Ülkər NİCATLI: QƏLƏBƏ KÖYNƏKLİ AĞDAM
Müqəddəslik yatır hər qarışında,
Övliya nuru var adi daşında.
Tanrı işığısan yurd yaddaşında,
Belini qırmısan fələyin, Ağdam.
Gördüm yağı bağrın yaranlarını,
Vüsala qovuşan yar anlarını.
Köksünü üşüdən yaralarını,
Vətən oğulları bələyib, Ağdam.
Yollar misra-misra açıb sinəsin,
Sözləri kövrəlib Qulu Ağsəsin.
Zəfər torpağına sərib nəfəsin,
Arzusu çin olmuş ürəyin, Ağdam.
Bitib yaxasında qönçə ürəyin
Neçə ürəklərdən keçən ürəyin.
Ruhuna sərilib neçə ürəyin
Bu zəfər ətirli diləyin, Ağdam.
Torpaqda buğlanır şəhid nərəsi,
Bax, Aqil Abbasın coşub həvəsi,
Məzarda kövrəlib Qədirin səsi,
Gəl, ovut bu qəlbi kövrəyi, Ağdam.
Torpağın bələnib şəhid ətrinə,
Daha dəyə bilməz kimsə xətrinə.
Şükür alnındakı Tanrı sətrinə,
Geymisən qələbə köynəyi, Ağdam.
30.11.2020