yaşam fəlsəfəsinin banisidir. Dedi: - İnsan öləndə doğulur, əbədi, haqq dünyasına qovuşur. Həyatın mənasını o - əbədi haqq dünyasında tapdı. Dedilər bu psixoterapiyadır.

Burda mənim yadıma Molla Nəsrəddinin dahiyanə, sadə və dərin fəlsəfi lətifəsi düşür. Oğlu və eşşəyi ilə yol gedən Molla bütün hallarda kütlənin qınağı, tənəsi ilə rastlaşaraq, sonda eşşəyi dalına alıb, yol getməli olur. İdeyalar bir-biri ilə yola getmir, dialoqa girir, hər biri gerçəkliyi öz gözü ilə görür və dəyərləndirir.

 

***

Çoxdan izlədiyim Əbülfət Mədətoğlunun yaradıcılığı haqqında əlimə qələm alanda saysız-hesabsız ştamplaşmış, daşlaşmış bədii ədəbiyyatın nəzəriyyələrinin, fəlsəfi ideyaların yol ayrıcında durub, fikrə getdim. Bu nəzəriyyələrin, ideyaların heç biri əl vermirdi. Bəs, Əbülfətin yaradıcılığına hansı gözlə yanaşım?! Qərara gəldim ki, kreativ şəxsiyyətlərin yaradıcılığına baxışın və təhlilin ən obyektiv yolu onun öz gözüdür. Gəlin, Əbülfətin bədii yaradıcılığını fəlsəfi düşüncə tərzində, onun öz gözü ilə nəzərdən keçirək.  

 

Ağrılı çəkdiyim,

dərdli çəkdiyim

Bu boyda Bakıda 

dərddi çəkdiyim,

Mənim azadlıqda

şərti çəkdiyim,

Cəzanın adını

çəkənlər bilər.

 

Lirika

 

Lirika nədir? Qədim Yunanıstanda, o cümlədən Qərbdə poeziya nümunələri - sonet, oda, elegiyalar və s. lira musiqi alətinin sədaları altında oxunduğu üçün onlara lirika deyirdilər. Qərbdə poeziya ilə liranın melodiyasının vəhdəti də ecazkar təsir qüvvəsinə çevrildiyi kimi Şərqdə də Əbülfət Mədətoğlunun poeziyası tarla, kamanla, sazla bəhdətdə səslənir. O, tar kimi haray salır, kaman kimi inləyir, saz kimi ruha hopur. O, Qurban Pirimovu, Habil Kamanı, Ədaləti xatırladır. Onun lirikasındakı insanlar da, onların məhəbbət və nifrəti də, təbiəti də, orada ağacların yarpaqlarının xışıltısı, gül-çiçəklərin ətri də təkrarolunmazdır.

 

Ağacların nəğməsini

yarpaqlar oxuyur,

Yarpaqların nəğməsini

küləklər…

çiçəklər,

ləçəklər…

Oxuyur

Günəşdən öncə,

arılar,

sonra da kəpənəklər…

Günəşsə yuyunur şehdə.

Qəlbləri əvvəl

duyğu danışdırır…

sonra da

qələm, kağız.

Ürəklə kağızın arasında

hər kəsdən

deyilməmiş

söz qalır

bir ağız…

 

***

Dilimizdə obraz surət, şəkil kimi anlaşılır. Əbülfətin yaradıcılığı bundan imtina edir. Onun obrazları, həyatdakı həqiqətlərlə eyniyyət təşkil etmir, onların surəti və ya şəkli deyil, özünün təkrarolunmaz duyğularının, düşüncə, qavrayış tərzinin şeir məhsuludur.

 

Gülüm,

əllərim dibçək,

saçların

ovcumda açmış çiçək…

yüz il bundan sonra da

tellərinin sayını

soruşan olsa,

əllərim su kimi içəcək!..

və yaxud,

 

Dərdin

Böyüyü-kiçiyi olmur,

Dərdin ölçü vahidi

Ürəyin tutumudu…

Dərd - dadı damağından,

Ağrısı canından getməyən

Ömrün

Bir turşməzə tumudu.

Baş-başayıq onunla…

 

***

Allah saysız-hesabsız canlı-cansız varlıqlar yaradır, lakin onların heç biri digərinin tam eynisi deyildir. Hər birini birləşdirən ümumi cəhətlər olduğu kimi, ayıran, fərqləndirən xüsusi cəhətlər də var.  VanQoqun "Günəbaxan" rəsmi həm təbii günəbaxandan, həm dəona qədər çəkilən minlərlə günəbaxanlardan xüsusi duruş, görünüş tərzi, rəngləri ilə fərqlidir. O günəbaxan daha çox enerji saçır, işıqlıdır, orijinaldır, təkrarolunmazdır, unudulmazdır. Hətta harda, ilin, günün hansı vaxtında, kim tərəfindən çəkildiyini açıq-aydın söyləyir. Yaradıcılıq, bədii estetik yaradıcı düşüncənin məhsulu budur!

 

Mən səhəri göy üzündə açmışam

Ulduzları saya-saya baxışla...

Hörüyünə bir bənövşə taxmışam -

Yuxudaydın, oyatmadım... bağışla!

 

Özüm sanki üzülmüş bir yarpağam

Duman qoymur sənə tərəf, yar, baxam...

Nə əlim var, nə əlində, yar, yaxam -

Seçəcəksən məni hansı naxışla?

 

Məhəbbətdi ruhum - özəl mənbəyim,

Təbiidi yana-yana sönməyim...

Qadağandı ürəyinə dönməyim -

Dönəcəyəm kirpiyinə yağışla...

 

***

Deyirlər, "Dünya bir pəncərədir, hər gələn baxıb gedər". Həmin pəncərədən hər kəs öz gözü ilə görür, öz duyğuları ilə qavrayır, gördüyünü paylayır. Rəssam rənglə, musiqiçi səslə, şair poeziya ilə. Orada ümumi cəhətlər nəzərə çarpmır, yalnız xüsusi, məxsusi rənglər, səslər, poetik ifadələr görünür, eşidilir, beyinlərə hopur, gələcəyə, uzunömürlülüyə yol tapır.

 

Hönkür-hönkür ağlayıb,

Boşaltdım ürəyimi.

Batırdım göz yaşıma

Əl boyda çörəyimi

Kasıb süfrə açmışdım, kasıb…

 

Və yaxud,

 

Ucalıq qəmin çəpəri,

Tükənir dizin təpəri…

Günün ən acı xəbəri -

Bu telefona zəng çatmır!

 

Bu fikirlər Əbülfətin poeziyası ilə tanış olanda ağlıma gəldi.

 

Metafora

 

Əbülfət Mədətoğlu poeziyası nəql, vəsf, nifrət, ifşa, çağırış, üsyan etmir, o, imperativ deyil, onda notemika, pafos yoxdur. Sadəcə hiss-həyəcanlarının duyğu ilə qavrayışını poetik dillə ifadə edir. O, formaca adi görünsə də, ideya və məzmunca həyat həqiqətlərini, reallığı ifadə etsə də, deyim tərzi, özünəməxsus obrazlı metafordur. Onun lirikası fəlsəfəsi, fəlsəfəsi lirikasıdır. Təbiətən də axar bulağın şırıltısını, musiqidə ecazkar kamanın iniltisini xatırladır.

 

Dedim sənin yanında

Heç nə düşmür yadıma.

Səndən ayrılan kimi

Başlayır darıxmağa -

Ürəyim.

 

Dedim sənin yanında

Söz tapmıram, danışım.

Ayrılanda həsrətlə

İmkan vermir barışım -

Ürəyim.

 

Dedim bunun sonu nə -

Yolu hara qədərdi?

Bu görüşlər bəhanə,

Yaşadığım kədərdi -

Ürəyim!

 

Dedim son da əvvəldi,

Dözəcəm sona kimi.

Çatlasa, həsrətindən,

Yanacaq qana kimi -

Ürəyim.

 

Dedim çaşıb qalmışam,

Bilmirəm, heç nə edim?!

Tay sən mənim özümsən,

Sənsiz mən hara gedim -

Ürəyim?

 

Dedim mən də dalğınam,

Ay arzum, ay diləyim,

Dənizsən, mən dalğanam

Ayır görüm, sən bizi,

Ürəyim, ay ürəyim!

 

***

Əbülfət Mədətoğlu hər zaman, hər yerdə özü olmağa çalışır. Şeirlərinin nöqtəsi yoxdur, ideyalar ən mükəmməl həndəsi fiqur kimi dövrə vurub, yeni, daha mükəmməl keyfiyyətdə oxucuya qayıdır, enerjisinə yeni enerji, ruhuna ruh, həyat eşqinə yeni eşq qatır.

 

Əslində

hər şey sondu.

Və sondan

başlayır əvvəl...

Nəticə -

ilk addımın əksidi.

Hətta

belə də

demək olar -

məqsədin çəkisidi

sondan əvvələ

uzanan yol...

sanki seyr edirsən,

bircə unudursan ki,

hər zaman

özündən özünə

gözüyumulu

bütün

istiqamətlərdən

yol gedirsən.

 

Və yaxud,

 

Hərdən

üzüquylu düşüb

ölümümü

ağlamaq istəyirəm -

nə vaxt gələcəyini

 bilməsəm də...

Hərdən

əllərimi uzadıb

tanrının

gözlərini

bağlamaq istəyirəm -

mənim necə

ağladığımı

gördüyünü bilsəm də...

 

İnsan və robot

 

Poeziya irrosional qavrayışa rasional dərketmədən daha çox önəm verir. Rasional təfəkkür dəqiq, quru, sxematik, elm, ağıl yoluna gedib, insanı robota, irrasional qavrayış isə insanın duyğu üzvlərini itiləyir, fantaziyasını qanadlandırır, hiss və həyəcanlarını coşdurur, həyat eşqini yüksəldir, hətta robot hazırlayan alimlərin robotlaşmasına əngəl törədir. Metafora, yaradıcı fantaziya, rasional təfəkkürlə irrasional qavrayışın, ağılla hiss və duyğuların balansını tənzimləyir.

 

Bu qədər

canım

sıxılmazdı əvvəllər -

bilməzdim ki,

nə canım var,

nə dərdim...

İndi

canım

sıxıldıqca

düşünürəm ki,

canım olmayan yerə

dərdimi

tərəddüdsüz

götürüb gedərdim -

bir az

rahatlanmaq üçün...

 

Və yaxud,

 

Öldür məni sevə-sevvə,

Göz yaşın gözümə yağsın.

Öldür, amma gülə-gülə

Gözlərin gözümə baxsın.

 

Dünyanın odun ələyim,

Canımı oda bələyim,

Özü od olan mələyim,

Bir dönüb üzümə baxsın...

 

Duyğu qalareyası

 

Əbülfət Mədətoğlunun poeziyası təbliğatçı, təşviqatçı, təşkilatçı deyil, təbiətin qanunları kimi təbii, sakit, sadə, təmkinli və bitərəfdir; öz strategiyası və traektoriyası var. Bunu bilmədən və öyrənmədən ondan faydalanmaq çətindir. O, təbiətin və cəmiyyətin gözəlliklərini, ağrı-acılarını abstraksiya edərək ümumiləşdirib standartlaşdırmır, hamı üçün şablon, ştamp, trafaret, matrisa hazırlamır. O, duyğuların, hiss-həyəcanların açıq qalareyasıdır. Hər kəs onları öz gözü ilə görür və təbii duyğularının gücü müqabilində payını götürür.

 

Qaçdım,

qurtara bilmədim

dərdin əlindən.

Əvvəl ətəyimdən tutdu,

sonra ürəyimdən.

Yavaş-yavaş

ruhumu oxşayaraq

şirin vədlər -

səpələdi dilindən.

Mən də

üzüyumşaq -

aldana-aldana

bir də gördüm ki,

əlimdən çıxıb ürək...

 

Və yaxud,

 

Metro girişində

bir parça

karton üstündə

əyləşib

qucağında

əl boyda

körpəsi olan

bir qadın

çörək pulu dilənir...

Görəsən,

Şirin öpüşlərin,

gizli görüşlərin

yaşayanda dadın -

heç ağlına

gətirə bilirdimi,

doğacağı uşağın

indiki həyatın,

bugün

metro girişində

Allahın adıyla

dilənən qadın?!.

 

Vəhdət

 

Kainatda hər şey qarşılıqlı əlaqədə, vəhdətdədir. Dahi filosof və loğman Əli ibn Sina son nəfəsində bu sözləri təkrar etmişdi: Vəhdət! Vəhdət! Vəhdət!

Orta əsrlərdə, dinlərin hökmran olduğu dövrdə "proqres" sözü, anlayışı yox idi. Hər şey mütləq ideyanın iradəsindən asılı idi. "Ol" deyəndə olur, "öl" deyəndə ölürdü. Vəhdət isə yekcinsliyi qəbul etmir, o, xüsusi, təbii, zəruri, qüdrətli strategiya və taktika əsasında birləşmənin nəticəsidir. O, tərkibdir. Hər şey, bütün materiyalar, hətta millətlərin qan qrupu - DNT-ləridə tərkibdir. Heç kim düz xətlə bir tayfanın və qəbilənin qan qohumluğundan yaranmayıb. 

 

***

Eksperimental fizikanın banisiQalileo Qaliley (1564-1642) yeri-göyü tədqiq edib, bu fikrə gəldi: hər şey əbədi hərəkətdədir, səbəb və nəticə əlaqəsinin məhsuludur. Əli ibn Sinanın "Vəhdət"sözü elmi təsdiqini tapdı. Bəs səbəb?

 

***

Alman klassik idealist fəlsəfəsinin nəhəng yaradıcılarından biri Georq Vilhelm Fridrix Hegel (1770-1831) vəhdəti əksliklərin mübarizəsində gördü. Beləliklə, əksliklərin mübarizəsi və bəhdəti qanunu yarandı.

Bu, ümumdünya akademik, milli universal qanuna hamımız inanmışıq. O, təbiidir, zəruridir, vacibdir, geriyə dönməzdir.

 

***

Əbülfət Mədətoğlunun çox maraqlı həyatı var. O, Azərbaycanın əzəli-əbədi tarixi torpağı - Qarabağın Xocavənd rayonunun məşhur Tuğ kəndində doğulub. Milli əksliyin əsrlərlə tüğyan etdiyi doğma ata-baba torpağında. Şair bu əksliklərin mübarizəsinə təbii qüvvə kimi baxır, axırda onun haqq-ədalətin rəmzi kimi vəhdətdə birləşməsinə şübhə etməməyə çalışırdı.

Kür, Araz, Ararat, gözəldir bu həyat,

Qardaş olub Hayastan - Azərbacan.

 - sözləri ilə cilalanmış mahnını eşidəndə duruxub fikrə gedirdi. "Kəndim" şeirində həmin hisslərini ifadə etdi. Bu, onun ilk şeirlərindən biri idi.

 

Əlim daşına çatmır,

Daşın öpə bilmirəm.

Heç nə başımı qatmır.

Gözümə təpə bilmirəm,

Nə vaxtdır səni, kəndim.

 

Bu qışda "soyuğa" bax,

Əlim, üzüm üşümür.

Qar yağır, qardan da ağ

Xəyal durub, düşürmür -

Atından məni, kəndim.

 

İçimin göynərtisi

Soyadıma bəs edər.

Bu dərdin göynərtisi

Nəsillərə dərs verər 

Dumanlı-çənli kəndim.

 

Bu öc düşmənə qalmaz

(Mənimtək oğul olmaz!)

Son kərə gülməmişəm.

Qoruya bilməmişəm

Ölüncə səni, kəndim.

 

Və yaxud,

 

Kirsin dizi üstə qoyub başını,

Uyuyur, dünyadan bixəbər kimi.

Gözümü açandan, dağlar kəndimin

Qoruyur yuxusun bir sipər kimi.

 

Öz qara donunu geyər buludlar,

Çilər göz yaşını yola, irizə.

Yəqin toz olmasın deyər buludlar,

Belə kövrəldiyin verməz büruzə.

 

Mürgülər dağ kəndim - mənim Tuğ kəndim,

Amma ki, yuxusu quş yuxusudur.

Şəhərin havası dəyişdi qəfil -

Yəqin gələni var - kənd qoxusudur.

 

***

İllər beləcə keçir, Əbülfətin həyatının ən dəyərli anları ötüb-gedirdi. O, hərdənbir tarixi xatırlayıb, kəndinin taleyi haqda düşünürdü. Kəndinin yarısında azərbaycanlılar, digər hissəsində ermənilər yaşayırdılar. Bu iki əksliyin zaman-zaman təbii qüvvələrdən yan keçib, iyrənc hal alacağını, vəhdətdə birləşməyəcəyini ağlına belə gətirə bilmirdi. Cəfər Cabbarlının əsərindəki Allahverdi ilə İmamverdinin üz-üzə durduğunu, hərdənbir barışdığını düşünüb qəti fikrə gələ bilmirdi. Arada güllə səsi gəlsə də erməninin səsinə inanıb, təskinlik tapırdı: "Atan kazaklardı".

"Yersiz gəldi, yerli qaç", "Gəmidə oturub gəmiçi ilə dava eləmək" kimi xalq məsəlini arabir xatırlasa da, əksliklərin mübarizəsinin mütləq vəhdətlə nəticələnəcəyi kimi təbii qanunun da gücünə güvənirdi. Buna baxmayaraq o güllənin kazaklar tərəfindən atıldığına heç vaxt qəti inana bilmirdi.

Ola bilsin ki, bu da Sovet təbliğatının acı nəticəsi idi. O nəticə də erməninin iç üzünün açılmasını gecikdirirdi. Nəhayət, pərdələr qaldırıldı və öncə söylədiklərim öz təsdiqini tapdı: yersiz gəldi, yerli qaçdı. Bu da şairin poeziyasında yeni səhifə açrı.

 

Mən səninçün heç vaxtı

Belə darıxmamışdım.

Adımı, soyadımı

Belə karıxmamışdım -

Doğulduğum əsir yurd...

 

Sən mənimçün adicə

Çəmən idin, bağ idin.

Meşəli, buz bulaqlı,

Şəlaləli dağ idin -

Doğulduğum əsir yurd.

 

İndi həsrət çəkdikcə

Qınayıram özümü.

Sənə qovuşmaq üçün

Qurban dedim gözümü -

Doğulduğum əsir yurd. 

 

Yaxud,

 

...Bir ev qoyub gəlmişəm

Açarları cibimdə.

Açarla oynayıram

Çadırların dibində.

 

***

Əbülfətin həyatının anları bir-birini əvəz edirdi. Ötən əsrin 80-ci illərində onu illər boyu düşündürüb, rahat buraxmayan bir sıra müəmmalar tam çılpaqlığı ilə üzə çıxdı. Atan kazaklar deyilmiş, ermənilər və onların naxələf xisləti, nişangah kəndin azərbaycanlılar yaşayan hissəsi, yandırılıb külə döndərilən əksliklərin təbii, qüdrətli nəticəsi - vəhdət idi. Əbülfət Mədətoğlu yanan kəndini, ata-babasının yurdunun, evinin yandığını gözləri ilə gördü.

 

Yandı evim-eşiyim,

Yandı divarım, daşım...

İsit, qoyma üşüyüm,

İsit məni göz yaşım...

 

Və yaxud,

 

Bir qış nağılıdı bu qış gecəsi,

Şaxta da, sazaq da köhnə tanışım...

Təkcə evim yoxdu, balalarımı

Toplayıb başıma, nağıl danışım...

 

Əbülfət Mədətoğlunun özünün dediyinə görə, həyatının 33 anını xatırlayır. Lakin onların hamısını hələ ki, qələmə almayıb. Kim bilir, o anlara həyat daha neçəsini əlavə edəcək. Şair əksliklərin daha neçə mübarizəsinin şahidi və iştirakçısı olacaq, daha neçə vəhdətin təntənəsini və qələbəsini görəcək. Hələ ki, poeziyasının ən maraqlı məhsulları ilə inamla addımlayır, gedir.

Bəs o, indi haradadır, hara gedir?

 

Aramsız

güllə yağışı

bələyir torpağı

dəlib keçir

daşı,

otu

ağacı

yarpağı...

Bir igid

sol əliylə

sıxıb ürəyini

dizi üstə

qana boyanıb

barmağı -

qvcu qan dolu...

Sağ əliylə

tutub bayrağı

güclə dayanıb

baxır,

baxır

və bağırır: -

İrəli, qardaşlar, görünür

Şuşanın yolu!!!

 

***

Hər dəfə bu sualı özümə verəndə xəyalımda sürətlə şütüyən bir çapar canlanır. Qatardan irəlidə saysız-hesabsız insanlar inadkarlıqla onu istədikləri səmtə yönəltməyə çalışır. Bacarmır, naməlum tərəfə yönəlib, şikəst, çarəsiz halda qatarın ardınca söyüş söyməklə, qatardakıları təhqir etməklə, qarğımaqla, çığır-bağır salmaqla yalnız və yalnız dodaqlarının ətrafındakı havanı azacıq tərpətməyə nail olurlar.

Qatarın arxasında da böyük bir dəstə var. Onlar tənbəl-tənbəl hərəkət edir, hamı axtarır, yıxılıb-qalxır, yolda qalır, qatarı gözdən itirir, sonra özləri üçün dua etməklə, kimlərəsə nəzir-niyaz boyun olmaqla təsəlli tapırlar.

Onlar - qatarın qabağında və arxasındakılar kimlərdirlər? Birincilər özlərindən müştəbeh radikal, çılğın, xoleriklər, vsevodlar, "Çingizxanlar", "Napoleonlar"dır. Onlar hətta qatarın zaman və məkanın qurduğu relslərdən kənara çıxarılmasının mümkünsüzlüyündən belə xəbərsizdirlər.

İkincilər maariflənməmiş məzlum kütlədir, hamı axtarır.

 Bəs, qatardakılar kimlərdir? Burda mən Martin Haydeqqerlə razılaşmıram. Orada fitri istedadları ilə həyatda "özü olmağı bacaranlar"dır. Əksliklərin - yeniliklə köhnəliyin debatının qalibləri, işıqlı vəhdətin müəllifləridirlər; zaman və məkan ilə ittifaqda böyük gələcəyə doğru gedirlər.

Əbülfət Mədətoğlunu öz yaradıcılığı ilə birgə həmin qatarın içərisində görürəm. 

 

Hüseynağa QƏNİYEV,

filosof