adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Dekabr 2020 19:14
57017
ƏDƏBİYYAT
A- A+

"Şahmar şikəstəsi" 

"Vətən torpağını geyib əyninə, çoxdan ölümsüzlüyə qovuşan" şair, sözün həqiqi mənasında ziyalı Şahmar Əkbərzadə hələ keçən yüzilliyin yetmişinci illərində mərkəzi poçtxanadan kod istəyirdi ki, "dağların marala, otların sarala qalan çağına zəng etsin, gələ bilməmək pərişanlığını çatdırsın, çiçəkli, barlı çöllərə sovqat öpüşünü, qönçə balaları solan güllərə təcili teleqramını göndərsin".
 

Bilirdi ki, bunu etməsə, "bu payız küsəcək ondan Qarabağ". Şairin kövrək və həssas ürəyi o vaxtdan narahat idi ki, "indeksi olmayan bu məktublar" bir vaxt Qarabağa yetişməyə bilər. Onda şair "ananın ətrini necə alsın bəs?!"

Bu gün əsirlikdən azad olunan Qarabağ xoşbəxt Anadır, övladlarından yarıyan qürurlu Ana. Natəvanın, Nəvvabın, Üzeyir bəy Hacıbəylinin, Xudu Məmmədovun anası niyə sevinməsin, qürurlanmasın ki? Onların davamçısı Şahmar Əkbərzadə də Tanrının xoşbəxt bəndəsiydi, Qarabağ ananın oğlu olduğu üçün.

Şikəstələr ta qədimdən yaranıb, bu günümüzə gəlib çatıb. Bu gün də şikəstələr yaranır və yaranacaq. Şair, alim, Elçin İsgəndərzadə XXI yüzillikdə yeni şikəstə yazıb: "Şahmar şikəstəsi". Bu şikəstə də bizi təkcə Şəki, Şirvan, Qarabağa, Ağa bəyim Ağanın həsrətinin dolandığı Xorasana yox, bütün Turan ellərinə aparır, Şahmar Əkbərzadə planetinə ziyarət etdirir. Şahmar Əkbərzadənin şəxsiyyəti, kövrək və nisgilli poeziyası, şair taleyi bu lirik poemanın ana xəttidir.

Bu dünyanın hər yerində
bir-birinə bənzəyir şairlərin taleyi.

Şahmar Əkbərzadənin taleyi də əsl Vətən şairlərinin taleyi ilə əkiz idi. Qarabağ, yurd-yuva, el-elat nisgili ilə dünyasını dəyişmək onların alın yazısıymış. Amma "dünya sənin dərd-qəmini sevdi, hörmətə mindirdi" deyən Elçin İsgəndərzadə tam haqlıdır:

Mən "Haqqa pəncərə"dən
baxdım dünyaya,
bu dünyada hər nakam şairin öz qisməti var.
Bizim taleyimizdə
ulu yurd savaşı, yurd həsrəti var.

"Haqqa pəncərə" Şahmar Əkbərzadənin son kitabıdır. Haqqa tapınanların, haqla ömürlük izdivacı olanların qanında, canında bir ilahi eşq - haqq sevgisi yaşayır. Şahmar müəllimi də bu eşq, bu ilahi sevgi "ölməzliyə aparıb"...

Şahmar Əkbərzadə "sərhəd kənarında dayanıb o taylı, bu taylı iki sevən quşun dimdiyinin Vətəni Vətənə birləşdirdiyini" görmək qədər fövqəladə hissə malik insan idi.

Elçin İsgəndərzadənin poetik tapıntısı məni və eləcə də bütün duyğulu poeziyasevərləri analı dünyamızdan anasız günlərimizə gətirdi:

Həsrətinin ölçüsüdü
48 ölçülü qadın paltarı -
tüstün təpəndən çıxdımı?
Bu həsrətə alışdınmı,
bu həsrətlə barışdınmı? -
bu həsrət səni yıxdımı?
Bir gün ürəyin dözmədi,
bir gün qan vurdu beyninə.
Vətən torpağıydı sənin and yerin,
Vətən torpağını geydin əyninə.

Baxın, belədir, əsl şairlərin taleyi! Şahmar Əkbərzadə genişürəkliydi, səmimiydi. Hətta buludun, dənizin, Misri qılıncın, Türk yatağanının, qoç Koroğlunun, Əmir Teymurun yerinə utanırdı, "Çaldıran" deyəndə odlanırdı. "Azadlıq yolunda ölmək payı" olan, "paltar əvəzinə anasının əyninə 48 ölçüdə daş alan" şair bu dünyanın ağır dərdlərini çiyninə alıb daşıyan Vətən oğluydu. Həmişə nigaran idi. Haray salırdı ki, "Allah, amandır, böhtan çörək olur, yalan gerçək olur, adam təlxək olur"...

Sənsiz dərdimizin ölçüsü yoxdu,
Qarabağ qırmızı duman içində.
Dərdimizə sarı boylanırıq biz,
hər səhər, hər axşam güman içində.

Elçin müəllim ağrının notlarıyla "Şahmar şikəstəsi"ni yaradanda (2011) Qarabağın başında qırmızı duman gəzirdi, Şuşanın dağlarının koftası da, tumanı da qan rəngindəydi.

Topxanaya, Armud ağacına
yazdığın məktubu
ermənilər güllələdi,

Yağı düşmən Şuşada, Xocalıda, Laçında
başımıza kül ələdi...
... Armud ağacına yazdığın məktub
şəhid oldu savaşda...

... Topxanadakı Armud ağacı
bizə bel bağlamışdı.
Qaranlıq gecələrdə 
insan kimi ağlamışdı...

... Ağac dözdü, gözlədi, 
məktubun yetişmədi.
Şəhid məktubun gözünü
əsən rüzgarlar qapadı.

"Armud ağacının biz qohum-qardaşları" və onların şücaətli övladları bədnamlardan təmizlədilər cənnət Qarabağı və işğal olunmuş digər yurd yerlərimizi. "Yaz üstündən hər dəfə yaz ötüşəndə, Qarabağa yaz bizsiz gələndə" qəmli gözlərinin içindəki kədəri çox görmüşük, ustad! Nəhayət, bu payız Qarabağa Vətən qəhrəman oğulları ilə birgə gəldi. Topxanada ağaclar, Cıdır düzündə otlar, xilaskarları gözləyən atlar sevindi...

Könüllərə yazdıq adını, şair,
sən ölmədin, şəhid oldun, a qardaş.
Yəhərlədim sənin atını, şair,
son döyüş olacaq, son savaş, şair!!!

Şahmar Əkbərzadə, "son döyüş, müqəddəs savaş" oldu! Biz düşmənlərin burnunu ovduq, sinəsinə od qoyduq, mənfurluğuna uyğun ad qoyduq. Vətən oğulları hərb meydanında nəyə qadir olduğunu göstərdi.

"Şəhid məktub"un ruhunu sevindirməklə, Şuşanın dağlarını, Ağrıdağı möhtəşəm üçrəngə boyamaqla, oyaq röyaları çin etməklə kəmfürsət, xain düşmənlərin sinəsinə dağlar çəkdik, Şahmar Əkbərzadə. Qarabağda dar ağacları quruldu, onları gəbərtməyə yumruqlarımız bəs elədi. Sənin və sənin kimilərin oyaq ruhları igidlərin başının üstündə dayanıb onları ruhlandırır və qoruyurdu. Ruhunun sevincli gözlərini gördük 2020-ci il noyabrın 8-də - Şuşanın və Azərbaycanın zəfər günündə. Sonra ruhun Kəlbəcərdə, Ağdamda sevindi.

Elçin müəllimin nisgilinin marşrutu o yerlərədi, "həsrət adlı limanı" bizi gözləyir:

"Bakı-Ağdam" qatarı dayanıbdı perronda,
Ağlımdan nələr keçir, nələr keçir bu anda...
Dağlarımız görünmür qara sisdə, dumanda...
... "Bakı-Ağdam" qatarı həsrətimizdən keçir,
bütün yollar gendən keçir.
Bütün yollar yenə gəlib,
səndən keçir, məndən keçir,
bu yollar bizdən keçir.
Bu yol uzanıb gedir burdan Ağdama sarı...

Tezliklə "Bakı-Ağdam" qatarı Bakıdan Ağdama yola düşəcək, Ağdamda dərindən nəfəs alıb dayanacaq, Ağdamın havasını sinəsinə çəkib rahat nəfəs alacaq. Eləcə də Xocalı, Əsgəran, Xankəndi qatarı qarşılamağa hazırlaşır. O qatar o yerlərdən Bakıya Qarabağ havası, çiçəklərin, güllərin ətrini gətirəcək. Nigaran və işıqlı ruhların da, bizim də nisgilimizə son qoyulacaq.

Mən bilirəm ki, Şahmar Əkbərzadə o qaranlıq dünyasında gecə də, gündüz də rəngli yuxular görür. Bizə də onu unutmağa qoymayan, düşünməyə vadar edən şeirlər qoyub gedib. Biz tez-tez "poçtxanada payız düşüncələri" ilə Şuşaya, İsa bulağına, Cıdır düzünə, Qırxqız yaylağına, Kirs dağına, Çəmənliyə, Laçın dağlarına, Şəlvəyə, Qəbirli yala, Nərdivan dağına, behiştdən gözəl Cəhənnəmdərəyə, Toyuqtökülənə səyahət edəcəyik. Düşüncələrimizdəki səyahətlər bu gün gerçəkləşib, gözün aydın, Şahmar Əkbərzadə. Əfsus ki, Azərbaycan oğullarının yazdığı ən yeni tarixi görmədin, amma həssas ruhun duyur, buna əminəm.

Şahmar müəllimin Elçin İsgəndərzadənin ədəbi və elmi yaradıcılığı haqqındakı yazısı da çox mətləblərdən xəbər verir. "Yanan tapar xoşbəxtliyi". Bu düşüncələr, yazının adı kimi maraqlı və səmimidir. "Yananlar əbədi xoşbəxtliyə qovuşur". Bu, onun düşüncələrinin sonuncu cümləsidir. "Səadət həmin səmtdədir" inamı ilə Şahmar Əkbərzadə Elçin müəllimin bir "tablo"sunu əsl sənətşünas kimi incələyir:

"Biz şairlə eyni tabloya baxsaq da, onun gördüyünü görə bilmirik":

Fırçanın əlvan rəngi
Donur soyuq baxışlarda.
Fleytanın ahəngi
İslanır yağışlarda.

Fırçanın yaratdığı əlvan rənglərin soyuq baxışlarda donmasını, fleyta ahənginin yağışlarda islanmasını görmək və hiss etmək Elçinin poetik tapıntılarıdır. Belə tapıntılara oxucular da möhtacdır, poeziyamız da..."

Elçin İsgəndərzadə sözünə ustad fikri və dəyəri!

Və Elçin İsgəndərzadənin ustada dəyəri: "Şahmar Əkbərzadə şair və "körpü" idi. O, hələ gənclik illərində, Sovet dönəmində Türk dünyası ilə Azərbaycan arasında canlı körpü idi".

Çingiz Aytmatov etiraf edirdi ki, onu Azərbaycana ilk bağlayan Şahmar Əkbərzadə olmuşdur.

Şahmar Əkbərzadənin diliylə "Anamıza layla" deyirik, təsəlli tapırıq ki, "Anam Anasına qovuşub daha". Bizə "Qəbirli yalda ölmək" xoşbəxtliyi yenidən nəsib oldu. "Toyuqtökülən"dən ehmalca keçib, qantəpər çinləyib, qırxbuğum biçib, sütül baldırğanla qaynar süd içib dağlarda "dağ"larımızı dağlayacağıq" yenə də...

Elçin İsgəndərzadənin "Şahmar şikəstəsi"nin lirik və gerçək qəhrəmanı Qarabağdan "qırmızı duman içində" bizi səsləyir. Şahmar Əkbərzadə bu günün qırmızı rənginin qələbə çalarlarını, bir millət, iki dövlətin bayraqlarının qoşa dayanıb əzəmətlə dalğalandığını mütləq "gördü", çünki Vətənin, torpağın, xalqın qələbə zəfəri ona əyan olmaya bilməzdi. Ruhunu şad etdi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu, Şahmar Əkbərzadə!

Elçin müəllimin ustada sevgisi, dəyəri "Şahmar şikəstəsi" ilə bitmir. Hələ 2001-ci ildə o, Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbi  mükafatını, 2003-cü ildə Şahmar Əkbərzadə adına Beynəlxalq Mədəni Əlaqələr Vəqfini təsis etmiş, onun adına internet saytı yaratmışdır. Hər il bu mükafatları müxtəlif ölkələrin söz adamlarına təqdim edir. "Elçin İsgəndərzadənin ədəbiyyatın inkişafında, təbliğində ardıcıl və davamlı fəaliyyətini hər zaman yüksək dəyərləndirirəm. Onun bu mükafatla Şahmar Əkbərzadə adını yaşatması çox gözəl hadisədir" (Rəşad Məcid).

Qırxqız - qırx incəbel gözəllərimiz Şuşaya qayıtdılar. "Gəlin qayası" 28 ildən çox yolunu gözlədiyi igidinə qovuşdu. İndi İsa bulağı nazlı-qəmzəli, şirin-şirin zümzümə ilə doğmalarına zümzümə edir, Cıdır düzündə Qarabağ atları şahanə duruşla kişnəyir. Ormanlar, yaylaqlar, dərələr, hətta zirvələr payızda yaz ömrü yaşayır.

Ruhunuz şad oldu, Qarabağ nisgili ilə dünyasını dəyişənlər! Gözünüz aydın, bu günü görmək qismətinə düşənlər!

Şahmar Əkbərzadə ölümə meydan oxuyurdu, qətiyyən ondan qorxmurdu. Bircə ondan qorxurdu ki,

Baxdım heyran-heyran "Qəbirli yal"a,
Ölmək xoşbəxtlikdi, belə yer ola.
Ölərdim, qorxdum ki, anam ün sala,
Car çəkə: "Hardadır Şahmarım mənim?!"

Akademik Xudu Məmmədov təkcə kristalların simmetrik quruluşunu deyil, sözün simmetriyasını da kəşf edən dahi idi. O, təbiətdəki "quruluş"u cəmiyyət qanunlarına tətbiq edərək, simmetriya nəzəriyyəsini əsas gətirərək "XALQ" sözünün "QALX" kimi oxunduğunu vurğulamağı böyük uzaqgörənlik idi. Sarsılmaz birliyimiz nəticəsində XALQ ayağa QALXdı.

Qisas qiyamətə qalmadı, Qarabağ, Azərbaycan, Turan elləri, gözünüz aydın! "Bəs ölmüş torpağı harda basdıraq?" hayqıran Vətən oğlu Şahmar Əkbərzadə, torpaq ölməzmiş, biz onu bundan sonra göz bəbəyimiz kimi qorumağa and içdik, bir daha ölməyə qoymayacağıq. Gözün aydın, rahat uyu!..

Vaqif OSMANOV

525.az