adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Dekabr 2020 12:07
33662
ƏDƏBİYYAT
A- A+

ÖZÜ İLƏ İSTİQLAL ARZUSUNU APARAN ŞAİR...

"Hər dəfə Şahmarı görəndə, səsini eşidəndə gözlərim önündə külli Qarabağ canlanır.

Bəxtiyar Vahabzadə

 

XX əsr bəşəriyyətə yalnız müharibələr, represiyalar deyil, bütün faciə və haqsızlıqlarla yanaşı bu tarixi prosesləri əsərlərində yaşadan – yazıçı və şairləri də bəxş etdi. İnsanın ömrü, həyatı, ölümü, sevinci, iztirabı poeziyanın tükənməyən əbədi və əzəli mövzusu olub. “Sinəm sızıldayır, masadan ötrü // könlüm-necə sözün qəbiristanlığı” – deyirdi XX əsrin novator şairi Əli Kərim. Şairlərin yaradıcılığına zaman və bu zamanda yaşananlar ilğım, məsafəsizlik, vakkum ölçüsüzlük kimi daxil olur. Zaman vaxt, zamansızlıq meyarının hüdudları yoxdur. Poeziyada vaxt zaman vadisinə düşüb, vaxtsızlıq sindromu yaşayır. Bu dünyanın həm əvəzsiz // həm havayı // Nəyi var vaxtdan savayı? deyirdi Ələkbər Salahzadə. Şahmar Əkbərzadə isə vaxı ayrılıqlarla yaşayırdı və bəlkə də bu səbəbdən zamanın dəyərini bilirdi:

Dolaşar qəfildən ömür düyünüm,

Ayırar bu dünya bizi nə vaxtsa.

İkinci dünya müharibəsinin soyuq qış günündə - 1941-ci ilin dekabr ayının 28-də doğulan Şahmar Əkbərzadənin taleyinə nəinki Böyük Vətən müharibəsi və ondan sonrakı çətin günlərini, Birinci Qarabağ müharibəsi, erməni faşizminini yaşamaq da nəsib oldu. Şahmar Əkbərzadə Azərbaycan xalqının milli dəyərlərini – mədəniyyətini, tarixini, təbiətini ürəkdən sevən və problemlərini üzə çıxararaq mütəmadə olaraq həlli yolları arayan varlığında “Vətən” yaşadan şair idi. O uşaqlığını müharibənin cəmiyyətə vurduğu zərbələrin fəsadları ilə, gəncliyini Arazın ayırdığı millətinin taleyi, ömrünün sonuna qədər isə Vətən həsrəti ilə yaşadı:

Xocalıda, Şuşada bağrına dağ basılan.

Mərcanlıda, Tərtərdə şaqqalanıb asılan,

Yolum, layla, a layla!

Şahmar Əkbərzadənin lirik qəhrəmanı daima iztirab çəkir. O, planetin və onun sakinləri üçün narahatlıq keçirir. Sivasda doğulan, təhsilini Gaziantep və Malatyada alan, əslən qarabağlı (Ağdam) olan, böyük türk şairi, yazıçı Yavuz Bülənt Bakilər keçən zaman üstünə tökülən qan üstünə, qılınc – qalxan üstünə and içərək “Azerbaycan yüreğimde bir şahdamardır” şeirində Azərbaycana – Bəxtiyar Vahabzadəyə və Şahmar Əkbərzadəyə səslənir:

 

Götür beni Aras

Al beni Hazar

Oğuz’u Oğuz’dan başka kim anlar

Yaram derin merhemim yok vaktim dar

Bir destan yazar gibi yaz beni Hazar

Duy beni Bahtiyar

Duy beni Şahmar

Xalq şairi Məmməd Arazın “Əlvida dağlar” (1962) il şeirini xatırladan “Əlvida” şeiri isə bu dünya ilə halallaşmaq vaxtının astanasında olduğunu, Azadlıq yolunda ölmək payının olduğundan xəbər verir. Şair dünyanın bütün haqsızlıqlarından təbiətə sığınır: hər yarpaq mehriban bir ələ bənzər // mənə əl eyləyən əllər əlvida; eyni zamanda isə – həsrətin bəndini qoparmadınız // yuyub dərdlərimi aparmadınız – deyə, qınayır və çox sevdiyindən ona yük olmaq istəmir:

Toza dönüb qoynunuzda qalmadım

Cığırlar əlvida, yollar əlvida.

“Əlvida”

Sənətə, sənətkara, zəhmətə dəyər verən şair odlu –alovlu çıxışları ilə daima haqq savaşında idi. “Əsarət var, hürriyyətdən yuxarı” (Bəxtiyar Vahabzadə) fikrinə cavab olaraq, Haqq bağırır haqqa düşmən xəbislər, //Gözə girir gözüqıpıq hərislər; yaxud, Azadlığa divan tutmaq azaddır, // Hürriyyət var, əsarətdən rəzildir! – “Çərxi fələk” şeirini yazmışdır. O, dövrünün bütün haqsızlıqlarına öz şeirləri, düşüncələri və həyat tərzi ilə cavab verirdi.

Xalq Şairi Musa Yaqub mərhum şairin ruhunu əbədi varlığa - şeirə, poeziyaya qovuşdurmuşdur: “Şahmar başdan-başa poeziya idi. Onun ürəyi daima alovlu idi və sevinirəm ki, o ürəyin yanğısı hədər getməyib, gözəl poemalara,

şeirlərə çevrilib. Əgər dünyada ruhun varlığı təsdiq edilirsə, deməli, Şahmarın ruhu da əbədi olaraq yaşayacaq”.

Şahmar Əkbərzadə dünyada baş verən bütün proseslərə öz vətəndaş mövqeyini əsirgəmirdi. O bütün mövzularda bir sənət əsəri yaradan, növündən və janrından asılı olmayan sözü ağılla yükləyən və sözlə məntiqlə davranan şair idi. El arasında müvazinətini itirən, şüursuz insana deyilən “ağlı topuğundadır” ifadəsini məharətlə poeziyanın lirik müstəvisində futbolçu ayağı ilə müqayisə edirdi. 1974-cü ildə dünya çempionatı zamanı yazdığı "Pele" şeiri:

Həsəd aparırdı ağıllı başlar

Ağlı “topuğunda”olan oğlana.

(Pele)

Uşaqlığını keçirdiyin yerlərdə böyüklüyünü keçirmək, yaşlana bilmək özü də bir xoşbəxtlikdir fikrimizcə. Yaşlandıqca uşaqlaşması həmin mühitə qovuşmaq ümididir bəlkə də... ailəsinin torpagına qarışmış ətri isə bu torpaqda bitən odunun ocağında yanaraq tüstüsündə, uşaqlığını xatırladır insana... məhz bu qoxu insanı torpağına, yurduna və evinə bağlayır. “Ev insanın dünyadakı bir küncüdür. Ev ilk dünya deməkdir” (Qaston Başelard “Məkanın poetikası”1996). Bir müddət yurdundan ayrı qalması, Çexoslovakiyaya səfəri zamanı şair bu şeiri qələmə almışdı. Yurdunun işğal altında olması isə onu bu həyatda bitirmişdi...

Haçansa ömürlük qoynuna girib,

Çəmənin, çıçəyin olasıyam mən.

Laylamın binəsi səndən başlanır,

Çəmənlim, ay mənim könül çəmənim.

Hər səni ananda gözüm yaşarır,

Gözü yolda qalan anamsan mənim.

(Çəmənlim)

Doğma kəndini anası, anasını isə Vətəninin torpağı bilən şair onun yoxluğu ilə barışa bilmir. Dünyanın hər yerindən anasına yeni paltar hədiyyə alan şair anasının ölümündən sonra – qadın geyimlər görəndə uçunub yerindən qopar ürəyi və gözləri 48 ölçüdə axtarar. Üstündə bitən otları isə gözünün yaşıyla əmizdirməyə çalışır:

Geyimlər-keçimlər gəlməz eyninə ,

Biganə qalmısan,ana hər şeyə.

Vətən torpağını geyib əyninə

Çoxdan qovuşmusan ölçüsüzlüyə.

(48 ölçülü qadın paltarı)

O yurdunun hər qarışı üçün çox narahat idi. Məhz bu səbəbdən şair əsrin təlatümlərinə dərindən reaksiya verirdi. Onun şeirlərində gərginlik yansıtan həsrət vardı. Sanki şeirləri əzabla və qəzəblə yazırdı və Qarabağa uzaqdan baxaraq, doğma yurdunu həsrətinin közündə yaşadıb daima alovlandırırdı. Bir kövrək gümanı qılınca çəkən “yox”la, qıfıllı dillərdən «hə» qoparınca ümidi yüz kərə ölüb-dirilən şair qəlbinin dünyaya münasibəti əslində “Hə”lər, “Yox”lar arasında çırpınan ümidlərdən ibarət idi.

«Yox» var - zəhər kimi, «hə» var - bal dadır,

Biri yoxluğumdur, biri varlığım.

«Hə»lərin, «yox»ların arasındadır

Taleyim, ümidim, bəxtiyarlığım.

(“Hə”lər, “Yox”lar)

Dünya şöhrətli alim Xudu Məmmədov müsahibələrinin birində əziz dostu və həmyerlisi haqqında belə qeyd etmişdi: "Şahmar kimin qarşısına çıxırsa, o, daxilən durulanır, sanki şüurunda işıq yanır..." (1977-ci ildə "Elm və həyat" jurnalı)

O bir şair kimi türkün ulu ruhunu poeziyaya gətirir. Genetik kodu poetik dillə açmağa çalışır. Tərtəmiz türk mənəviyyatından çıxıb gələn şair bu mənəviyyatın daşıyıcısı olması ilə aşkar qürur duyur. Türk fatehliyi türk törəsinə güvənərək, müasir dünyanı poetik yolla tənqid edir.

Bu da ki, min illik Türk qəbristanı,

Analar kor oldu ağı deməkdən..

Utanım yerinə, Türk yatağanı,

Gözlərin doymadı Türkü yeməkdən...

“Utanım yerinə yaxud, Qarabağsız Qarabağlı”

Şeirlərindəki obrazlar türkçülük ruhu ilə aşılanıb. O türk dilinin zənginliyini, bədii ifadə imkanlarını, türkçülük fəlsəfəsini şeirləri vasitəsi ilə sərgiləyir.

Yazıçı Aqil Abbasın yazıları kimi yuxuları da həqiqətin çarçılarıdır. Vaxtilə gördüyü bu yuxu qələbənin müjdəçisi idi. Təəssüf ki, yuxudakı kimi gerçək həyatda da bu bu sevinci – Qarabağın işğaldan azad olunduğu günü Şahmar Əkbərzadə görə bilmədi.

“Çox qəribə bir yuxu görmüşdüm. Mən Ağdamı tez-tez yuxuda görürəm. Çox qəribədir ki, həmişə də gözəl şeylər görürəm. Görürəm Ağdamdayam, mənə heç vaxt ad günü keçirməyən atam ad günü keçirir. Kömür tapılmır. Soruşuram ki, bazar da bir az boşdu, ay bala, niyə kömür tapılmır?

- Müəllim, bu gün hər yerdə toydu, camaat da toydadı, ona görə bazar boşdu, kömür də tapılmır.

Həyət doludu adamla. Atam da durub pilləkanların üstündə. Elan edir ki, məclis axşam doqquzda başlayacaq. Deyirəm, əşi, nə danışırsan, doqquzda məclis olar? Camaat yığılıb. Atam qayıdır ki, Şahmar hələ gəlməyib...”

Bəli, həqiqətən də qəribə bir yuxudu. Bu yuxudakı kömür cox güman ki Qarabağdan yanaraq yoxa çıxan düşmənin prototipidir, məclisin saat 9-da başlaması Qarabağın azadlığa qovuşduğu ilk günü 9 may Bayraq gününün simvoludur. Hər yerdə toy büsatın qurulması isə sözlərə sığmayan 44 günlük müharibənin qələbə sevinci...

Ağdamın işğal olunmasına, zəngin və müasir şəhərin genosidə uğramasına “Dayanın” şeirində dediyi kimi: “Vüsalın ətrinə bələnməmişəm, // məni ötürməyə tələsməyin siz!” - Vətən həsrəti ilə yaşamağa ürəyi barışmayan Şahmar Əkbərzadə 79 yaşında bu gün 28 dekabr 2020-ci ildə öz doğma yurduna qovuşaraq salamlayacaq:

Xoş gördük a yerlər a göylər salam

Gəldim o yerlərdən bir salam alam.

Danış bənövşəli, laləli talam

Ölüb dirildiyim o anım hanı.

(Hanı)

1914-cü ildə Türkiyənin Şərq cəbhəsində (ruslar və ermənilər tərəfindən törədilmiş “Sarıqamış”) qırğın zamanı qardaş xalqına yardımını əsirgəməyən Əhməd Cavad Qars şəhərində rastlaşdığı vəziyyətdən təsirlənərək yazmışdı:

Sordum qərib minarədən:

"Axşam olmuş, azan hanı?

Bayquş qonmuş minbərlərə,

Deyən hanı, duyan hanı?"

Bəli, bu gün 27 ildən sonra Qarabağda – şairin doğma yurdunda erməni vandalizminin törətdiyi müharibə cinayətləri - urbisid nəticəsində yeganə tikili qalan Ağdam Məscidinin minarəsində səslənən Azan sədası bütün dünyaya yayılır və bayraqlarımız bütöv Azərbaycanda dalğalanır. Ruhun şad olsun, and yeri Türkün ruhu olan özü ilə İstiqlal arzusunu aparan şair.

 

FİDAN Abdurahmanova

Filologiya üzrə fəlsəfə doktoru, dosent