adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Yanvar 2021 19:10
36551
ƏDƏBİYYAT
A- A+

Teymurun göz yaşları

Xalq yazıçısı, akademik Kamal Abdulla Teymur Rəcəbova təbrik yazısı ünvanlayıb. Həmin yazını təqdim edirik:

- Mən səmimi qəlbdən, böyük bir sevgi hissi ilə Teymur Rəcəbovu Beynəlxalq şahmat turnirindəki bu möhtəşəm qələbəsi münasibətilə təbrik edirəm. Ona daha böyük uğurlar arzulayıram.

Sonuncu oyun başa çatdıqda o əsl kişi kimi göz yaşını saxlaya bilmədi. Bütün dünyanın gözü qarşısında o, əlləri ilə üzünü tutdu və gözləri doldu. Bu zaman biz - bu oyunu böyük gərginliklə izləyənlər hamımız qəhərləndik. Biz hamımız qəlbimizdə hönkürtü vurduq. O hönkürtünü biz vurmalı idik. Bu hönkürtü bizim Prezidentimizin bizi inamla apardığı qələbə riqqətindən, qələbə sevincindən doğmuşdu.

Teymur bizim hamımızı qəhərləndirdi, ağlatdı. Bu, böyük və son dərəcə çətin bir qələbə idi. Bu ancaq şahmat taxtası arxasındakı qələbə deyildi. Bu, şəhidlərimizin qələbəsi idi. Bu, əskərimizin qələbəsi idi. Bu, qocalarımızın, qadınlarımızın, uşaqlarımızın qələbəsi idi. Mən idman yarışını siyasiləşdirmək istəməzdim. Ancaq Teymurun göz yaşları Vətən müharibəsinin bu göz yaşlarını tökməkdən utanmayan qazilərinin qələbəsi idi.

Bütün Azərbaycan Teymurun yaşla dolmuş gözlərindən öpsə yeri var. Bu göz yaşları təkcə Teymuru deyil, bizim hamımızı bir daha ucaltdı. Bizim hamımızı bir daha məğrur, bir daha yenilməz etdi.

Müzəffər Öndər Prezident İlham Əliyevin zaman-zaman əkdiyi toxumlar bu cür cücərir. İnşallah, həyatımızın bütün istiqamətlərində millətimiz öz potensialını nəhayət ki, ortaya qoyar. Dünya öz lider xalqları sırasında məğrur, qalib, cəsur, yetənəkli, ədalətli Azərbaycanı əbədi olaraq qəbul edib durar.

Teymur Rəcəbov isə... öz qalib göz yaşları ilə bir Azərbaycanlının böyük və sevgi ilə dolu qəlbini, millətinin üzünü ağ edən qəlbini bir daha hər kəsə nümayiş etdirdi.

Sağ ol, Teymur!