adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Dekabr 2020 13:57
43062
ƏDƏBİYYAT
A- A+

Çadır şəhərciyi – tariximizin qara ləkələri

Sağlamlığımızı qoruyan keçə alaçıqlarda, çadırlarda, yaxud at belində doğulan Türk oğlu üçün bu yaşayış məskəni müqəddəs yurd yeriydi. Alaçığın gündoğana açılan nəfəsliklərindən zirvələrin, yamyaşıl yamacların, güllü-çiçəkli düzənlərin təmiz havasını sinəsinə çəkib yuxudan oyanardı Türk övladları. Buz bulaqların suyundan bir qurtum içib, qoşa ovcundakı bumbuz büllur su ilə üz-gözünü yuyub kefi durular, yeni günə başlayardı...

 

Keçən yüzilliyin son onillyində başı həmişə qeylü-qallı Oğuz Türkləri yenidən xain qonşularının məkrinə tuş gələndən “çadır” sözü bir qara kabus kimi tarixə əbədi imzasını həkk etmiş Türkün qanına susadı. Artıq yeni “üslub”lu “şəhərciklər yaranmağa başladı – çadır şəhərciyi”. Yeni çadır şəhərciklərinin 1941-1945-ci illərdə faşistlərin yaratdığı ölüm düşərgələrindən fərqi nədə idi? Faşistlər ölüm düşərgələrindəki əsirləri güllə ilə, aclıqla öldürürdülər. Çadır şəhərciklərindəkilər əsir yox, əsirlikdən canını qurtaranlar idi, yardımlar, ianələr hesabına bir loxma çörək tapırdılar. Amma yurd-yuva həsrəti ilə alışıb yanırdılar, əkib becərdikləri torpaqların, illərlə qurub-tikdiyi ev-eşiklərinin xiffətindən məhv olurdular. Günü-gündən artan, ilanmələyən düzlərdə sıralanan “inkubator ev”lərdə ahıl insanların, beşiyi vaqon altından asılan körpələrin (“bu körpə bəlkə də özünü dünyanın xoşbəxti sayır. Bəlkə elə bilir ki, dünya vaqonlardan ibarətdir. Dünyanın nə bağ-bağçası var, nə oyunu, nə də oyuncağı” (Famil Mehdi), ömrünün qənimi daha çoxuydu. Zirvələrində qartalların qıy vurduğu dağlardan, dağətəyi ərazilərdən məcburi qovulan qardaş-bacılarımızı, hələ çox şeyi anlamayan körpələri qızmar isti, yurd həsrəti, havasızlıq, səhhətindəki problemlər, təhsilsizlik, ən ümdəsi ümidsizlik yaşamağa qoymurdu. Çadır şəhərciklərində ilan, əqrəb, ağcaqanad ölüm mələyiydi. Bu dünyanın cənnətindən didərgin düşənlər nəinki bir ağac kölgəsini, buz bulaq suyunu, hətta lilli kanal suyunu da tapa bilmirdilər. Çadır şəhərciyi çoxları üçün əyləncəli, ekzotik səslənsə də əslində nə yaylaq idi, nə də bir neçə günlük əyləncə – yeyib-içib kef çəkmək yeri...

Qazi şair Rəfail Tağızadənin “Qarabağ rüzgarları” kitabındakı “Çadır şəhərciyi” poemasını oxuyanda nikbin notlarla fikirləşə bilmədim. Əlbəttə, bu nə Rəfail müəllimin günahıdır, nə də mənim. Günahkarların cəzasını verəcəyimiz günü hamımız gözləyirik.

 

“Çadır şəhərciyi” poemasındakı ağrılı poetika bu cahana sığmır. Bəs niyə haqq səsimizi eşitmirlər? Otuz ildən çoxdur ki, kabab iyinə gələn ATƏT-in, BMT-nin biganələri hər iki tərəfin başını tumarlamaqla məşguldurlar. Çeynənmiş cümlələrlə hərdən bir sayı unudulan qətnamələr söyləyirlər. Onlar üçün haqqla nahaqqın fərqi yoxdur, təki gəlsinlər, getsinlər. Onların ağalarını doğru və yalan maraqlandırmır. Bircə səlibçi tərəf inciməsin...

 

Bir neçə kəlmə “Qarabağ rüzgarları”ndakı ağrılı, acılı, qanlı poeziya barədə təəssüratımı bildirim. Bu kitab dərdlərdən yapılmış söz heykəlidir, sinəmizdəki Ağrı dağının poetik mənzərəsidir. “Qarabağ Qaziləri İctimai Birliyinin sədri, bu yaxınlarda dünyasını dəyişmiş qazi-şəhid Etimad Əsədov “Rəfail Tağızadənin şeirlərindən Qarabağ ətri gəlir... Otunun, gülünün, çiçəyinin, ağacının, suyunun, havasının ətri. Bu ətirdən qan iyi də gəlir. Əsgər yarasına sarınan bint qoxusu da. Bu ətirə barıt qoxusu da qarışıb, şinel qoxusu da. Göz yaşı tamı da var bu şeirlərdə. Qana bulaşmış göz yaşı da...” – deyirdi. Baş qazinin fikirlərinə əlavə olaraq deyim ki, Rəfail müəllimin poeziyasında düşməndən qisas, intiqam almağa səsləyən müqəddəs çağırışı həmişə eşidirəm. Bu ən ilahi missiyadır.

Qarabağ həsrətiylə dünyasını dəyişən şair-alim Famil Mehdi Rəfail Tağızadəni “dərdini poeziyaya çevirənlərdən” biri kimi təqdim edir: “Sən bir Qarabağ şairi kimi bu faciənin aradan qaldırılmasının yollarını axtarırsan”. Famil müəllim hamımıza doğru yolu göstərir: “Əsas yol isə silaha sarılmaqdır”.

Yaxşı bilirəm ki, Qarabağ həqiqətlərinə, Qarabağ düyününə, Qarabağ həsrətinə, Qarabağ ağrılarına Rəfail müəllim qədər dərindən bələd olan, həssas ürək, qələm və söz sahibləri çox deyil. “Qarabağ rüzgarları”nın annotasiyasında qeyd olunur ki, bu kitab Rəsul Rza mükafatı laureatı, vətənpərvər şair Rəfail Tağızadənin qan və göz yaşıyla yazılmış dərdinin gündəliyidir. Kitabın yığcam və çox dəqiq təqdimatıdır. Kitabın üz qabığında qan rəngində yazılmış “Qarabağ” sözü və əsir, küskün yurd yerlərimizin kadrları ilkin informasiya kimi duyğulu ürəklərə ismarışlar ötürür, çox mətləbləri anladır.

 

Dünyanın dörd məşhur univesitetinin professoru, Lütfi Zadə irsinin davamçısı, “Amerikadan 7 min mil uzaqlıqda yerləşən Azərbaycanda yaşasa da, Amerikadan çox əzəmətli görünən” (Amerikanın məşhur alimi Ronald Yager) Rafiq Əliyev yazır: “Rəfail müəllimin poetik axtarışlarında Qarabağ mövzusu dominantlıq edir. Bu da çox təbiidir, həqiqi şairin ilk Vətəni də, son məskəni də onun doğma yurdu olmalıdır”...

 

Rəfail müəllimin ürəkağrısı ilə nəzmə çəkdiyi “Çadır şəhərciyi” bizim yaylaqlarda “qurduğumuz alaçıq, yaylaqda keçirdiyimiz günlərin xoş xatirələri deyil:

 

Bu yerdə kəkotu, qantəpər olmur,

bu yerdə - bizlərdə bir təpər olmur.

Bu yerin çiskini, dumanı azdı,

bizlərin sağalmaq gümanı azdı.

Bulaq yox, gözündən sular damcılar,

burda gözlərimdən kədər damcılar,

dərdlər bu sinəmi yolar, qamçılar.

Bu ayrı çadırdı, bu ayrı köçdü,

qızlar da böyüdü, çadırdan köçdü,

bəzənən gəlinlər çadıra köçdü,

kişilər qocaldı çadırdan köçdü,

bu çadır köçmədi, bu çadır çökdü.

 

Rəfail müəllim çadırda “uçuq evlərin yadigarlarına - qırıq dəhrəsinə, ortadan çatlamış yarıq təhnəsinə” rast gəlir, atalı, analı, Ağdamlı günlərinə səyahət edir, nisgillə həsrətin burulğanına düşür. Bu həsrət onu “röyalara dalmağa, bir çimir

yuxu almağa qoymur”. Çünki ana torpaq həsrətlisinin yuxusunun ərşə çəkən “çadır çəpik çalır küləkli havada”. Torpaqlarından qaçqın, məcburi köçkün, didərgin düşənlər çadır şəhərciyində keçirdikləri günü, ayı, ili ömür saymırlar. Ona görə də Rəfail müəllimin artıq “dağdakı çadırlardan zəhləsi gedir”, nifrətlə “silin, it mənim tariximdən” hökmüylə günahsız, miskin görkəmli çadırı lənətləyir.

Şair yaralı yerlərimizdən birinə də ürək ağrısı ilə toxunur. ”Nə şəhər kimi şəhərliyi, nə kənd kimi kəndliyi, nə muzey kimi görkəmi, eksponatı” olan bu yerləri gələcəkdə axtarıb öyrənmək istəyənlər babalarımızın qara tarixindən başqa nə tapacaqlar?

 

Arxeoloji qazıntılardan

xarici ölkələrin

“Made in”... yağ bankaları,

düyü torbaları,

bir də nakam adamların

siyahısı çıxar.

Utandığından hamı

doğum kağızını da dəyişər –

adı düşübsə ora.

Arxivləri yandıracaqlar

sənin ləkəli adını

üstündən silmək üçün.

 

“Nə yayı yay, nə qışı qış” çadır şəhərciyində “günahsız uşaqların baxışları” öldürür duyğulu şairi. Qaçqın şəhərciyinin qara atributları çoxdur. “Yükünü sürüyüb apara bilməyən bəxtsiz dəmir, taxta vaqonlarda bəxtsiz adamlar ömrə yazılmayan ömür artırır”:

 

Vaqonda doğulan günahsız körpə

Beşiyin asılıb vaqonun altda,

Kimlərsə kef çəkir paqonun altda.

 

...Çadırda doğulan qızım,

sən bəxtindən yarıdınmı?

 

...Yellənirsən vaqon altda,

sən göyüzü görmədin ki...

 

Bir də “çadır məktəbi”. Bu məktəbdə qaçqın müəllim “Ən yeni tarix” dərsində qaçqın şagirdlərə nə öyrədir görəsən? “Qarabağı tanımayan, vaqonda doğulub, Vətənsiz olub, Qarabağın Vətən olduğunu bilməyən” şagird, vətəndaş yetişir bu çadır məktəblərində:

 

Bölünür müəllimlər, bölünür hələ -

bölünür bu Vətən torpağı kimi.

Şəhər müəllimi, kənd müəllimi,

qaçqın müəllimi, qaçqın məktəbi.

Şagirdlər utanır adından indi,

utanır qohumdan, yadından indi.

 

“Vətənin keşiyində dayanıb səngər rütubətini canına hopdurmuş Rəfail Tağızadənin” (Etimad Əsədov) şeirlərində “qaçqın uşağı”, “qaçqın məktəbi”, “qaçqın müəllim”, “qaçqın qəbristanlığı” kimi ifadələrə tez-tez rast gəlirik. Çox təəssüf ki, “qaçqın ədəbiyyatı” termini də söz sənətinə gəldi. Kaş heç yaranmayaydı, gəlməyəydi. Bu nə Rəfail müəllimin, nə də yurd-yuvasından ayrı düşüb yüz əzaba qatlaşanların günahıdır. Rəfail müəllim sifarişlə tarix quraşdıranlardan fərqli olaraq gerçək tarix yaradır. “Rəfail Tağızadə bütün gerçək şairlər kimi şeirlərini öz ürəyinin qanıyla yazır” (A.Mirseyid). Qanla yazılmış yazılarda (tarixdə) yalan olmur. Vətənimizin üzərinə acı rüzgarları əsdirənlərin cavabını tezliklə verəcəyik. “Bu dünya belə qalmayacaq, qardaş”. Onda “qaçqın ədəbiyyatı”nın nümunələri utanc yerimiz olacaq...

“Alnında Vətən coğrafiyasını gəzdirən, ürəyi Vətən torpağı kimi cadar-cadar, qaysaq-qaysaq, kəfəni başımız üstündə dalğalanan üçrəngli bayraq olan, qəlbində şəhid qardaşlarının xatirəsi” əbədi yaşayan Rəfail Tağızadə “süzülmüş Qarabağ xalçasının ilməsini axtarır”. Bu ilmələri bədxahlar oğurlayıblar, musiqimiz, poeziyamız, təamlarımız, Novruz bayramımızla birgə.

Şair “səhrada döşəməsi, divarı palçıq suvaqlı daxmada özünə yurd salan” taleyinə yurd həsrəti yazılan adamla dərdləşir. Dərdli dərdlinin dilini, ovqatını yaxşı anlayar. Onun dərdi Rəfail müəllimin dərdi ilə eynidir:

 

Ürəyinin başına dolanan

tikanlı məftillər

kəndini çəpərləyib səndən.

Bilmirsən

bağında meyvə bitir, ya yox?

...Ağ tutun, qara tutun,

xar tutun araq dadır.

Külək biçənəyi bölürmü

qonşuyla sənin aranda?

...Gecəsi ölü kəndin

gündüz işıqları yanırmı?

Uşaqsız məktəbdə,

yiyəsiz evdə

heç olmasa

bayquş varmı ulamağa?

 

Bu ağrıya ürək dözərmi, İlahi?! Sən bizə səbir vermə!

Bizim yuxulara inanan vaxtımız deyil, qazi qardaş, şair qardaş. Amma təki yuxun çin olsun. Hər gecə yuxularına gələn “gizli hıçqırtılı, hönkürtülü uşaqları” öz elində-obasında gülərüz, şirin xatirəli, toylu-büsatlı uzaqları arzuladığımız kimi yaxında görəsən:

 

Yuxum tikanların üstündə gəzər,

əsgərlər evində yatana kimi.

Küskün torpaqlara cığırlar salıb,

çadır şəhərciyi batana kimi.

 

Qoy yuxum çəkilsin, yuxum yox olsun,

köçkün öz yurduna çatana kimi.

Həsrətli torpağı bağrına basıb,

həsrəti gözündən atana kimi...

 

Hələlik “Qarabağ bizim məğlub adımızdı”, Rəfail Tağızadə. Tezliklə, qələbə, zəfər sorağıyla...

 

Vaqif Osmanov

10.08.2020