adalet.az header logo
  • Bakı 19°C
23 Dekabr 2020 14:41
50238
ƏDƏBİYYAT
A- A+

Ayaz Arabaçı: Gedirəm dekabrdan sənə çiçək dərməyə

Əvvəl işlədiləsi şirin-şəkər sözləri,
Tərsliyinə salıb da niyə son işlədirsən.
Nə müddətdi tanışıq,hələ də mənə çatmır,
Sən o nazı-qəmzəni nə fason işlədirsən.

Mən bu can bazarında heç nə satdırammıram,
Arada bir ürək var,kəsib atdırammıram,
Nolar,insafın olsun,"benzin"çatdırammıram,
Ürəyimi bu ara birə-on işlədirsən.

Ölmüşdü şahlıq quşu gəlib başıma qona,
Ya sən bir qərara gəl,ya mən çatdırım sona,
Hər dəfə bir cilvədə girirsən dondan-dona,
Gör ey,sən bu hesabnan neçə don işlədirsən..

Bir demirsən axşamdı,bir demirsən səhərdi,
Hər gün qarşılaşırıq,balaca bir şəhərdi,
Dilin acı bibərdi,qaş-qabağın zəhərdi,
Sən gündə bu zəhərdən neçə ton işlədirsən..

Qanımı qətrə-qətrə könül badənə sıxdım,
Özüm-özümü vurdum,özüm-özümü yıxdım,
Dalınca qaça-qaça birinci yerə çıxdım,
Bəlkə sən doğrudan da marafon işlədirsən..

Mən o qurdu düşürüm,sən o qoyunu düşür,
Məndən başqa o ipə kimin boyunu düşür..
Ağlına gündə min cür uşaq oyunu düşür,
Sanki Qaraşəhərdə meqafon işlədirsən.

Ulduzumuz barışmır nə müddətdi fəzada,
Bəlkə bir nəzir qoyum,aparım pirə-zada..
Zarıyıram səninçün eyni bir frazada,
Hələ də valıpozuq patefon işlədirsən..

Gedirəm dekabrdan sənə çiçək dərməyə,
Nə var məndən beş dəfə gündə üz döndərməyə,
Bir ucuz mesaj belə qıymırsan göndərməyə,
Nə olsun ki,bahalı telefon işlədirsən...