adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Aqil ABBAS: DOSTLAR, SİZ QƏLƏBƏMİZİ NİYƏ KİÇİLDİRSİNİZ?!

AQİL ABBAS
107406 | 2020-12-22 18:00

Erməniləri başa düşürük, bütün gücləri ilə Azərbaycanın Ermənistan  üzərindəki möhtəşəm Qələbəsini  kiçiltməyə çalışırlar. Siyasətçiləri, generalları, yüksək vəzifəli dövlət məmurları hamısı  ağız-ağıza verib deyirlər, xarici  mətbuata müsahibə  verirlər ki, guya  Ermənistan Azərbaycan ordusuna deyil,  türklərə  məğlub olub. Guya onlar Türkiyənin  xüsusi  təyinatlıları ilə vuruşublar.

Başdan-ayağa  yalan və böhtan. İndiki  texnika  əsrində burda hansısa xarici bir qüvvənin  vuruşduğunu  sübut etmək o qədər də çətin deyil.

3 minə qədər  şəhid vermişik. İçində  azərbaycanlılardan qeyri bir millətin nümayəndəsi  varmı? Yoxdu! Müəyyən miqdarda  əsgərlərimiz əsir düşmüşdü, onu da xüsusi qeyd edim ki,  yaralı olduqlarına görə əsir düşmüşdülər. Əsir  düşməmək üçün  özünü partladan  və güllələyənlər də olub. Onların içində bircə nəfər də olsun  xarici vətəndaş tapa bildilərmi?  Tapa bilmədilər!

Amma Ermənistana xarici ölkələrdən nə qədər muzdlu  gəldiyini  heç özləri də gizlətmirlər. Odlu-alovlu, diri gəldilər, amma odsuz-alovsuz, soyuq leşləri gəldikləri yerə göndərildi. Elə özləri  paylaşmışdı Suriyadan gələnlərin  fotolarını, əllərində də  Suriya bayraqları.

Elə özləri  paylaşmışdı leşlərini  tabuta qoyub necə Suriyaya  göndərdiklərini və sair və ilaxır.

Qardaş Türkiyənin yanımızda olduğunu həm sayın Ərdoğan , həm də Möhtərəm Prezidentimiz İlham  Əliyev  dəfələrlə çıxışlarında söyləyiblər.  Amma  qardaşlarımız bizə müharibə vaxtı silah-sursatla  yardım  ediblər, döyüşçü yardımı  etməyiblər.  Çünki buna ehtiyacımız olmayıb.  Kim bilir,  bəlkə ehtiyacımız olsa onu da edərdilər. Möhtərəm Prezident öz çıxışında, verdiyi müsahibələrində bildirirdi ki, Azərbaycanın 100  minlik ordusu var, özü də  peşəkar ordusu, bizim heç bir xarici qüvvəyə  ehtiyacımız yoxdu.

Amma bizim Murovda döyüşən  əsgərlərimiz  bildirirlər ki, onların önlərindəki erməni  əsgərləri deyildi, «Vaqner» idi.  Vaqnerin  hansı  muzdlulardan  təşkil  olunduğunu   açıqlamağa ehtiyac varmı?

Bəli, erməniləri  başa düşdük.

Dostlar, bəs sizlərə nə  düşüb ki, möhtəşəm Qələbəmizi kiçildirsiniz?  Özü də bunu bəzən tanınmış ziyalılar, politoloqlar da söyləyir.

Ay nə bilim  Ermənistanın ordusu yox idi, zəif idi, texnikaları  az idi, köhnə idi, erməni  əsgərləri təlim  görməmişdilər, döyüş  qabiliyyətləri  yox idi və sair və ilaxır. 

Hətta  üzdə olan  partiya lideri xarici radiostansiyaya  müsahibə verərək deyir ki, nə böyük işiymiş  Azərbaycandan  beş-altı dəfə zəif Ermənistanın  üzərində  qələbə çalmaq?

Əgər Ermənistan ordusu zəif  idisə, əsgərlərinin  döyüş  qabiliyyəti  yoxuydsa bizim 3 minə  yaxın şəhidimizi  kimlər öldürüb və bir o qədər də əsgərimizi kimlər yaralayıb?

Əgər Ermənistan silah-sursatdan korluq  çəkirdisə, cəbhə xəttindən  yüz kilometr aralıda olan Gəncəni, Mingəçeviri, Yevlaxı, Bərdəni sapand daşlarıyla   dağıdırdı?

Təkcə Tərtərə on min, iyirmi min mərmi  atıblar.  Ağdamın, Ağcabədinin dinc əhali  yaşayan  kəndlərinə minlərlə raket  atıblar.

Qarabağda  əsgərlərimizin  başına  bomba tökən  «An-2» təyyarəsi deyildi ey, «Su-25» idi.

Mən Ağdama gedərkən o istehkamları gördüm. Bütün Qarabağ boyu belə istehkamlar qurmuşdular. Füzulidəki istehkamların  və tunelin  uzunluğunu  ölçüb qurtara  bilmədik. Eləcə də Ağdərə, Hadrutda, Cəbrayılda, Zəngilanda  və sair və ilaxır.  O keçilməz istehkamları  Ermənistan ordusu qurmamışdı ki?! Elə təkcə  260 tanklarını vurduq, yəqin ki,  hələ bir o qədər də  varlarıdı. 5 ədəd  S-300 qurğularını   sıradan çıxartdıq, radiolokasiya qurğularını  sıradan çıxartdıq. Məhv etdiyimiz hələ nə qədər  BTR-lərini, BMP-lərini  demirəm, hərbi maşınlarını  minamyotlarını, raket qurğularını  saymıram. Biz mütəşəkkil bir ordunu, arxasında da özündənrazı dövlətlərin  dayandığı  və təmin etdiyi  bir ordunu  məhv etmişik.

Möhtərəm Prezidentimiz İlham Əliyev  dəfələrlə  vurğulayıb ki, biz Köçəryanın  və Sərkisyanın 20 il ərzində qurduğu  ordunu  məhv etmişik.

Dostlar, siz bilərəkdən və ya bilməyərəkdən Azərbaycanın möhtəşəm Qələbəsini kiçildirsiniz. Etməyin!

 

TƏQVİM / ARXİV