adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Yanvar 2021 12:45
36449
ƏDƏBİYYAT
A- A+

Halallığın və Səmimiyyətin Ünvanı...

Turaneli.tv gənc yazar, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyevanın Əməkdar jurnalist, tanınmış qələm adamı Əbülfət Mədətoğlu haqqında yazısını təqdim edir:

Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi oxucuların qəlbinə gedən yoldur. Əbülfət müəllim bu yola hələ yaradıcılığının ilk illərindən inamla, ürəklə çıxıb. Əslində, əsl istedadlı adamın yaradıcılığının “ilk” dövrü, ya “yetkinlik” mərhələsi adlı şey yoxdur. Ədəbiyyat aləminə gələn birbaşa gəlir, sənət aləmində öz sözünü deyir. Öz işığı – ziyası, dərin düşüncəsi, saflığı, səmimiyyəti ilə ürəklərə yol tapır – Əbülfət Mədətoğlu kimi...

Sənət, ədəbiyyat, poeziya zəngin bir dünyadır. Əbülfət müəllimin şe-irlərini oxuduqca onların hər birinin nə qədər böyük diqqət və məhəbbətlə yaradıldığını duyursan. Şair taleyini yaşamaq nə qədər əzablı olsa da, mü-əyyən mənada insana bədbəxtlik gətirsə də, bu ömrün “bədbəxtliyinin” özündə də bir doğmalıq var. Əbülfət Mədətoğlunun qələmindən çıxan hər bir sətri oxuduqca anlayırsan ki, bu kitabdakı heç bir şeiri masa arxasında sakitcə oturub yazmaq olmaz.

Marina Svetayevanın gözəl bir fikri var: əsl, həqiqi sənət əsəri böyük gərilmənin məhsuludur. İstedad nə qədər yazmağı yox, nə qədər “gərilməyi bacarmaq”dır. Əgər hər hansı bir əsəri “gərilmədən” rahatca yazsan cild-cild kitabların olacaq, lakin yazdıqlarının heç biri sənət nümunəsinə çevrilə bilməyəcək. Əsərə əbədiyaşarlıq qazandıran, şeiri şeir edən məhz bu “gəril-mə”dir. Bu mənada, Əbülfət müəllimin qələminə məxsus hər bir ədəbi nümunə - istər şeir, istər nəsr, istərsə də publisistik yazı - böyük gərilmənin nəticəsi olduğu göz qabağındadır.

Onun poetik dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli təfəkkürün və dünyagörüşün güzgüsüdür...

Hegel deyir ki, dünyanı dərk etməyin üç yolu var: dini, fəlsəfi və poetik. Bu iki dərketmə yolu özünün ən yüksək nöqtəsində poetik həddə çatır. Fəlsəfə poezi-yadan aşağıdır, o mənada ki, fəlsəfə dediyi şeyi əsaslandırmalıdır. Poetik sözü

əsaslandırmaq çox çətindir. Poeziya sözün ən ələ gəlməyən formasıdır, hər şeyin fövqündədir.

Əgər hər hansı əsəri oxuyan adam həm müəlliflə, həm də bu əsəri oxuyan başqa adamlarla eyni hissləri keçirib ruhən onlara qaynayıb qarışırsa, deməli, bu əsl sənət əsəridir. Belə əsəri oxuyan adama elə gəlir ki, burda yazılanlar hamısı onun çoxdan demək istədiyidir. Əsl sənət əsəri həm oxucuyla müəllifin, həm də oxucuyla başqa oxucuların arasından bütün sədləri götürür. Əsl sənət əsərinin gücü də məhz bunda, insanı öz tənhalığından xilas eləyib başqalarına doğmalaşdırmağındadır. Əbülfət müəllimin yaradıcı adam kimi uğuru məhz bundadır. Əslində, adlar, titullar, mükafatlar,təltiflər – hamısından daha ucada dayanan bir məqam var – oxucu qəlbinə gedən yol... Önəmli olan oxucu qəlbinə gedən yolu tapmaq, oxucuya istədiyini verməyə çalışmaqdır ki, Əbülfət müəllim bu ədəbi məsuliyyətin öhdəsindən şərəflə gəlməkdədir.

Şairin poeziyasına şərh vermək üçün ilahi pıçıltıların gizlinlərini, ürəyin və şüurun alt qatında gedən prosesləri dərindən bilmək gərəkdir. Onun yazdıqlarında insan qəlbinin 4 fəslinin ilıq nəfəsi, qızmarı, soyuğu və sazağı duyulmaqdadır. Bu şeirlərdə hər bir oxucu özünün yaş səviyyəsinə, gündən-günə neçə dəfə dəyişən ov-qatının ab-havasına uyğun notlar, motivlər tapa bilir.

Yaradıcılığın mayəsində insanın daxili mahiyyəti, şəxsiyyəti dayanır. Şəx-siyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük ədəbiyyat yarada bilməz. Bu mənada, Əbülfət müəllim şəxsiyyəti və yaradıcılığı bir – birini tamam-layan, Sözü kimi bütöv insandır.

Söz halallıqdır... Söz ləyaqətdir... Söz vicdandır... Söz zəhmətdir... Söz ilahidən gələn hikmətdir... Bu gün sözün dəyərsizləşdiyi, insanların ucuzlaşdığı bir dünyada Sözünün ləyaqətini vicdanla qorumağı bacaran, xəmiri, mayəsi halallıqdan və zəhmətdən yoğrulmuş dəyərli, dərin düşüncəli, zəhmətkeş, işıqlı bir İnsanın – Əbülfət Mədətoğlunun bir yaş daha müdrikləşdiyi gündür... Əbülfət müəllim 1 yanvar 1959-cu ildə Dağlıq Qarabağın Xocavəndin Tuğ kəndində anadan olub və 1991-ci ildən bəri doğulduğu günü qeyd etməyib... Bu il Əbülfət müəllim ömrünün ən unudulmaz hədiyyəsini alıb. Dəmir yumruğu ilə Haqqı, ədaləti bərqərar edən Ali Baş Komandan və haqq savaşından qalib çıxan müzəffər

Azərbaycan Ordusu Əbülfət müəllimə Qarabağ boyda bir dünya bağışlayıb. Doğum günündə İnsanı bundan daha xoşbəxt edə bilən nə ola bilər ki?! Ali Baş Komandanın Əbülfət müəllimə bu ərməğanın yanında nə yazsam, sözlərim kölgədə qalacaq... Sadəcə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.

İnsan əməlləri kimi, daşıdığı adı həm də onun qəlbinin aynasıdır... Əbülfət müəllimin adının özəyində ülfət sözü dayanır. Ulu Tanrı ülfət zamanı uşaqla uşaq, böyüklə böyük olan böyük ürəyinizi Yer adamlarından qorusun, Əbülfət Müəllim! Tanrı Sizə yar olsun!

Sayğılarla: Xəyalə Əfəndiyeva