adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

QOŞA İYİRMİNİN CAZİBƏSİ - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
84342 | 2020-12-29 12:07

Esse

Hansı yeni ili ümidlə, yeni, təptəzə arzu və istəklərlə başlamamışıq!?.. Bir-birimizi təbrik edəndə də ilk sözümüz:- “ Bütün uğursuzluqların, çətinliklərin köhnə ildə qalsın, yeni ildə bütün arzularına çatasan!...”, olmayıbmı elə... Bəs çatmışıqmı, doğrudanmı kədərimizin başını aldada, köhnə ildə azdıra bilmişik?.. Mən yox, sizi isə deyə bilmərəm! Amma əminəm ki, elə siz də mən düşündüyümü düşünürsüz, həll edə bilmədiyimiz şəxsi ya ümumi problemlərimiz bizdən qabaq keçib yeni ilə! Deyirlər fikirlərin yenilənmirsə, məkan dəyişməyin mənası yoxdu..

2020-ci il özündən əvvəlkilərə bənzəmirdi, nədənsə bu qoşa iyirmiyə baxış və münasibət o özü gəlməzdən lap bir il qabaqdan formalaşmışdı. Heç özümüz də bilmirdik niyə bu qədər həsrətlə qoşa iyirmini gözləyirik, amma gözləyirdik. Hər ürəyin öz diləyi vardı, subaylar evlilik həvəsilə, evlilər övlad həsrətiylə, əsir torpaqlarımız azad olacağı, məcburi köçkünlərimiz isə üstündən bu yükü atacağı və nəhayət 30 il qübarla xatırladıqları el-obalarına dönəcəkləri günü gözləyirdi. Hamı bəlkə heç özü də bilmədən bu sehirli qoşanın cazibəsinə düşmüşdü.

Yeni il gəldi, nə tez nə də gec, elə lap heç kəsi vecinə almadan, öz vaxtında gəlib çıxdı. Saatın əqrəbləri gecə 12-nin üzərində qoşalaşanda qoşa 20 də özünü yetirdi bizə. Belində torbası Şaxta Baba da ənənəvi hədiyyələrilə uşaqları sevindirə bildi. Köhnə ili nostalji duyğularla yola salıb sarıldıq 2020-nin boynuna... Bu yerdə “Qaynana” filmində Afətin gəlişinə sevinən Cənnət xala düşdü, ovcunda olanın qədrini bilməyən, bəy-xan nəslindən olan gəlinin özü bir yana cehizinin havasına uçaraq bundan sonra rahat və xoşbəxt bir yaşama qovuşacağını güman edən adam peşmanlığın pik həddini yaşamalı olmuşdu...

Gələr-gəlməz ayağı ağır adamlar kimi indiyəcən açıb bitirə bilmədiyimiz düyünlər toplusu da gətirdi, indi artıq bir ildir ki, ucu itmiş yun yumağını ha çözürük, çözülmür. İlk qapımızı döyən uzaq Çindən gələn üzlü qonaq oldu-Korona! Əvvəl zarafat hesab etdiyimiz, adına yüz şəbədə qoşduğumuz, kiminsə icadı, yalanı saydığımız qonaq indi qovuruq da getmir. Biz onu zarafat saydıqca, onun zarafatı daha sərt oldu, aramızdan neçə-neçə gərəkli adamlarımızı çalıb apardı və aparır! Ölümü adiləşdirdi, ağrıları tək çəkməyi, itkilərimizə tək dözməyi öyrətdi bizə. Artıq korona qaydaları ilə yaşamağı da öyrənmişik, dözürük, təki bu xəstəliyin sonuna varaq...

Yaman yerdə axşamladıq, qardaş,

Bundan o yana yol da olmayacaq..

Doğrudanmı ürəyində Əli xofu,

Bir Allah bəndəsi tapılmayacaq!?...

 

...Ehey, insan oğlu, ümidini qoru,

Zülmətdən işığa çıxa bilərsən.

Möcüzə olmasa da, qəm yemə heç,

Sinənə basıb ovuna bilərsən..(Ş.Ş)

Bəd tərəfini dedim, gərək xoş olan üzündən də danışam axı, yoxsa haqsızlıq edərəm. Bu qoşa iyirminin ayağı torpaqlarımıza düşərli oldu, uzun illərin qalın ayrılıq buzlarını bir həmləyə vurub sındırdı. Ordumuz Ali Baş Komandan İlham Əliyevin əmrilə tarixi bir savaşa qalxdı. İllərlə hərtərəfli inkişaf etmiş və möhkəmləndirilmiş Azərbaycan ordusu qələbə yazdı. Əsgərlərimizin ayaq səsindən beli dikəldi yurd yerlərimizin, eyni açıldı doğma torpaqlarımızın, üzü güldü bulaqların!

Qarabağ azadlığa qovuşdu, qırx dörd günlük müharibə Azərbaycan xalqının qələbəsilə başa çatdı, köçkünlərin adının üstündən utanc yeri silindi, insanlar sabaha daha inamla baxmağa başladılar. Doğrudur, qələbə asan başa gəlmədi, 2783 şəhid verən Azərbaycan bu gün də gizlənib qalan və arxadan zərbə vurmağı özünə peşə edən erməni terrorçuları ilə mübarizəni davam etdirir və bu da itkisiz ötüşmür. Azərbaycanın qalib əsgəri yenə öz postunda ayıq-sayıqdır, o, qazandığı qələbənin qədir-qiymətini yaxşı bilir və ölər, azadlığını əlindən buraxmaz!.. Bəli, hər şəhid bir çalınmayan toy deməkdir, darmadağın olmuş arzular, ümidlər deməkdir, gözü yolda qalan ata, ana, övlad, gəlin, sevgili deməkdir... Doğulmayan körpə, boğazda qırılan ata kəlməsidir və bu minlərlə oxşar tale yazısıdır. Dözülməsi çətindir, amma dözürük. Sabahın türkün olacağını bildiyimiz üçün vuruşuruq, azadlığın doğuş sancısı olmadan doğulmadığını bildiyimiz üçün döyüşürük. Elə bu yurdsuz-yuvasız millətin özü kimi havadarlarını da qorxuya salan bu fobiya deyilmi!?.. Amma bu da bitəcək, ölməkdə olan, çürüməkdə olan bir ideya sahibini də özü ilə götürüb cəhənnəmə aparacaq...

Güllə başından dəyib,

Gətir öpüm, sağalsın.

Sonra bir damcı qandan,

Neçə igid göyərsin!

 

...Əllərinlə dağılsın,

Zülmün, sitəmin evi.

Sən ey alib ordunun,

Yenilməyən əsgəri! (Ş.Ş)

Qoşa iyirmi-2020-ci il iki fərqli sima ilə yolun sonuna yaxınlaşır, lap az qalıb, lap az... Qələbəmizə ürəkdən sevinək, koronadan qorunaq, bir olaq, birlikdə olaq, həmrəy olaq və yeni ilə xoş ümidlərlə geçək.

TƏQVİM / ARXİV